Döyüş gündəliyi (12)
- 30 Sentyabr 2020
- comments
- Səidə Hüseynova
- Posted in ManşetTribunaYazarlar
Tofiq Yaqublu
03.06.1992-ci il
Səhər tezdən hamını həyəcan siqnalı ilə qaldırdılar. Bir azdan məlum oldu ki, məsələ ciddidir. Ermənilər Tərtərə hücum edirdilər. Biz silahları alıb hazır vəziyyətdə durduq. Qərargahdan bildirdilər ki, komanda olan kimi tərpənəcəyik. Bir az keçdi, dedilər ki, heç nə yoxdur, silahları təhvil verin. Sonra batalyon komandiri hamını yığıb yenidən aydınlaşdırmağa başladı ki, hamını silahlandırmağa imkan yoxdur.
Könüllü gəlmişlərdən xahiş edirdilər ki, geri qayıtsınlar. Əksəriyyət evə dönmək istəmirdi. Hamı yenə də döyüşə getmək üçün müxtəlif fikirlər söyləyir, təşəbbüslər irəli sürürdü.
Günortadan sonra yenə “yanan su”da çimməyə getdik. Qayıdanda Əli məni görüb gülə-gülə dedi ki, Tofiq, axır arzuna çatdın, sabah döyüşə gedirik. Bərk sevindim.
Yenə toplanış oldu. Elçin hamıdan dönə-dönə xəbər aldı ki, evə getmək istəyən varmı? Başa saldı ki, bir-iki günə ağır döyüşlər, ölüm-dirim mübarizəsi başlayacaq, indidən fikirləşin. Lakin hamı bir ağızdan döyüşə getmək istədiyini bildirdi. O bildirdi ki, indi bir polk təşkil olunur, bizi qatacaqlar o polka, polk lap yaxın vaxtlarda hücumlara başlayacaq.
Axşama qədər yaxın vaxtlarda başlanacaq hücum eşqi ilə yaşadıq. Axşamüstü isə söz gəzməyə başladı ki, bizim hamımızı deyilən polk adı ilə Goran poliqonuna aparacaqlar. Biz hələ bura gələndə həmin poliqonda olmuşduq. Susuz, tikanlı çöllər idi. Deyilənə görə, biz iki ay məşq keçməliyik və sonra bizim içimizdən lazım olanları seçəcəklər. Kefimizi lap pozdular. Sonra gəlib siyahı ilə soruşmağa başladılar ki, kim Gorana getməyə razıdır? Razı olmayanları evə qaytarırdılar. Yalnız döyüşmək istəyən uşaqlar, sözsüz ki, Goran təklifi ilə razılaşa bilməzdilər. Heç kim həmin çöllərdə, qızmar Günəş altında, tikan ətini deşə-deşə iki ay sürünmək fikrində deyildi. Ona görə də əksəriyyət evə qayıtmağı üstün tuturdu.
Onları qınamaq olmazdı. Yazıqlar artıq 3 aydan artıqdır ki, yalnız döyüşə can atırlar, əvəzində isə gündə bir hoqqaya məruz qalırlar. Məndən soruşanda Goranı seçdim. Mən bu 3 ayda cəmi ikicə dəfə evə qayıtmaq istəmişdim. Düzdür, Goran söhbəti də ürəyimdən deyildi, hər halda burada döyüşə getmək ehtimalı hələ qalırdı. Gorana razılıq vermiş lap az adamın içində Təbriz, Adıgözəl və Nizamov Elçin də var idi. Bunlar mənim xoşuma gələn uşaqlar idi. Elçinlə Adıgözəl ikisi də institutdan qovulmuşdular. Bir qrupda oxuyurlarmış. Keçən il (III kurs) ali riyaziyyatdan kəsiliblər. Çox yaxşı uşaqlardır.
04.06.1992-ci il
Bu gecə qarovulda idim. Səhər dedilər indicə Yaşar bəy Sarısudan zəng edibmiş ki, məsələnizi danışmışam və indicə maşın gəlib sizi gətirəcək. Bu, lap xoşuma gəldi. Bundan sonra səhər toplanışı oldu. Elçin dedi ki, hazırlaşın, gedirsiniz dediyimiz polka, ancaq silahları təhvil verməlisiniz. Uşaqlar dedilər ki, bizim köhnə batalyonun komandiri Yaşar bəy bizi aparacaq Sarısuya. O bizə bunu məsləhət görmədi, amma razılaşdı. Silahları təhvil verdik.
Yenidən siyahı tutmağa başladılar ki, kim Sarısuya getmək istəyir. Məlum oldu ki, getməyənlər evə qayıdacaq. Mənim ən çox hörmət etdiyim Əlövsətin vzvodunun uşaqları Sarısuya getmək istəmədilər. Yalnız Eminağa ilə Xanməmməd razı oldular.
Biz hələ kimin hara getməyini aydınlaşdırarkən bir maraqlı əhvalat öyrəndim. Hələ bir xeyli əvvəl bizim rotada sumqayıtlı Tacəddin adlı bir oğlan var idi. Çox savadlı və həm də qoçaq oğlan idi. Biz xeyli əvvəl ermənilərlə bərk atışdığımız o yağışlı-boranlı gecənin səhərisi bərk xəstələnmişdi. Otaq şəraitində belə gözləri qamaşırdı, papağı ilə üzünü tuturdu. Sonra onu evə apardılar.
Sən demə, həmin gecə onlar səngərdə oturan zaman birdən Novruz səngərlə qaça-qaça həyəcanla qışqırıb ki, nə oturubsunuz, ermənilər gəldi. Doğrudan da ermənilərin hücumundan təşvişə düşmüş Novruz xəbəri elə çatdırıb ki, yazıq oğlan şok vəziyyətinə düşüb, ayaqları tutulub, qusmağa başlayıb. Nəticədə də onu evə göndərdilər.
Bir azdan yeni bir xəbər gəldi. Dedilər ki, yuxarıdan əmr var: bizim rota hamı bir nəfər kimi Goranboya gedir. Yenidən çaşqınlıq yarandı. Çox qəribə vəziyyət yaranmışdı. Dəqiqədə bir vəziyyət dəyişirdi. Hətta mən gündəlikdə qeydlər aparmağa çətinlik çəkirdim. Çatdıra bilmirdim.
Şahmar sevincindən bilmirdi ki, nə etsin. Bu oğlan Yevlaxdan idi. Rütbəsi leytenant idi. Yanında güllə atılanda özünü itirirdi. Sadəcə olaraq iş yerində yoxlama gedirmiş və işi müşkül imiş. Vəziyyətdən çıxmaq üçün yazılıb orduya. Maraqlısı budur ki, nə qorxduğunu, nə də niyə orduya yazıldığını gizlədirdi. Yevlax yaxında olduğundan günlərlə hissədə tapılmırdı. Sevinməyinə səbəb o idi ki, deyirlər Goranboya gedən getsin, getməyən də evinə getsin. Belə fürsətə görə az qala çəpik çalıb oynasın.
Günortaya yaxın başladıq bütün şeylərimizi yır-yığış etməyə. Artıq bu üç ayda neçənci dəfə idi ki, qaraçı köçü kimi elə hey köçürdük. Günortaya yaxın bizi aparmaq üçün avtobuslar gəldi. Mən qərara aldım ki, dəftəri Əlövsətə verim, bizə çatdırsın. Bunu ona görə edirdim ki, apardığım qeydlər salamat qalsın. Çünki heç kəs deyə bilməz ki, qabaqda onu nə gözləyir.
Nahar yeməyindən sonra bizi avtobuslara əyləşdirdilər. Əlövsət, Bağban, Mustafa və Əlikramla görüşüb ayrıldıq. Silahlarımızı isə vermədilər. Mən gedəcəyimiz yeri dəqiqləşdirib Əlikramdan xahiş etdim ki, sabah Bakıya gedəndə Rimaya zəng eləsin.
Biz avtobuslarla Goranboya gəldik. Briqadanın qərargahında bizə bildirdilər ki, qayıdın, silahınızı alın, artıq bu haqda Bərdə batalyonuna müvafiq tapşırıq verilib. O qədər yolu bir də təzədən geri qayıtdıq. Oradan silahlarımızı alıb yola düşdük. Artıq şam yeməyinin vaxtı ötmüşdü. Gəlib Goranboyda bəzi formalizmlərə əməl etdikdən sonra yenə yola düşdük.
Gəncəyə çatıb Xanlara tərəf təzəcə burulmuşduq ki, avtobusumuzun dal təkəri partladı. Ehtiyat təkər olmadığından sürücü beləcə də sürməyi qərara aldı. Maşın yenicə tərpənmişdi ki, generatorun kəməri qırıldı. Bizim dəstə PAZ markalı avtobuslar və ZİL-131-dən ibarət idi. Maşınlar hamısı bizdən qabaqda idilər. Bizim sürücü nə qədər bərk sürsə də, onlara çata bilmədi.
Gecə olduğundan faralar yanırdı, akkumulyator tamamilə öləzidi. Axırda maşını dayandırmalı olduq. Hamımız yola tökülüşmüşdük. Gələn maşınlar yolda əlisilahlı adamları görüb hər ehtimala yaxınlıqdakı kəndə burulurdular.
O biri maşınlar məsələni hiss edib geri qayıtdılar. Heç kəsdə ehtiyat kəmər yox idi. Artıq saat 1-ə işləyirdi. Sürücülərin dediyinə görə, “Moskviç” kəməri yarayırdı. Bu vaxt bir “Moskviç” gəldi. Xoşbəxtlikdən onda ehtiyat kəmər tapıldı. Ona təşəkkür edib yola saldıq. Ancaq nə isə quraşdıra bilmədilər.
Bizim avtobus bir az gedib yenidən dayandı. Axırda qərara aldıq ki, düşüb yarı-yarı o biri avtobuslara doluşaq. Birtəhər yerləşdik.
Maşınlarımız yavaş-yavaş dağlara qalxırdı. Ətraf görünməsə də, faraların işığı bəs edirdi ki, başa düşəsən ətrafda necə gözəllik var. Hacıkənd isə özgə aləm idi. Dağın zirvəsinə qalxıb sonra aşağı enib, Mixaylovka kəndini keçib Çaykəndə çatdıq.
Çaykənd böyük bir kənd idi. Çox narahat, əyri-üyrü və həm də dolanbac yolları vardı.
Gecə saat 4-ün yarısında Quşçulara çatdıq. Köhnə məktəb binasında yerləşdik. Burada çarpayılar var idi, ancaq döşəklər yox idi. Möhkəm yorulmuşduq. Aclıq yada düşmürdü. Mən hələ dünən gecə qarovulda olduğumdan yatmamışdım. Döşəksiz çarpayının üstünə uzanan kimi yuxuya getdim.
05.06.1992-ci il
Səhər tezdən durub ətrafı seyr etdik. Hacıkənd kimi olmasa da, gözəl yerlərdir. Uzaqdan başıqarlı Kəpəz dağı görünürdü. Kənd əvvəllər ermənilərin olub. İndi burada bütünlüklə Ermənistandan gələn qaçqınlardır. O qədər də müasir kənd deyildi, yəni son vaxtlar bizim kəndlərdə tikilən tipli binalar yox idi. Ancaq nəzərə alsaq ki, bu evlər burada ən azı 30-35 il əvvəl tikilib, onda fikirləşirsən ki, o zamanlar bu kəndə tay tapmaq çətin olarmış.
Səhər qərara aldıq ki, gedib Hacıkənddə yerləşən hissədən yemək və yorğan-döşək alaq. Hələ ac idik. Gecə gəldiyimiz yolları gündüz qayıdırdıq. 5 nəfər idik. Çaykəndi çox diqqətlə seyr etdim. Çox qəribə kənd idi. Belə bir kənd kimi ikinci kənd görməmişdim. Bir yandan relyefi bizim Başkeçidin bəzi kəndlərinə oxşayırdı. Evlərin dağın döşündə tikilməsinə və hətta bir evin damının digərinin həyəti kimi görünməsi kəndi İsmayıllının məşhur Lahıc kəndinə oxşadırdı. Ancaq evlərin yön-yöndəmindən ermənilərin, elə lap bizim Xaçın kəndinin ermənilərinin dəsti-xətti hiss olunurdu.
Hacıkənddən lazımi şeyləri alıb qayıtdıq. Biz bura gələndə rotanın komandiri bizimlə gəlməmişdi. Özü də hiss edirdi ki, rotanın əksəriyyəti ondan narazıdır. Bayırda nahar yeməyi bişirməyə kömək edirdim. Daha doğrusu, ocağın altını qalayırdım. Birdən əsgərlərdən biri gəlib dedi ki, səni çağırırlar. Gəlib gördüm ki, rota sıraya düzülüb. Eminağa rotanın adından bildirdi ki, rota ilə məsləhətləşib və rota mənim komandir olmağımı istəyir. Doğrudan da hamı yerindən bildirdi ki, onların mənə hörməti var və mənə etimad göstərirlər.
Düzü, bu haqda bizi hələ bura gətirən avtobusda Nəsib üstüörtülü demişdi. Sonra mən ondan ətraflı xəbər almağa utandım və həm də məsələnin bu qədər ciddi olduğunu bilmirdim. Bir də ki, bir dəfə Tərtərdə postda olanda ermənilərin hücumu zamanı kimin özünü necə apardığı aydın olmuşdu. Hələ onda mənə demişdilər ki, rotanın komandiri sən olacaqsan. Uşaqların dediyi təkliflə razılaşdım. Mənim üçün komandir olmaq ona görə lazım idi ki, indiyədək məni daim narahat edən özbaşınalığın qarşısını almaq üçün artıq real hakimiyyət əldə etmiş olacaqdım. Rotada elə işlər olurdu ki, bu bir məni yox, çoxlarını narahat edirdi. Sadəcə olaraq həmin işləri rotanın köhnə komandiri özü də etdiyindən heç kəs onun qarşısını almırdı.
Rotanın qarşısında çıxış edib bildirdim ki, mən gözləyirəm batalyon komandiri Yaşar bəy gəlsin. Əgər o, sizin təkliflə razılaşıb məni komandir təyin etsə, onda mənim sizinlə geniş söhbətim olacaq və ondan sonra işə başlayacam. Bununla belə, mən artıq rotaya rəhbərliyi öz üzərimə götürdüm və ilk dəfə bizim rotada axşam yoxlanışı keçirildi. Yaşar bəy isə gəlib çıxmadı.
Saat 24-də bizə bir maşın döyüş sursatı gətirdilər. Onları yığmağa otaq yox idi. Onsuz da biz uşaqları dünən güclə yerləşdirmişdik. Hamını oyatmaq lazım gəldi. Bir otağı boşaltdıq və sursatı bu otağa yığdıq. Bu zaman kombat Yaşar bəy gəldi. Çox yorğun idi. Mənimlə söhbət etdi və dedi ki, komandir seçilməyimə razıdır. O bildirdi ki, təcili I vzvodu qaldırıb silahlandırım. Ermənilər Todana hücum ediblər. Təcili uşaqlara silah və sursat payladım. Onlar hazır vəziyyətdə xeyli gözlədilər. Sonra isə komanda gəldi ki, biz lazım deyilik. Bu zaman otaqda Orucun əlində güllə açıldı. Bu dəfə də çox xoşbəxt təsadüf nəticəsində ölən olmadı.
(Ardı var)