Döyüş gündəliyi (19)
- 09 Oktyabr 2020
- comments
- Səidə Hüseynova
- Posted in ManşetTribunaYazarlar
Tofiq Yaqublu
20.06.92
Bu yazını yazmağa başlayanda gördüm ki, cibimdəki qələmim itib. Yaxşı ki, Ələsgər o gün əlində oynatdığı qırmızı qələmi mənə verəndə götürmüşdüm. Bu sətirləri elə vaxtda və elə yerdə yazıram ki, hər metrin, hər santimetrin əhəmiyyəti var.
Bu səhər tezdən əsgərlər dünən gecə daxil olduğumuz Madagiz kəndinin talanına girişmişdilər. Kəndin aşağı hissəsindən Tərtər batalyonunun döyüşçüləri də bu səhər kəndə girmişdilər. Hamı talançılıqla məşğul idi. Zirəklər çoxlu xalça və mal-qara toplamışdılar. Nəinki əsgərləri, heç vzvod komandirlərini bir yerdə saxlamaq olmurdu.
İlk baxışdan elə təsəvvür yaranırdı ki, daha heç yerdən təhlükə ola bilməz. Bununla belə, yenə əsgərlərə tapşırırdım ki, hər şey ola bilər, postları qoyub getməyin, talançılığı heç olmasa növbə ilə edin. Hiss edirdim ki, heç kəs komandiri eşitmək istəmir.
Düşüb kəndi evlərin arası ilə o baş-bu baş gəzirdim ki, ərazi haqqında yaxşı təsəvvürüm olsun. Əsgərlər BTR-lərlə erməni həyətlərindəki minik maşınlarını dartırdılar. Mən birinci posta çatanda gördüm ki, Təbriz də VAZ-2101 markalı maşını dartıb gətirib. İçində çoxlu xalça vardı. İndiyədək erməninin bir çöpünü götürməmiş uşaqlar Elçin, Adıgözəl, Mustafayev Elçin, Sultan və başqaları idi. Uşaqlar kəndi dolaşsalar da, bir şey götürmürdülər. Sadəcə onlar erməni həyətlərində ərik, gilas və albalı yeməklə məşğul idilər. Onlar evlərə girsələr də, heç nə götürmürdülər, sadəcə olaraq maraq güc gəldiyindən evlərə baxmaqdan özlərini saxlaya bilmirdilər.
Bir-iki saatdan sonra artıq talan əvvəlkinə nisbətən səngimişdi. Lazımi qədər qənimət topladıqlarını hiss edən uşaqlar nisbətən gözəgələn, rahat erməni həyətlərində ya dana, ya da qoyun kəsərək kabab bişirirdilər. Zirzəmilərdən çoxlu araq, çaxır, konyak, mürəbbə gətirmişdilər. Çoxlu xiyar-pomidor turşusu var idi. Bütün kəndi kabab iyi başına götürmüşdü. Kənddə tək bizim yox, başqa batalyonların əsgərləri də vardı. Ətraf kəndlərdə yaşayan mülki adamlar gəlməyə başlamışdılar. Tərtər və Naftalan istiqamətində kənddən yüklə dolu maşın karvanları düzülmüşdü. Belə vəziyyət məni çox narahat edirdi. Ermənilər kəndə dönsəydilər, böyük qırğın olacaqdı.
III vzvodun uşaqları bildirdilər ki, bir evdə iki nəfər erməni var. Ora getdim, həmin evin həyətində xeyli erməni meyiti var idi, iydən həyətdə durmaq mümkün deyildi.
Ermənilər olan otağa gəldim. Biri xəstə, yaşlı qoca idi. Yataqdan dura bilmirdi. O biri isə onun qızı. Məlum oldu ki, hamı qaçanda bu qadın xəstə, qoca atasını qoyub qaça bilməyib. Bizdən dönə-dönə xahiş edirdi ki, əgər onları əzab vermədən öldürsək, böyük yaxşılıq etmiş olarıq.
Qadın evdə olan (dediyinə görə) 33 manat 70 qəpiyi stolun üstünə qoymuşdu. Deyirdi ki, olan pulumuz budur, götürün, əvvəlcə məni, sonra da atamı öldürün.
Mən heç gözləmədikləri halda onlarla çox mehriban danışdım, xəbər aldım ac deyillər ki? Məlum oldu ki, evlərində su yoxdur və qorxudan həyətə düşə bilməyib. Bir dəfə cürət edib aşağı düşəndə üzbəüz qonşu arvadın meyitini görüb qorxub, dala qayıdıb. Sən demə, səhər burada Tərtər batalyonunun uşaqları olub və onları xeyli döyüblər. Sonra bizim rotadan olan bir əsgər təsadüfən bura gəlib və yalandan deyib ki, komandir lap tezdən burada olub və tapşırıb onlara dəyməsinlər, onları əsir düşmüş azərbaycanlılarla dəyişdirəcəyik.
Mən öz-özümə sevindim ki, nə yaxşı bura gələn əsgər mənim həmişə etdiyim çağırışlara qulaq asan əsgərlərdən olub. Həmişə əsgərlərə tapşırırdım ki, qəddarlıq etmək olmaz, xüsusən də mülki adamlara. Təssüf ki, çoxları mənimlə razılaşmırdılar.
Qadının adı Knarik idi. O öz adını deməsə də, mən radionun üstündəki məktubdan bunu öyrəndim. Onlara dedim ki, narahat olmasınlar, bizim əsgərlər ermənilər kimi qaniçən deyil və arxayın etdim ki, imkan tapan kimi sizi özünüzünkülərə bir yolla çatdıraram.
Hələ dünən podpolkovnik Şabanov demişdi ki, su anbarının yuxarı hissəsinə kəşfiyyat təşkil etmək lazımdır. Mən birinci posta yollandım və yolda gedə-gedə etibarlı uşaqları seçməyə başladım. Batalyon komandiri Yaşar müəllimlə razılaşdıq. O, rotada qalırdı, mən isə özümlə bir neçə nəfəri götürüb yola düşməliydim. Onları özüm üçün müəyyənləşdirdim: Mustafayev Çingiz, Nizamov Elçin, Hüseynov Adıgözəl, Sultanov Sultan, Hümbətov Oruc, Əhmədov Elşad…
Biz məxfiliyi təmin etmək üçün gizlicə hazırlaşırdıq. Çoxlu güllə və qumbara götürdük. Hər ehtimala qarşı əynimizi qalın elədik. Axşama tərəf uşaqlarla vidalaşıb yola düşdük. Biz çıxanda kəndin üst yanındakı əsgərlər və mülki adamlar maşınlara mal-qara yükləyirdilər.
Artıq hava qaralmışdı. Qaranlıqda ehtiyatla gedirdik. Erməni postları ehtimal olunan yerlərin yaxınlığından keçəndə son dərəcə ehtiyatlı olurduq. Artıq hiss edirdik ki, şərti olaraq ermənilərin ərazilərində idik. Çox keçilməz yerlər idi. Həddən artıq iri olan qaratikan kollarını yarıb yerimək olmurdu. Tikanlar bizi didik-didik eləmişdi. Mən paralel olaraq öz kəndimizi xatırlayırdım. Belə yerlərdə getmək mənə onlara nisbətən asan idi. Çünki mən kəndimizdə çoxlu təcrübə toplamışdım.
Özü də həmişə qabaqda gedirdim. Düzü, hərbi qayda ilə komandir üçün belə nəzərdə tutulmasa da, utandığımdan qabaqda özüm gedirdim.
Artıq ay çıxmışdı, elə aydınlıq idi ki, elə bil gündüz idi. Qərara aldıq ki, indi dayandığımız yerdə dincələk və yataq, səhər tezdən yola davam edərik. Uşaqlara dedim ki, siz yatın, mən gözətçilik edəcəyəm.
İndi oturub ay işığında gündəliyimə qeydlər aparıram. Bir azdan növbə çəkmək üçün Elçini durğuzacam və özüm bir az yatacam.
Hələ işıqlanmamış biz yolumuza davam etdik. Səhər açılanda artıq getdiyimiz kəndin evləri göründü. Lakin biz hələ çox yol getməliydik. Biz həmin kəndə arxa tərəfdən yaxınlaşmalıydıq ki, ermənilərin postuna rast gəlməyək.
Kəndə lap yaxınlaşmışdıq. Yenə qabaqda gedirdim. Dincimizi almaqdan ötrü bir az oturduq. Bu zaman uşaqlardan bəziləri başladılar ki, bəlkə daha getməyək. Mən izah etdim ki, axı biz ekskursiyaya gəlməmişik və tapşırığı yerinə yetirməliyik. Düzü, burada qorxudan çox yorğunluq amili özünü daha çox göstərirdi. Dedim ki, kim getmək istəmirsə, burada gözləsin.
(Ardı var)
Gündəliyin əvvəli: 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18