Döyüş gündəliyi (9)
- 25 Sentyabr 2020
- comments
- Səidə Hüseynova
- Posted in ManşetTribunaYazarlar
Tofiq Yaqublu
Günortadan sonra o biri rotanın uşaqları voleybol oynayırdılar. Mən əsgərlikdə və ondan sonra bir müddət voleybol oynamışam. Təvazökarlıqdan uzaq olsa da, özümü yaxşı oyunçu saymışam. Dözə bilməyib mən də oyuna qoşuldum.
Günorta yeməyindən dərhal sonra gedib Bərdədən Rimaya zəng etmişdim. Düzü, heç getmək fikrim yox idi. Novruz yaxınlaşıb dedi ki, tək getmək istəmirəm, gəl sən də icazə al, birlikdə şəhərə zəng etməyə gedək. Mənim pulum yox idi. Təbrizdən 25 manat aldım. Rimayla danışıb qayıtdım.
Gecə düşərgəmizin nəzarət-yoxlama məntəqəsi yaxınlığında atışma başladı. Belə atışmalar hər gün olurdu. Bu gün isə xeyli uzun çəkdi. Hamısı şəhəri dolaşan silahlı dəstələrin işi idi. Bir azdan artıq şəhərdən atışma səsləri gəlirdi. Deyəsən, qumbaraatanlardan atırdılar. Bu, Ələmşahın tərksilah prosesinə müqavimətinin nəticəsi idi (Ələmşahla Raqub Bərdədəki iki silahlı dəstənin başçıları idilər).
29.05.1992-ci il
Artıq bir neçə gün idi ki, Təbrizlə mən II vzvoddan III vzvoda keçmişdik. Bunu özümüz xahiş etmişdik. Buna səbəb bizim vzvoddan olan bəzi uşaqların xasiyyətcə bizi qane etməməsidir. Düzü, onlarla bizim aramızda heç bir mübahisə və münaqişə olmamışdı. Hər halda qərara aldıq ki, belə yaxşı olar.
Səhər toplanışından sonra rotanın komandiri Eldar bizə dedi ki, bütün əsgərlərlə Müdafiə Nazirliyi arasında 2 il müddətinə müqavilə bağlanmalıdır, imzalamayanlar indidən azad olunurlar. Müqavilənin şərtləri isə bir az qeyri-müəyyən olduğundan çox müəmmalı görünürdü. Ümumiyyətlə, müqavilənin sənədləşdirilməsi işi çox naşılıqla edilirdi. Odur ki, əsgərlər bunu birmənalı qarşılamadılar. Çoxlu mübahisə doğurdu. Ancaq bir şey məlum idi ki, hamımız o müqaviləni imzalayacağıq. Çünki heç kəs geri, evə qayıtmağı özünə sığışdırmazdı.
Günortadan sonra yenidən voleybol oynadıq. Bu gün oyunumuz daha yaxşı keçdi. Axşamüstü xəbər verdilər ki, bizə aprel ayı üçün maaş alınıb və sabah paylanacaq. Əgər belədirsə, çox yaxşı olar. Keçən dəfə Rimayla danışanda demişdim ki, qoy Maya mayın 30-da, şənbə günü sizə gəlsin, mən çalışıb zəng edərəm. Televiziyada Əbülfəz bəyin seçkiqabağı çıxışına baxdıq. Mənə ləzzət verən o oldu ki, hamı onu razılıqla qarşıladı.
30.05.1992-ci il
Bu gün Maya uşaqları da götürüb Rimagilə gəlməliydi. Şərtləşdiyimizə görə, mən saat 14-dən sonra zəng etməliydim. Saat 11-də avtobusla bizi hamama aparırdılar. Fikirləşdim ki, gedib çimənə qədər vaxt da çatar. Hamamdan çıxıb, icazə alıb zəng etməyə getdim.
Danışıq məntəqəsindəki saata görə, 2-yə 10 dəqiqə qalırdı. Sifariş verdim. Cəmi bir-iki dəqiqənin ərzində verdilər. Dəstəyi Günay götürdü. Rima bizə gedibmiş. Mayagili gətirməyə. Dedim, gedib 1 saatdan sonra gəlim. Şəhərdə bir az fırlanandan sonra yenə ora qayıtdım. Baxıb görürəm ki, divar saatı yenə həmin vaxtı göstərir. Sən demə, saat işləmirmiş. Öyrəndim ki, saat 13-dür.
Bayıra çıxdım. Bu vaxt bizim vzvoddan olan Nəsiblə rastlaşdım. O dedi ki, gedək rabitə qovşağının rəisinin yanına, oradan zəng elə. Onlar tanış imişlər. Mən təşəkkür etdim və dedim ki, evdə heç kəs yoxdur, mən hələ 1 saat gözləməliyəm. Gedib bir az da hərləndim.
Qayıdanda artıq Nəsib rabitə qovşağının rəisi ilə həyətdə söhbət edirdilər. Məni də onunla tanış etdi. Bir az söhbət etdikdən sonra mən telefonla danışacağım haqda heç nə deməyib onlardan aralanıb danışıq zalına qayıtdım.
Həmin gün üstümdə cəmi 16 manat var idi. Bayaq Günayla danışanda 3 manat vermişdim. Qalmışdı 13 manatım. Təzədən sifariş verdim və dedim ki, cəmi 13 manatım var, vaxt tamam olanda xəbər verin.
Rima və Maya ilə danışdım. Rima dedi ki, Etibar mənə Sevdanın əri Fəxrəddindən 300 manat göndərib. Danışığın sonunda yenə Maya ilə danışmaq istədim. Bu arada qız dedi ki, vaxt bitdi. Rima tələsik sağollaşıb dəstəyi asdı. Telefonçu qız elə o anda əlavə etdi ki, danış nə qədər istəyirsən. Artıq Rima dəstəyi qoymuşdu. Mən başa düşdüm ki, rəis qızlara belə tapşırmışdı. Daha elə vacib sözüm olmadığından nömrənin təzədən yığılmasını istəmədim. Məndən heç pul da almadılar.
Mən oradan çıxanda artıq Nəsib getmişdi. Oradan Fəxrəddin işləyən yerə gəldim. Nahar vaxtı idi. O, yemək təklif etdi, ac olsam da, razılaşmadım. Sonra o, 300 manat verdi. Mən yalnız pulu alandan sonra başa düşdüm: Etibar sadəcə olaraq Fəxrəddinə zəng edib ki, mənə 300 manat versin. İşi belə görüb istədim ki, pulu geri qaytarım, ancaq o götürmədi.
Pul mənə o qədər də lazım deyildi, özü də deyirdilər ki, artıq bizim pullar alınıb, tezliklə paylayacaqlar.
Bərdədən qayıdanda gördüm ki, uşaqlar voleybol oynayırlar. Sözsüz ki, mən də onlara qoşuldum. O qədər oynamışdım ki, artıq qolum qalxmırdı. İki gün dalbadal oynadığımdan xamlamışdım. Çoxdan oynamamışdım, indi isə dalbadal sağ əllə topa zərbə vurmaqdan çiynim bərk ağrıyırdı. Toz-torpağa bulaşmışdım. Bugünkü hamamdan əsər-əlamət qalmamışdı. Oynayıb qurtaran kimi mən, Elçin və Adıgözəl qaçıb göldə çimdik.
Axşamüstü Əlövsət Bakıdan qayıtmışdı. AXC-nin Binəqədi rayon şöbəsi haqqında danışdı. Bəzi məsələlər məni çox narahat etdi. İstərdim ki, orada olam. Hətta Əlövsətin dediyinə görə, şöbəmizin fəallarından olan Ehtiram bəy məni və Əlövsəti AXC xətti ilə Bakıya çağırtdırmaq istəyir. Vəziyyətimiz elə idi ki, bizi düzgün başa düşməyə bilərdilər. Amma orada olsaydıq, bəzi ciddi məsələlərdə təsirimiz olmalıydı. Axşam isə yenidən qarovula getdim.
Haşiyə
Əbülfəz Elçibəy hakimiyyəti devrilmişdi. Ölkə demokratik inkişaf yolundan dönərək yenidən avtoritarizm, yalan, məddahlıq korrupsiya, rüşvətxorluq, yerlibazlıq, qohumbazlıq yoluna düzəlmişdi. İyun hərbi çevrilişindən şoka və tərəddüdə düşmüş müxalifətçilər yavaş-yavaş özünə gəlməyə, yenidən mübarizə aparmağa, dirəniş göstərməyə başlayırdılar. Mübarizə ruhunun tamamilə ölməməsi və onun yenidən bərpa olmasında parlamentdəki müxalifətçi deputatların fədakarlığının da xüsusi rolu varıydı.
Müxalifət Bişkek protokolu ilə bağlı etiraz aksiyası təyin etmişdi. Səhv etmirəmsə, bu, Heydər Əliyev dövründə ilk ciddi etiraz aksiyasıydı. Dənizkənarı bulvarda toplaşıb Azadlıq meydanına doğru yürüməliydik. O vaxt Müsavat Partiyası Binəqədi rayon təşkilatının sədriydim. Ciddi təşkilati işlər aparmışdıq və üzvlərimizə tapşırıqlar vermişdik.
Yürüş vaxtına hələ yarım saatdan da çox qalırdı. Binəqədi müsavatçısı Hafiz bəylə Axundov adına kitabxananın qabağından keçirdik. Ətraf polislə doluydu. Onlar gəlib-keçənlərin üzünə diqqətlə baxır, müxalifətçi olub-olmadığını müəyyənləşdirməyə çalışırdılar. Açığını deyim ki, bu onlarda həmişə alınır. Sanki kimlikləri müxalifətçilərin alnına yazılıb. Onların üzündəki ifadə, yerişləri, duruşları, danışıqları fərqlənir. Bizə bir neçə polis yaxınlaşdı. Özümüzü küçədən keçən təsadüfi adamlar kimi göstərməyə çalışdıq ki, birtəhər buranı keçək. Ancaq xeyri yoxuydu, Hafizin əlindəki “Azadlıq”, mənimsə əlimdəki “Yeni Müsavat” qəzetləri bizi satmışdı.
Bizi saxlayanların başında duran Təlim adlı bir mayor idi. Sonradan öyrənmişdim ki, o, Bakıxanov qəsəbəsi ərazisində sahə müvəkkilidir. Mayor Təlim dərhal kobudluq etməyə başladı, əvvəlki hakimiyyətin, Elçibəyin və xüsusən də keçmiş daxili işlər naziri İsgəndər Həmidovun ünvanına təhqirlər yağdırmağa başladı. Bunları udmaq heç cür mümkün deyildi. Odur ki, biz də qarşılıq verdik.
Bizi tutub yaxında hazır dayanmış UAZ markalı polis maşınına mindirdilər. Maşınların arxasında həbs edilmişlər üçün nəzərdə tutulmuş yerdə yox, salonda oturmuşduq. Yolboyu mayor Təlim dayanmadan təhqirlərini davam etdirdi. O, daha çox öz keçmiş nazirini söyürdü, görünür, İsgəndər bəy nazir kimi onun hansısa iddialarını təmin etməyibmiş.
Bizi Səbail Rayon Polis İdarəsinə gətirdilər. İçəri keçən kimi mayor Təlim növbətçi hissədə dayanmış rəisə (səhv etmirəmsə, Nazim Nağıyev idi) əliylə məni göstərərək dedi ki, bu, poqonlarımı qopartdı və mənə kəllə atdı. Yalan deməyinə yalan deyirdi, amma poqon məsələsi çox uğursuz yalanıydı, çünki onun poqonları yerindəydi və rəis də bunu görürdü.
Hafizi artıq bizə qədər tutulub gətirilmiş müxalifətçilər olan xeyli geniş otağa saldılar. Məni isə dəhlizin o başındakı sağ tərəfdəki otağa apardılar. Buraya məndən əvvəl iki nəfər də müxalifətçi gətirmişdilər. Bir polis zabiti stolun arxasında oturub nəsə yazırdı. Arxamca otağa beş-altı yekəpər polis daxil oldu və üçümüzə də divan tutmağa başladılar. Bu xoşagəlməz proses dörd-beş dəqiqə çəkdi. İçimizdə nisbətən cüssəli olan müxalifətçini daha çox vurmuşdular, onun üz-gözü qan içindəydi.
Bu vaxt otağa mayor Təlim girdi. O, qalib ədasıyla, həm də rişxəndlə mənə baxdı və “Sən Tofiqsənmi?” deyə soruşdu. Məlum oldu ki, idarədəki sıravi polislərdən biri Qarabağ müharibəsindən məni tanıyıbmış və bunu polislərə deyib. Təəssüf ki, həmin polisi görə bilmədim, yəqin könüllü döyüşçülərdən olub, müharibədən qayıtdıqdan sonra da polisə düzəlibmiş.
Əvvəlcə düşündüm ki, Qarabağda döyüşdüyümü nəzərə alaraq məni buraxmaq və ya üzrxahlıq etmək istəyirlər. Ancaq mayor Təlim məni Qarabağda döyüşmək əvəzinə torpaqları satmaqda, avtomat oğurlamaqda, ölmüş əsgərlərin ciblərini boşaltmaqda, ermənilərə casusluqda ittiham etməyə başladı.
Sonra üçümüzü də otaqdan çıxarıb digər aksiyaçılar salınmış otağa gətirdilər. Burada xeyli adam varıydı. Onlardan deputat Tofiq Qasımovu, rəhmətlik Rüstəm Qasımlını, Yaşar Türkazəri, İlham Hüseynlini xatırlayıram.
(Ardı var)