Döyüş gündəliyi (16)
- 06 Oktyabr 2020
- comments
- Səidə Hüseynova
- Posted in ManşetTribunaYazarlar
Tofiq Yaqublu
Canbaz adlı yüksəklik uğrunda taktiki döyüş başlamışdı. Avtomat və pulemyot atışması gedirdi, güclü atəş bir an da ara vermirdi. Ratsiyadan eşidilən səslərə görə, haradasa bizimkilər özümüzünkülərə tərəf mərmi atırdılar. Qışqıra-qışqıra tələb edirdi ki, deyin atmasınlar. Kimsə qışqırırdı ki, mühasirəyə düşürük, BMP göndərin. Canbaza çatanlar deyirdilər ki, ermənilər yuxarıda səngərdədirlər, bizimkiləri qırırlar, qonşu təpədən BMP ilə oranı dağıdın.
Mən efirə çıxıb komanda məntəqəsindən xahiş etdim ki, bizim rota döyüşə hazırdır, icazə verin döyüşə girək. Qəti dedilər ki, siz hazır durub gözləyin.
Efirdəki danışıqlardan aydın olurdu ki, döyüşlər bizimkilər üçün uğurlu keçir. Artıq ermənilər yerləşən bütün dağların başında bizimkilər mövqe tutmuşdular. Təəssüf ki, arada itkilərimiz haqqında məlumatlar eşidilirdi.
Axır ki, bizə dedilər indicə maşınlar gəlir, döyüşə gedirsiniz. Mən bir də ratsiya ilə əlaqəyə girdim. Dedilər ki, indi maşınları göndərəcəyik, 10 nəfəri orada saxlayıb qalanınız gəlin. Bu arada öz maşınımız gəldi. Qərara aldıq ki, öz maşınımızla gedək. O da bir az nasaz idi.
Bəla onda idi ki, heç kəs orada qalmaq istəmirdi. Axırda zorla 10 nəfəri düşərgədə saxladıq. Qalanımız zor-bəla ilə maşına yerləşdik.
Mən əvvəlki dəftəri Təbrizə verdim. Təbrizi mən məcbur etmişdim ki, orada qalsın.
Sarısuya gəlib podpolkovnik Şabanovu tapıb gəldiyimizi bildirdim. Dedi ki, bir az oturub gözləyin. Mən bu imkandan istifadə edib dəftəri yazmağa başladım.
Biz Kəpəzdən enəndə Çaykəndin içindən keçdik. Orada hamı artıq bilirdi ki, bizim ordu hücumdadır. Hamı küçəyə çıxıb bizə uğurlar diləyirdi. İlk dəfə idi ki, əynimdəki formaya görə qürur hissi keçirirdim. Hərçənd hələ elə bir şey etməmişdik.
Məni ən çox mütəəssir edən o oldu ki, yolun qırağında bir arvad Ayna xalam kimi əlini sinəsinə çırpıb bizə alqış eyləyirdi. Heç bilmirəm niyə gözlərim doldu.
Bir azdan podpolkovnik Şabanov yenə məni çağırdı. Elə yenicə səngərə girmişdim ki, yanımıza bir top mərmisi düşdü. Hamımız səngərə uzanmağa imkan tapdıq. Qalxıb yenicə söhbət edirdik ki, birini də atdılar və biz yenə də gizlənə bildik. Sonra bizimkilər optik cihazlarla ermənilərin atəş mövqeyini müəyyənləşdirib ora tankdan dalbadal atəş açdılar. Ermənilər bir daha atmadılar.
Şabanov mənə dedi ki, sənin rotana bir BMP verirəm və hərlənib arxa tərəfdən Buzluq kəndinə girib onu almalıyıq. Biz razılaşdıq. Lazımi sursat alıb, maşına minib başlayacağımız yerə getdik. Mənə yeni ratsiya verdilər. Özüm üçün çağırış adı fikirləşdim – “Turan”.
Sarısu kəndinin üstündən ötüb keçmək istəyəndə bizi minomyotlardan atəşə tutdular. Xoşbəxtlikdən heç biri bizə yaxın düşmədi.
Lakin bir azdan bizim plan pozuldu. Bizdən qabaq dar dərəni keçəndə bir QAZ-69, bir tank və bir də traktor minaya düşüb partlamışdılar. Ölənlər və yaralananlar vardı. Yol isə bağlanmışdı.
Biz təyin olunmuş yerə çatanda artıq Şabanov özü orda idi. Burada çoxlu “Qrad” və tankımız var idi. Aramsız olaraq erməniləri atəşə tuturdular (Yazımın bu hissəsini gecə ay işığında yazıram).
Nəhayət, Şabanov xəritədə bizim mövqeyimizi göstərib ora getməyimizi tapşırdı.
Buzluğun üst yanındakı dağlıqda mövqe seçməli idik. Gəlib mövqeyimizi tutduq. Buzluq artıq üç tərəfdən mühasirədə idi. Onların yalnız geri çəkilməyə yolları qalmışdı. Lakin hələ ki, çıxmaq istəmirdilər. Yenə atışma başladı. Ermənilər müqavimət göstərirdilər. Bizimkilər “Qrad”la güclü zərbələr vururdular. Biz də bütün gücümüzlə ermənilərə tərəf atırdıq. Daha doğrusu, onların konkret yerlərini bilmirdik, kəndin güman etdiyimiz yerlərinə güllə yağdırırdıq. Cavab atəşinin haradan atıldığını müəyyənləşdirmək mümkün deyildi.
Birdən hiss etdim ki, burnumun üstü acışan, yanan kimi oldu. Sonra başa düşdüm ki, bayaq “fırr” edib keçən güllə yanımdakı maneəyə dəyərək istiqamətini dəyişib və burnumun üstünü sıyırıb keçib. Maraqlı idi ki, güllə burnumun Goranda zədələnən yerini sürtüb keçmişdi. Deməli, xoşbəxtlik mənim tərəfimdə olub.
Hava qaralanda bizim istehkamçılar Buzluğun yolunu minalardan təmizlədilər. Bundan sonra tanklarımız kəndə girdilər və kəndi gülləbaran etdilər. Onsuz da kənddə erməni qalmamışdı. Artıq kənd tutuldu, sonra bizim tanklar keçib qabaqdakı yüksəklikdəki əlverişli mövqeləri də tutdular.
14.06.1992
Gecə bizim üçün çox soyuq keçdi. Şeh düşdüyündən ayaqlarımız su içində idi. Səhər saat 6-da böyük maşın karvanımız ilkin mövqelərimizdən Buzluğa doğru istiqamət götürdü. Biz yuxarıdan hər şeyi aydın görürdük. Kəndin ortasında atışma başladı və bütün maşınlar dayandı. Hiss edirdik ki, kənddə ermənilər gizlənib və indi də maşınları atəşə tutmuşdular. Hiss olunurdu ki, orada güclü döyüş gedir. Sonra atəş dayandı və bizim maşınlar hərəkətə gəldi. Hər şey bizim yüksəklikdən aydınca görünürdü. Ermənilərin mövqelərinə aramsız artilleriya atəşi açılırdı.
Mən ratsiya ilə qulaq asırdım və bütün döyüş əməliyyatını izləyirdim. Bizimkilər tezliklə Erkec, Manaşid, Baş Qışlaq və Yuxarı Ağcakənd kəndlərini tutdular. Şaumyana hücum başlamışdı. Biz bu gün heç bir döyüşdə iştirak etmirdik.
Günortadan sonra ratsiya ilə göstəriş aldım – yerləşdiyimiz yerdən Çəpər Qayanın düzənliyinə endik və döyüşə hazır vəziyyətə gəldik. Biz aşağı düşəndə daha bir maşınımız minaya düşüb partladı. Üç nəfər ağır yaralandı.
Burada su maşını var idi. Doyunca su içdik. Axırıncı dəfə Bərdədə olanda hamamda olmuşduq. O sarıdan vəziyyətimiz dəhşətli idi. İndi heç olmazsa əl-üzümüzü yaxşıca yuya bildik. Sonra çay təşkil etdilər. Acgözlüklə dalbadal iki stəkan çay içdim. Çünki bir sutka dağın başında ac-susuz qalmağımız bizi yaman yormuşdu.
Tutduğumuz yüksəkliklər əvvəllər ermənilərin olmuşdu. Onları qovub səngərlərini tutmuşduq. Sarısu və Todan kəndləri məhz bu səngərlərdən atəşə tutulurdu.
Səngərlərə qalxanda bir şey bizi heyrətləndirdi. Ermənilərin yeməkləri Bakının komisyon dükanlarında yox idi. Rəngbərəng, bəzəkli qutularda olmuş yeməklər İran, Yunanıstan, Fransa, Hollandiyada istehsal olunmuşdu. Ən çox İranın məhsulları var idi. Bizim əsgərlər tullanmış qutu və kağızları heyrətlə süzüb, üstündəki rəngli şəkillərə heyran-heyran baxırdılar.
Axşamüstü bir bəd xəbər eşitdim. Deyilənə görə, bizim təyyarəmizi vurmuşdular. Belə lokal müharibələrdə müasir təyyarənin itirilməsi çox böyük itki idi.
Axşama yaxın biz yerləşən yerə iki erməni əsiri gətirdilər. Onları hələ orada ikən möhkəm döymüşdülər. Ümumiyyətlə, mən əsirlərə qarşı qəddarlıq etməyin əleyhinəyəm. Gətirənlər onları maşından düşürdülər. Camaatı əsirləri vurmamağa çağırdılar, bunun heç bir köməyi olmadı. Mən də çalışırdım ki, onlara toxunmasınlar, ancaq nə xeyri? Əsirləri amansızlıqla döydülər. Mən daha onlara baxa bilmədim, oradan uzaqlaşdım. Özüm üçün bir şeyi yenə də müəyyənləşdirdim ki, yaxşısı budur özünü öldür, amma əsir düşmə.
Əsir hadisəsindən sonra Kəpəzdə qalan 10 nəfərimiz də gəldi. Təbriz xatirat dəftərimi də gətirmişdi. Biz Kəpəzdən çıxanda onu Təbrizə vermişdim ki, döyüşə gedirəm və hər şey ola bilər, sən isə hələlik buradasan, onu bizə çatdırarsan. Gecə yenə soyuq oldu. Səhəri titrəşə-titrəşə açdıq.
15.06.1992
Səhər tezdən ratsiya ilə efirə çıxdım. Xeyli axtardım, sonra axtardığımı tapıb batalyon komandiri adından batalyonun döyüşə hazır olduğunu dedim. Yenə komanda gəldi ki, gözləyin və sizi özümüz çağıracağıq.
Döyüşə tələsməyimizin bir səbəbi də var idi ki, hamı belə vəziyyətdə gözləməkdən yorulmuşdu. Kəmərdən o qədər şey asmışdıq ki, adamın beli üzülürdü. Kəməri çıxarıb kənara qoyanda elə bil adamın üstündən böyük yük götürülürdü. Bilirdik ki, bizim ordu bütün cəbhə boyu hücuma keçib. Lakin heç bir məlumatımız yox idi. Başqa döyüş yerlərində vəziyyəti bilmədiyimiz üçün çox narahatlıq keçirirdik.
Günortadan sonra mənim üçün son dərəcədə həyəcanlı hadisə baş verdi. Əsgərlərimizdən ikisi mənə dedi ki, Erkecə gedən yolda tank əleyhinə mina görüblər. Bizdə istehkamçı olmadığından ratsiya ilə bu haqda qərargaha məlumat verdim. Dedilər ki, indi bütün istehkamçılar döyüş xəttindədir, özünüz bacarırsınızsa zərərsizləşdirin. Elçin Nizamov dedi ki, bunu bacarar. Ona daha iki nəfər qoşdum. Elçinin dediyinə görə, minanın zapalını çıxardacaq, bundan sonra o, adi dəmir parçasına çevriləcək.
Onların yola düşməsindən bir qədər sonra güclü partlayış səsi gəldi. Başa düşdüm ki, bayaqkı mina partlayıb. Ürəyim sancdı və elə peşman oldum ki. Tez ora qaçdım. Elə tələsirdim ki, daha heç fikir vermirdim mən qaçan yerlər də minalanıb. Sonuncu döngəni dönüb, gördüm ki, üçü də sağ-salamat bəri gəlirlər. Onlara ermənilərin postundan götürdüyümüz uzun bir şunur vermişdim. Elçinə demişdim ki, ən yaxşısı budur, şunuru ilgək edib minanın başına salın və uzağa çəkilib səngərdə gizlənərək dartın. Onlar da elə ediblərmiş. Mina yanı üstə qanrılıb, ancaq partlamayıb, şunur isə sürüşüb çıxıb. Bundan sonra onlar səngərdə gizlənərək avtomatla nişan alıb düz zapalından vurublar və mina partlayıb. Bir sözlə, yaxşı qurtarmışdıq.
Günortadan sonra mən podpolkovnik Şabanovdan göstəriş aldım ki, gedib Xanlardan döyüş sursatı almalıyam. Sabah yeni hücum hazırlanırdı. Əlavə iki əsgər götürüb Xanlara yollandım. Yolboyu hamı bizi alqışlayırdı. Bu bizi yaman fərəhləndirirdi. Xüsusən qadınların dil-ağız etməsi, uşaqların bizi görən kimi əsgər marşını oxuması məni kövrəldirdi. Xanlarda axtarıb həmin yeri tapdıq.
Bəzi anlaşılmazlıqlar var idi. Ona qədər imkan tapıb həmin yerdən Rimaya zəng etdim. Sonra biz xeyli güllə və qumbaralar alıb yola düzəldik.
Hacıkənddə benzin doldurmalıydıq. Dedilər ki, hələ benzin yoxdur. Bu zaman elə güclü yağış başladı ki, maşının üstündə olan digər şeylər – ərzaq, paltar hamısı islandı. Belə yağışdan sonra maşının Buzluğa qalxması qeyri-mümkün idi.
Qərara aldıq ki, gecəni qalaq, səhər tezdən gedərik. Çox güman ki, hazırlanan hücum təxirə salınacaqdı. Yağış isə hey yağırdı. Yenicə yerimizə girmişdik, bildirdilər ki, benzin gətirdilər. Tez qalxıb əynimizi geyinib yola düşdük. Palçıqlı yollarla qarış-qarış dağlara qalxırdıq. Maşın güclə gedirdi.
Biz Sarısuyu keçib qabaqdakı yüksəkliyi birtəhər qalxdıq. İndi qabağımızda ən dərin dərə qalmışdı. Maşın buradan çıxmayacaqdı. Gecə saat 3 idi. Qərara aldıq ki, səhərə qədər burada gözləyək. Bu zaman qabaq yamacdan bizə sarı gələn iki maşının işığı göründü. Onlar heç dərəyə çatmamış sürüşüb yoldan çıxdılar. Yarım saat gözlədik. Bu zaman qaranlıqdan səslər gəlməyə başladı. Onlar bizə yaxınlaşdılar. Dedilər ki, ağır yaralı aparırlar, maşınlar batıb qalıb. Biz dərəyə düşdük ki, yaralını gətirib qoyaq maşına və qayıdaq Gəncə hospitalına. Biz ora çatanda o, qardaşının qucağında can verirdi. Hər ikisi bir rotada xidmət edirlərmiş. Bir-iki dəqiqədən sonra yaralı öldü.
Meyiti maşına qoyub Çaykəndə gətirdik. Oranın xəstəxanasından ölənin qardaşı evlərinə zəng edib dedi: “Mehdini öldürdülər”.
Artıq səhər açılırdı. Razılaşdıq ki, meyiti Hacıkəndə aparaq, ora Gəncədən təcili yardım maşını göndərərlər. Biz Hacıkəndə çatan kimi o maşın da gəldi.
(Ardı var)