Döyüş gündəliyi (20)
- 12 Oktyabr 2020
- comments
- Səidə Hüseynova
- Posted in ManşetTribunaYazarlar
Tofiq Yaqublu
“Kim mənimlə getmək istəyirsə, yanıma” deyib bir az aralıya çəkildim. Elçin, Sultan, Adıgözəl və Oruc yanıma gəldilər. Qalan uşaqlara dedim ki, siz burada gözləyin, atışma olsa, vəziyyətə baxıb hərəkət edin. Biz tərpənmək istəyirdik ki, onlar yenidən bizə qoşuldular.
Artıq bütöv meşə zolağı qurtarmışdı. İndi həm də açıqlıqla getmək lazım idi. Yenə qabaqda gedirdim. Gəlib kəndin birinci evinin hasarına çatdıq. Burada pıçıltı ilə danışırdıq. Yenə başladılar ki, qayıtmaq lazımdır. İzah etdim ki, heç gəlməməklə buradan qayıtmağın fərqi yoxdur, biz məlumat aparmalıyıq burada ermənilərin nə qədər texnikası, qüvvəsi var.
Çəpərdən keçib qalın ot basmış bağça ilə, alma ağaclarının altı ilə sinə-sinə irəliləyib o biri evin hasarına çatdım. Baxdım ki, Sultan da dalımca gəlir.
Evlərin birindən çiynində avtomat olan mülki geyimli yekəpər erməni çıxdı. Aramızda 20 metr məsafə vardı və onu hətta nişan almadan belə vurmaq olardı. Atəş açmaq planı poza bilərdi.
Biz bağçalarla kəndin içinə doğru gedirdik. Növbəti evin həyətində bir gəlin və 13-14 yaşında bir oğlan var idi. Birdən həmin qadın mən gizlənən yerə gözlərini zillədi, elə bildim ki, məni görüb. Əlim tətikdə idi. Qadını və uşağı qətiyyən vurmaq istəməsəm də, əgər onlar xəbərə qaçsaydılar, bəlkə də vurmalı olacaqdım. Düz ürəyini nişan almışdım, sonra gördüm ki, harasa başqa şeyə baxırmış.
Sonuncu bağçaya keçib çəpərdəki deşikdən diqqətlə baxdım. Kəndin içində xeyli adam toplaşmışdı. Həm əsgər, həm də mülki geyimli adamlar var idi. Artıq hər şey gün kimi aydın idi: onların canlı qüvvələri olsa da, texnikaları yoxdur.
Biz artıq kəndin o biri başına çatmışdıq. Birdən dərədən kəndə gələn yolda maşın səsi eşitdik. Sultanla qərar aldıq ki, bu maşını partlatmalıyıq. Biz kənddən bir az aralanmışdıq və o biri uşaqlarla şərtləşmişdik ki, əkinin qırağındakı hündür palıd ağacının dibinə toplaşmalıydıq. Bu şərt atışma olarsa nəzərdə tutulmuşdu. Mən qumbaranın çekasının məftilini düzəldib hazır saxladım. Üzüyuxarı şığıyan UAZ bizə 80-90 metr qalmış meşəylə yuxarı qalxan yola burulub sürətlə getdi.
Sultanla gizləndiyimiz yerdən qalxıb həmin palıdın dibinə gəldik. Uşaqlar orada idilər. Bizi görüb çox sevindilər. Mən buradan binoklla bu kənddən Madagizə gedən yola baxdım. Dəhşətə gəldim. Ermənilər dəstə-dəstə Madagizə tərəf gedirdilər. Onlar Madagizdən yolun görünən hissəsinə bir az qalmış meşəyə girib kəndə yaxınlaşırdılar. Çox təəssüfləndik ki, ratsiyamız yoxdur. Mən kənddəkiləri nə gözlədiyini düşünəndə dəhşətə gəlirdim. Komandirlərin dönə-dönə tapşırmasına baxmayaraq əsgərlər mülki adamlarla birlikdə talançılıqda və kefdə idilər.
Fikirləşirdik ki, nə edə bilərik. Hamı dedi ki, təcili geri qayıtmalıyıq. Bu qədər yolu risk edib kəsə getsəydik belə, bizə 4-5 saat vaxt lazım idi.
Mən dedim ki, hiss edirəm bayaqkı UAZ nə isə vacib məsələ ilə əlaqədar harasa tələsirdi, çox güman, geri qayıdacaq və o maşında yəqin ratsiya olmalıdır. Etiraz etsələr də komandir kimi onları məcbur etdim ki, mənimlə razılaşsınlar.
Həmin yolda pusqu qurduq. Bu arada Kamil daha da qabağa gedərək belə bir təklif verdi ki, maşındakıları diri tutaq və erməni maşını ilə elə ermənilərin arasından keçib özümüzü kəndə çatdıraq. Çox risk tələb etsə də, hamımız ürəkdən razılaşdıq. Hiss edirdim ki, uşaqlarda qorxudan və yoğunluqdan əsər-əlamət yoxdur. Səbirsizliklə maşını gözləyirdik.
Birdən aşağıda dəhşətli atışma başladı. Biz ermənilərin durduğu mövqeləri dağın ətəyindən aydınca görürdük. Onlar BMP, BTR və tanklardan kəndi intensiv atəşə tuturdular. Görünür, müqavimət olduğundan su anbarının körpüsünü keçib kəndə girə bilmirdilər.
Elə bu vaxt UAZ-ın səsi eşidildi. Maşın bizə yaxınlaşanda birdən Çingiz ehtiyatsız hərəkət etdi və sürücü maşını saxlayıb geri dönmək istədi. Dərhal onları diri tutmaq planımız alt-üst oldu. Maşını atəşə tutduq. O, bir az gedib dayandı. Mən qışqırdım ki, hələ heç kəs yerindən tərpənməsin. Fikirləşirdim əmin olmaq lazımdır ki, içindəkilər hamısı ölüb. Lakin Oruc adəti üzrə dözümsüzlük edib yerindən çıxıb ata-ata maşına yaxınlaşdı. Biz də hamımız yerimizdən çıxıb maşına yaxınlaşdıq. Elçinlə mən yanaşı gedirdik. Sağ qalmış sürücü bizdən əks tərəfdə qapını açıb meşəyə qaçdı və əlindəki qumbaranı Elçinlə mənə tərəf atdı. Ani olaraq beynimizdə götür-qoy edənə kimi qumbara bizdən 8-10 metr aralıda yerə düşdü. Biz uzanmağa macal tapmadıq. F-1 qumbarasından belə yaxın məsafədə salamat qalmaq əsl möcüzə idi. Hətta partlayışın isti dalğasını üzümdə hiss etdim. Məndən 2-3 addım arxada dayanan Elçin qolundan yüngül qəlpə yarası aldı. Səkkizimiz də qaçan erməninin qarasını güllə yağışına qərq etdik. O, cəmi 10-15 metr qaça bilmişdi.
Görünür, ermənilərin yaxınlıqda nə isə bir mövqeləri var imiş. Onlar kəndin qulağının dibindəki bu atışmanı nə isə gözlənilməz zərbə bilib bəlkə də havaya ata-ata biz tərəfə qaçırdılar. Tələsik maşının qapılarını açdıq. Ölmüş erməni podpolkovnikin başından qan fışqırırdı. Onun yanında Azərbaycan Ordusu üçün əlçatmaz olan gecəgörmə cihazı var idi. Maşında, çox güman ki, xaricdə istehsal olunmuş kompakt olan bir ratsiya var idi, çox heyf ki, gülləmiz onu bir neçə yerdən deşik-deşik etmişdi.
Zabitin çiynindən asılmış, qana bulaşmış sənədlərlə dolu planşeti də götürdüm. Oruc isə tələsikdə ağzı bağlı bir yeşik gülləni çiyninə alıb almışdı. Mən ona hirsləndim. Bu qaçaqaçda o ağırlıqda yeşiyi götürmək səhv idi. O, yeşiyi yoldan aralı bir kolluğun içinə atdı.
Biz tələsik Elçinin qolunu sarıdıq. Ermənilər yaxınlaşırdı. Etibarlı mövqe seçib yaxınlaşan ermənilərə tərəf xeyli güllə boşaltdıq. Hiss etdim ki, onlar uzanıblar və daha irəliləmirlər. Biz ermənilərin ağlına gəlməsin deyə sıldırımlıqla getməyi üstün tutduq. Bizim üçün çox çətin idi. Yorğunluq, aclıq və tikanlar bizi əldən salırdı. Üstəlik yükümüz xeyli artmışdı, bizdə xeyli qənimət var idi. Gecəgörmə cihazını özüm aparırdım.
Təhlükəsiz yerə çatdığımızı hiss edib nəfəsimizi dərmək istədik. Buradan da Madagizə gedən yol aydınca görünürdü. Gördük ki, ermənilər həmin yolla indi də geri, Dəstəgir kəndinə tərəf qaçırlar. Biz sevindiyimizdən bir-birimizi qucaqladıq, gözlərimiz yaşardı. Görünür, ermənilər bizim orada peyda olmağımızın hansı miqyasda olduğunu bilmədiklərindən hər ehtimala qarşı ilkin mövqelərinə çəkilirdilər.
Yorğunluğa baxmayaraq kəndə tərəf yollandıq. Artıq taqətimiz tükənmişdi. Daha ehtiyat normalarına əməl etmirdik. Güclə yeriyirdik. Susuzluq bizi lap əldən salmışdı. Kəndin lap yaxınlığına çatmışdıq. Çingizlə Oruc daha yeriyə bilmədiklərini söylədilər. Biz onları dilə tutduq ki, bir az dözsünlər.
Kəndin kimdə olduğunu bilmirdik. Bayaqdan təkəm-seyrək olan atışma indi xeyli güclənmişdi. Ağlımız bizə haradan getməyi düz deyirdi, lakin hamımızın ayaqları bizi kəndin içindən keçməyə aparırdı. Kəndin kənarından təpələrlə keçməyin lazım olduğunu deyə-deyə yenə elə bil ki, ayaqlarımız bizi eşitmirmiş kimi başqa səmtə gedirdi.
Gəlib kəndin kənarındakı evlərə çatdıq. Kəndin içində möhkəm atışma gedirdi. Bir həyətə girib doyunca su içdik və üstündən də tələm-tələsik xeyli tut yedik. Artıq vəziyyətimiz xeyli yüngülləşmişdi. Bir azdan bizə məlum oldu ki, kənd ermənilərdədir, bizimkilər isə ətraf yüksəkliyə çəkilib atışırdılar. Elə güclü atışma gedirdi ki, adama elə gəlirdi o tərəf-bu tərəfə uçuşan mərmi və güllələri gözləri ilə izləyir.
Uşaqlara tapşırdım ki, geri qayıtmaq olmaz, əgər ermənilər bizi görüblərsə öz əsgərləri zənn edirlər. Geri qayıtsaq işi başa düşərlər. Qəribə burası idi ki, biz özümüzünkülərə tərəf getmək üçün hələ kəndin içinə tərəf irəlilməliydik. Tapşırdım ki, küçə ilə getməyin. Çünki aydın görünən yerdə bizi tanıya bilərdilər. Orucla Elşad nə isə düz anlamadılar və bizdən bir az aralı düşdülər. Qışqırmaq olmurdu.
Biz bir az da irəlilədik. Arıq atışmanın içindəydik. Əgər biz də qoşulsaydıq, sözsüz ki, heç kim bilə bilməyəcəkdi ki, biz kimik və hansı tərəfə atırıq. Bir evin divarının yanına uzanıb yaxşı mövqe seçdim. Uşaqlar da bir az aralıda özlərinə yer elədilər. Xoşbəxtlikdən xeyli güllə ehtiyatımız var idi. Ermənilərin atəş nöqtələrini izlədim. Onların ağlına gəlmirdi ki, şəkililər demişkən, ha budu ağızlarının içində oturub başlarına od ələyirdik.
Bir az da irəlilədik. Bu ələkeçməz fürsətdən çox məmnun idik. Hətta buradan 500-600 metr aralıda yerləşən bizimkilərə sağ-salamat çata bilib-bilməyəcəyimiz bizi maraqlandırmırdı. Bir az gedəndən sonra gördüm ki, üstünə mərmi taxılmış bir qumbaraatan var. Yəqin ki, bizimkilər atıb qaçmışdılar. Sürünə-sürünə bir az yaxınlaşdım. Sonra fikirləşdim ki, axı buradan atsam o saat onlar işi biləcəklər.
Birtəhər sürünə-sürünə fermanın bərabərinə gəlib çıxdıq. Orucla Elşad görünmürdü. Daha doğrusu, bilmirdik ki, onlar arxadadırlar, ya qabaqda. Ən təhlükəli yerə çatmışdıq. Buradan irəli getsək, ermənilər kənddən çıxan bu əsgərləri vuracaqdılar. Bizimkilər isə bizi erməni biləcəkdilər. Biz bizimkilərin mövqe tutduğu təpənin başına sürünə-sürünə çıxmalıydıq. Bir xeyli irəliləmişdik və bu zaman qorxduğumuz hadisə baş verdi. Yəni artıq ermənilər bizi gülləyə basırdılar. Mən qışqırdım ki, bir-birimizdən 30-50 metr məsafə saxlayaq. Çünki onlar, deyəsən, tankdan atırdılar. Bir az qalxanda gördüm ki, bizimkilərdən iki nəfərin meyiti var. İkisi də ağzı üstə idi. Biri qəlpədən, biri də güllədən ölmüşdü. Sürünüb ikisini də çevirdim. Birini tanıyammadım, başqa batalyondan idi. Birini isə batalyonumuzun kassiri İbrahimə oxşatdım.
Bir on metr yuxarıda kolun dibində üzüqoylu uzanmış daha bir əsgərimizi gördüm. Baxdım qımıldanır. Mən elə bildim yaralıdır. Qışqırdım ki, yaralısanmı? O, azərbaycanca arxadan səs eşitcək sevincək başını dala çevirdi. Bu oğlanı da tanımırdım. Sən demə, qaça bilməyib, burada ilişib qalıb. Hiss edirdim ki, lap möhkəm qorxub. Avtomatı özündən bir az aralıda qalmışdı. Dedim mənimlə birlikdə 5-10 metr məsafə saxlamaqla sürün. Gördüm ki, bu, heç avtomatını götürmək istəmir. Hirsləndim ki, tez avtomatını götür. Bu arada lap yaxınlığımıza iki top mərmisi düşdü. Yaxşı ki, vaxtında uzanmışdıq. Güllələr də aramsız olaraq vıyıldayırdı. Nəsə bir arxayınçılıq var idi ki, güllələr bizə dəyməyəcək.
Biz balaca dərə kimi yeri o üzə keçməliydik. Üzü bir az aşağı olan kimi yerdən qalxıb yarı çömbəlmiş vəziyyətdə irəli qaçdım. Gördüm ki, bizim uşaqlar da mənimlə paralel olaraq irəliləyirlər. Bayaqkı oğlan da qalxıb qaçmaq istəyəndə bir az aralı bir top mərmisi düşdü. O saat yerə yıxıldı. Qəlpə döşündən bir neçə yeri deşmişdi. Bütün sinəsi qan içində idi. Heç nəyə fikir verməyib, qalxıb onun yanına qaçdım. Mən çatanda hələ sağ idi. Gözlərini açdı, mənə nəsə demək istədi sanki. Nəfəsi çatmadı. Yenə mərmi vıyıltısı eşitdim, tez həmin əsgərin yanına uzandım. Artıq o ölmüşdü. Mən onu qoyub getməkdən başqa heç nə edə bilməzdim. Üstüm bütün qan olmuşdu.
Artıq bizimkilərə yaxınlaşırdıq. Gördüm ki, biz tərəfə tuşlanmış pulemyot şaqqıldadı. Hiss etdim ki, bu, III vzvodun komandir müavini Nəsib idi. Belə gedə bilməyəcəkdik. Papağımı çıxardıb yelləməyə başladım.
(Ardı var)
Gündəliyin əvvəli: 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19