Döyüş gündəliyi (21)
- 13 Oktyabr 2020
- comments
- Səidə Hüseynova
- Posted in ManşetTribunaYazarlar
Tofiq Yaqublu
Bizimkilər məsələni tez başa düşdülər. Ermənilərdən isə xeyli aralanmışdıq. Qalxıb yeriməyə başladıq. Çağırdıq ki, köməyə gəlsinlər. Çünki üstümüzdə öz silahımızdan başqa xeyli hərbi qənimət vardı.
Uşaqlara çatıb öpüşüb-görüşdük. Onlar bizə görə çox narahat idilər. Sonra Elşadla Oruc da gəldilər. Onlar yolda ilişib qalmış bir yaralı əsgərimizi də gətirmişdilər.
Məlum oldu ki, bizim rotadan Novruzu və Orduxanov Namiqi öldürüblər. Bir neçə nəfər yaralanmışdı.
Bəzi uşaqlar isə möhkəm qorxmuşdular. Halbuki başqa vaxt onlar özlərindən çox razı-razı danışırdılar. Onları utandırmaq istədim, bir şey çıxmadı. Hey deyirdilər ki, biz buradan da dala çəkilməliyik, ermənilər bir dəfə də güc toplayıb gəlsə, bizi qıracaqlar. Yaxşı ki, həmişə sakit və təvazökar uşaqlar burada möhkəm iradə göstərdilər.
Kombatın tapşırığı ilə yeni postlar yaratdıq. Uşaqların xeyli hissəsində ruh düşkünlüyü var idi. Mən ermənilərin hücumundan bərk qorxurdum. Müqavimət göstərmək çətin olacaqdı. Ona görə də rotanı bir yerə yığıb söhbət apardım, vətənpərvərlikdən, əsgər andından, son damla qana kimi döyüşməkdən, kişilikdən söhbət açdım. Bu söhbətin xeyli təsiri oldu.
Bununla kifayətlənməyib ən çox inandığım uşaqlara – Adıgözəl Hüseynov, Sultan Sultanov, Elşad Əhmədov, Oruc Hümbətov, Kamil Əsədov, Yaşar Cəfərov və başqa uşaqlarla bir daha söhbət elədim. Bizdən sonra heç kim durmurdu. Xəttimiz yarılsaydı, Goranboya yol açılırdı. Razılaşmışdıq ki, nə olsa da geri çəkilməyəcəyik.
Çox təəssüf ki, Elçin Nizamov kəşfiyyatdan sonra aldığı qəlpə yarasından hospitalda qalmalı oldu. Onun burada olmasına yaman ehtiyac duydum.
Artıq qaranlıq düşmüşdü. Postları tez-tez yoxlayırdım. Ən çətin yerdə olan posta Təbriz Yaqubovu təyin etmişdim. İnanırdım ki, Təbriz hər şeyi necə lazımdır elə edəcək.
22.06.92
Səhər açıldı. Yaxşı hava var idi. Məlum oldu ki, Eylaz da dünən kənddə öldürülüb. Mən Eylazın kənddə olduğunu heç bilmirdim. O hələ Buzluqda olarkən bərk soyuqlamışdı. Mən onu starşina Eminağa ilə Xanlar xəstəxanasına gətirmişdim və orada demişdilər ki, onu Gəncəyə aparacağıq. Sən demə, biz kəşfiyyata gedəndən sonra gəlib, soraqlaşa-soraqlaşa bizim rotanı tapıb. Yazıq elə bil ölməyə can atırmış.
Mən döyüş zamanı onların yanında olmadığımdan bizim rotadan və digər rotadan ölənlərin meyitlərinin kəndin hansı səmtində olduğunu bilmirdim. Şahidlər isə bir-birinin əksinə fikirlər söyləyirdilər.
Kombatla danışıb qərara aldıq ki, bir tankla gedib meyitləri çıxarmaq lazımdır. Müşahidələrimizə görə, ermənilər də dünən kənddə qalmayıb kəndin o biri tərəfindəki yaxın təpəliklərdə mövqe tutmuşdular.
Goranboy batalyonundan bir tank ayrıldı. Razılaşdıq kəndə sürətlə daxil olmaq lazımdır ki, bizi vurmaq mümkün olmasın. Kəndə evlərin arasına girə bilsək, vəziyyət o qədər də təhlükəli olmayacaqdı.
Könüllü olaraq 10-12 nəfər tankın üstünə mindik. Sürətlə kəndə yaxınlaşırdıq. Lakin ermənilər sayıq dayanmışdılar. Hələ kəndə xeyli qalmışdı ki, onlar tankdan atmağa başladılar. Daha getmək təhlükəli idi. Hamı məhv ola bilərdi.
Biz tankın üstündə oturduğumuzdan sürücü ilə əlaqəmiz yox idi. Lakin bir azdan o da vəziyyəti qiymətləndirib tankı geri hərlədi. Biz dala qayıtdıq.
Yerləşdiyimiz yerə xeyli əlavə qüvvə gəlmişdi. Podpolkovnik Şabanov özü də gəlmişdi. Dedi kəndi geri almaq üçün əməliyyat hazırlayır. Mən kəşfiyyatın yekunları haqqında raport verməyə hazırlaşırdım. Bu zaman başımızın üstündən bir təyyarə uçub keçdi. Biz ayırd edə bilmədiyimiz üçün hamımız səngərə doluşduq ki, bomba düşsə, qoruna bilək. Sonra bildik ki, bizim təyyarədir.
Şabanov komandirləri əməliyyat şərtləri ilə tanış etdi. Kəşfiyyat haqqında öyrənəndən sonra mənə təşəkkür etdi və bütün orada olan şəxsi heyəti sıraya düzdü. Kəşfiyyatda olmuş əsgərləri sıranın qabağına çıxartdılar. Bizə təşəkkür etdi və mənə tapşırdı hadisəni təfsilatı ilə danışım, çünki bunun döyüşqabağı əhəmiyyəti var idi. Kombatla məsləhətləşmədən sonra adımızı təltifə təqdim etmək üçün götürdü. Daha doğrusu, kombat Yaşar Qarayev rəsmi təqdimat yazdı.
Şabanov bizimlə kəşfiyyatda olmuş Çingizi və Sultanı götürüb Xanlar batalyonuna qatdı ki, bunlar yolu yaxşı bilirlər. Razılaşmışdıq ki, Çingiz və Sultan Xanlar batalyonunu kəşfiyyata getdiyimiz kəndə aparsınlar. Bizim rota isə onlardan 3 saat sonra həmin marşrutla irəliləməliyik. Yol boyu daim ratsiya ilə əlaqə saxlamalıydıq. Biz Dəstəgir kəndini alıb, oradan keçib dünən itirdiyimiz Madagiz kəndinin arxasına çıxmalıydıq. Kəndə yaxınlaşanda Şabanovun komandası ilə indi burada olan qüvvələr dayandığımız yerdən, biz isə arxadan hücuma keçməliydik.
Xanlar batalyonu bizdən 3 saat qabaq yola düşdü. Sonra biz tərpəndik. Bir çətin məsələ varıydı ki, biz keçən dəfə kəşfiyyata gedəndə Madagiz kəndinin özündən yollanmışdıq. İndi isə tamam başqa yerdən gedirdik.
Xanlar batalyonu ilə bir xeyli əlaqə saxlaya-saxlaya getdik. Sonra onlar daha efirə çıxmadılar. Bu məni əsəbiləşdirirdi. Hər dəfə efirə çıxanda Çingizlə və Sultanla məsləhətləşirdim. Qiyabi olaraq mən onların, onlar da bizim harada getdiyimizi başa düşürdük.
Şabanovun verdiyi vaxta yaxınlaşırdıq. Biz də, Xanlar batalyonu da qrafikdən xeyli dala qalırdıq. Mən mərkəzlə əlaqə saxlayıb xeyli gecikdiyimizi bildirdim, həm də Xanlar batalyonunun daha ratsiya ilə əlaqə saxlamadığından şikayətləndim.
Növbəti dağı aşanda gördüm ki, xeyli aralı getmişik. Uşaqlar artıq yorulmuşdular. Gileylənirdilər. Mən və digər mətin uşaqlar tez onları qınayırdıq ki, bu, müharibə üçün adi şeydir.
Mən hündür bir palıd ağacının başına çıxdım, həmin kəndi gördüm. Təbrizə dedim ki, o da ağaca çıxsın. Təbriz Qəbələnin Bum kəndindən idi. Həmişə meşəyə dağkeçisi ovuna getdiyindən danışırdı. Mən bu oğlanın ağlına, bacarığına, qorxmazlığına və tərbiyəsinə heyran kəsilmişdim. Özü də son dərəcədə tədbirli oğlan idi. İstənilən çətin vəziyyətdən ən optimal çıxış yolunu tapardı. Təbrizə kəndi göstərdim. Biz Təbrizlə qabaqda, rota isə arxada yola düşdük.
Hava qaralmağa başlayırdı. Birdən yağış yağmağa başladı. Elə yağış yağırdı ki, elə bil sözün əsl mənasında vedrədən tökürdün. Hamımız suyun içindəydik, daha yağışdan daldalanmağın xeyri yox idi, axırıncı sapa qədər islanmışdıq. Qaranlıq, yağış və keçilməz yerlər. İndi lap qarış-qarış addımlayırdıq. Ratsiyada heç kimi tapmaq olmurdu. Özü də bərkdən danışmağa qorxurduq.
Şabanovun planı alt-üst olmuşdu. Daha irəli getməkdən çox uşaqların salamat bir yerə toplanmasının qeydinə qalmağa başladım. Həm tikanlıq, həm də sərt qayalıq olan bu yerdə hərə bir tərəfdə ilişib qalmışdı. Avtomatı bir-birimizə uzada-uzada hamını bir yerə toplaya bildik. Vzvod komandirləri dedilər ki, hamı yerindədir. Artıq göz gözü görmürdü. Bura dağın döşü olduğundan ayaq üstə durmaq çətin idi. Elə bil buz üstündə oturmuşduq. Altımızdan su axırdı. Çarəsiz qalıb koldan-kosdan tutub çiyni üstə uzanmışdıq. Gecə saat 12 olandan sonra hava lap soyudu. Bizim haqq-hesabımıza görə, ermənilər lap yaxınlıqda ola bilərdilər. Uşaqların dişlərinin şaqqıltısı xeyli aralıdan eşidilirdi. Hamıya tapşırdım ki, əlləri ilə çənələrini tutsunlar. Kimsə soyuqdan ağlayırdı. Özümün də amanım kəsilmişdi. Əlimi çənəmdən buraxıb nə isə demək istəyəndə heç nə alınmırdı. Avtomatlarımız heç bilmirdik ki, haradadır. Hamısı yerdə palçığın içindəydi.
(Ardı var)
Gündəliyin əvvəli: 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20