Döyüş gündəliyi (24)
- 16 Oktyabr 2020
- comments
- Səidə Hüseynova
- Posted in ManşetTribunaYazarlar
Tofiq Yaqublu
03.07.92
Mən bu qeydləri iyulun 4-də yazıram.
Levonarxda xeyli qüvvə toplanmışdı. Tanklarımız görünməsin deyə ala-bəzək rənglənmişdi. Səhər 5-ə az qalırdı. Komandirləri bir yerə yığıb bir daha hər şeyi dəqiqləşdirdilər, xəritədə hansı rotanın hansı istiqamətdə hərəkət etməsini bir daha dönə-dönə izah etdilər.
Bizim rotanın uşaqlarının yarısı maşınlarda, yarısı da tankların üstündə getməliydik. Qərara alınmışdı ki, komanda olan kimi əvvəlcə tanklar, onların dalınca da əsgər dolu maşınlar tam sürətlə irəli şığısın.
Düz saat 5-də bizim toplar və “Qrad”lar bir gurultu qopardılar ki, gəl görəsən! Onlar arası kəsilmədən düşmənin başına od ələyirdilər. Komanda verildi, texnikamız tam sürətlə irəli şığıdı. Taxıl zəmisinin ortasına çatanda bizim xeyli qüvvəmiz olduğu daha aydın görünürdü.
Biz burada maşınlardan və tanklardan tökülüşüb bir xətt üzrə səpələnməyə başladıq. Demək olar ki, Ağdərəyə gedən yolun sağ tərəfindəki zəminin içində 2-3 kilometrlik bir zəncir əmələ gətirmişdik.
Maşınlardan yenicə aralanıb irəli qaçmağa başlamışdıq ki, ermənilər bizi “Qrad”la qarşıladılar. İlk mərmilərdən sonra yerə uzandıq. Bir az ara verib yenə irəliləməyə başlamışdıq ki, top mərmisinin biri bayaq arxada qoyduğumuz maşınlardan birinə dəyib dağıtdı. Bir mərmi də başımızın üstündən vıyıldayıb lap yaxınlıqda arxamızda düşdü. Hamımız uzanmağa macal tapdıqsa da, Sultan qolundan yaralandı. Qəlpə onun biləyindən bir az yuxarı dəymişdi. Mən onun qolunu çırmalayıb yaxşı-yaxşı sarıdım, avtomatını isə boynuna keçirdim. Sultan elə ilk andan yaralandığı üçün pərt olmuşdu, döyüşmək istəyirdi.
Bir az irəlilədikdən sonra artıq ermənilərin qabaq mövqelərinə yaxınlaşdıq. Taxıllıqla irəliləmək çox çətin idi. Daldalanmaq üçün heç bir maneə yox idi. Digər tərəfdən qupquru zəmi düşmənin mərmilərindən yanırdı. Artıq ilk tələfatlarımız var idi. Ancaq biz inamla irəliləyirdik. İrəli getdikcə ölmüş erməni meyitlərini görürdük.
Kombat tez-tez komanda verirdi. Çalışırdıq ki, hər şey düşündüyümüz kimi getsin.
Bir az irəlilədikdən sonra taxıllığın içində, çox güman ki, gübrə anbarı olmuş bir tikilidəki erməni mövqeyi ilə rastlaşdıq. Onlar oradan gülləni yağış kimi yağdırırdılar. Bir az uzanıb atışdıq, lakin onlar bizə irəliləmək imkanı vermirdilər.
Kombat dedi ki, qumbaraatanla vurmaq lazımdır. Mən Kamil Əsədova tapşırıq verdim. Kamil heç nədən çəkinməyərək güllə yağışının altında, özü də qəribə arxayınlıqla həmin tikilini nişan alıb atdı. Mərmi düz hədəfə dəydi. Daha oradan bircə güllə də atılmadı.
Biz irəliləməyə başladıq. Artıq Gəncə batalyonu öz cinahı ilə bizdən xeyli qabağa getmişdi. Mən uşaqları tələsdirdim. Kombatın işi yaman çətin idi. O, üç rotaya komandirlik edirdi. Döyüşdə bu, çox çətin iş idi. Hamımız qan-tər içindəydik. Su qablarındakı suyu içib qurtarmışdıq. Elşən, sən demə, su əvəzinə konyak doldurubmuş. Arada bir uzanıb bir-iki qurtum içirdi və sonra yenə atışırdı.
Tanklarımız taxıllığın içi ilə çox inamla irəliləyirdi. Bizim rota lap sol cinahda idi. Dərə kimi yeri keçib üzüm bağlarının içinə girdik. Burada hərəkət etmək lap çətin idi. Məftillər hərəkət etməyə imkan vermirdi. Biz üzümlüklə xeyli irəliləmişdik. Sən demə, bizdən xeyli solda, yolun qırağındakı ağacların dalında ermənilərin bir tankı varmış. Biz onu görmürdük. Birdən o, bizə dalbadal iki mərmi atdı. Mərmilərdən biri Gülağa ilə Eminağanın yanına düşdü. Yaxşı ki, onlar vaxtında uzana bilmişdilər. Biz ratsiya ilə öz tankçılarımıza erməni tankı haqqında məlumat verdik. Erməni tankı daha orada durmayıb sürətlə özlərinə tərəf getdi.
Biz artıq “Vinnıy sovxoz” deyilən, xəritədə Cerabert adlanan yerə yaxınlaşmışdıq. Kəndin alt tərəfindəki sahədə ermənilər xiyar toplayırlarmış. Xiyar doldurulmuş yarımçıq kisələr elə tağların arasında qalmışdı. Biz sürünə-sürünə kisələrə yaxınlaşıb xiyar götürdük və susuzluğu yatırtmaq üçün acgözlüklə yedik.
Mən balaca təpə kimi yerdən bir az aralı uzanmış dörd erməni əsgəri gördüm. Onlar səs-küydən bizim yan tərəfdən yaxınlaşmağımızı hiss etmirdilər. Mən uşaqlara tapşırdım ki, sakit olsunlar və uzandıqları yerdə dursunlar. Hələ Buzluqda olandan bilirdim ki, rotada ən sərrast Ələsgər atır. Ona görə onu yanıma çağırıb bərabər uzandıq. O biri uşaqlar bir az aralı idilər. Onlar da bizim yanımıza gəlsəydilər, ermənilər görə bilərdilər. Ələsgərlə bərabər erməniləri nişan aldıq. Razılaşmışdıq ki, əvvəlcə Ələsgər atsın. Çünki onun gülləsi boşa çıxan deyildi. Mən isə bir an gec atmalıydım. Dediyimiz kimi də etdik. Dalbadal atmağa başladıq.
Birdən gözləmədiyimiz halda yenə də soldan erməni pulemyotu şaqqıldamağa başladı. Bütün rota həmin tərəfi gülləyə basdı. Bir azdan pulemyot susdu. Sağ cinahdan bizimkilər kəndə daxil oldular. Biz də kəndə girdik. Bayaqkı yerdə iki erməni meyiti var idi. Ancaq avtomatlarını götürmüşdülər.
Hamımız kəndə doluşmuşduq. Burada doğrudan da böyük şərab zavodu var idi. Çoxlu 3 litrlik balonlarda üzüm şirələri var idi. Həmin balonların üstünə azərbaycanca yazılmışdı. Hiss etdim ki, Qorbaçovun alkoqolizmə qarşı apardığı kampaniyanın məhsullarıdır. Çox sevinirdik. Lap az itki vermişdik. Bizim rotadan itki yox idi, ancaq “Vinnıy sovxoz” bizdə idi.
Artıq günortadan keçmişdi. Əsgərlər bərk yorulmuşdu. Bu arada komanda gəldi ki, dayanmaq lazım deyil və Ağdərəyə hücum etmək lazımdır. Onsuz da kefi kök olan əsgərlər yorğunluğa baxmayaraq bu əmri həvəslə qarşıladılar.
Biz böyük bir kanalı keçməli olduq. Kanalda su yox idi. Susuzluq bizə əziyyət verirdi. Kanalı keçəndən sonra ermənilərin daha sərt müqavimətinə rast gəldik. İrəliləmək çox çətin idi.
Bizim rota indi batalyonun o biri rotaları ilə qarışmışdı. Əkin yeri olmuş, lakin heç nə səpilmədiyindən ot və qanqal basmış bir sahə ilə gedirdik. Artıq xeyli erməni əsgəri öldürmüşdük. Biz tərəfdən də itkilər var idi.
Kanaldan aralananda gördük ki, bizim batalyonun rotalarından bir yerdə 30-35 nəfər kanalın yanında qalıblar. Bayaq orada kanalın yanındakı yardımçı otaqlarda su axtarırdılar. Bizim isə qarşımızı ermənilər güclü atəşlə kəsmişdilər. Güllə yağış kimi yağırdı. Başımızı qaldırmaq olmurdu. Biz təbii maneələrin arxasında yaxşı mövqe tutmuşduq. Ancaq irəliləmək mümkün deyildi.
Kombat mənə dedi ki, qayıt kanalın yanında qalmış əsgərləri gətir. Bizimlə onların arasında 500 metr məsafə olardı. Mən sürünə-sürünə təhlükəsiz yerə endim və oradan kanala tərəf qaçdım. Qaçdıqca qulağımın dibindən güllələr fit çala-çala ötüb keçirdilər. Mən gəlib bayaq ikinci rotadan olan ağsaqqal Novruz kişinin öldürdüyü erməni meyitinin yanından keçib uşaqların yanına gəldim.
Uşaqları danladım və dedim ki, tez olun, düşün qabağıma. Orada tanımadığım əsgərlər də var idi. Nəsib dedi ki, bu dəqiqə hamımız gəlirik, sadəcə olaraq susuzluq bizi taqətdən salıb. Onlar məni inandırdılar ki, 2-3 dəqiqəyə gəlirlər. Əmin olub geriyə tələsdim. Mənimlə oradakı əsgərlərdən biri də gəldi.
Biz bayaq meyit olan yerə çatanda gözlərimə inanmadım. Meyit orada yox idi. Avtomatının daraqları düşüb orada qalmışdı. Mən əlimlə əsgərə işarə elədim və tez yerə uzandıq. Sonra ehtiyatla baxıb gördüm ki, iki nəfər əyilə-əyilə meyiti dərəyə tərəf sürüyür. İkimiz də nişan aldıq. Dalbadal atəşlə ikisini də yerə sərdik. Həmin oğlan qaçıb onların başına hər ehtimala qarşı bir güllə vurdu. Avtomatlarını çiyninə alıb qayıtdı.
Biz gəlib ön xəttə çıxdıq. Qızğın atışma gedirdi. Təbriz, Oruc, Kamil, Ənvər, Yaşar, Arif, Adıgözəl, Elçin, Elşad qan edirdilər. Onların gözünü qan örtmüşdü. Heç nədən çəkinmirdilər. Yenə sağ cinahdan Gəncə batalyonu müdafiəni birinci yardı. Biz gəlib ermənilərin bayaq olduğu səngərlərdən keçdik. Artıq Ağdərə lap yaxında idi.
Dövlət Avtomobil Müfəttişliyi postunu keçdik. Bu, şəhərin lap yaxınlığı idi. Artıq şəhərə daxil olan magistral yola çıxdıq. Bir az irəlilədikdən sonra yolun kənarındakı böyük bir lövhədə belə yazılmışdı: “Qorod Mardakert privetstvuyet distsiplinirovannıx voditeley”. Bu, artıq Ağdərə demək idi. Mənim gözlərim doldu. Uşaqlar bu böyük dəmir lövhəni avtomatla aşsüzən kimi deşik-deşik etdilər.
Artıq hamı Ağdərəyə enişin başındakı kiçik təpəciyin arxasına toplaşmışdı. Su maşınları gəlib dayandı. Doyunca su içdik. Bizim aviasiya öz işini görürdü.
Deyəsən, su maşınlarının burada olması bizim işimizə mane olmağa başlayırdı. Hamı bura axışmağa başladı. Az bir vaxtda xeyli adam və texnika toplaşdı. Mən dəhşətə gəlirdim. Əgər ermənilər buranı topa tutsaydılar, böyük faciə olacaqdı. Bu haqda kombata dedim. Dedi ki, o da elə fikirləşir, ancaq heç nə edə bilməz, əməliyyata komandanlığı başqası edir.
(Ardı var)
Gündəliyin əvvəli: 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23