Döyüş gündəliyi (22)
- 14 Oktyabr 2020
- comments
- Səidə Hüseynova
- Posted in ManşetTribunaYazarlar
Tofiq Yaqublu
23.06.92
Nəhayət, işıqlaşmışdı. Hərə öz silahını tapıb götürdü. Günəşin görünməyi ilə canımıza isti gəlməyi bir oldu. Baxdım ki, ratsiyanı heç kəs götürmək istəmir. Yazıqlar qınanılası deyildilər. Ratsiyanı belimə götürdüm. Təbrizlə yenə qabağa düşdük. Axır ki, qabağımızda olan bu axırıncı bələni aşdıq.
Oturmuşduq. Dəstəgir kəndi aydınca görünürdü. Ratsiya ilə heç bir məlumat ala bilmirdik. Xanlar batalyonundan səs-səmir çıxmırdı. Birdən Xanlar batalyonu bizim çağırışımıza cavab verdi. Çox sevindik, sonra isə pərt olduq. Sən demə, onlar geri qayıdırlar. Əvvəlki mövqeyimizə çatmaq üzrə idilər.
Mən xahiş etdim ki, Çingizi çağırsınlar. Çingizdən soruşdum ki, bu nə məsələdir?
Xeyli gəliblər və yolun çətinliyi görüb, Çingizlə onları niyə belə çətin yolla gətirdiyi üçün mübahisə ediblər və sonra geri qayıdıblar. Bu məlumatı eşidəndən sonra bizlərdən də bəziləri başladılar ki, geri qayıdaq. Mən bildirdim ki, ratsiya ilə komanda gəlməmiş geri döndü yoxdur, silahlarınızı hazırlayın, iki istiqamətdən kəndə girəcəyik.
Bir az da irəli getdik. Artıq bəziləri əməlli-başlı narazılıq edirdilər. Yenə oturduq. Qızğın mübahisə başladı. Sumqayıtdan olan uşaqların içində iki nəfər naxələf var idi. Onlar hətta məni hədələdilər də. Mən yenə də razılaşmadım. Əmin idim ki, qəfil hücumla bu kəndi ala biləcəyik. Tərslikdən mərkəzlə əlaqə saxlamaq olmurdu. Cavab vermirdilər. Narazılığa baxmayaraq rotanı kəndin mümkün olan yaxınlığına gətirdim. İndicə hücum olacaq deyə sevinən cəsur, təvazökar uşaqları az qalırdım bir-bir qucaqlayıb öpüm, o birlərinsə üzünə tüpürüm.
Şabanov hələ dünən mənə demişdi ki, kəndə çatıb dayan və mənim əmrimi gözlə. Nəhayət ki, ratsiyada Şabanovu tapa bildim. O dedi ki, tez geri qayıdın. Hiss etdim ki, yenə də orada döyüşlər gedir.
Sonra ratsiya ilə danışıqlar başlandı. Birinci rotanın komandiri Elxanın və ikinci rotanın komandiri Koroğlu Rəhimovun səslərini tanıdım. Koroğlunu çağırdım. Dedi ki, sizsiz hücuma keçməli olduq. Birinci rotada ölənlər var idi. Elxanın radisti köməyə çağırır, tank istəyirdi.
Biz tez yığışıb kəsə yolla geri gəlməyə başladıq. Bu dəfə mən lap arxada gəlirdim. Bir dərəyə çatdıq, gördüm ki, uşaqlar dayanıblar. Dünənki yağışdan sonra indi buradan axan balaca dağ çayı əməlli-başlı daşmışdı. Susuzluqdan əziyyət çəkirdik. Su çox bulanıq idi. Maykalarımızdan süzgəc kimi istifadə etdik.
Qərara aldım ki, çaydan birinci mən keçəcəm. Yavaş-yavaş, birtəhər suyu keçdim. Sonra əlimə uzun bir paya keçirib gələnlərə uzatdım. Balacaboy Cəfərov Yaşarı az qala su aparmışdı.
Xeyli gəlmişdik. Kəndə az qalmışdı, artıq yerimək mümkün deyildi. Çox yorulmuşduq. Yerləşdiyimiz fermaya təxminən 2 kilometr qalırdı. Uşaqların bir qismi artıq yeriməyə taqəti qalmadığını söylədi. Onlar ayaqqabılarını çıxardıb ayaqlarını göstərdilər. Çoxunun ayağı qançır olmuşdu.
Ratsiya ilə əlaqə saxladıq. Dedilər daha atışma getmir, ermənilər öz mövqelərinə, bizimkilər də öz mövqelərinə çəkiliblər. Biz axırıncı təpəni də aşıb meşəliklə bizimkilər olan yerə yaxınlaşdıq. Gördüm ki, ferma darmadağın edilib. Maşınlardan biri arxası üstə aşmışdı, təkərləri göydə idi. Oralara o qədər mərmi düşmüşdü ki, hər yer çala-çuxur idi.
Biz şübhələnməyə başladıq. Ratsiya ilə yenə əlaqə saxladıq. İndi də ratsiya ilə danışanın danışığından şübhələnməyə başladım. Elə bil başqa millətdən idi, bizim dildə bir az qəribə danışırdı. Mən ondan xəbər aldım ki, siz haradasınz və biz hara gələk? O dedi ki, düz fermanın yanındayıq. Halbuki biz görürdük ki, orada heç kəs yoxdur.
Bir azdan həmin səs ratsiyada “Turan, Turan” deyə bizi çağırmağa başladı. Mən cavab verdim. O, bizim harada olduğumuzu xəbər aldı. Mən hər ehtimalla yerləşdiyimiz yerdən əks istiqamətdə olan, 2-3 kilometr aralını nişan verdim. Bu zaman fermanın yanındakı balaca təpənin arxasında motor səsi eşitdik. Fikirləşdik ki, əgər ermənilər bizim mövqelərimizi tutublarsa, orada ələ keçirdikləri ratsiya ilə danışırlar. Çıxılmaz vəziyyətdə idik, çünki bizim yeriməyə daha taqətimiz qalmamışdı. Bircə xilasımız var idi ki, hər yan qalın kolluq idi.
Kamilə dedim qumbaranı hazırlasın. İsanın qayını Nazimə dedim ki, 5 nəfərlə bir üst təpədən səs gələn tərəfə yaxınlaşıb səsləri dinləsinlər və mümkünsə orada nə qədər adam olduğunu öyrənsin. Sözsüz ki, əgər orada ermənilər olsa idi.
Rotanın qalan hissəsi müdafiə mövqeyi tutdu. Hamımız bizdən 400-500 metr aralıda olanların kimlər olmasını səbirsizliklə gözləyirdik. Mən diqqətlə fermanın həyətini güdürdüm. Bir də baxdım ki, Nazim bayaq getdiyi uşaqlarla oradadırlar. O, göyə bir güllə atıb əli lə yellədi ki, gəlin. Biz sevincək özümüzünkülərin yanına gəldik.
Sən demə, bizimkilər fermanın yanındakı mövqelərdə olanda ermənilər tank, “Qrad” və topdan o qədər mərmi yağdırıblar ki, hamı yaxınlıqdakı təpənin dalına çəkilməli olub.
Biz fermanın həyətinə enəndə ermənilər yenidən atmağa başladılar. Hamımız çuxurlara doluşduq. Mərmilər başımızın üstündən vıyıldayıb biz az arxaya töküldü. Bir təpənin dalına çəkildik, gördük ki, nahar vaxtı gəlmişik. Gözlərimizə işıq gəldi.
24.06.92
Artıq hiss edirdim ki, gündəliyi yazmaq çətinləşir. Bu, vaxt qıtlığı və yorğunluqla bağlı idi.
Gecə çisək olsa da, səhərdən yaxşı hava var idi. Dəstəgirə gedib gəlmək uşaqları o qədər yormuşdu ki, hamı səhərəcən açıq havada kolların dibində rahat yatmışdı və heç kəsin çisəkdən xəbəri olmamışdı.
Yağışlı havada meşədə qalandan sonra bir neçə nəfər böyrəklərindən şikayətləndi. Bəzilərinin hətta gözlərinin altı şişmişdi. Evə icazə istəyənlər də var idi. Artıq hiss olunurdu ki, rota əzgin haldadır. Ona gücünü toplamağa imkan vermək lazım idi. Kombatla məsləhətləşdim. Yaşar müəllim təklif etdi ki, Tapqaraqoyunlu kəndinə gedək və bu gecə orada bir az rahatlanaq, səhər tezdən yenə mövqeyimizə qayıdarıq. Çünki onsuz da indi burada bizdən başqa xeyli təzə qüvvələr var idi.
Elə də elədik. Bizə demişdilər ki, kənddə böyük bir məktəb binası var, ora boşdur. Kənddə məktəbi tapmadıq. Yolun qırağında iki böyük tut ağacı var idi. Oraya düşdük. İki yerdə ocaq qaladıq. Ət konservlərini qızdırıb yaxşı və rahat şam etdik.
25.06.92
Səhər tezdən yenə mövqeyimizə qayıtdıq. Bura “Brat” ləqəbli bir mayor gəlmişdi. Ratsiyada da çağırış adı “Brat” idi.
Komandirləri yığıb bildirdilər ki, bizim batalyon Marquşevan, Levonarx və Çaylı kəndlərinin yanında mövqe tutmalıdır. O, birinci rotanın komandiri Elxanı, ikinci rotanın komandiri Koroğlunu və məni yığıb mövqelərimizi xəritədə başa saldı.
Biz maşına minib yola düşdük. “Brat” mənim maşınıma mindi. Yol boyu mənə xeyli maraqlı şeylər danışdı. Gəlib mövqe tutacağımız yerlərə çatdıq. Bura bizə nağıl aləmini xatırladırdı. Biz hələ xeyli əvvəl Tərtərdə olanda bu kəndlər ermənilərdə idi. O zamanlar uzaqdan birtəhər gözümüzü zilləyib atəşə tutduğumuz yerləri yaxından görəndə necə qəribə hisslər keçirirdim.
Biz Tərtərə gələn su kanalı boyu yolun qırağında mövqe tutduq. Çaylıdan Tərtərə olan məsafədə müvafiq olaraq rotalar üzrə bərabər məsafədə yerləşmişdik.
Hava lap isti idi. Nə vaxt idi ki, yuyunmurduq. Hamımız kanalda yaxşıca çimdik. Corablarımızı yuyub sərdik. Marquşevan kəndinin həyətlərində nə qədər desən dadlı gilas, ərik və albalı var idi. Heç vaxt bir yerdə oturmayan Elşad tez gedib şərab zavodundan bir kanistr konyak gətirdi. Yaxşı ki, gələndə gördüm. Xətrinə dəysə də, kanistri aldım. Dörd nəfər üçün bir butulka verdim. Qalanını həmin kəndlərdən qarətdən gələn bir mülki adama verdim, yoxsa o kanistr bütün rotanı sıradan çıxardardı.
Yeməyimiz bol idi. Uşaqlara imkan verdim hospitala getsinlər. Ayağı döyənək olmuş uşaqlar ayaqlarını sarıtdırdılar. Onlar hava isti olduğundan səngərdə çəkməsiz gəzirdilər ki, yaraları tez sağalsın.
Mən gündüzdən yatıb dincəldim ki, gecə postları yoxlaya bilim. Hava qaralandan sonra postlara nəzarəti gücləndirdim.
26.06.92
Bu gün də əla hava var idi. Havanın lap isti olmasından istifadə edib qərara gəldim ki, şalvarımı yuyub kolun üstünə sərim. Hələ əsgərlikdə olandan yadımda idi ki, yuyulmuş paltarı köməkləşib iki adamla sıxdıqda lap tez quruyur. Uşaqlar da mənə baxdılar, hamı kanala tökülüşüb çimməyə və paltarlarını yumağa başladı.
Bizim mövqeyimiz kanal boyunca olduğundan elə kanalın yanı bizim səngərimiz idi. Elə bu zaman başımızın üstündən dalbadal üç mərmi vıyıltı ilə ötüb bizdən 100-120 metr aralıda düşdü. Sonra ermənilər arası kəsilmədən atmağa başladılar. Biz elə çılpaq vəziyyətdə silahlarımızı götürüb yerimizi tutduq. “Brat” ratsiya ilə tapşırdı ki, tam hazır olun, onlar artilleriya hazırlığından sonra hücuma keçə bilərlər. Elşəni evə zəng etmək üçün Tərtərə buraxmışdım. Qumbaraatanı Adıgözələ vermişdim. Adıgözəl dedi ki, biz meşədə olandan əzik-üzük olmuş bir qumbaraatan mərmisi var, onu neyləyim. Onu elə-belə bir yana tullamaq olmazdı. Eyni zamanda həmin mərmiyə döyüşdə də etibar etmək olmazdı. Dedim yoxlamaq məqsədilə onu ermənilərə tərəf at. O, tətiyi çəkdi. Sən demə, mərmi xarab deyilmiş. Kombat mərmini biz atdığımızı görməyibmiş, elə bilib ki, onu ermənilər atıblar. Çünki mərmi bizim mövqelərdən o qədər də aralı düşməmişdi. Qumbaraatanın mərmisinin bu qədər yaxında düşməsi o demək idi ki, lap yaxında ermənilər var. Səngərə mənim yanıma gəlib dedi ki, hazırlaşın, indicə ermənilər gələcək. Mən ona dedim ki, onu biz atmışıq və sakit oldu.
Ermənilərin top atəşləri ara vermirdi. Ancaq bizim səngərlər o qədər etibarlı idi ki, heç nədən qorxmurduq. Sadəcə olaraq ehtiyatsız hərəkətə yol vermək lazım deyildi. Biz silahlarımızı hazırlayıb ermənilər tərəfi gözdən qoymurduq. Bir az keçdi top atəşləri kəsildi. Bizim batalyonun topçuları da cavab verirdilər. Mən bayaq gördüm ki, 4-5 erməni mərmisi bizim topçularımızın yerləşdiyi yerdə partladı. Onların komandiri Hüseynqulu idi. Mən bu oğlanı hələ Bakıdan tanıyırdım. Səngərlərlə topçularımızın yerləşdiyi yerə gəldim. Doğrudan da ermənilər oranı əməlli-başlı bombardman ediblərmiş. Öyrəndim ki, iki topçumuz yaralanıb. Ermənilərin bir mərmisi bizim topa dəymişdi və onu dağıtmışdı. Yaralananlar da elə həmin topçular idi. Buna baxmayaraq topçularımız çox rahat idilər və deyirdilər ki, biz onların payını artıqlaması ilə vermişik.
Mən geri, rotaya gəldim. Bir az durmuşdum ki, dedilər Vəlinin avtomatı itib. Qanım qaraldı.
(Ardı var)
Gündəliyin əvvəli: 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21