Döyüş gündəliyi (17)
- 07 Oktyabr 2020
- comments
- Səidə Hüseynova
- Posted in ManşetTribunaYazarlar
Tofiq Yaqublu
16.06.1992
Səhər saat 8-də Hacıkənddən geriyə, öz mövqeyimizə yola düşdük. Sarısuda maşınımız batıb qaldı. Nə qədər elədik, çıxmadı. Sonra bir üçkörpülü KAMAZ gəldi. Maşınlarımızdakı şeyləri ona yüklədik.
Yolboyu hamı ermənilərin kəndini daşıyırdı. Əsgərlər buna mane olmaq istəyirdilər, lakin qarşısını almaq mümkün olmurdu: mal, qoyun, qaz, hinduşka, maşın, traktor, qab-qacaq, televizor… daşıyırdılar. Ermənilər kənddən bir çöp də apara bilməmişdilər.
Öz yerimizə çatanda gördüm ki, hər vzvod özünə bir toğlu kəsib. Hamı kabab çəkirdi. Hər vzvod yanına bir dana hörükləmişdi. Paltar-palaz götürənlər də var idi.
Maşınımızın dalınca traktor göndərdim. Bir azdan maşını dartıb gətirdi. Sonra uşaqlar yığışıb maşınımıza əl gəzdirdilər. Bundan sonra bir az babat işləməyə başladı. Kombatla qərara aldıq ki, Gülüstana gedib podpolkovnik Şabanovla görüşək.
Saat 19:30-da çıxdıq. Buzluqdan çıxıb Başkəndə düzələndə gördüm ki, yolun qırağında erməni meyitləri səpələnib. Biz Başkəndə çatanda qaranlıq idi. Ordumuz bu kənddə dayanmamışdı, erməniləri vurub çıxarmış və Gülüstana tərəf irəliləmişdi. Kəndin mərkəzində tək-tük əsgər vardı. Onlar hamısı maşınlara ermənilərin əmlakını yükləyirdilər.
Biz Gülüstan yolunu yaxşı tanımırdıq. Kənddən çıxıb ehtimal olunan tərəfə gedirdik. Hər ehtimala qarşı qumbaraları və avtomatları hazır saxlamışdıq. Yol meşəlikdən keçirdi. Hər dəqiqə ermənilər yolu kəsə bilərdilər.
Xeyli getdik. Sonra hiss etdik ki, səhv olaraq hələ alınmamış erməni kəndinə tərəf gedirik. Maşını hərləyib bir də Başkəndə qayıtdıq. Bu vaxt mal-qara sürüsü aparan əsgərlərimizi gördük. Onlar bizə Gülüstanın yolunu başa saldılar. Gecə gəlib Gülüstana çatdıq. Şabanovu tapa bilməyib Buzluğa, mövqeyimizə qayıtdıq.
17.06.1992
Yerimizi dəyişmək məqsədilə rotanı maşınlara mindirib Başkəndə gəldik. Qərara aldıq ki, hər vzvod bir evdə qalsın. Camaat maşınlarla bir əldən daşıyırdı. Gəlib evlərdə əyləşdik. Uşaqlar şey-şüy yığmağa başladılar. Heç nəyə gözümün ucu ilə də baxmırdım. Təkcə bir evdən, botinkalarım cırıq olduğundan, bir cüt xarici çəkmə geyindim. O saat ayaqlarım ürəyimcə qızdı.
Həyətdəki hinduşkalar neçə gün idi ki, ac qalmışdılar. Açıb buraxdım. Yeşikdə taxıl vardı, xeyli dən səpdim. Hamı özünə neçə-neçə çamadan əşya, xalça, pal-paltar yığmışdı. Məni belə şeylər maraqlandırmırdı. Fikrimdə bu idi ki, Nərgizlə Nigarımın yanına sağ-salamat qayıdım.
Təknədə xəmir acıyıb daşmışdı, kəndirdən çoxlu uşaq paltarı asılı qalmışdı. Qeyri-ixtiyari məni ağlamaq tutdu. Müharibəyə heç vaxt belə nifrət etməmişdim. Məlun ermənilərin vəhşilikləri, qəddarlıqları bizi də onların hərəkətini təkrar etməyə məcbur edirdi.
Bir evə girdim. Hər şey yerindəcə dururdu. Gəlib servantın üstündəki albomu götürüb şəkillərə baxdım. Hiss olunurdu ki, bəxtəvər ailə imiş. İndi isə öz avantürist liderlərinin ucbatından ev-eşiyi qoyub qaçmışdılar.
Geri, əvvəlki evə qayıtdım. Uşaqlar artıq xeyli toyuq kəsib bişirmişdilər. Zirzəmidə çoxlu kompot və tutma var idi. Bir stəkan zoğal kompotu içdim. Pəncərədə oturub dəftərimə qeydlər edirdim. Uşaqlar isə bir evdən o birisinə doluşurdular.
Axşama yaxın kombat dedi ki, gəl yenə Gülüstana, podpolkovnik Şabanovun yanına gedək. Daha artıq adam götürmədik. Gülüstana çatanda yenə də yağış yağırdı. Biz axırıncı dağı aşıb Gülüstana endik. Hələ bilmirdim ki, məhz bu gün indiyədək orduda olduğum günlərin ən çətinini və təhlükəlisini yaşayacam. Gülüstana tərəf sallanan eniş çox uzun idi. Əkin sahəsindən açılmış yollarda elə palçıq var idi ki, hətta güclü maşınlar üzüaşağı belə çətinliklə gedirdilər. Bizim maşının benzini qurtarmaq üzrə idi. Həm də bilirdik ki, maşınımız gəldiyi yolla qayıda bilməyəcək. Başqa bir yolla Şaumyana enməli və oradan hələ heç birimizin tanımadığımız yolla Başkəndə gəlməli idik.
Gülüstandan təzəcə çıxarılmış erməni quldurlarının sıx olan meşədə gizlənməsi və gecə vaxtı bizim maşına hücum etməsi ehtimalı çox idi. Biz hələ yoxuşun başında olanda Gülüstanı tutmuş əsgərlərimiz maşınlarla kəndi tərk edib Goranboya tərəf enirdilər. Bizim onlara çatmağımız mümkün deyildi. Sürücü Kamil dedi ki, yaxındakı təpənin başında bir maşın qaldığını görüb, olsun ki, onun bakında benzin var. Kombat dedi ki, siz ora gedin, mən isə kəsə yolla qaçım, bəlkə bizimkilərin qabağına çıxa bildim.
Bu vaxt qarşıdakı təpələrin başında ermənilər görünməyə başladı. Maşınımız isə təpəyə heç yaxınlaşa bilməyib batıb qaldı. Maşından düşüb nəsə bir şey etmək istəyirdim. Qulaq verib eşitdim ki, kombat dərənin dibindən məni çağırır. Bir-iki işıqsaçan güllə atdım ki, yerimi bilsin. Bu vaxt bizə sarı güllə yağmağa başladı. Çox güman ki, bayaq bizimkilərin hücumu zamanı qaçmağa macal tapmayıb orada-burada gizlənmiş erməni döyüşçülər idilər.
Biz qəribə vəziyyətdə qalmışdıq. Bir-birimizdən demək olar ki, 300-400 metr aralı düşmüşdük. Kartof əkini sahəsi olan bu maili yamacda sürünmək o yana dursun, heç yerimək də mümkün deyildi. Onlar hələ ki, pulemyotdan və avtomatdan atəşə tuturdular. Mən bayaq buradan üzüaşağı keçmiş bizim texnikanın yumşaq əkin sahəsində açdığı izə uzanıb özümə münasib yer eləyənədək palçıqla bələm-bələm oldum. Diqqətlə atəş gələn yerləri izlədim. Üç-dörd nəfərin bir yerdən atdığı yeri bələdlədim.
Fikirləşirdim ki, bu halda onlardan birini vurmaq ehtimalı daha çox olar. Dalbadal bir neçə güllə atdım. Yenə özümü danladım ki, huşsuzluq etmişəm. Çünki bir qədər əvvəl qərara almışdım ki, avtomatın sandıqçasını dəyişim. Üstündəki sandıqçada işıqsaçan güllələr olduğu üçün onlar yerimi asan bilərdilər. Yanı üstə çevrilib başqa bir sandıqça çıxartdım və avtomata taxdım. Yenicə nişan almağa başlamışdım ki, birdən bizə tərəf bir neçə mərmi atıldı. Biri məndən bir az aralı düşdü. Qəlpələrin fırr eləyib ətrafa necə yayıldığını eşidirdim. Ayaq üstə olsaydım, mənə dəyə bilərdi. Adi güllələrlə bayaqkı istiqamətdə xeyli atdım. Sonra kombatı çağırmağa başladım. Səs gəlmirdi. Sürücü Kamili səslədim. Cavab verdi. Kamil maşının yanından xeyli mənə tərəf gəlmişdi. Gəlib yanımda uzandı. Ermənilər fasiləsiz olaraq atırdılar. Yenə kombatı çağırdıq. O da cavab verdi. Səsləşə-səsləşə gəlib bizi tapdı. Artıq hiss edirdik ki, soyuq havada, suyun-palçığın içində qalmaq mümkün deyil. Digər tərəfdən hiss edirdik ki, ermənilər qaranlıqda yerimizi konkret bilmirlər, elə-belə qaramıza atırlar.
Xeyli məsləhətləşdikdən sonra qərara aldıq ki, maşının yanına gedək və onun ağzını üzü aşağı çevirib bayaq bizimkilərin getdiyi yolla onların arxasınca gedək. Benzin hara qədər çatarsa, maşını orada qoyub piyada gedərik. Elə də etdik. Kamil maşının işıqlarını yandırmadan işə saldı. Ermənilər həm də aramsız olaraq bizə tərəf güllə atdıqlarından yəqin ki, maşının işə düşdüyünü eşitmirdilər.
Qəribəsi bu idi ki, biz indi gedəcəyimiz yolu tanımırdıq. Heç birimiz buralarda olmamışdıq. Fərziyyə ilə belə qərara gəldik ki, bu yol Şaumyana gedib çıxmalıdır. İndi də ortaya yeni bir şübhə çıxdı. Şaumyan bizdədir, ya ermənilərdə? Nə isə, yola düzəldik.
Maşın əkin yeri ilə üzüaşağı zorla gedirdi. Motorun səsi gur çıxdığından biz kabinədə ermənilərin atıb-atmadıqlarını bilmirdik. Gəlib bayaq bizimkilər gedən yola çıxdıq. Xeyli gedəndən sonra yolayrıcları çıxmağa başladı. Bütün yollarda o qədər texnika izi vardı ki, bilmək olmurdu bayaq bizimkilər hansı tərəfə gediblər. Bir neçə erməni kəndinin içi ilə keçdik. Yolların qırağında erməni meyitləri görünürdü.
Axır ki, gəlib bir asfalt magistral yola çıxdıq. Bilmədik sağa gedək, ya sola. Təxmini olaraq bilirdik ki, bu yol yəqin ki, Goranboy-Şaumyan yoludur. Bilmirdik sağa və ya sola gedək.
Bu zaman sağ tərəfdən uzaqdan bir dəstə texnika gəldiyini gördük. Onlar hələ xeyli aralı idilər, 10-15 maşın görünürdü. Fikirləşirdik, bu kim ola bilər. Qərara aldıq ki, Kamil maşının içində gözləsin və onlar yaxınlaşanda qabarit işığını bir neçə dəfə yandırıb söndürsün. Biz isə qonşu evin bağçasında əlverişli yer seçək. Ermənilər olsa, maşına yaxınlaşmış adamları vuraq və Kamil də, biz də əvvəlcədən şərtləşdiyimiz istiqamətdə qaçaq.
Elə etdik. Dəstə yanıb-sönən işığı görüb bizim maşından 100-150 metr qalmış dayandı. Qabaqkı maşından dörd-beş nəfər silahlarını hazır tutub bizim maşına tərəf yaxınlaşdılar. Bu, xeyli cürətli hərəkət idi. Axı onlar da bilmirdilər ki, maşında kimlər var.
Onlar gəlib bizim yanımızdan keçəndə danışıqlarından hiss etdik ki, bizimkilərdir. Səsimizi çıxardıq. Goranboy batalyonunun döyüşçüləri idilər. Şaumyanı ermənilərdən təmizləyəndən sonra yeni mövqelərə gedirdilər. Onlardan Goranboy istiqamətini öyrənəndən sonra sağollaşıb yola düzəldik. Səhv etmirəmsə, həmin kənd tez-tez televiziyada adı çəkilən Tapqaraqoyunlu kəndi idi.
Gecə gəlib Goranboya çatdıq, mehmanxanada yer olmadığından bir otaqda, döşəməyə sərilmiş çirkli döşəklərin üstünə üzüqoylu uzanıb palçıq-su işində yuxuya getdik.
(Ardı var)