Oktyabrın 15-də Ermənistan silahlı qüvvələri Tərtər şəhərindəki qəbiristanlıqda dəfn mərasiminə qatılan mülki şəxsləri atəşə tutub. Baş Prokurorluq bildirir ki, saat 13 radələrində qəbiristanlığın ağır artilleriyadan intensiv atəşə tutulması nəticəsində şəhər sakinləri – 1989-cu il təvəllüdlü Orucov Pərviz Novruz oğlu, 1962-ci il təvəllüdlü Rüstəmov Vasif Bahadur oğlu və 1988-ci il təvəllüdlü Zamanov Şakir Xasay oğlu həlak olub, Məmmədov Fizuli Əli oğlu, Əmirov İsgəndər Yelmar oğlu, Allahverdiyev Elsevər Vəli oğlu, Əmirov Nofəl Yelmar oğlu və Qəzənfərli Rəfael Qəzənfər oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.
Prezidentin köməkçisi, administrasiyanın xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Tvitter”də yazıb ki, Ermənistan humanitar atəşkəsin arxasında gizlənərək dinc insanlara qarşı terror siyasəti yürüdür: “Azərbaycan mülki şəxslərin müdafiəsi üçün suveren hüququnu özündə saxlayır”.
1988-ci ildən Azərbaycana təcavüzə başlayan Ermənistan Dağlıq Qarabağ bölgəsini (Xankəndi şəhəri, Şuşa, Xocalı, Xocavənd rayonları, keçmiş Ağdərə rayonu) və onun ətrafındakı bölgələri (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları) işğal edib.
2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusu işğal bölgəsində əməliyyat keçirib, Cəbrayıl şəhəri və həmin rayonun bir çox kəndi, Füzuli, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bəzi məntəqələri, strateji yüksəkliklər, o cümlədən Kəlbəcər istiqamətində Murov yüksəkliyi azad olunub.
Oktyabrın 10-dan meyitləri və əsirləri dəyişmək üçün atəşkəs rejimi qüvvədədir, amma Ermənistan silahlı qüvvələri buna məhəl qoymur.
Baş Prokurorluğun hesabatına görə, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması nəticəsində sentyabrın 27-dən oktyabrın 15-i saat 12-dək 43 mülki şəxs həlak olub, 218 nəfər xəsarət alıb, 1592 yaşayış evi, 79 çoxmənzilli bina, 290 mülki obyekt dağılıb.