Döyüş gündəliyi (15)
- 05 Oktyabr 2020
- comments
- Səidə Hüseynova
- Posted in ManşetTribunaYazarlar
Tofiq Yaqublu
11.06.1992
Səhər yenə yaxşı hava vardı. Lap tezdən özümlə bir əsgər götürüb dünəndən bulaq üçün gözaltı elədiyim yerə getdim. İstifadə etdiyimiz bulaqdan bir az aralı, çox gözəl yerdə idi. Hər yanı lilpar bürümüşdü. İstifadə etdiyimiz bulaq lap az gəlirdi, vedrə çox gec dolurdu.
Bələdlədiyim yeri əvvəlcə bel və qazma ilə eşib dərin çala düzəltdim. Sonra bellə xeyli çumbuz kəsib suyun qabağını kəsdim. Balaca hovuz yarandı. Özümlə gətirdiyim şifer qırığından su tökülmək üçün novalça düzəltdim. Çox əla, bol sulu və dupduru bulaq alındı. Uşaqlar o bulağın adını Tofiq bulağı qoydular.
Biz düşərgəyə qalxanda artıq səhər yeməyi yeyilirdi. Gəlib gördüm ki, Gülbala ilə Mənsur yenə yoxdurlar. Saat 6-dan çıxdıqlarıdır. Hələ dünən mən ciddi xəbərdarlıq etmişdim. Elə bilirdim ki, başa düşüblər, ancaq görünür, heç də belə deyilmiş. Artıq qərara aldım, onları ciddi cəzalandıracağam.
Bura gələndə kombat tapşırmışdı ki, imkan olan kimi ətrafı gəzib, şəraiti öyrənmək lazımdır. III vzvoddan Adıgözəli də götürüb Kəpəzin zirvəsinə yollandıq. Adıgözəl Ağsudan idi. Rotaya müxtəlif tapşırıqlar verdim və III vzvodun komandiri Mahirə gələnədək məni əvəz etməyi tapşırdım.
Xeyli yol getdik. Yaman yorulmuşduq. Özümüzlə sırıqlı götürməmişdik. Çünki üzüyuxarı qalxarkən istidən adamın ürəyi partlayırdı. Yağışa qarşı plaş-örtük götürmüşdük. Artıq düşərgədən xeyli aralanmışdıq. Bir az oturub dincəldik. Buralarda hər yan çöl heyvanlarının izləri idi. Dağ keçisinin qığları hər yerə səpələnmişdi. Adıgözəllə şərtləşmişdik: heyvan görsək, atmayacağıq.
Dincimizi alıb yenə yola düşdük. Gəlib ilk qarlığa çatdıq. Susuzluqdan əzab çəkirdik. Doyunca qar yedik. Başımızı qaldırdıq ki, duman hər yeri tutub, göz gözü görmür. Tərpənmək olmazdı, azmaq təhlükəsi var idi. Azmağın da bir dəhşətli tərəfi vardı ki, gedib ermənilərin postlarının üstünə çıxa bilərdik. Gözləməyi qərara aldıq. Tərimiz soyudu, üşüməyə başladıq. Bir az da gözlədik. Duman bir az seyrəldi və o saat da dolu başladı. On dəqiqədən sonra ətraf aydınlaşdı. Qərara aldıq ki, bura qədər gəlmişik, qabağa da gedək.
Artıq Kəpəzin ən uca zirvəsinin ətəyindəki sıldırımlığa çatdıq. Qar yeyə-yeyə gedirdik. Sonra ətrafı yenə nəzərdən keçirdik. Biz getmək istədiyimiz yer o üzdə idi. Ora getmək üçün biz dərəyə enməli və yenə yoxuşa qalxmalı idik. Buna isə bizdə taqət qalmamışdı. Razılaşdıq ki, sıldırımlıqla üfüqi xətt üzrə o üzə keçək. İrəliləməyə başladıq.
Avtomatlarımız bizə əməlli-başlı mane olurdu. Sıldırımlı yolun ortasına çatdıq. Başımızın üstündəki dilik-dilik nəhəng şiş qayalar adamı vahiməyə salırdı. İkimiz də hiss edirdik ki, qorxuruq. Bu zaman yenə ətrafı sıx duman bürüdü. Yenə oturub gözləməli olduq. Bu zaman yuxarıdan daş uçqunu başladı. Möhkəm qorxduq. Duman olduğundan daş selinin haradan gəldiyini görmək olmurdu. Çarəsiz qalıb yanımızdakı bir iri qayanın altına girdik. Ancaq bilmirdik ki, daşlar bura gəlsə, bu qaya bizi xilas edə biləcəkmi, ya o da o biri daşlara qoşulub bizi əzib keçəcək.
Çox qorxduğumuzdan bizə elə gəlirdi ki, artıq bir saatdır daş uçqunu davam edir. Nəhayət, uçqun dayandı və həm də duman çəkildi. Bir az da irəliləyib böyük bir qayanın üstündə meydança kimi yerdə əyləşdik. Kağız götürüb hər ikimiz haqqında məlumat yazdıq və hərəmiz daraqdan bir patron çıxarıb butulkanın içinə qoyduq və ağzını bağlayıb görünən yerə qoyduq. Qıraqlarını daşla bərkitdik.
Axır ki, dediyimiz yerə çatdıq. Bu zaman aşağılarda Sarısu tərəfdə güclü top və “Qrad” atışması gedirdi. Özü də çox intensiv. Qərara aldıq ki, tez düşərgəyə qayıtmaq lazımdır. Ancaq nə qədər tez getsək də bu, xeyli vaxt aparacaqdı.
Aşağı düşmək də o qədər də asan iş deyil. Geriyə başqa yolla qayıtmağı qərara aldıq. Durduğumuz yerdən yüzcə metr aşağı düşmüşdük ki, qabağımıza bir göl çıxdı. Adıgözəllə ikimiz də heyrətdən donub qalmışdıq. Belə gözəlliyi nə bir rəsm əsərində, nə də bir fotoda görmüşdük. Su həqiqətən də gömgöy idi. Suyun dibi əlin içi kimi görünürdü. Bu gözəllikdən doymaq olmurdu. Daha doğrusu, bu gözəlliyi burda qoyub getmək istəmirdik.
Dedim ki, lap donub ölsək də bu göldə çimməliyik. Mən tələsik soyundum. Əlimi suya vurdum. Su bumbuz idi. Özümü toplayıb suya tullandım. Özümü nə qədər hazırlamışdımsa da, suda durmaq mümkün deyildi. Özümü toplayıb bir az üzdüm. O qədər soyuq idi ki, mən suda olanda Adıgözəl xəbər alırdı su nə təhərdir, cavab verə bilmirdim. Tələsik sudan çıxdım. Adıgözəl mənim vəziyyətimi görüb çimmək fikrindən daşındı. Dedim xatirat dəftərimdə yazacam ki, sən qorxdun və çimmədin. Adıgözəl məcbur olub özünü suya atdı və tələsik qışqıra-qışqıra çıxdı.
Tələsik geyinib aşağı enməyə başladıq. Tez-tez enirdik ki, tərləyək və çimdiyimizə görə xəstələnməyək. Amma yenə də qar yeməkdən qalmırdıq.
Bir az aşağıda əməlli-başlı laləzar başlayırdı. Bir-birindən gözəl bulaqlar, çoxlu nərgizgülü var idi. Böyük bir dəstə dərdim. Yolboyu o dəstəni qoxulaya-qoxulaya, fikrimdə isə balaca Nərgizmi fikirləşə-fikirləşə gəlib düşərgəyə çatdıq. Bir az durmuşduq ki, göndərdiyim maşın nərildəyə-nərildəyə, addım-addım gəlib çıxdı. Yenə müxtəlif pal-paltar, pomidor, xiyar, kolbasa gətirmişdilər. Əvvəllər olduğu kimi hamıya paylayandan sonra sonuncu olaraq öz payımı götürdüm.
Sonra Gülbala ilə Mənsuru çağırıb onlara bildirdim ki, siz özbaşınalığa görə ciddi cəzalanacaqsınız, cəzanın necəliyini isə geri qayıdanda, kazarmada biləcəksiniz.
Yatmağa az qalmış şəhərə icazə verdiyim və bugünkü maşınla gəlmiş uşaqlar mənə təşəkkür etdilər.
12.06.1992
Yenə aydın havadır. Lakin biz daha buna sevinmirik. Çünki hər səhər hava belə xoşagələn olur, sonra isə bizə divan tutur. Tezdən ratsiya ilə məlumat verdilər ki, havaya bizim vertolyot qalxıb, atəş açmayın. Nömrəsini də dedilər. Mən bu haqda postlara xəbər göndərdim. Saat 10-da postda duran əsgərlərimiz dedilər ki, dağların başında 5-6 adam görünür. Posta qalxdım. Onlar o qədər uzaq idi ki, gözlə aydın görmək olmurdu. Uşaqların bəzisi heç görə bilmədi də. Qərara aldım ki, ora yaxın olan dağların başına kəşfiyyat qrupu göndərim. Dörd nəfər seçdim, müvafiq tapşırıq verdim. Özüm isə aşağıdakı posta baş çəkməyə getdim.
Təxminən bir saatdan sonra düşərgəyə qayıtdım. Gördüm ki, kəşfiyyatçılar soyunub oturublar. Məlum oldu ki, onlar yola düşmək istəyəndə III vzvoddan olan Elşən deyib mütləq mən də getməliyəm. Nə qədər ediblər, əl çəkməyib, axırda kəşfiyyat pozulub. Mən cəzalandırılmalılar siyahısına birini də əlavə etdim.
Sonra öyrəndim ki, mən aşağıdakı postda olanda çadırda Vəlinin əlində güllə açılıb. Yenə təsadüfən salamatlıq olmuşdu. Bu, artıq beşinci belə hadisə idi.
Huşsuzluğum bu gün mənim üçün sürpriz hazırladı. Dünən axşam rotaya pal-paltar paylayarkən bir tay corab artıq çıxdı. Dünən axşamüstü qaranlıqda bulağa düşdüm ki, çirkli corablarımı yuyum. Özüm də yaxşıca yuyundum, corabları da yudum. Onları gətirib çadırın yanında sərmişdim. İndi bu gün corabları götürmək istəyəndə görürəm ki, çaşıb taykeş təzə corabla bir tay çirkli corabı yuyub sərmişəm. Çirkli corabın o biri tayı isə sırıqlının cibindən çıxdı.
Saat 14-də postdakılar xəbər verdilər ki, bizə tərəf bir dəstə adam gəlir. Ratsiya ilə əlaqə saxladıq. Dedilər ki, buralarda bizim kəşfiyyatçılar olmalıdırlar. Postdakılara tapşırdım ki, güllə atmasınlar, gizlənib gözləsinlər. Məlum oldu ki, onlar bizimkilərdir, elə səhər biz gördüyümüz adamlar da onlarıymış. Gəldilər, bizim düşərgədə dincəldilər. Onlarda fotoaparat var idi. Düşərgədə olan əsgərlərimizin şəklini çəkdilər. Şəkli çəkən oğlan dedi ki, ayın axırında şəkli hazır edəcək.
Axşamüstü II vzvoddan olan Eldarın dişi ağrımağa başladı. Sonra elə şiddətləndi ki, yazıq davam gətirə bilmirdi. Ratsiya ilə xahiş etdik ki, bizim maşını göndərsinlər. Dedilər ki, xarab olub. Biz çox məyus olduq. Çünki həm də çörək ehtiyatımız tükənmək üzrə idi.
13.06.1992
Bütün gecəni narahat yatmışdım. Çox soyuq olduğundan rahatlanmaq mümkün deyildi. Səhər o başdan motor uğultusuna yuxudan ayıldım. Hava təzəcə işıqlanırdı. Posta qalxdım. Qarşıdakı dağın başında tanklar göründü. Çoxlu piyada vardı. Onsuz da ora avtomat heç cür çatmazdı. Əmr verdim ki, atəş açmasınlar və səngərdə gizlənsinlər. Ratsiya ilə əlaqə yaratdıq. Dedilər ki, bizimkilərdir. Ratsiyadan ayrılmadıq. Hiss etdik ki, güclü hücum hazırlanır. Bir azdan atəş başlandı.
Bu, çox həyəcanlı bir mənzərə idi. Biz lap yüksəklikdən hər şeyi əlimizin içi kimi izləyirdik. Dağlardakı Canbaz yüksəkliyində yerləşmiş ermənilərin mövqeyinə doğru mərmi yağmağa başladı. “Qrad”, top, tank və minomyot mərmiləri göydə yana-yana ermənilərin üstünə uçurdu. Ermənilərin atdıqlarını görmək olmurdu. Efirdə bir hay-həşir var idi ki, gəl görəsən. Kodlanmış sözlərlə kömək çağıran kim, “irəli” əmri verən kim, “dala çəkilin” deyən kim. Ratsiyada oturub rahatca döyüşün gedişini izləyirdim.
Gəncənin üstünü olduqca qatı duman bürümüşdü. Yerin üstü ilə sürünən bu qatı duman yavaş-yavaş döyüş gedən dağlara tərəf sürünürdü. Əgər dağları duman alsaydı, bizimkilər üçün çətin olacaqdı. Duman sürünə-sürünə gəlib dağlara dirəndi. Və təxminən bir saatdan sonra yavaş-yavaş geri çəkildi. Sonra havaya bizim təyyarəmiz qalxdı. O, dağların arxasına, çox güman ki, ya Şaumyana, ya da Başkəndə 3 bomba atdı. Bombalar çox iri idi.
(Ardı var)