Döyüş gündəliyi (11)
- 29 Sentyabr 2020
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
Tofiq Yaqublu
O görüşdən iki gün keçəndən sonra əvvəl tanıdığım zabit həmənki yerdə görüşməyə çağırdı. Bu dəfə təkcə gəlmişdi. Narahat və qətiyyətsiz görünürdü. Dedi ki, rəhbərlikdə sənə tam inanmırlar, dediyin silahları vermək istəmirlər, deyirlər iki ədəd tank əleyhinə mina verək, karvanı onlarla partlat, əgər bunu edə bilsən, səninlə birlikdə daha ciddi əməliyyat hazırlayacağıq.
Zabit özü də başa düşürdü ki, nağıl danışır. Bu, mümkün olan şey deyildi. Əvvəla, mən istehkamçı deyildim və minalarla işləməyi bilmirdim. İkincisi, hərəsi 20-25 kiloqram olan minanı kim dağlardan aşırıb yolun ortasında quraşdıra bilərdi? Hətta minanı yolun ortasında quraşdırsaydıq belə, ona yerli camaatın maşınları düşə bilərdi. Zabit tamamilə absurd şeylər danışırdı. İnsafən özü də etiraf etdi ki, bu, absurd plandır və hər şey mənim müsavatçılığımın başındadır.
Onunla sağollaşıb ayrıldım və birbaşa Müsavatın Binəqədi rayon təşkilatının 7-ci mikrorayondakı qərargahına gəldim. Şuranın toplantısı olmalıydı. Pərtliyim keçmişdi və xeyli rahatlaşmışdım. Öz-özümə fikirləşdim ki, vətənə ən yaxşı xidmət bu rejimə qarşı mübarizə aparmaqdır.
31.05.1992
Neçənci gündür ki, bizi döyüş xəttinə posta aparmırlar. Əsgərlər əməlli-başlı narazılıq edirlər. Hamı vuruşmaq istəyir. Həm də burada vəziyyət lap dözülməzdir. Bərdədən olan əsgərlər qətiyyən nizam-intizama tabe olmurlar, hər gün içirlər. Batalyonda nizam-intizamı isə Bakıdan gələn əsgərlərin hesabına təmin etmək istəyirdilər. Daxili naryada, yeməkxana naryadına ancaq bizim əsgərlər gedirdilər.
Bərdəlilərin içində namuslu, belə vəziyyətlə razılaşmayan əsgərlər var idi. Onlar da bizim kimi ancaq düşmənlə döyüşmək məqsədilə silaha sarılmışdılar. Ancaq bununla vəziyyət dəyişmirdi. Əlisilahlı Bərdə batalyonu əsgərlərinin tayfa və mafiya münaqişələrində iştirakı lap dəhşət idi. Onların ucbatından artıq bizim əsgərlərə dəfələrlə hücum olmuşdu. Bir nəfəri öldürmüşdülər.
Səhər yeməyindən sonra bizim Bakı batalyonunun Xanların Sarısu kəndində xidmət eləyən komandiri Yaşar bəy gəldi. Hamımızla mehribanlıqla görüşdü. O, bizim vəziyyəti yaxşı bilirdi. Hələ o vaxt bizim batalyonu iki yerə bölmüşdülər. İndi bizə təklif etdi ki, batalyonu birləşdirmək, yəni bizi də öz yanına aparmaq istəyir. Biz həvəslə bu təklifə razı olduq. Bilirdik ki, Sarısuda hər gün döyüşlər gedir. Bizim də əsas məqsədimiz döyüşmək idi.
Biz postda olarkən iki dəfə Marquşevanla atışma olmuşdu. Bundan sonra 5-6 nəfər qorxub bir bəhanə ilə evə qayıtdılar. Yaşar bəyin dediyinə görə, elə Sarısuda da 10-15 nəfər qorxub qaçmışdı. İndi fikirləşmək olardı ki, əgər batalyon birləşsə, orada əsasən döyüşən uşaqlar olacaq. Əlbəttə, bizim aramızda elələri var ki, bilmirsən nəyə görə gəlib. Elə fikirləri içmək, çəkməkdir (narkotik). Özü də məəttəl qalırsan, onlar istənilən şəraitdə belə şeyləri nə cür əldə edirlər?
Yaşar bəy söz verdi ki, buradan qayıdan kimi lazımi yerlərdə danışıb bizi Sarısuya aparacaq.
Nahardan sonra uşaqlar təklif etdilər ki, “yanan su”da çimməyə gedək. “Yanan su” Zümürxaç kəndində çayın qırağında idi. Bu, əsl möcüzə idi. Diametri 30-40 santimetr olan borudan su fontan vurur və alov çıxırdı. Suyun altında durmaq adama ləzzət verirdi. Mineral su dadını verirdi. Orada bizdən başqa adamlar da vardı. Deyilənə görə, bu suyun müalicəvi xüsusiyyətləri vardı.
Axşamüstü uşaqlar yığışıb patrondan poker oynamağa başladılar. Eminağanın əli heç gətirmirdi. Təbiətən çox zarafatcıl olan və hamı ilə dil tapmağı bacaran Eminağa ondan-bundan nə qədər borc patron aldısa, hamısını uduzdu. Birdən Eminağanın əlinə yaxşı xal gəldi, amma oynamağa patronu yox idi. O, ayağa qalxıb dedi ki, bircə an onu gözləsinlər. Çıxıb çöldən bir dənə BMP topunun gülləsini gətirib ortaya qoydu. Uşaqlar o ki var güldülər.
Şam yeməyindən sonra Yaşar bəylə Sarısuya getmiş iki nəfərimiz gəlib çıxdı. Onların dediyinə görə, ora lap yaxşı yerdir. Həm gözəl, səfalıdır, həm də mafiya və tayfa davası, yerli batalyon yoxdur. Üstəlik də hər gün orada vuruşma gedir. Uşaqlar bərk sevindilər. Xüsusən də III vzvodun uşaqları. Ancaq buna ciddi etiraz edənlər də oldu. Onları başa düşmək olardı. Onlar əsasən bərdəli və tərtərli uşaqlar idilər. Sözsüz ki, evlərinə yaxın yerdə xidmət etmək daha yaxşı olardı…
01.06.1992-ci il
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Sözsüz, Nigarla Nərgizi fikirləşirəm. O gün Nərgizin telefonda aramsız olaraq “ata, ata, ata” deməsi qulaqlarımdan getmir. Nigarla isə söhbət eləməmişdim. Məni sevindirən o idi ki, artıq telefonla danışa bilirdi. Adətən körpə uşaqlar telefona alışmadıqlarından danışa bilmirlər.
Səhər toplanışında oxunan əmrə görə bu gündən “1 nömrəli döyüş hazırlığı” vəziyyəti elan olunur. Kazarmalardan, daha doğrusu, düşərgənin ərazisindən kənara çıxmaq qadağan olunur. Evə icazələr dayandırılır. Lakin biz batalyonumuzun nizam-intizam səviyyəsinə yaxşı bələd olduğumuzdan əmin idik ki, bu tələblərə əməl edilməyəcək. Özü də bir dəfə də belə vəziyyət elan olunmuşdu, lakin heç nə dəyişməmişdi.
Doğrudan da günortaya yaxın rotanın komandiri Eldar və daha 6-7 nəfər Bakıya evə getdilər. Halbuki Eldar səhər özü bizə tapşırırdı ki, evə icazələr dayandırılır. Ümumiyyətlə, biz Bərdəyə gələndən rotanın ən azı 65-70 faizi Bakıya gedib-gəlmişdi. Yerdə qalan bizlər isə sadəcə olaraq belə tezliklə evə getməyi yersiz sayırdıq. Hətta elələri vardı ki, bu müddət ərzində iki dəfə gedib-gəlmişdilər. Məsələn, mən hələlik getmək istəmirdim. Baxmayaraq ev üçün, xüsusən də Nigarla Nərgiz üçün darıxırdım. Ancaq bilirdim ki, mütləq bu günlərdə geniş hərbi əməliyyatlar başlanmalıdır. Bu döyüşlərdən salamat çıxmaq sual altındadır. Evdə isə yavaş-yavaş mənsizliyə alışırlar. Ancaq indi evə gedib-gəlsəm, elə bil ki, hər şey təzədən başlayacaq. Nə isə, mənə elə gəlir ki, evə getmədən ölməklə, evə gedib-gəlib ölməyin arasında fərq var. Özü də uşaqlardan ayrılmaq mənə xüsusilə çətindir. Mən evdəkilərə müharibə reallığını, həqiqətlərini yumşaldıb, o qədər də təhlükəli olmayan şey kimi qələmə verirdim ki, məndən yapışıb buraxmamağa çox israr etməsinlər.
Nahardan əvvəl İsaq bizə dedi ki, indicə Yevlaxdan gəlir və orada öz gözləri ilə 100-dən çox T-80 tankı görüb. Doğrudan da bu, çox böyük qüvvə idi və uşaqlar buna çox sevindilər. Lakin fikirləşəndə ki, o tankı bizə verənlər ermənilərə də veriblər, onda düşünməyə məcbursan və Azərbaycanı gözləyən döyüşlərin, ümumiyyətlə müharibənin miqyası adamı bərk narahat edir.
Nahardan sonra güclü yağış yağırdı. Qərargahdan gəlib bizim maaş məsələmizlə əlaqədar naryad blankları verdilər ki, dolduraq. Axşam olurdu. Qərargahın qabağından bir-iki güllə səsi gəldi. Biz buna əhəmiyyət vermədik. Sonra güllələrin sayı daha da çoxaldı. Pəncərədən baxdıq ki, qərargahın həyətində qarmaqarışıqlıq var. Yenə dalbadal atəş səsləri gəldi. Hamımız ora qaçdıq. Sonra aydınlaşdı ki, bütün bu dava qız üstündəymiş.
Bizim düşərgədə hərbi geyimdə 3-4 qız vardı. Deyirdilər ki, bunlar snayperlərdir. Ancaq söz gəzirdi ki, məsələ heç də belə deyil, burda saxlanmalarını əsaslandırmaq üçün onlara hərbi forma veriblər…
Mən ümumiyyətlə qızlardan döyüşdə istifadə olunmasının əleyhinəyəm. Milli orduda olsa-olsa 20-25 qız əsgər olar, yəni Azərbaycanda daha oğlan qalmadı ki, indi də meydan qızlara verilib? Həqiqətən döyüşən qızların ismətinə və qeyrətinə şübhəm yoxdur. Ancaq yaxşı olardı ki, qızların əlinə silah almasına icazə verilməsin. Nə isə…
Bir azdan dava-dalaş səngidi. Qərargahdan çıxan zabitlər hamıya dedilər ki, dağılışsınlar. Zabit vəzifələri həvalə edilmiş bu ləyaqətsiz və həm də bacarıqsız, səriştəsiz, savadsız adamlara baxanda yenə Şuşanın, Laçının verilməsini fikirləşməli olursan. Özü də artıq söz gəzirdi ki, bu qərargahda toplaşmış zabitlər adı burda olub, özü burda olmayan yerli adamın adını əsgərlərin siyahısına saldırıblar və onların pullarını mənimsəyirlər.
“Gün” proqramından sonra Etibar Məmmədovun çıxışına baxdıq. Bu dəfə onun qatı pərəstişkarları da əmin oldular ki, o, sırf avantüristdir.
02.06.1992-ci il
Səhər toplanışında yenidən hamının kefinə soğan doğradılar. Onlar Müdafiə Nazirliyinin bir-iki əmrini oxuyub qurtardıqdan sonra aydınlaşdı ki, hamıya təklif edirlər qayıdın evinizə. Deyilənə görə, orduda silah çatışmır, hərbi xidmətə çağırılmış 18 yaşlı əsgərlər silahsızdırlar. Məhz bizdə olan silahların hesabına onlar silahlandırılmalıdırlar. Məncə, ona görə 18 yaşlı əsgərlərə üstünlük verirdilər ki, onlarda nizam-intizam yüksək səviyyədə idi. Canlı qüvvənin bol olduğu vaxt özbaşınalıq və intizamsızlıq edən könüllülərdənsə hər əmrə müntəzir gənclər daha yaxşı idi.
Mən özüm də qərara gəldim ki, bir-iki gün də gözləyim, heç nə aydınlaşmasa, çıxıb qayıdım evə. Axı nə qədər davaya getmək üçün dava eləmək olardı? Bir azdan yenidən toplanış oldu. Elçin intizam haqqında çox ciddi danışdı. İlk dəfə idi ki, batalyondan bütün səviyyələrdə olan özbaşınalıqlar adbaad deyilirdi. O hətta bir neçə nəfəri toplanışın qabağında tərk-silah edib qovdu. Görünür, Bakıdan dünən gəlmiş Elçinə orada güclü təpinmişdilər. Batalyonda olan vəziyyət haqqında Müdafiə Nazirliyində yaxşı məlumat var.
Bununla belə, Elçinin sözünün üstündə duracağına heç kəs inanmırdı. Çünki dəfələrlə tənbeh etdiyi və ya qovduğu adamlar batalyonda qalmaqdaydılar və öz işləri ilə məşğul idilər. Bir fərq vardı: Elçin bu dəfə təkidlə qeyd edirdi ki, bundan sonra o, öz tələblərində ardıcıl və prinsipial olacaq.
Axşamüstü yoxlama-buraxılış məntəqəsində dava düşdü. Hamımız ora qaçdıq. Məlum oldu ki, Tərtər batalyonundan və Bərdə batalyonundan bir qrup əsgər sərxoş halda bir-biri ilə dalaşırlar. Yenidən Elçin toplanışa düzdü və bu dəfə də bir neçə adamı, o cümlədən zabitləri də tənbeh etdi və qovdu.
Bunlar hamısı yaxşı idi. Ancaq bizi iki şey narahat edirdi. Birincisi, o, kimisə cəzalandıranda əsas günahkarı aramadan, elə güman etdiyi adamı cəzalandırırdı, əsas günahkar isə kənarda qalırdı. İkincisi isə onun cəza tədbirləri çığır-bağır xarakterli olurdu. Sonradan həmin adamlar heç nə olmayıbmış kimi yenə öz bildiklərini edirdilər.
(Ardı var)