Oktyabrın ilk 12 günündə Azərbaycanda 1875 nəfər koronavirus infeksiyasına yoluxub, 18 xəstə vəfat edib.
Novator.az bildirir ki, son rəsmi hesabatda yoluxanların ümumi sayı 42104 nəfər, xəstəlik qurbanlarının ümumi sayı 609 nəfər göstərilib.
2019-cu ilin dekabrında Çində üzə çıxaraq dünyanı bürüyən koronavirus xəstəliyinə Azərbaycanda ilk yoluxma bu il fevralın 28-də qeydə alınıb, ay ümumilikdə 3 yoluxma ilə bitib.
Martda 295 yoluxma, 5 ölüm rəsmiləşib.
Digər ayların göstəriciləri belədir:
aprel – 1506 yoluxma, 19 ölüm
may – 3690 yoluxma, 39 ölüm
iyun – 12030 yoluxma, 150 ölüm
iyul – 14354 yoluxma, 235 ölüm
avqust – 4557 yoluxma, 86 ölüm
sentyabr – 3794 yoluxma, 57 ölüm.
Koronavirus infeksiyasını cilovlamaq üçün ölkədə xüsusi karantin rejimi tətbiq olunur. Rejim bu qadağaları nəzərdə tutur:
– yük daşımaları istisna olmaqla ölkə ərazisinə giriş-çıxış;
– ölkənin şəhər və rayonlarından sərnişin daşımaları;
– “ASAN xidmət” və “DOST” mərkəzləri istisna olmaqla dövlət orqanlarında (qurumlarında) vətəndaşların yerində qəbulu;
– dəfn istisna olmaqla yas mərasimləri;
– bütün kütləvi tədbirlər, o cümlədən mədəniyyət və idman tədbirləri (tamaşaçıların iştirakı olmadan açıq havada idman yarışları istisna olmaqla);
– tədbirlərin təşkili üzrə xidmətlər, o cümlədən ad günləri, toy, nişan və bu kimi mərasimlər;
– ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin (ata-ana, nənə-baba, uşaqlar və bacı-qardaşlar istisna olmaqla) 10 nəfərdən artıq qruplarda cəmləşməsi;
– istirahət və əyləncə məkanlarının, həmçinin uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisindəki daxil olmaqla) fəaliyyəti;
– muzey və sərgi zalları istisna olmaqla digər mədəniyyət obyektlərinin, eləcə də kinoteatrların, teatrların və idman zallarının fəaliyyəti;
– iri ticarət mərkəzlərinin nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin, kinoteatrların və ictimai iaşə məkanlarının fəaliyyəti;
– ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə;
– tibb müəssisələrində müalicə alan şəxslərin ziyarəti;
– idman, sağlamlıq-bərpa üzrə xidmətlər (bu sahədə tibbi xidmətlər istisna olmaqla);
– masaj və hamam xidmətləri.
Sərt xüsusi karantin rejiminin tətbiq olunduğu Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisində həmçinin bu yasaqlar tətbiq edilir:
– nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla iri ticarət mərkəzlərinin fəaliyyəti;
– ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda müştərilərə saat 00:00-dan 09:00-dək yerində xidmət, masa arxasında 6 nəfərdən artıq toplaşmaq;
– 10 nəfərdən artıq şəxsin iştirakı ilə keçirilən tədris və repetitor xidmətləri;
– çimərliklərin ərazisində hovuzların, su attraksionlarının və idman oyunu yerlərinin fəaliyyəti;
– şənbə-bazar günləri ictimai nəqliyyatın hərəkəti və Bakı Metropolitenində sərnişindaşıma.