Döyüş gündəliyi (13)
- 01 Oktyabr 2020
- comments
- Səidə Hüseynova
- Posted in ManşetTribunaYazarlar
Tofiq Yaqublu
06.06.1992
Gecədən yağış davam edirdi. Çamırda tərpənmək olmurdu. Səhər yeməyindən sonra rotanı düzüb vzvodların yeni tərkibi haqqında məlumat verdim. Sonra bir 15 dəqiqə söhbət etdim. Qarşılarında xeyli tələblər qoydum. Hamı ürəkdən razı olduğunu bildirdi. Tələsik bəzi şeyləri qaydaya saldım. Uşaqlara sərxoşluq haqqında xüsusi xəbərdarlıq etdim.
Günortaya yaxın, nəhayət ki, bizim maaşlarımızı gətirdilər. Hamının pulunu payladıq. Mən 3340 manat pul aldım.
Günortadan sonra komanda gəldi ki, Sarısudakı posta getməliyik. III vzvodu silahlandırdım. Mən də onlarla getdim. Neçə gün davam edən yağış isə ara vermirdi. Palçığın əlindən piyada getmək mümkün deyildi. Belə şəraitdə isə maşınla dağlara qalxmalıydıq. Üçkörpülü ZİL-131 maşınına mindik.
Yavaş-yavaş dağlara qalxırdıq. Dumandan dərənin dibi görünmürdü. Uşaqlar maşının sürüşüb dərəyə aşmasından ehtiyat edirdilər. Ətraf qatı duman olsa və yağış kefimizi pozsa da, bu yerlərin mənzərəsi adamı heyran qoyurdu.
Axır ki, gəlib postlara çatdıq. Orada I rotanın və minomyot batareyasının əsgərləri keşik çəkirdilər. Xeyli BTR, minomyot, top var idi. Həm qaranlıq, həm də duman olduğundan iki-üç addım güclə seçilirdi. Uşaqları yerləşdirdik. Geri qayıdanda postda əvəz etdiyimiz I rotanın əsgərlərini Qarabulaq kəndindəki kazarmalarına gətirdik.
Quşçulara qayıdanda bizim rotanın əsgərlərindən ikisini bir evin yanında gördüm. Gecənin bu vaxtı onlar burada yalnız araq axtarardılar. Onlar maşının faralarının işıqlarında maşında mənim olduğumu görmürdülər. Qərara aldım ki, onlar mütləq cəzalandırılmalıdır. Gecədən xeyli keçdiyindən çox yorulmuşdum. Bir tikə çörək yeyib yatağa uzanıb yatdım.
07.06.1992
Bu gün çoxdan gözlədiyimiz prezident seçkisi günüdür. Rotanı qaldırıb səhər yeməyi verdik. Sonra onları bir də düzüb apardığımız ciddi söhbətin şərtlərini xatırlatdım. Dünənki iki nəfərin hərəsinə növbədənkənar bir naryad verdim.
Həyətdə xeyli görünməmiş iş var idi. İstəyirdim ki, zibil üçün ayrıca bir quyu qazdırım. Yağışdan aman yox idi. Ancaq xüsusilə diqqətli olmaq lazım idi. Çünki uşaqlar dünən pul almışdılar, əksəriyyəti içməyə can atırdı.
Gedib kənddəki seçki məntəqəsində danışdım. Rotamız gedib səs verdi. Seçki məntəqəsində rayon icra hakimiyyətinin nümayəndəsini tapdım. Onunla razılaşdıq ki, bizim kəndlərdə içki satılması qadağan ediləcək. Kənd sovetinin sədrinə tapşırdım kənddə olan araq satanları xəbərdar etsin ki, onlar əsgərlərə araq satmasınlar. Razılaşmışdıq ki, yer bir az quruyan kimi biz qalan məktəbin həyətinə 3-4 maşın qırma daşı töksünlər.
Yeməyimiz tükənirdi. Təkcə quru südümüz vardı. Südlüaş və südlü əriştə bişirirdik. Südlü əriştədə vermişeldən istifadə edirdik.
Nahardan əvvəl xəbər tutdum ki, Gülbala ilə Mənsur Bərdəyə gediblər. Onlar məndən icazə istəmişdilər, verməmişdim. Qəti qərara aldım ki, onları qovmaq lazımdır. Çünki bu adamlar özlərini həddən artıq kobud və harın aparırdılar. Hər gün sərxoş gəzirdilər. Anaşa çəkirdilər. Sadəcə olaraq köhnə rota komandiri onlarla birgə hərəkət etdiyindən bu əsgərlərə gözün üstə qaşın var deyən yox idi. Onlarla elə-belə pis münasibətim yox idi. Ümumiyyətlə, mən indiyədək rotadan heç kimlə münaqişədə olmamışdım. Sadəcə olaraq indiyədək yaxşıca görürdüm ki, kim kimdir.
Komanda gəldi ki, bir vzvod posta getməlidir. Bu haqda II vzvoda xəbər verdim ki, hazırlaşsınlar. Hələ gündüzdən mənə zəng edib bildirmişdilər ki, Xanlara poçta zəng edim. Birtəhər Xanları aldım. Orada mənə dedilər adına teleqram var ki, yoldaşın zoba görə boğazından operasiya olunmalıdır.
Teleqramı Solmaz vurmuşdu. Nə qədər çalışdımsa da, Bakıya zəng edə bilmədim. Radist oğlan dedi ki, gözlə, axşam zəng edərsən, indi seçki getdiyindən bütün xətlər gərginliklə işləyir. Ancaq hiss edirdim teleqram yalandan vurulub ki, evə gəlim. Axı hələ Bərdədən Rimayla danışanda o demişdi ki, Maya ilə həkimə gediblərmiş və həkimin dediyinə görə, elə bir ciddi şey yoxmuş. Ona görə də çox narahat olmadım və qərara aldım ki, getməyəcəm. Çünki çox gərgin vaxtlar idi. Bilirdim ki, biz hücum etməliyik. Belə bir vaxtda rotanı qoyub gedə bilməzdim.
Rotanın böyük bir hissəsi məndən evə getmək üçün icazə istəmişdi. Bilmirdim neyləyim. Elə təkidlə xahiş edirdilər ki, rədd etmək mümkün deyildi. Bir yandan da əmr gəlmişdi ki, yüksək döyüş hazırlığı vəziyyətində olmalıyıq. Sonra qərara aldım ki, mümkün qədər iki-üç nəfər buraxım.
Günortadan sonra II vzvodu posta apardım. Dünən postda olmuş III vzvodun uşaqlarını gördüm. Hamısı suyun-palçığın içindəydilər. Dünən gecə eləcə quruca çörək yemişdilər. İndiyədək acıydılar. Biz rotaya qayıdanda öyrəndim ki, “Azadlıq”dan müxbir gəlibmiş. Çox heyf ki, mən burada olmamışam. Çünki bəzi məsələləri mütləq açıqlamaq lazım idi. Hələ Bərdədə olanda Rimadan xahiş etmişdim “Azadlıq”a zəng edib dostum İsrail Musayevdən xahiş etsin ki, yolu bu tərəflərə düşsə, mütləq məni görsün.
Gecə yenidən artilleriya atışması başladı. Biz hamını hazır vəziyyətə gətirdik və gözləməyə başladıq. Xanlar batalyonunun otağında bir sınıq-salxaq televizor var idi. “215-KL” verilişini gözləyirdik. Biz Bərdədə olanda haqqımızda süjet çəkmişdilər. Heyf ki, televizorun tərsliyi tutdu və biz baxa bilmədik.
Nəhayət, bizim radist məni Bakıyla calaşdıra bildi. Verdiyim nömrələrdən yalnız Rafiqgili ala bildim. Teleqram haqqında soruşdum. Dedi ki, hər şey qaydasındadır.
08.06.1992
Gözümü açıb Günəşi görüb çox sevindim. Çünki çamırdan, soyuqdan canımız qurtaracaqdı. Axşam postdan gəlmiş III vzvodu tələsdirdim ki, tez olsunlar, onları Xanlara hamama aparaq. Çünki cəmi bir maşın vardı. Həmin maşın gəlib I vzvodu posta aparmalı idi. Starşina Eminağanı götürüb mən də həmin maşınla Hacıkəndə getdim. Anbardan ərzaq, uşaqlara alt paltarı, ayaqqabı və digər çatışmayan şeylər almaq lazım idi. Ancaq bir az ümidsiz gedirdik. Çünki Eminağa orada olmuşdu, anbarda demişdilər ki, biz istəyən şeylər yoxdur. Dünən axşam isə batalyon komandirinin arxa işləri üzrə müavini Ramiz bizim yanımızda idi. Ona şikayətlənmişdik ki, uşaqların vəziyyəti dözülməzdir. Postda yağışdan qoruyan plaş-örtük yoxdur. O dedi ki, bizə heç nə çatmır və demək olar, heç nə yoxdur, amma hər halda sabah gəlin, bəlkə bir şey edə bildik. İndi biz ümidimizi o “bəlkə”yə bağlayıb gedirdik.
Hacıkənd qərargahında düşdük. Ramizin yanına getdik. Elə şübhələndiyimiz kimi, təəssüflə dedi ki, heç nə imkan eləyə bilmirəm. Biz isə danışmışdıq ki, maşın Xanlardan qayıdıb bizim yanımıza gələcək və aldığımız malları yükləyib öz yerimizə qayıdacağıq. “Yox” cavabı alandan sonra bildik ki, hələ maşın gec gələcək. Düşüb poçtdan evə zəng elədik. Mən Rima ilə və iş yerimlə danışdım.
Yenə qərargah yerləşən həmin hissəyə qayıtdım. Bu hissə pioner düşərgəsinin yerində yerləşirdi. Burada xeyli ərazidə müxtəlif tikililər var idi. Eminağa ilə bekarçılıqdan buraları gəzməyə başladıq. Mən bir otağa girdim. Qapını açanda gördüm ki, otağın içində xeyli təptəzə plaş-örtük, əsgər heybəsi, su qabı var. Bu şeylərdən dörd heybə doldurduq. Qapıdan çıxmağa cürət etmədik. Hasardan aşıb piyada yola düzəldik. Bir yük maşını gəldi. Ona minib Zod (köhnə Kamo) kəndinədək getdik. Oradan yenə piyada yola düşdük. Çaykəndə çatmağa az qalmışdı, baxdıq arxadan bir “UAZ” markalı minik maşını gəlir. Yaxınlaşanda gördük bu, elə həmin Ramiz bəyin maşını idi. O, maşını yanımızda saxladı ki, minək. Hərəmizin əlində ağzınacan dolu iki heybə var idi. İndicə hər şeyin üstü açılacaq. Yaman pis vəziyyətdə idik. Xoşbəxtlikdən o heç maraqlanmadı ki, bunlar nədir. Bilsə, bizim üçün çox pis olacaqdı. Çünki bu şeylər bilavasitə onun işi ilə əlaqədar idi.
Lakin bir az getmişdik ki, Ramiz bəylə rastlaşmağımıza sevinməli olduq. Belə ki, qabaqda patrul var idi. Əsgərləri ciddi yoxlayırdılar. Mən təzə komandir olduğumdan hələ vəsiqəm yox idi. Sözsüz ki, onlar yolla piyada gələn və əllərində ağzınacan dolu iki heybə olan əsgərləri mütləq saxlayacaqdılar və yüklərini yoxlayacaqdılar. Nəticə çox pis olacaqdı.
Biz həmin maşınla Çaykəndə kimi gəldik. Oradan yenə piyada getməli olduq. Yolboyu qəşəng mənzərə var idi. Çoxlu kəklikotu var idi. Bir az dərdim. Bakıda kəklikotulu çayının bir stəkanını 3-8 manata içən Eminağa onu heyrətlə, maraqla iyləyirdi.
Mən artıq bir neçə gün idi rota komandir idim və hiss edirdim ki, bəzi çətinliklərim var. Bəzi uşaqlar artıq neçənci dəfə idi ki, sərxoşluq edirdilər. Onlar bunu mən rotada olmayanda, yəni ya posta vzvod aparanda, ya da Hacıkəndə gedəndə edirdilər. Hətta bir nəfər (çox güman ki, Gülbala), deyəsən, toyuq oğurlamışdı. Çox heyf ki, onları həmin vaxt tuta bilməmişdim. Ancaq bir şeyə əmin idim ki, onlar mütləq ilişəcəklər və mən mütləq qəti tədbir görəcəyəm.
Vaxt getdikcə hiss edirdim ki, komandirliklə əlaqədar mən vaxt sarıdan gündəlikdə qeydlər etmək üçün çətinlik çəkirəm. Adətən bunu sırf şəxsi vaxtım hesabına edirdim. Fikirləşəndə belə də olmalı idi. Ancaq əvvəllər gün ərzində boş-bekar vaxtım istənilən qədər olurdu və mən gündə bir neçə dəfə qeydlər aparırdım.
Günortadan sonra hava yaman buludlaşdı. Hələ yağmasa da, kefimiz yaman pozulmuşdu. Xüsusən də bu axşam posta gedəcək I vzvodun uşaqlarının.
Axşama yaxın hamama getmiş III vzvodun uşaqları gəldilər. Hamısı sərxoş idi. Dalaşırdılar. Bir-birinin ağız-burnunu qana bulamışdılar. Yaman hirslənmişdim.
Şofer dedi ki, kombat səni Hacıkənddə qərargahda gözləyir. Yolda sürücü Kamil olanları təfsilatı ilə nəql etdi. Gedə-gedə düşünürdüm. Günahkarlar mütləq ciddi cəzalandırılmalıdır. Xüsusən həmişə məni hər şeydən çox narahat edən bir problem olmuşdu: onlar yolboyu qız-gəlinə söz atıb sataşa-sataşa gəlmişdilər.
Qarşımda ciddi bir çətinlik var idi. Mənə əsas günahkarlar lazım idi. Özüm orada olmaya-olmaya bunu müəyyən edə bilmirdim. Birini dəqiq bilirdim ki, bu işdə vzvod komandirinin müavini Nəsib xüsusi fəallıq göstərib. Ümumiyyətlə, içki düşkünü olan bu oğlan adətən özünü ictimai yerlərdə ədabaz aparırdı. Ancaq özünü gözə soxan, dilli-dilavər olduğundan və bu vzvodda əksərən fağır, sakit uşaqların toplaşmasından istifadə edərək vzvod komandirinin müavini ola bilmişdi. Sadəcə olaraq həmin hərəkətlərin onun işi olduğunu sübut etmək üçün gərək əməlli-başlı mübahisə edəsən, məhkəmə qurasan. Orduda belə şeylər olmaz.
Qərargaha çatanda bizə bildirdilər ki, sabah Kəpəz dağındakı posta gedirik. Bu post orada ona görə qurulmuşdu ki, ermənilər dağlardan keçib bizə arxadan zərbə vura bilməsinlər. Çətinliyi onda idi ki, orada yatmaq, oturmaq üçün heç bir şərait yox idi. Hələ qar tam əriməmişdi. Duman çəkilmirdi və hər gün yağış yağırdı. Özü də orada uzun müddət qalmalı idik.
Bəzi şeyləri alıb qayıdanda artıq güclü artilleriya atışması başlamışdı. Ermənilərə tərəf dalbadal “Qrad”lar uçurdu. Rotaya çatdıq ki, həyəcan siqnalı ilə hamı silahlanıb. Sonra hər şey sakitləşdi. Rotanı axşam yoxlanışına düzdüm. Sərxoşluq hadisəsi ilə əlaqədar onlara bir də ciddi xəbərdarlıq etdim. Sonra leytenant, III vzvodun komandiri Mahir bəy Qocayevi, onun müavini Nəsibi və sıravi Kamil Əsədovu iyun ayında alacaqları maaşın 500 manatından məhrum etdim. Heç kəs belə cəza gözləmirdi. Mən rotaya xəbərdarlıq etdim ki, növbəti sərxoşluq daha ciddi cəzalandırılacaq. İnsafən, hər halda yenə də ən nizam-intizamlı uşaqlar III vzvodun uşaqları idilər. Nə isə, bu hadisə baş vermişdi…
Bir azdan həyəcan siqnalı yatırıldı.
(Ardı var)