Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı – “Azərittifaq”ın sədri, Kooperasiya Universitetinin rektoru, Milli Məclisin deputatı, iqtisad elmləri doktoru, professor Eldar Quliyev Azərbaycan Ağsaqqallar Şurasının sədri seçilib.
Novator.az xəbər verir ki, qərar Ağsaqqallar Şurasının sentyabrın 29-da videokonfrans formatında keçirilən növbədənkənar VIII qurultayında qəbul edilib.
Qurultayda həmçinin Ağsaqqallar Şurası İdarə Heyətinin, Nəzarət-Təftiş Komissiyasının üzvləri seçilib, şuranın yeni nizamnaməsi qəbul edilib.
Ağsaqqallar Şurasının əvvəlki sədri Milli Məclisin deputatı Fəttah Heydərov olub. O, bu il avqustun 4-də vəfat edib.
Eldar Quliyev 1951-ci il iyulun 26-da Bakıda anadan olub. 1968-ci ildə 187 saylı orta məktəbi, 1973-cü ildə indiki Azərbaycan Dövlət İqtisad Universitetini bitirib.
1993-cü ildən “Azərittifaq”ın sədri, 2011-ci ildən Kooperasiya Universitetinin rektorudur. 2000, 2005, 2010, 2015-ci illərdə keçirilən parlament seçkilərində Milli Məclisə vəsiqə qazanıb. 2020-ci ilin növbədənkənar parlament seçkisində 28 saylı Sabunçu seçki dairəsindən deputat seçilib.
2011-ci ildə “Şöhrət” ordeni ilə təltif olunub.
Ailəlidir, iki övladı var.