Döyüş gündəliyi (14)
- 02 Oktyabr 2020
- comments
- Səidə Hüseynova
- Posted in ManşetTribunaYazarlar
Tofiq Yaqublu
09.06.1992
Yenə hava açıq idi. Dünən hava tutulsa da, yağış yağmamışdı. Starşina Eminağanı götürüb maşınla Hacıkəndə, qərargaha gəldim. Kombat məni orada gözləyirdi. Özümlə rotamızda artıq olan 4 avtomatı götürmüşdüm. Onları təhvil verdim. Biz orada bəzi məsələləri düzüb-qoşub, bəzi şeyləri alıb Quşçulara, rotaya qayıtdıq. Tələsik yığışıb Kəpəz dağındakı posta yola düşdük.
Üç maşın idi: ikisi ZİL-131, biri QAZ-66. Çaykəndin içindən burulub dağa sarı dikəldik. Kənddən təzəcə aralanmışdıq ki, ağlasığmaz bir gözəlliklə rastlaşdıq. Bəlkə də çoxdandır belə yerlərdə olmadığımdan heyrətlə hər tərəfi seyr edirdim. Maşınlar palçıqlı yollarla güclə qalxırdılar. Ətrafdakı mənzərədən doymaq olmurdu. Bəxtimizdən yağış yox idi. Getdikcə yüksəkliklərə qalxırdıq. Aran rayonlarından və şəhərdən olan uşaqlar xüsusilə heyranlıqla tamaşa edirdilər. Maşınlar elə yerdən keçirdi ki, adamı vahimə basırdı.
Gəlib bir çəmənlikdə dayandıq. QAZ-66 qızdırmışdı. Çəmənliyə səpələndik. Biz tərəflərdə nərgiz gülü ən yaxşı halda mayın ilk beş gününədək qalır, burada isə iyunun 9-da ətraf nərgizlə doludur.
Bir azdan yenə yola düşdük. Sağ tərəfdən gözəllər gözəli Göygöl göründü. Hamı yəqin etdi ki, bu göl doğrudan da tərifə layiqdir. Kəpəzin sıldırım zirvəsinə bir az qalmış düşərgəyə çatdıq.
Bundan əvvəl növbədə olmuş rotanın uşaqları sevincək maşınları dövrəyə aldılar. Yazıqlar bu bir həftədə çox əziyyət çəkmişdilər. Dediklərinə görə, birinci gündür gün çıxıb.
Çoxları yamaclara səpələnib kəklikotu yığırdılar. Biz yükləri boşaldıb bir yerə yığdıq. O biri rotanın komandirindən düşərgəni təhvil aldım. Sonra isə vzvod komandirlərini götürüb Koroğlu ilə birlikdə postları qəbul etməyə getdik.
Üç post var idi. Birinci post lap yuxarıda idi. Ora çıxıb-düşmək xeyli vaxt və enerji tələb edirdi. Postdan qabaqkı dağın o tərəfi köhnə Şaumyan rayonunun ərazisi idi. Sarısuda və Todanda bizimkilərin mövqelərinin möhkəm olduğunu bilən ermənilərin dağ yolu ilə keçib arxadan zərbə vurması ehtimalı var idi. Ona görə bu postlar burada qoyulmuşdu. Bununla belə, postlar o qədər də etibarlı deyildi. Buranı yaxşı tanıyan ermənilər qalın meşəlik olan dərələrlə rahatca keçib gedə bilərdilər.
O biri rota yola düşdükdən sonra bizim qayğılar başladı. Mənim üçün xüsusən bir sıra problemlər üzə çıxdı. Bundan əlavə, o biri rota da bizim üçün problemlər yaratmışdı. Ətraf zibillənmişdi, konserv qutuları ilə dolu idi. Onların “Ural” maşını bizim bir çadırı uçurtdu və xeyli cırdı.
Məni rahat buraxmayan o idi ki, burada dağ keçisi, ceyran və sair var. İndidən söhbət gedirdi ki, ova çıxmaq lazımdır. Əgər bunu bir neçə nəfər istəsəydi də ona nəzarət etmək mümkün olmayacaq. Ancaq ov məsələsi, demək olar ki, hamını şirnikdirmişdi. Mən isə qətiyyən bununla razılaşa bilməzdim. Hərə bir silah götürüb ov dalınca meşəyə yollansa, postları kim qoruyacaqdı? Axı ov elə şey deyil ki, deyəsən get bir saatdan sonra qayıt. Bir də ki, az qala nəsli kəsilməkdə olan bu heyvanların ovlanmasına razı ola bilməzdim. Özü də o biri rotanın uşaqları demişdilər ki, onlar bir dağ keçisi və bir cüyür vurublarmış.
Məni bir də o qane etmirdi ki, hələlik bizimlə burada olan batalyon komandiri Yaşar bəy ovu alqışlayırdı. Ümumiyyətlə, bir insan kimi yaxşı adam olan Yaşar bəy çox qətiyyətsiz komandir idi. Məsələn, o gün III vzvodun sərxoşluq etməsi onun yanında baş vermişdi. Bundan narazı olduğunu bildirsə də, bir tədbir görmək haqda heç fikirləşmirdi də.
Uşaqlar tələsik mətbəxi işə saldılar. Yağış yağmağa başladı, lakin o saat kəsdi. Qatı duman gəldi. Bir azdan çəkildi. Bundan sonra bir neçə dəfə qatı duman gəldi və çəkildi. Dumanın gəlib bir-bir dağları, o cümlədən bizi də udmağı və çəkilərkən zirvələrin bir-bir görünməsi əsl tamaşa idi. Şimşək çaxmağa başladı. O, birdən düz yanımızda, hətta bizdən aşağıda parıldayırdı və bir gurultu qopurdu.
Sağ olsunlar, uşaqlar tezliklə axşam yeməyi hazırladılar. İşıq gözü hamını yedirdə bildik və postlara göndərdik. Yemək hazır olandan sonra ehtiyat edirdim ki, hamıya çatmaya bilər. Ona görə də mən lap axırda yedim. Ümumiyyətlə, mən həmişə hər məsələdə rotanı təmin etdikdən sonra özüm haqqında fikirləşirdim. Məsələn, bizim hamımızın paltarları və ayaqqabıları köhnəlmişdi. Bəzi şeylər çatmırdı. Anbardan isə bizə heç nə vermirdilər. Bununla yanaşı hər dəfə qərargaha gedəndə batalyon komandiri (Xanlar batalyonu) Saleh bəydən xahiş edib bir-iki ədəd nəsə ala bilirdim. Beləliklə, rotada hamıya nə isə çatmışdı. Birinə paltar, birinə botinka, birinə uzunboğaz çəkmə, birinə panama… Mən hələ özümə heç nə götürməmişdim. Adətən komandirlər hər şeyin birincisini və yaxşısını özünə götürürlər.
Gecə rotanın hamısı 50 nəfərlik böyük çadırda yatdı. Döşəklər yerdən sərilmişdi. İçəridə iki soba qoyulmuşdu. Heyf ki, lampamız olmadığından çox qaranlıq idi.
10.06.1992
Mən hər gün qeydləri yazmağa başlayanda mütləq havanın necə olmasından yazıram. Çünki şəraitimiz və əhval-ruhiyyəmiz, demək olar ki, hava ilə müəyyən edilirdi. Bu gün də əla hava var idi. Amma bunu özümüzə də etiraf etməyə qısqanırdıq ki, gözümüz dəyib havanı korlaya bilərik. Bizdən əvvəlki rota bütün növbəni yağışda keçirmişdi.
Səhər tezdən yemək verildi. Sonra görüləsi işləri aydınlaşdırdım. Yerləşdiyimiz laləzar çəmənliyi əvvəlki rota pis günə qoymuşdu. Bütün ətrafı konserv qutusu və kağız tullantıları basmışdı. Bir quyu qazdırdım. İnsafən mən özüm də həvəslə çalışırdım. Bütün zibilləri yığışdırıb ora tökdürdüm və hamıya tapşırdım ki, bütün zibillər bura atılmalıdır.
Yağış yağanda yeməyi bişirmək üçün talvar düzəltmək lazım idi. Baltanı götürüb bir neçə əsgərlə dərəyə düşdüm. Özüm vələs ağacının başına çıxıb xeyli paya kəsdim. Çətin də olsa onları yuxarı gətirdik. Talvarın yerini müəyyənləşdirib qabiliyyəti olanlara tapşırdım ki, düzəltsinlər. Sonra 10 nəfər özümlə götürüb, dünən bizimlə gəlmiş istehkamçı mayorun göstərdiyi yerdə MON tipli mina qurub partlatmaq üçün səngər qazdırdım. O, dünən mənə iki ədəd mina verib və quraşdırılıb partladılması qaydasını öyrədib getmişdi. Mən detenator və partlatma maşınını götürüb etibarlı yerə qoydum.
Aşpazı çağırıb başa saldım ki, belə getsə, ət xarab olacaq, çalış pörtləmə bişir və ətin hamısını sərf elə, o biri yeməkləri sonra yeyərik.
Bəzi şeyləri gətirməmişdik. Ona görə də starşina maşınla yenidən qərargaha getməli oldu. Kombat da onlarla getdi.
Kombat bu səhər mənim üçün problem yaratdı. Səhər o başdan postları gəzməyə gedəndə birinci postda Gülbala, Sabir və Mənsur ondan xahiş edirlər ki, dərəyə ova getməyə icazə versin. Onların hər üçü rotanın ən nöqsanlı və intizamsız əsgərləri idi. İkincisi, əsgəri növbə gəlməmiş postdan çıxarmaq, özü də özbaşınalıq etməyə göndərmək düz deyildi.
Kombat onların hər üçünü yaxşı tanıyırdı. Mən ondan xəbər alanda dedi ki, onları səhər yeməyinə qədər, saat 8-dək buraxmışam. Saat 13 idi, onlar hələ gəlib çıxmamışdılar. Lakin bir azdan yanımda peyda oldular və and-aman elədilər ki, çoxdan gəliblər, sadəcə olaraq bir az aralıda otların üstündə uzanıb yatıblarmış. Onların belə ürəkdən və demək olar ki, itaətlə cavab verməklərinə görə xəbərdarlıq edib keçdim.
Günortadan sonra mən deyərdim ki, təbiətin bütün şıltaqlıqlarına və sürprizlərinə adət etmiş adamları belə heyrətləndirəcək hadisələr baş verdi. Günorta göyün üzündə bir dənə bulud olmadığı halda cəmi 3-4 dəqiqə ərzində hər yeri qatı duman bürüdü. 3-4 dəqiqədən sonra bu duman bir az seyrəkləşdi və sonra bir dolu başladı ki, gəl görəsən. Hamı çadıra təpildi. Tez plaş örtüyü götürüb postlara qaçdım. Ən hündürdə yerləşən üçüncü posta qalxana kimi dolu yeri demək olar ki, qar kimi ağartmışdı. Mən posta çatanda nə doludan, nə dumandan əsər əlamət qalmışdı. Gün adamı yandırırdı.
Çadırların yanına endim. Hər yan qupquru idi. Bir saat beləcə keçdi. Elə bu vaxt bayaq ki, hadisə yenə təkrar olundu. Bu dəfə də plaş-örtüyü örtüb indi də birinci posta qaçdım. Uşaqlar yerində idilər. Sakitlik idi. Yenidən gün çıxdı.
Starşinanı səhərdən maşınla qərargaha bəzi şeylər dalınca göndərmişdim. Artıq onların gəlməyəcəyinə əmin idik. Çünki biz birinci gün bura gələndə iki gün dalbadal günəşli hava olmuşdu. Lakin bununla belə palçıqlı yollarla maşın zorla gəlib çıxmışdı. Bugünkü havadan sonra isə onlar gələ bilməzdilər. Çörək ehtiyatımız az idi.
Bu zaman gördüm ki, lap aşağılarda, dolanbac yollarla çadırlı maşın gəlir. Hamımız sevindik, həm də xeyli təəccübləndik. Uzaq olduğundan maşının səsi eşidilmirdi. Bizim yuxarıda durub gələn maşını gözləməyimiz uşaq vaxtlarında Qaraxaç yaylaqlarında Dibin Qaşından gələn maşınları gözləməyimizə bənzəyirdi.
Maşın bir az gəlib yolun ən təhlükəli yerində dayandı. Alt tərəfi dərin dərə idi. Maşın isə tərpənmirdi. Çəndə hiss etdim ki, maşın sürüşüb yolun kənarına çıxıb. Sürücü – qaxlı oğlan Kamil, deyəsən, maşını tərpətməyə qorxurdu.
Ağlımıza başqa şey də gəldi. Erməni kəşfiyyatçıları da maşını saxlaya bilərdilər. Mən özümlə üç nəfər götürüb avtomatlarla qaçdıq. Tapşırdım ki, əgər mən oradan güllə atsam, tökülüb gələrsiniz. Biz başıaşağı qaçdıq. İlk baxışdan uzaq görünməyən bu yerə qaçmaqla çatmaq olmurdu. Maşına çatmağa axırıncı təpənin döngəsi qalmışdı ki, maşının yanında güllə səsləri eşidildi. Biz onları görmürdük.
Axır ki, gəlib onlara çatdıq. Eminağa maşından çıxıb bir az qorxmuş halda soruşdu ki, niyə qaçırsınız.
Hələ biz Kəpəzə çıxmamış III vzvodun 4 nəfərinə evə getməyə icazə vermişdim. İndi onlar bilmirdi ki, biz haradayıq. Şərtləşdiyimizə görə, onlar bu gün Quşçulara, yəni köhnədən olduğumuz yerə gələsiydilər. Mən radistdən xahiş etdim ki, ora xəbər ver, gələnlərə bildirsinlər ki, biz buradayıq, bir vasitə ilə özlərini çatdırsınlar.
Ratsiya ilə danışmaq isə asan deyildi. Çünki onların ixtiyarına müəyyən qədər kodlanmış sözlər verilirdi ki, əksəriyyəti hərbi terminlərdir. Elçin uşaqlar haqqında dediyim sözləri kodlaşdırıb efirə verdi. Sən demə, onlar kodların şifrlərini açanda belə məlumat alıblar ki, buradan əsgərlərimiz qaçıb. Məlumat gedib Hacıkənddə qərargaha çatıb. Bizim kombat Yaşar bəy oradaymış. Əlüstü ona orada yaxşı dərs veriblər. İndi Eminağa bizi silahlı üzüaşağı qaçdığımızı görüb, elə bilib ki, nə isə biz o məsələ ilə əlaqədar yüyürürük. Ona görə də elə tərzdə bizdən soruşurdu ki, nə olub.
Onların güllə atması isə belə olub. Görüblər ki, yoldan bir az aralı bir iri maral var. Tez maşını saxlayıb başlayıblar marala güllə atmağa. Xoşbəxtlikdən maralı vura bilməyiblər. Biz ora çatanda maşın bayaq durduğu yerdən tərpənib bir az irəliləmişdi. Sonra yolun qırağına sürüşmüşdü. Vəziyyət çox təhlükəli idi. Eminağanın bayaq atdığı güllənin səsini eşidib bütün rota bura cumdu. Hamımız birləşib güclə də olsa maşını yoluna düzəldə bildik. Xeyli irəlilədik. Düşərgəyə az qaldı. Lakin maşın növbəti yoxuşu çıxa bilmədi. Qərara aldıq ki, maşın burada qalsın. Yüngül şeyləri götürüb düşərgəyə gəldik.
Gecə maşına keşiş çəkmək üçün sürücü ilə bir əsgər göndərdim. Bu zaman ərzində artıq torpaq bir az təpidiyindən sürücü Kamil maşını sürüb çıxara bilmişdi. Onlar maşını düşərgəyə gətirdilər.
(Ardı var)