Tofiq Yaqublu
18.06.92
Səhər tezdən maşına benzin doldurub yola düzəldik. Yaxşı hava vardı. Artıq yol açıq olduğundan Goranboy-Şaumyan və Yuxarı Ağcakənd yolu ilə gedirdik. Dünən gecə vaxtı vahimənin içində vurnuxduğumuz yerlərdən indi çox rahat və heç nədən ehtiyat etmədən şütüyürdük.
Gəlib Başkəndə çatdıq. Rotada bizdən çox narahat idilər.
Əsgərlər erməni evlərindən xeyli qənimət toplamışdılar. Yenə də bəzi uşaqlar (Elçin, Adıgözəl, Oruc, Təbriz və s.) heç nəyə gözlərinin ucu ilə də baxmırdılar.
Şabanov ratsiya ilə xəbər verdi ki, təcili bizim batalyon hazırlaşsın, geriyə, Quşçulara dönürük.
Əsgərlər o qədər şey toplamışdılar ki, bizim 3 üçkörpülü ZİL maşınımızla bir dəfəyə hamısını aparmaq mümkün deyildi. Əsgərlər arasında çox xoşagəlməz mübahisə başladı. Axırda razılaşdıq ki, bir qismi Quşçulara çatandan sonra maşınları geridə qalanların dalınca göndərərik.
Kamil qaçıb mənə bildirdi ki, kəndin məktəbinin binasında erməni əsgər gizlənib. Hamıya yerində sayıq qalmağı tapşırıb, 10 nəfər götürüb ora getdim. Yolda razılaşdıq ki, onlar məktəbin qabaq tərəfində bir-birindən 20-25 metr məsafədə gizlənib növbə ilə havaya tək-tək güllə atmalıdırlar. Mən məktəbin arxasından keçib, sınıq pəncərədən içəri girib ermənini ya tutmalıyam, ya da öldürməliyəm. Bilirdim ki, aramsız güllə səslərindən mənim məktəbə necə daxil olduğumu bilməyəcək və gizləndiyi yerdən güllə atılan tərəfə baxmalı olacaq. Qəti tapşırdım ki, məktəbə güllə atmasınlar, çaşıb məni vura bilərdilər.
Mən sakitcə pəncərədən içəri girdim. Bu, idman ləvazimatları olan otaq idi. Oradan qapı idman zalına açılırdı. Qapını azca aralayıb içəri boylandım, heç kəs yox idi. Bizimkilər isə atəşfəşanlıq təşkil etmişdilər. Bu qayda ilə bütün otaqlara baxdım. Məlum oldu ki, burada erməni yoxdur.
Söhbətlər zamanı məlum oldu ki, Kamil bayaq öz qənimətlərini bir-birinə bağlamaq üçün idman sinfindən voleybol toru götürən bizimkilərdən bir nəfəri görübmüş.
Geri qayıtmaq istəyəndə yadıma düşdü ki, içəridə Çexoslovakiyada istehsal olunmuş “Gala!” voleybol topu görmüşəm. Voleybola vurğunluğum məni ilk qənimət götürməyə məcbur etdi. Girib təptəzə həmin topu götürdüm və Təbrizə verdim ki, şeylərinin arasına qoysun, sonra götürərəm.
Bizim rota və başqa rotalar da yola düşdük. Maşınlara o qədər şey-şüy yığmışdılar ki, onlar üzüyuxarı zorla gedirdilər.
Gəlib Quşçulara çatdıq. Qənimət toplamış uşaqlar hərəsi kəndin bir evi ilə danışıb şeylərini ora boşaldırdılar. Sözsüz ki, ev sahiblərinə də xeyli pay ayırırdılar. Xatırladım ki, kənd sakinləri Ermənistandan olan qaçqınlar idilər. Maşınlar boşalan kimi Başkənddə qalanların dalınca göndərdim. Onlar da axşama qayıdıb gəldilər.
19.06.92
Səhər tezdən Çaykəndə gəlmişdik. Starşina Eminağa da mənimlə idi. Çaykəndə çörək dalınca gəlmişdik. Gələndə kəndin içində, dükanın yanında podpolkovnik Şabanovu gördüm. Məni yanına çağırdı. Qarabulaq kəndində yerləşmiş rotada əlavə bir ZİL maşını olduğunu dedi. O maşını götürüb tez Quşçulara qayıtmağı və rotanı hazırlamağı tapşırdı.
Biz tələsik Quşçulara qayıtdıq. Komanda verdim ki, yığışsınlar. Günortaya yaxın hər üç rota artıq səfərə hazır idik. Şabanov özü gəlib hazırlığı yoxladı və tərpəndik.
Hacıkənddə, batalyonun qərargahında bir az dayandıq. Maşınlar benzin doldururdular. Mən artıq qalan avtomatları Xanlar batalyonuna təhvil verib qəbz aldım. Bir azdan yola düşdük.
Batalyonu yolboyu hamı salamlayırdı. Biz gəlib Bakı-Tbilisi avtomagistralına çıxdıq. Üzü Goranboya sarı gedirdik. Mən arzulayırdım ki, kaş kəndimizdən bir adamın maşınına rast gələydik.
Biz Naftalandan gəlib Talış kəndinə çatdıq. Yerli camaat əlinə keçəni daşıyırdı.
Talış kəndində Şabanov batalyonun hər üç rotasına hansı mövqeləri tutmağı tapşırdı və xəritədə yerini göstərdi. Bizim rota hələ bizimkilərin daxil ola bilmədiyi Madagiz kəndinin yanında səngər qazıb mövqe tutmalıydı. Elə bu axşam isə kəndə daxil olmalıydıq.
Şabanov bizə Talışda olan texnikadan iki tank və üç BMP verdi. Burada o biri rotalardan ayrılıb tapşırılan mövqeyə tərəf getdik. Yolda BMP-lərdən biri o birini ötmək istəyəndə mexanik maşını idarə edə bilmədi, BMP alçaq yarğandan arxası üstə aşdı. BMP-nin pulemyotunun lüləyi sual işarəsi kimi əyilmişdi. Xoşbəxtlikdən içindəkilər hamı salamat idi. Lakin artıq texnika sıradan çıxmışdı. Məsuliyyətsiz bir əsgərin şıltaqlığı ucbatından belə bir qiymətli texnikanın itirilməsinə çox heyifsləndim.
Tankların komandirləri ilə danışıb ratsiyalarımızı eyni tezliklər üstündə qurduq və bir-birimizin çağırış adlarımızı dedik.
Hava qaralana yaxın kəndin həndəvərinə çatdıq. Xeyli götür-qoy etdikdən sonra kəndə indi girməyi qərara aldıq. Fikirləşdik ki, əgər kənddəki erməni döyüşçülər qaçmayıb mövqe tutublarsa, deməli, onların kəşfiyyatı artıq bizim yerdəyişməmiz haqqında onlara məlumat verib. Onlar bu gecə bizi qabaqlaya bilərdilər. Ona görə də kəndə girməyi qərara aldıq.
Əməliyyatın planını mən cızdım. Biz dərəylə gedən yolla ona yaxınlaşmalı və kəndin girəcəyinə az qalmış üç istiqamətə ayrılıb kəndə girməliydik. Tankları da bərabər böldük.
Mən özüm ortadan kəndə girəcək dəstədə getməyi qərara aldım. Üstündə oturduğum tankın mexanikinə, həm də o birilərinə dönə-dönə tapşırdım ki, yolda mina ola bilər, yolla sürməsinlər. Mən radisti də yanıma mindirdim və ratsiya ilə komanda verdim: Tərpəndik!
Biz sürətlə kəndə tərəf şığıyırdıq. Məni bir şey əsəbiləşdirirdi ki, mexanik tankı düz yolun ortası ilə sürürdü. Ratsiya ilə nə qədər qışqırırdımsa, qulaq asmırdı, ya da məni eşitmirdi.
Kəndə yaxınlaşanda ehtimal olunan yerlərə tankların üstündən atəş açmağa başladıq. Tanklar və BMP-lər də atırdılar. Yalnız kəndin o biri başından təkəm-seyrək cavab atəşi açırdılar. Biz sürətlə kəndə daxil olduq. Kənddən ermənilərin qaçdığı yamacı intensiv atəşə tutduq. Artıq kənd bizdə idi. Gecəyarı idi. Mən tələsik postlar təyin etdim və vzvod komandirlərinə müvafiq tapşırıqlar verdim.
(Ardı var)
Gündəliyin əvvəli: 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17