Döyüş gündəliyi (10)
- 28 Sentyabr 2020
- comments
- Səidə Hüseynova
- Posted in ManşetTribunaYazarlar
Tofiq Yaqublu
Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra altı rayonumuzun ermənilərə təhvil verilməsi məni çox üzürdü. O, iqtidara gələn kimi torpaqlarımızın müdafiəsindən daha çox hakimiyyətinin möhkəmləndirilməsi ilə məşğul olmağa başladı. Xüsusi hazırlaşdırılmış 33 batalyonu “cəbhəçilər” elan edərək buraxdılar. Ermənilər Zəngilanı hədəfə aldığı ərəfədə Bakıda, Respublika sarayında təntənəli tacqoyma mərasimi keçirildi. Ölkədə rəsmən şadyanalıq elan edilmişdi. Taleyin ümidinə buraxılmış zəngilanlılar özlərini Araza ataraq İran ərazisinə keçməklə xilas ola bilmişdilər.
Hakimiyyətin itirilməsi məni bir o qədər narahat etmirdi. Düşünürdüm ki, bir az keçəcək, haqq-ədalət bərpa olunacaq. Ancaq itirilmiş torpaqlar bir an da olsun başımdan çıxmırdı. Günlər keçir, döyüş bölgələrindən isə bir xoş xəbər gəlmirdi.
O vaxtlar ermənilərin ciddi yanacaq problemi varıydı. Onlar yanacağı avtotankerlərlə Gürcüstan ərazisindən keçməklə Rusiyadan daşıyırdılar və ehtiyaclarını çətinliklə ödəyirdilər. Deyirdilər ki, bir müddət Ermənistana yanacaq daxil olmasa, onların döyüş texnikası dayanacaq və ümumiyyətlə, orada həyat donacaq.
Döyüşçü dostum Mustafa Cəlilin Müdafiə Nazirliyində bir zabit tanışı varıydı. Həmin zabit ermənilərin yanacaq karvanının partladılması ideyası haqqında danışanda Mustafa məni nəzərdə tutaraq əminliklə deyib ki, döyüşçü dostum var, bu işi bacarar. Mustafa döyüşlər zamanı ermənilərin arxasına keçib əməliyyatlar keçirdiyimi bildiyindən əminliklə demişdi.
Bir az əvvəl isə bizim batalyonun 10-15 nəfər döyüşçüsü toplaşaraq yenidən müharibəyə getmək haqqında razılaşmışdıq. Elə bizim yenidən əvvəlki tərkibdə döyüşə getməyimizi təşkil etmək üçün Mustafa həmin zabitlə görüşəndə bu məsələ ortaya çıxmışdı.
Sabah həmin zabitlə görüşməliydim, amma burada deyirdilər ki, bizi Qaraşəhərdəki təcridxanaya aparacaqlar və hərəmizə 10-15 sutka verəcəklər. Həm də buna görə çox pərt olmuşdum. Ancaq öz-özümə düşünürdüm polis idarəsi mayor Təlimdən ibarət deyil, yəqin burada biri tapılar ki, mənim nə poqon qopartmadığımı, nə də kəllə atmadığımı dəqiqləşdirər. Lakin möcüzə baş vermədi, bizi avtobuslara doldurub Qaraşəhərdəki təcridxanaya gətirdilər.
Təcridxanadan çıxandan sonra Mustafanı axtarıb tapdım, məsələni ona danışdım və yenə də zabitlə görüşmək istədiyimi bildirdim.
Təxminən üç-dörd gün sonra Mustafa mənə dedi ki, həmin zabit sabah saat 14-də “Gənclik” mehmanxanasının qabağında gözləyəcək. Deyilən vaxtdan 10 dəqiqə əvvəl həmin yerə gəldim. Bir az keçmişdi ki, zabit də gəldi. Onun hərbi forması məni bir az təəccübləndirdi. Hərbi pilot idi. Görüşdük və salamlaşdıq. Məlum oldu ki, bu, Mustafanın dediyi zabit deyil, onun vacib işi çıxdığından bu pilotu göndərib.
Əvvəlcə özü haqqında, döyüş uçuşları haqqında danışdı. Məlum oldu ki, o vaxt çox hay-küyə səbəb olmuş, Ermənistan ərazisində rayon mərkəzinin bombalanmasını o edibmiş. Pilot mənə çoxlu suallar verdi, qətiyyətimə əmin olandan sonra sabah Müdafiə Nazirliyinə gəlməyi xahiş etdi və daxili telefon nömrəsi verdi.
Ertəsi günü Müdafiə Nazirliyinə gedib deyilən nömrəyə zəng etdim. Dəstəyi görüşəcəyim zabitin özü qaldırmışdı. Beşcə dəqiqə gözləməyimi xahiş etdi. Bir tərəfə çəkilib qəzet oxumağa başladım, amma bir gözüm nazirliyin qapısındaydı. Qapıdan çıxan zabitlərə diqqətlə baxırdım ki, gözü ilə adam axtarsa qabağa durum. Beləcə xeyli gözlədim.
Bu arada əynində qara dəri gödəkcə olan, başı qırxıq, ortaboylu, 40-45 yaşlarında cantaraq bir nəfər çıxdı. Hərbi formada olmadığı üçün görüşəcəyim zabitin o olduğunu güman etmədim. Baxdım ki, qapıdan bir az aralanandan sonra ora-bura boylanmağa başladı və kimisə gözlədiyimi hiss edib mənə yaxınlaşdı. Salam verib adımı soruşdu. Kim olduğumu öyrənəndən sonra özünü təqdim etdi. Məlum oldu ki, Mustafa deyən zabit budur.
Qolumdan tutub yaxında dayanmış yaşıl rəngli “Moskviç”ə tərəf yönəldi. Maşına oturduq. Maşında məni sorğu-sual etməyə başladı. Onun sualları bu işdə nə qədər qətiyyətli olduğumu və silahlardan necə istifadə etməyimi aydınlaşdırmağa yönəlmişdi. Mən təmkinlə onun suallarına cavab verirdim.
Bir azdan suallarını qurtarıb maşını işə saldı. Dedi ki, indi Prezident Aparatına gedəcəyik, ora sənin haqqında ilkin məlumat vermişik. Bir nəfər səninlə söhbət edəcək, o razılıq verəndən sonra birgə fəaliyyətə başlayacağıq.
Düzü, Prezident Aparatı söhbəti məndə şübhə və tərəddüd yaratdı. Özünə bir söz demədim, fikirləşdim ki, bəlkə bu mənim müsavatçı olmağımla bağlıdır, ola bilsin, hər ehtimala qarşı məsələni orada da razılaşdırmaq istəyirlər.
Bir azdan o, maşını Nazirlər Kabinetinin qabağında saxladı. Ona dedim ki, maşından düşməmiş bəzi şeyləri dəqiqləşdirməli və razılaşdırmalıyıq. Ondan sonra görüşməyə gedərik. Razılaşdı. Əvvəlcə soruşdum ki, atəşkəs elan olunan dövrdə bu əməliyyata ehtiyac qalırmı? Ermənilərin ünvanına rusca söyüş söyəndən sonra dedi ki, atəşkəs-zad boş şeylərdir, müharibə davam edəcək, çalışıb Ermənistana zərbələr vurmalıyıq.
Bu ideya ortaya çıxandan çox qorxduğum bir məqam varıydı. Məsələ beləydi ki, hələ xeyli əvvəl Gürcüstan ərazisindən Ermənistana gedən yanacaq karvanlarının marşrutu haqqında xeyli məlumat toplamışdım. Dayım Tiflisdə polis podpolkovnikiydi. Onunla danışıb bir çox şeyləri dəqiqləşdirmişdim. Öyrənmişdim ki, yanacaq karvanları Ermənistana Sadaxlı yolu ilə yox, Başkeçid rayonundan keçən yolla gedirlər. Orada diversiya üçün unikal şərait varıydı. Yol hər iki tərəfi sıldırım qayalar və meşələr olan dərin dərədən keçirdi. Nəzərdə tutduğum yer soydaşlarımızın yaşadığı Səfərli kəndinə yaxın yeriydi. Bir az yuxarıda, lap Ermənistanla sərhəddə 1990-cı illərin əvvəllərində baş vermiş hadisələr zamanı tamamilə boşalmış Saatlı və Muğanlı kəndləri yerləşirdi. O zamanlar Gürcüstanda xalq ordusu Mxedrioninin silahlıları və polislər soydaşlarımıza qarşı çox qəddarlıq edirdilər. Hər xırda şeyə görə adamları döyür, evinə basqın edir, maşınını əlindən alır, hətta öldürürdülər. Dövlət katibi Lalə Şövkət Hacıyevanın Başkeçidə səfərindən sonra vəziyyət bir balaca düzəlsə də, sonradan hər şey əvvəlki vəziyyətinə qayıtmışdı. Qorxurdum ki, diversiya həyata keçirilən yerə yaxın bütün türk kəndlərinə zülm etsinlər. Bundan sonra baş vermiş hadisəni araşdırmaq və günahkarların tapılması adı altında camaatın başına oyun aça bilərdilər. Üstəlik də həmin yer Ermənistan sərhədinə lap yaxın idi, ermənilər də basqın edə bilərdilər.
Ona görə də zabitdən soruşdum ki, diversiyadan sonra soydaşlarımızın təhlükəsizliyinə kim qarantiya verəcək, Azərbaycan hökuməti onları müdafiə edə biləcəkmi? O, fikirləşmədən dedi ki, bundan heç narahat olma, hər şey düşünülüb. Aydınca hiss olunurdu ki, yalan deyir. Çünki mən buna qədər əməliyyatı harada planlaşdırdığımı deməmişdim, o isə düşünmədən heç bir problem olmayacağını deyirdi. Ona dedim ki, indi kimlə görüşəcəyiksə, bu söhbəti ona deməliyəm. O, bir az gözləməyimi xahiş edib maşından düşdü və Prezident Aparatına tərəf yox, birbaşa Nazirlər Kabinetinin qapısına doğru getdi. Qapıda duran polis ondan heç nə soruşmayaraq içəri buraxdı. Mənə elə gəldi ki, o, qapıdan keçib həyətə çıxdı və həyətlə Prezident Aparatına tərəf getdi.
Maşında təxminən 20-30 dəqiqə gözlədim. Zabit mənə dedi ki, həmin adamla bu gün görüşmək mümkün olmayacaq, biz sabah saat 12-də metronun “İnşaatçılar” stansiyasının yanında görüşməliyik. İndi mənim özümə ciddi tapşırıq verdilər, onunla məşğul olmalıyam, sabah görüşüb bütün detalları danışarıq və yenidən bura görüşə gələrik.
Axır dözməyib Prezident Aparatı söhbətinin məni açmadığını ona bildirdim. Dedim ki, əgər siz Ermənistana gedən yanacaq karvanının partladılmasını istəyirsinizsə, bunu mən edərəm, gəlin tapşırığın icrası ilə bağlı detalları müzakirə edək, bu işə Prezident Aparatının nə dəxli? Dedi ki, darıxmayım, sabah görüşəndə bütün hər şeyə aydınlıq gətiriləcək. Ancaq onu da deyim ki, Müdafiə Nazirliyinin qabağında maşında mənə verdiyi suallardan onun peşəkar hərbçi olduğuna əmin olmuşdum. Orada Qarabağ müharibəsindən əvvəl Əfqanıstanda döyüşdüyünü də demişdi.
Ertəsi günü deyilən yerdə görüşdük. Zabitin yanında hərbi səhra formasında daha bir zabit də varıydı. Oradakı kafelərin birində oturduq. Məndən əməliyyatı necə keçirəcəyimi soruşdular. Bildirdim ki, nəzərdə tutduğum yer hər iki tərəfi sıldırım olan dərin dərədir. Bizim kəndimiz isə qonşu Bolnisi rayonun ərazisindədir və həmin dağların arxasındadır. Misal üçün dağların Şamaxı ilə Xızını necə ayırmasını göstərdim. Bildirdim ki, bir günə dağları o üzə aşmaq olar. Yanacaq karvanı hələ Şimali Osetiyanın ərazisinə olanda bizə xəbər verəcəkdilər, hesablanmış vaxtda Bakıdan yola düşəcəkdik. Silahları Gürcüstan sərhədindən keçirməyi öz boynuma götürürdüm. Dörd-beş nəfərlik dəstə ilə günün qaranlıq vaxtında bizim kəndin yaxınlığına gəlirik, kəndə girmədən, heç kəsə bildirmədən birbaşa meşəyə girib dağları aşıb nəzərdə tutduğum yerə gəlib gözləyirik. Karvan bərəyə çatanda əvvəlcə qumbaraatanla birinci və axırıncı maşınları partladırıq, sonra da qalanlarını. Yəqin ki, belə vəziyyətdə oradan salamat çıxan ola bilməzdi. Əgər karvanın mühafizəsi bizə atəş açsa, biz də avtomatlarla cavab veririk. Sonra da dərhal dağa çəkilirik və onu aşıb növbəti dəfə havanın qaralmağını gözləyirik. Sonra da əvvəlcədən müəyyənləşdirdiyimiz marşrutla Azərbaycana qayıdırıq.
Hər ikisi dedi ki, normal plandır və sonra əlavə suallar da verdikdən hansı döyüş ləvazimatlarının lazım gələcəyini soruşdular. Mən də dedim ki, ən azından 3 qumbaraatan və hərəyə bir avtomat. Avtomatların desantlar üçün nəzərdə tutulmuş qatlanan metal qundaqlı olmasının vacibliyini də bildirdim.
Bundan sonra məsələyə dəxli olmayan şeylərdən, döyüşlər zamanı başlarına gəlmiş maraqlı hadisələrdən danışdılar. Mən də öz növbəmdə bir-iki döyüş əhvalatı danışdım.
Bəzi işlər üçün onlar daha iki gün vaxt istədilər. Dedilər ki, zəng edəcəklər. Yaxşı ki, daha Prezident Aparatına getmək söhbəti eləmədilər, bu, heç xoşuma gəlmirdi.
Qalxmaq istəyəndə onlara bir daha xatırlatdım ki, bütün bunlar müsavatçını tora salmaq üçün oyun olmasın. Çünki narahat olmağa kifayət qədər əsasım varıydı. Bir az əvvəl daxili işlər naziri Vaqif Novruzovun AXC-nin qərargahının zirzəmisindən silah-sursat “tapdığını” xatırlamaq kifayət idi. Mən bu söhbəti birinci dəfə zabitlə görüşəndə də demişdim, məni əmin etmişdi ki, elə şey ola bilməz. Üstəlik, hələ bu ideya ortaya çıxanda Mustafadan həmin zabitə etibar etməyin mümkünlüyünü soruşmuşdum, o da məni arxayın etmişdi. İndi bu dəfə də hər ikisi qətiyyətlə bildirdilər ki, onlar siyasətlə maraqlanmırlar, vətənin ağır günündə Sovet Ordusundan könüllü olaraq gəliblər, məqsədləri ermənilərlə haqq-hesab çəkməkdən başqa bir şey deyil.
(Ardı var)