Baş Prokurorluğun son hesabatına görə, Ermənistan silahlı qüvvələrinin Azərbaycan yaşayış məntəqələrini atəşə tutması nəticəsində sentyabrın 27-dən oktyabrın 12-si saat 12-dək 41 mülki şəxs həlak olub, 207 nəfər xəsarət alıb, 1185 yaşayış evi, 57 çoxmənzilli bina, 148 mülki obyekt dağılıb.
1988-ci ildə Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətində bölgənin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkat başlayıb. 1991-ci ildə Dağlıq Qarabağ erməniləri bölgəni “müstəqil dövlət” elan edib, Azərbaycan torpaqlarının işğalına başlanıb. 1994-cü ildə atəşkəslə dayanan müharibədə Dağlıq Qarabağ bölgəsi (Xankəndi şəhəri, Şuşa, Xocalı, Xocavənd rayonları, keçmiş Ağdərə rayonu) və onun ətrafındakı bölgələr (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları) tutulub.
2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusu işğal bölgəsində əməliyyat keçirib, Cəbrayıl şəhəri və həmin rayonun bir çox kəndi, Füzuli, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bəzi məntəqələri, strateji yüksəkliklər, o cümlədən Kəlbəcər istiqamətində Murov yüksəkliyi azad olunub.
Oktyabrın 10-dan atəşkəs rejimi qüvvədədir, ancaq düşmən buna məhəl qoymur.