Oktyabrın 15-dən Lənkəran rayonunun Şağlaküçə və Şıxəkəran kəndlərinə, Quba şəhərinə, Quba rayonunun Rustov və Zərdabi kəndlərinə giriş-çıxış dayandırılır (operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla). Qərarı Nazirlər Kabineti koronavirus pandemiyasına görə tətbiq olunan xüsusi karantin rejimi çərçivəsində qəbul edib.
Oktyabrın 14-dən Sabirabad şəhəri, Sabirabad rayonunun Cavad, Türkədi, Qalağayın və Kürkəndi kəndləri, Şəki şəhəri və Kiş kəndi üzrə eyni qərar qüvvəyə minib.
Başqa bir qərara əsasən, şənbə-bazar günləri Gəncə, Yevlax, Mingəçevir, Lənkəran, Şəki, Şirvan şəhərlərində və Göygöl, Samux, Sabirabad, Quba rayonlarında ictimai nəqliyyatın hərəkəti yasaqlanır.
2019-cu ilin dekabrında Çində üzə çıxaraq dünyanı bürüyən koronavirus infeksiyasına Azərbaycanda ilk yoluxma bu il fevralın 28-də qeydə alınıb. Novator.az bildirir ki, son rəsmi hesabatda yoluxanların ümumi sayı 42750 nəfər, xəstəlik qurbanlarının ümumi sayı 616 nəfər göstərilib.
Ölkə üzrə xüsusi karantin rejimi bu qadağaları nəzərdə tutur:
– yük daşımaları istisna olmaqla ölkə ərazisinə giriş-çıxış;
– ölkənin şəhər və rayonlarından sərnişin daşımaları;
– “ASAN xidmət” və “DOST” mərkəzləri istisna olmaqla dövlət orqanlarında (qurumlarında) vətəndaşların yerində qəbulu;
– dəfn istisna olmaqla yas mərasimləri;
– bütün kütləvi tədbirlər, o cümlədən mədəniyyət və idman tədbirləri (tamaşaçıların iştirakı olmadan açıq havada idman yarışları istisna olmaqla);
– tədbirlərin təşkili üzrə xidmətlər, o cümlədən ad günləri, toy, nişan və bu kimi mərasimlər;
– ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin (ata-ana, nənə-baba, uşaqlar və bacı-qardaşlar istisna olmaqla) 10 nəfərdən artıq qruplarda cəmləşməsi;
– istirahət və əyləncə məkanlarının, həmçinin uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisindəki daxil olmaqla) fəaliyyəti;
– muzey və sərgi zalları istisna olmaqla digər mədəniyyət obyektlərinin, eləcə də kinoteatrların, teatrların və idman zallarının fəaliyyəti;
– iri ticarət mərkəzlərinin nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin, kinoteatrların və ictimai iaşə məkanlarının fəaliyyəti;
– ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə;
– tibb müəssisələrində müalicə alan şəxslərin ziyarəti;
– idman, sağlamlıq-bərpa üzrə xidmətlər (bu sahədə tibbi xidmətlər istisna olmaqla);
– masaj və hamam xidmətləri.
Sərt xüsusi karantin rejiminin tətbiq olunduğu Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisində həmçinin bu yasaqlar tətbiq edilir:
– nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla iri ticarət mərkəzlərinin fəaliyyəti;
– ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda müştərilərə saat 00:00-dan 09:00-dək yerində xidmət, masa arxasında 6 nəfərdən artıq toplaşmaq;
– 10 nəfərdən artıq şəxsin iştirakı ilə keçirilən tədris və repetitor xidmətləri;
– çimərliklərin ərazisində hovuzların, su attraksionlarının və idman oyunu yerlərinin fəaliyyəti;
– şənbə-bazar günləri ictimai nəqliyyatın hərəkəti və Bakı Metropolitenində sərnişindaşıma.