Ermənistan silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri ağır artilleriyadan atəşə tutması nəticəsində sentyabrın 27-dən oktyabrın 2-dək 55 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alaraq xəstəxanalara yerləşdirilib, 19 nəfər həlak olub. Hesabatı Baş Prokurorluq yayıb.
Rəsmi məlumata görə, 175 yaşayış evinə, 41 mülki obyektə külli miqdarda ziyan vurulub, eləcə də dinc sakinlərə məxsus nəqliyyat vasitələri yararsız vəziyyətə düşüb, çoxsaylı xırda və iribuynuzlu heyvan tələf olub.
Müdafiə Nazirliyinin 2 oktyabr məlumatına görə, Ağdam rayonunun Xındırıstan, Əlibəyli, Əhmədağalı və Səfərli kəndləri intensiv artilleriya atəşinə tutulub. Mülki əhali arasında ölən və yaralananlar var.
Azərbaycanın Dağlıq Qarabağ bölgəsi (Xankəndi şəhəri, Şuşa, Xocalı, Xocavənd rayonları, keçmiş Ağdərə rayonu) və onun ətrafındakı bölgələr (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları) Ermənistanın işğalı altındadır.
Sentyabrın 27-də Ermənistan silahlı qüvvələri Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonları istiqamətində Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini intensiv atəşə tutub. Həmin gündən Azərbaycan Ordusu əks-hücum əməliyyatı keçirir. Füzuli, Cəbrayıl, Kəlbəcər və Ağdərə bölgələrində bəzi ərazilər azad edilib.