Döyüş gündəliyi (8)
- 24 Sentyabr 2020
- comments
- Səidə Hüseynova
- Posted in ManşetTribunaYazarlar
Tofiq Yaqublu
Nahardan sonra yenə arxın yanına getdim. Corablarımı yumağa başladım. Gördüm ki, corabların bir cütü tamam cırılıb, daha ələ gəlməz, atdım suya. Aradan xeyli keçəndən sonra yuduğum corabları yaxalamaq istəyəndə gözlərimə inanmadım. Sən demə, eyni rəngdə olduğundan cırıq corabları saxlayıb, təzələri atmışam.
Öz-özümə hirsləndim. Məndə belə huşsuzluq tez-tez olur. Fikirləşdim ki, babam burada olsaydı, yəqin yenə hirslənmişdi. Həmişə belə diqqətsizlik üstə danlayardı. Xoşbəxtlikdən corablar bir az axıb, moruğun budağına ilişib qalmışdılar.
Hələ Bakıda olanda bizim hissəyə xeyli istehkamçı beli (“sapyornaya lopatka”) gətirmişdilər. Balaca dəstəkli bu lopatkalar kəmərdən asılan xüsusi torbada gəzdirilir. Mən həmin torbalardan ikisini heybəmə qoymuşdum. Çünki bu torbalar, lopatkanın dəstəyi çıxmaq üçün deşik nəzərə alınmazsa, avtomatın güllə darağını gəzdirmək üçün olan torbaya bənzəyirdi.
Hələ oradaykən fikirləşmişdim ki, bundan daraq üçün torba düzəltmək olar. Üstündə bir az işlədikdən sonra əla daraq torbası alınırdı. O birisini isə Təbrizə verdim ki, o da özü üçün düzəltsin.
Məndə artıq 180 dənə patron varıydı. Ogünkü atışmalardan qalmışdı. Daraqlar dolandan sonra artıq qalanını gəzdirmək üçün bir az namünasib idi. Odur ki, indi düzəltdiyim torba əla alınmışdı.
Axşama yaxın batalyonun bütün rotaları ağacın altında toplaşıb məsləhətləşirdilər. Çünki hamını şəhərdəki patrul işi ciddi narahat edirdi. Zabitlərin cavabından aydın olurdu ki, onlar da bu işdə acizdirlər, ancaq bununla belə, şəhərə patrul göndərirdilər. Artıq hamının arasında söhbət gəzirdi ki, bir-iki günə irimiqyaslı hücumlar başlanacaq. Hətta Bakıya instituta imtahan verməyə gedəsi bir qrup əsgəri də saxladılar ki, hələ burada olun.
Əsgərlərin narazılığına bir də o səbəb olurdu ki, hələ indiyədək heç kimə 1 manat da olsun pul verilməmişdi. Onların siqaret almağa pulları yox idi. Elə tez-tez deyirdilər ki, pul veriləcək, lakin əməl etmirdilər. Mənə pul zəng etmək üçün lazım idi. Bilirdim ki, heç kəsin pulu yoxdur. Ona görə də heç kəsdən istəmirdim.
Axşamüstü bizim batalyona məxsus avtobusu Bərdədə gülləyə basmışdılar. Bir neçə yerdən deşik-deşik olmuşdu. Bunlar hamısı patrul xidmətiylə bağlıydı.
26.05.1992-ci il
Dünən gecə saat 3-dən səhər saat 7-dək kazarma üzrə gözətçi oldum. Kazarmada gözətçiliyə xüsusi diqqət yetirilirdi. Yatan uşaqları üç nəfər avtomatla mühafizə edirdik. Çünki yerli banditlərdən ehtiyat edirdik. Gecə rahat keçdi.
Səhər toplanışında qarnizon rəisinin əmri oxundu. Əmr daxili nizam-intizamı yüksəltmək üçün verilmişdi. Amma mənasız şey idi. Onsuz da yerli batalyondan olan uşaqlar özlərini çox harın aparırdılar. Təsəvvür edin ki, səhərdən-axşama düşərgə ərazisində atəş səsləri ara vermirdi. Hiss olunurdu ki, avtomatı alıb xoruzlanmaq üçün yerli ərazi müdafiə batalyonuna üzv olanların sayı lap çoxdur. Belə vəziyyətdən zinhara gəlmiş bizim Bakı batalyonunun uşaqları artıq dözə bilmirdilər.
Elə dünən bizim batalyonun Xanlarda yerləşdirilmiş rotasından bir nəfər gəlmişdi. Onun dediyinə görə, onların yerləşdirildiyi kənddə onlardan başqa heç kəs yoxdur və onlar bizim keçirdiyimiz qorxu və təəssüf hisslərindən uzaqdırlar.
Son zamanlar yeməkxanada verilən yeməkdən gileylər artmağa başlamışdı. Artıq bir qayda olaraq yeməklər keyfiyyətsiz bişirilir və hamıya çatmırdı. Düzdür, özbaşınalıq sarıdan keçirdiyimiz narahatlıq zamanı yemək məsələsi o qədər də yada düşmürdü, ancaq hər halda belə də bizi qane etmirdi.
Günorta yeməyindən sonra yerimə uzanmışdım ki, bir az yatım, çünki dünən gecə yatmamışdım. Nəsə yuxuya gedə bilmirdim. Bir də gördüm ki, hamı ağacların altına toplaşıb. Əynimdə idman forması varıydı. Yaxınlaşıb gördüm ki, televiziyanın “215-KL” studiyasından gəliblər. Əvvəlcə əynimə görə yaxınlaşmaq istəmədim. Sonra hər halda yaxınlaşdım. Hamı müxtəlif şeylərdən danışırdı. Fikirləşdim ki, bizi narahat edən problemlərdən danışaram.
Aparıcı Etibarın “indicə sənə söz verəcəyəm” deyə başı ilə işarə etməsinə baxmayaraq hamı mikrofonu özünə tərəf dartırdı. Nəhayət, sözü mənə verdilər. Bundan əvvəl aparıcı dedi ki, vaxtımız azdır, çalışın qısa danışın. Məni narahat edən şeylərdən danışmaq isə mümkün deyildi. Heç özüm də bilmirəm necə danışdım. Gözləyirik, görək necə göstərəcəklər.
Bu gün bizimlə olan sumqayıtlı əsgərlərin üçü haqqında bir məqamla tanış oldum. Bizim rotada hamımızdan yaşlı üç əsgər var idi. Çingiz, Ələsgər və Elçin. Sən demə, bunlar üçü də qardaş imiş. Onların üçünün də birdən gəlməsi məsələsi belə olub. Evdə Elçinlə Ələsgər arasında cəbhəyə getmək üstə mübahisə düşür. Onlardan heç biri evdə qalmaq istəmir. Axırda məcbur olub qərara alırlar ki, hər ikisi də döyüşə getsin. İşi belə görən anaları böyük oğlu Çingizə məsləhət görür ki, onda sən də get, uşaqların üstündə göz ol. O anaya heyran qalmamaq olmurdu.
Sumqayıtdan olan başqa bir Elçinlə qəribə bir əhvalat baş verdi. Hey döyüşə can atan bu çılğın oğlan dostu ilə nə üstündəsə qızğın mübahisə edirdi. Mübahisə zamanı elə qızmışdı ki, birdən əlindəki bankanı var gücü ilə öz başına çırpdı. Başı əmməli-başlı yaralandı. Televiziya işçiləri kadrlar çəkəndə Elçin də orada idi. Evdəkilər fikirləşəcəkdilər ki, döyüşdə yaralanıb.
Televiziya işçiləri gedəndən sonra ağaclıqda qurulmuş tennisdə xeyli oynadım. Keçən yay Elxan əmimgilin həyətində Etibarla və Yaşarla oyunlarda topladığım təcrübə əməlli-başlı karıma gəldi.
Axşama yaxın Nazimdən xahiş etdim saçımı düzəltsin. O, Sumqayıtda dəllək işləmişdi. Maşallah, bizim rotada uşaqların saçını lap əla düzəldirdi.
27.05.1992-ci il
Çoxdan söhbət gedirdi ki, bizə təzə forma verəcəklər. Nəhayət, bu gün səhər toplanışından sonra forma payladılar. Biz birrəngli forma arzulayırdıq. Amma yenə qaralı-bozlu qarmaqarışıq maskalanma rəngi olan formadan, yəni əynimizdə olan formadan verdilər. Onların da hamısı eyni keyfiyyətli olmurdu. Məsələn, Bakıda forma alanda mənə pis keyfiyyətlisi düşmüşdü. Bu dəfə yaxşısını götürdüm. Hamılıqla qərara gəldik ki, əynimizdəki formanın ora-burasını tikib-yamayıb gündəlik onu geyinək. Şəhərə gedəndə isə təzəni geyinərik.
Günorta yeməyindən sonra yenə irimiqyaslı narazılıq, mübahisə başladı. Hamı verilən yeməyin keyfiyyətindən və azlığından narazılıq edirdi. Məsələn, bu gün nahara ancaq birinci xörək olmuşdu ki, buna da yemək demək olmazdı. Adicə bulanıq su idi. Əsgərlər haqlı narazılıq edirdilər. Əgər döyüş şəraitində imkansızlıqdan irəli gəlirdisə, onda heç kim səsini çıxarmazdı. Ancaq bütün bunlar zabit rütbəsi alıb qərargahda toplanmış bir qrup hoqqabazın səriştəsizliyi və məsuliyyətsizliyi ucbatından baş verirsə, onda əsgər dinməyib neyləsin?
Xəbər gəldi ki, təzəcə paylanmış formaları geri qaytarın. Deyilənə görə, həmin forma bizim üçün nəzərdə tutulmayıbmış. Heç kəs vermək istəmirdi. Nə qədər tələsdirirdilərsə, heç kəs tərpənmirdi. Bir azdan formanı daha istəmədilər. Dedilər ki, nəyisə aydınlaşdırmalıdırlar və sonra deyəcəklər, formanı geri verək, ya yox.
Çarpayıya uzanıb bir az yatmaq istəyirdim. Bu zaman Novruz dedi ki, gedək göldə çimək. Sabun götürüb, düşərgəmizdən azca aralı olan süni gölə getdik. Burada bizdən başqa xeyli əsgər varıydı. Yaxşı çimdik.
Axşamüstü bildirdilər ki, daxili qarovula getməliyik. Təbriz, Ənvər və mən bir posta düşmüşdük. Bu post bizim düşərgənin kənarında müxtəlif mərmilər yığılmış anbar idi. Hələ biz postda olanda gəlib bildirdilər ki, təzə əsgər formasını geri qaytarmalıyıq. Göstəriş briqada komandiri podpolkovnik Sadıqovun idi. Bir sözlə, paylanmış formaları hamıdan geri yığdılar. Gecə qarovul sakit keçdi.
28.05.1992-ci il
Bu gün Azərbaycanın istiqlal bayramıdır, lakin bayramlıq heç nə hiss olunmur. Hər halda mən uşaqları təbrik etdim. Mənim postumda bir qara tut ağacı varıydı. Çıxıb doyunca yedim. Sonra postu təhvil verib gəlib yerimə uzandım.
Nahara yaxın yuxudan durdum. Gördüm ki, 3-4 gün bundan əvvəl arvadının xəstəliyi ilə əlaqədar Bakıya getmiş Arif qayıdıb. Arif də Əlövsətgilin zavodunda işləyirdi. Özü də AXC fəallarından idi. Onun dediyinə görə, artıq rayon şöbəsindən bir neçə nəfər rayon icra hakimiyyətində müxtəlif vəzifələrə təyin edilib. İndi isə rayon icra hakimiyyətinin başçısı vəzifəsi haqqında söz-söhbət gedir. Haqqında söhbət gedən adamlar haqqında eşidəndə istərdim ki, rayon şöbəsində olum. Çünki o adamlar haqqında konkret fikrim var idi. Sonra belə fikirləşdiyimə görə özümü qınadım. Dedim, bilsələr ki, belə fikirləşirəm, deyəcəklər vəzifə imkanı yaranan kimi döyüşü qoyub Bakıya qaçdı.
Deyəsən, qaldığımız düşərgənin ərazisində çoxlu ilan var. Artıq neçənci gündür ki, uşaqlar hər dəfə iki-üç ilan tutur. Onlar da ilan tutan kimi ilanın adını belə eşidəndə qorxudan titrəyən cüssəli Eminağanı axtarırlar. Zarafata salıb yazığı teyləyirdilər.
Son zamanlar əsgərlər arasında işbazlıq meydana çıxıb. Balaca uşaqlara patron verib xiyar gətizdirirlər.
Artıq burada da seyrəlmə başlayıb. İndiyədək 4 nəfər yığışıb qayıdıb. Dünən prezidentin Müdafiə Nazirliyinə tabe olmayan silahlı qrupların tərksilah edilməsi və nizam-intizamın artırılması haqqında məlum fərmanı və sərəncamlarından sonra bu gün toplanış qarşısında Bərdə batalyonundan 9 nəfər intizamsız əsgərin qovulması haqqında əmr verildi. Onlara çox qəti şəkildə bildirildi. Sözlərindən dönməsələr yaxşıdır.
(Ardı var)