Döyüş gündəliyi (23)
- 15 Oktyabr 2020
- comments
- Səidə Hüseynova
- Posted in ManşetTribunaYazarlar
Tofiq Yaqublu
27.06.92
Mən kombata Vəlinin avtomatının itməsi ilə əlaqədar məlumat verdim. Yaşar müəllim dedi ki, rəsmi raport yazıb briqada komandirinin müavini Nəcməddin Sadıqova vermək lazımdır. Vəlini də yanıma alıb Tərtərə gəldim. Əhvalatı Nəcməddin Sadıqova danışdım və yazılı raportu da verdim. O heç bir müzakirə aparmadan əmr verdi ki, Vəlini haupvaxta salsınlar. Sonra yanında kimin olduğunu xəbər aldı. Vəli Salamın adını çəkdi. Sadıqov əlavə etdi ki, Salamı da salsınlar haupvaxta. Mənə dedi ki, rotaya qayıt, bu məsələ ilə xüsusi şöbə məşğul olacaq.
Mən qayıdıb vəziyyəti uşaqlara danışdım. Eminağa sürücümüz Ramizlə Tərtərə gedib haupvaxtdakı uşaqlara siqaret və yemək verə bildi. Belə şeylərdə çox mahir idi.
28.06.92
Bu gün uşaqların vzvod-vzvod Tərtərə gedib hamamda çimməyini təşkil etməliydik. Elə etməliydik ki, mövqelərimiz də zəifləməsin. Vzvod komandirləri ilə razılaşıb bir dəstə Tərtərə gəldi. Hamamın qabağında Bakıda bizimlə bir hissədə olmuş, sonra öz təşəbbüsləri ilə döyüşə yollanmış əsgərlərlə görüşdük. Onlar başlarına gələnlərdən, döyüşlərdən və indiyədək həlak olmuş əsgərlərdən danışdılar.
Sonra postlara qayıtdıq, yerdə qalan uşaqları çimməyə göndərdik.
Bu zaman yenə ermənilərin artilleriya atəşi başladı. Biz səngərdə mövqe tutmuşduq. Avtomatla cavab vermək imkanımız yox idi. Bir azdan Levonarxda yerləşmiş topçularımız onlara cavab verməyə başladılar. Axşama yaxın artilleriya atışması dayandı.
Qaranlıq düşən kimi tez-tez postda duran əsgərləri yoxlamağa başladım. Hər postda 15-20 dəqiqə qalıb söhbət edirdim ki, uşaqlar yatmasınlar.
29.06.92
Səhər tezdən ermənilər güclü top atəşinə başladılar. Mərmilər ya bizdən qabağa, ya da vıyıltı ilə başımızın üstündən uçub arxaya düşürdü. Tez-tez uşaqlara qışqırırdım ki, səngərdə ehtiyatsız hərəkət etməsinlər, mərmilərin qəlpələri çox təhlükəli idi.
Günortaya yaxın ermənilərin canlı qüvvələri hücuma keçdi. Onlar yolun üst yanındakı üzüm bağlarının içi ilə irəliləyirdilər. Əvvəlcə bizim batalyonun rotalarının mövqe tutduğu səngərlərin üstünə tərəf gəldilər. Onları güllə yağışı ilə qarşıladıq. Düşmən bunu gözləmirdi. Onlar daha irəliləməyib elə bağların içi ilə bir az yuxarıya doğru istiqamətlərini dəyişdirdilər. Bizə yerimizdən tərpənməməyi tapşırdılar. Mənə elə gəldi ki, ermənilər nəyisə səhv salmışdılar, ya da kəşfiyyat onlara düzgün məlumat verməmişdi.
Ermənilər Həsənqaya və Levonarxda olan səngərlərimizin üstünə çıxdılar. Burada Gəncə və Mingəçevir batalyonları mövqe tutmuşdular. Biz kanal boyu uzanan səngərlərimizin lap o başında gedən döyüşü yalnız seyr edirdik. Çünki bizə yerimizi tərk etməməyi tapşırmışdılar. Döyüş meydanı 600-700 metr aralı olduğundan döyüşçülərimizə kömək edə bilmirdik. Çox dəhşətli bir atışma gedirdi. Bizim PDM-in üstündə quraşdırılımış iriçaplı pulemyotlar bir an susmurdu. Əsgərlərimiz bizdən ürküb onların üstünə kor-koranə gedən erməniləri kifayət qədər yaxına buraxa bilmişdilər. Xeyli aralıda olmağımıza baxmayaraq güllə səsindən qulaq tutulurdu. Döyüş başlayandan təxminən saat yarımdan sonra güllə səsləri yavaş-yavaş səngiməyə başladı və tamam kəsildi.
Mən artıq yerimdə dura bilmirdim. Üçüncü vzvodun komandiri Mahir Qocayevi çağırıb rotanı ona tapşırdım. Adıgözəli də götürüb bayaq döyüş gedən yerə gəldim. Biz Gəncə batalyonunun mövqelərinə çatanda gördük ki, əsgərlərimiz sevinc içindədirlər. Hamı uğurlu döyüşdən məmnun idi. Biz qabağa – ermənilərin meyitləri səpələnmiş yerə gəldik. Bir balaca yerdə 76 meyit saydım. Sevindirici hal idi ki, belə bir döyüşdə bizimkilərdən bir əsgər hətta yaralanmamışdı da. Orada olan döyüşçülərimizə çoxlu təriflər deyib postumuza qayıtdıq.
Mən bu yazını axşam üstü yazıram. Artıq hiss edirəm ki, getdikcə yazmaq üçün vaxtım çatmır.
30.06.92
Bu gün səhər tezdən sakitlikdir. Dünənki döyüşdən sonra hamı daha da ruhlanmışdı və sayıq olmuşdu. Xanlar batalyonu Marquşevan kəndində yerləşmişdi. Qərargahdan xəbər verdilər ki, Xanlar batalyonunun komandiri Saleh bəyin yanında komandirlərin müşavirəsi olacaq. Bizə həm də ərzaq almaq lazım idi. Starşina Eminağanı da götürüb ora getdik. Kənddəki evlərin həyətlərində çoxlu gilas, ərik və albalı var idi. Biz maşından düşüb bu meyvələrdən doyunca yedik və bir xeyli də uşaqlar üçün yığdıq.
Saleh bəy dedi ki, bir-iki günə hücum olmalıdır, şəxsi heyəti hazır saxlamaq lazımdır. Evə getməyə heç kəsə icazə vermək olmazdı. Onun dediyinə görə, çaxır sovxozu deyilən məntəqəni almalıydıq. Biz geri qayıdanda Hüseynqulugilin topçular batareyasının yerləşdiyi yerə gəldik. Bizim toplar yerləşən yerlərin ətrafı top mərmilərindən yalaq-yalaq olmuşdu. Bu, son günlər olan “top deyişmələri”nin nəticəsi idi.
Topçularla bir az söhbət etdikdən sonra postlarımıza qayıtdıq. Elə bil ermənilər bizim naharı qurtarmağımızı gözləyirlərmiş. Yenə “Qrad” və top atəşləri başlandı. Biz yenə səngərlərə sığınıb dörd gözlə düşmən tərəfi izləyirdik. Görünür, dünənki döyüş onlar üçün dərs olmuşdu, daha canlı qüvvə ilə hücuma keçmək fikirləri yox idi. Bir azdan Hüseynqulunun topları cavab verməyə başladı.
Axşama yaxın sakitlik oldu. Mən fürsətdən istifadə edib yenə gündəliyə qeydlər etməyə başladım. Axır vaxtlar qeydlər etməyə çətinliklə vaxt tapıram. Bəzən də çox maraqlı epizodlar yadımdan çıxır.
Uşaqlarla bir də yığılıb söhbət etdik. Hamı hücum olacağı haqda xəbərdən çox sevinirdi. Daha evə getmək istəyənlər də öz iddialarından əl çəkmişdilər. Hələ bir dəfə evə icazə istəməmiş Adıgözələ icazə versəm də, fikrindən daşınmışdı. Kombatın köhnə formasını geyinmişdi. Özünün forması cırıq-cırıq olduğundan çıxarıb atmışdı.
01.07.92
Səhər tezdən Ələsgər Mustafayev yaxınlaşdı ki, onun sürdüyü ikinci maşının sürət qutusu sıradan çıxıb. Hücum ərəfəsində maşın saz olmalıydı. Ələsgər dedi ki, qardaşı Elşənlə ona icazə verim. Onlar Tərtərdə bir sürücü ilə tanış olmuşdular. Demişdi ki, onun evində həmin qutudan var. Dediklərinə görə, sürücü özü də onlara kömək edəcəkdi. Ələsgər həmin evin yerini mənə təxmini başa saldı. Lakin bu vaxt həmin sürücü özü gəlib çıxdı və dedi ki, bu gün vacib işi var, təmiri sabaha saxlayaq. Onlar razılaşdılar.
Mənim qanım bir az qaraldı. Çünki hücuma keçmək üçün hər an əmr gələ bilərdi. Maşının birinin olmaması rota üçün əlavə çətinliklər yarada bilərdi. Mən ikinci rotanın komandiri Koroğlu Rəhimovla danışdım, dedi ki, lazım gəlsə, maşınla kömək edə bilər. Bir az rahatlandım.
Günorta kombat Yaşar müəllim gəldi. O, qərargahdan gəlirdi. Rota komandirlərini yığıb xəritədə bizə aydınlaşdırılası məsələni izah etdi. Sonra bizə siqnal raketləri və tüstü buraxan, işarəverən siqnallar payladı, hansı rəngin nəyə işarə olduğunu dedi.
Sonra kombat bizi Xanlar batalyonunun qərargahına göndərdi ki, döyüş sursatı alaq. Onlarda əl qumbaraları yox idi. Orada olan sursatları aldıqdan sonra gedib Tərtərdəki anbardan qumbaraatanlar da aldıq. Maşının birini çıxmaq şərti ilə döyüşə tam hazır idik.
Axşama yaxın ermənilər yenə də artilleriya atəşinə başladılar. Biz yenə də səngərlərdə daldalanırdıq.
Hüseynqulunun topçular batareyası ermənilərə artıqlaması ilə cavab verdi.
02.07.92
Səhərdən yaxşı hava var idi. Uşaqlar avtomatlarını təmizləyirdilər. Elçin ratsiyanın batareyalarını dəyişdirdi. Hər an hücuma keçmək əmrini gözləyirdik. Ələsgər gəlib dedi ki, maşını danışdığı yerə təmirə aparır. İki qardaş Elşən və Ələsgər Tərtərə maşın təmir etməyə getdilər. Ələsgərlə razılaşdıq ki, əgər gecə vaxtı onları çağırmaq lazım gəlsə, işıqsaçan güllə ilə xəbər edim.
Günortadan sonra kombat gəlib dedi ki, səhər tezdən hücum olacaq. Biz sevincdən bir-birimizi qucaqlayırdıq. Kombat dedi ki, bütün rota komandirləri yenidən Xanlar batalyonunun komandiri Saleh bəyin yanına yığışmalıyıq.
Deyilən vaxt ora yığışdıq. Məlum oldu ki, sabahkı hücum qətidir. Ratsiyalar barəsində hər şey dəqiqləşdirildi. Kodları və onların ehtiyat variantlarını yazıb götürdük. Razılaşdıq ki, səhər saat 5-də bütün rotalar öz texnikası ilə birlikdə Levonarx kəndinin kənarındakı ağaclıqda toplaşırıq.
Sonra öz mövqelərimizə dağılışdıq. Rotanı vzvod-vzvod yığıb sabahkı əməliyyat haqqında məlumat verdim. Hamı çox məmnun idi.
Hava qaralmışdı. Tapşırdım ki, indidən su qablarını doldurun və yaxşıca yemək yeyin. Artıq gecə saat 3-ə qalırdı. Əsgərlə Elşən gəlib çıxmamışdılar. Kamili çağırdım. Onun maşınına minib Ələsgərgilin dalınca getdik. Axtarıb tapdıq. Gördüm ki, onlar yenə də mazuta bulaşmış halda maşının altında işləyirlər. Məlum oldu ki, tərtərli sürücünün verdiyi sürət qutusu da yararsız imiş.
Elşənlə Ələsgəri də götürüb mövqeyimizə gəldik. Saat 5-ə işləyəndə yığışıb Levonarxa, şərtləşdiyimiz yerə yollandıq.
(Ardı var)
Gündəliyin əvvəli: 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22