Döyüş gündəliyi (6)
- 22 Sentyabr 2020
- comments
- Səidə Hüseynova
- Posted in ManşetTribunaYazarlar
Tofiq Yaqublu
Qərara aldım ki, bundan sonra gündəlikləri göz bəbəyi kimi qorumalıyam. Evdə ən vacib sənədlər saxlanan yerdə saxlayırdım.
Əsgər gündəliklərim bir daha 2000-ci ildə gündəmə gəldi. O vaxt “Reytinq” qəzetinin baş redaktoru Xalid Kazımlı idi. Mən də həmin qəzetlə əməkdaşlıq edirdim, köşə yazıları yazırdım. Xalid bəy çapı yarımçıq qalan gündəlikləri oxumuşdu. Gündəliklərim onun ilgisini çəkmişdi. Təklif etdi ki, gündəliklərin yenidən və tam çapına başlayaq. Dərhal razılıq verdim. O gündən “Reytinq” qəzeti gündəliklərimi hissə-hissə çap etməyə başladı. Redaksiyada mən dəftəri oxuyurdum, Şahnaz Mətləbqızı isə kompüterdə mətni yığırdı.
17.05.1992-ci il
Bura gələndən ilk dəfə yeməyi yeməkxanada verdilər. İndiyədək konserv verirdilər. Hərə bir ağacın dibinə çəkilib öz payını yeyirdi.
Səhər yeməyindən sonra bizim hamımızı sıraya düzdülər. Toplanış qarşısında Bərdə qarnizonunun rəisi Elçin Əliyev çıxış etdi. Bu adam iri cüssəli, vaxtilə idmançı olmuş, sirkdə çalışmış bir pəhləvan idi. Saqqal saxlayırdı. Qarayanız olsa da, qazaxlı Alikə oxşayırdı. Bir azdan Davudla Oğuza getmiş Əlövsət hissəyə qayıtdı. Dedi ki, doğrudan da Davudun anası ölüb. Sonra bizə dedilər ki, hər vzvoddan 5 nəfərə icazə veriləcək, gedib evlərinə zəng etsinlər. Mən fikirləşdim ki, sonrakı günlər gedərəm. Çünki dünən “Turan” informasiya agentliyindən bir müxbir gəlmişdi. Mən ona Rimagilin telefon nömrəsini vermişdim.
18.05.1992-ci il
II vzvoddan olan İsaq dedi ki, gəlin bizə gedək. O, mənim dostluq etdiyim uşaqlarla birlikdə Bakı Poladtökmə Zavodunda işləyirdi. Elə orada olan AXC-nin dayaq dəstəsi hamısı yığışıb könüllü yazılmışdılar. İsaqgilin evi qaldığımız düşərgədən 7-8 kilometr aralı idi. Əlövsət, mən, Xanməmməd, Mustafa onlara getdik. Çatan kimi, nəhayət ki, yaxşı dəmlənmiş ətirli çay içdik. Hamamı qaladılar. Bir-bir çimib çıxdıq. Sonra yaxşı nahar verdilər. Doyunca yedik.
Biz hissəyə qayıdanda nəsə bir vurnuxma gördük. Maşın dayanmışdı. Bizim rotanın uşaqlarından 30 nəfər silahlanmışdı. Onları qarovula göndərdilər. Eminağa da onların yanındaydı. O, Əlövsətgilin zavodundan idi. Çox zarafatcıl oğlanıydı. Rusiyanın baş naziri Yeqor Qaydarın adından həmişə zarafatla istifadə edirdi. Bir də görürdün “Yeqor Qaydar” deyə qışqırırdı, sonra isə elə özü cavab verirdi: “Zəhrimar qayıdar, haraya qayıdar?” Görünür, məhz buna görə uşaqların hamısı ona Yeqor deyirdi. Elə o da hamını Yeqor çağırırdı. Biz onun maşında döyüş nöqtəsinə getdiyini görüb soruşduq: “Yeqor Qaydar?” O, hazırcavablıqla “Əlbəttə, qayıdar” dedi. Biz gülüşdük.
Gün ərzində atışmalar davam edirdi. Biz hələ döyüş xəttinə yollanmasaq da, topların səsi rahatca eşidilirdi. Gün batandan sonra uşaqlar bir qarmon və bir nağara tapdılar. Xeyli çalıb-oxudular. Axşam yeməyindən sonra yenidən çalıb-oxumağa başladılar. Sumqayıtlı Elçin yaşlı kişi olmasına baxmayaraq xüsusi bir cəldliklə gözəl rəqs edirdi. Sonra mənə dedilər ki, o, vaxtilə rəqs dərnəklərində məşğələlər keçib.
Televiziya ilə Ali Sovetin qarşısında mitinqi göstərəndə mən İsaqgildə Rəhimin çıxışına qulaq asdım. Sözləri məni çox acıqlandırdı. Çünki düz demirdi. Axşam “Gün” proqramında cəbhədən fərarilik etmiş bir neçə əsgərin adı çəkildi. Mən onların çoxunu tanıyırdım. Bilirdim ki, onlar AXC üzvüdürlər və Bakıya haradan, hansı vəziyyətə və nəyə görə gediblər. Onlara atılan böhtan Rəhimin mitinqdəki çıxışına qüvvət vermək üçün idi. Axşamdan xeyli keçmiş hələ Müşfiqabad qəsəbəsində batalyon komandirimiz olmuş baş leytenant Yaşar bəy bizim batalyonun birinci rotası ilə Xanlar rayonuna göndərildi.
18.05.1992-ci il
Səhərdən hava bozdur. Bir azdan güclü yağış yağmağa başladı. Çadır bir neçə yerdən damdı. Arif çadırın üstünə çıxdı ki, daman yeri düzəltsin. Birdən ayağının altındakı taxta qırıldı. Uzun, fermaya bənzər çadırın bir tərəfi uçdu. Göllənmiş su içəri töküldü. Dünən qarnizonun komandiri Elçin bəy söz vermişdi ki, sizə maşın verərəm, gedib Davudun anasının qəbri üstə dəyərsiniz. Heç başa düşə bilmirəm, necə olubsa Mustafagil mənsiz gediblər.
Bizim rotanı yığdılar ki, görək hazırda kazarmada nə qədər adam var. Çünki artıq Laçından xeyli əsgər qaçıb gəlmişdi. Onların dediyinə görə, artıq ermənilər Laçını almışdı. Bu xəbər bizi lap pərişan etdi. Uşaqlarda dəhşətli bir ruh düşkünlüyü və inamsızlıq yarandı.
Bu arada komanda gəldi ki, bir rota təcili Tərtər, ermənilər yaşayan Qırmızıkənd kəndi tərəfdə yerləşdirilməlidir. Bizim rotanın uşaqlarının bir hissəsi döyüş xəttində qarovulda olduğuna, digər hissəsi isə Oğuza yas yerinə getdiyinə görə bizi aparmaq fikrindən daşındılar. Bizim düşərgədə nə isə bir vurnuxma və ya təlatüm var idi. Maşınlar tez-tez gəlirdi. “Qrad” üçün mərmilər, minaatan mərmisi yükləyib gedirdilər.
19.05.1992-ci il
Dünən Mustafa mənə zirehli gödəkcə lövhəciyi verdi. Yəni həmin gödəkcənin içində olan zireh lövhəsi. Onu tapmaq o qədər də asan deyildi. Onu götürüb əynimdəki paltarın sol döş cibinə qoydum. Həmin lövhəcik həmin cibdə olanda məhz ürəyin üstünə düşür və onu qoruyur. Adam heç olmasa əmin olur ki, bədənin ölüm ehtimalı olan yerlərindən 20-də bir hissəsi mühafizə olunur. Hələ Goran poliqonunda olanda mən belə şeyi Şuşadan gələn bir əsgərdə görmüşdüm. Fikirləşdim ki, birini də mən tapım. O oğlanın yanından aralanıb su içməyə gedəndə, otların arasında həmin jilet lövhəciyinə bənzər hansısa maşının tormoz kolodkasının yarıya bölünmüş hissəsini tapdım. Onu suda yaxşı yuyub sol döş cibimə qoymuşdum. Mustafa əsl zireh lövhəciyini mənə verəndə onu çıxarıb sağ döş cibimə qoydum. Özü də Mustafanın dediyinə görə, bu özü də güllə saxlaya bilər.
Günorta sonra bizə şəxsi silah verdilər. Hamısı təzə idi. 5,45 çaplı güllələr atan bu avtomatlar çox güclü avtomatlar idi. Mənin avtomatımın nömrəsi 4655855 idi. Əsgərlikdəki (Sovet Ordusundakı əsgərliyimi nəzərdə tuturam) avtomatımın nömrəsini də xatırlayıram, AK-7032 idi.
Sonra bizə güllə payladılar. Hərəyə cəmi 120 ədəd verdilər. Elə bu an bizim rotadan dünən posta getmiş uşaqlar qayıtdılar. Vzvod komandirimiz mənə bir daraq (maqazin), Təbrizə 25 güllə verdi. Təbrizin soyadı da Yaqubov idi. Bizim vzvodda ən çox hörmət etdiyim adamdır. Özü 8-ci mikrorayonda qalırdı. Əslən Qəbələdən idi. Məndən bir az yaşlı idi. Biz çalışırdıq ki, həmişə bir-birimizə həyan olaq.
Maşınla gəlib posta çatdıq. Postumuz Tərtər şəhərinə bitişmiş kəndin qurtaracağı idi. Ermənilər yaşayan Marquşevan kəndi (bu kəndin adı tez-tez televiziyada eşidilirdi) bizdən düz xətt boyunca 1 kilometr, 500 metr məsafədə yerləşirdi. Təxminən bizim kəndlə Xaçınlı kimi.
Bizim postdan başlayan səngər bütün kəndin sərhədi boyunca keçib o biri posta qədər uzanırdı. Ekskavatorla qazılmış bu səngər çox namünasib və dayaz idi. Görünür, onu qazan və qazdıran adamlar çox səhlənkar və anlamaz adamlarmış.
Biz növbəni təhvil aldıq və səngər boyu bərabər intervalla səpələndik.
İndi ilk dəfədir ki, erməni ilə üzbəüz dayanmışıq. Bu gün üçün çox əlləşmişdik. Dediyim kimi, avtomatlarımız təptəzə, yağın içindəydi. Hələ hava qaralmağa bir az varıydı. Dedilər ki, hər kəs öz avtomatını yoxlamaq üçün ermənilərə tərəf bir neçə güllə ata bilər. Bütün səngər boyu ermənilər tərəfə güllə yağdırdıq. Onlar heç cavab vermədilər.
Onu da qeyd edim ki, bu postda bizim uşaqlardan başqa yerli Bərdə batalyonunun əsgərləri də varıydı. Onlar özlərini çox pis aparırdılar. Belə ki, həm çalışırdılar bizə sübut eləsinlər ki, bunlar bizə baxanda əsl döyüşçülərdir və erməniləri əsla eyninə almırlar. Bəzən çıxıb açıq yerdə dururdular, səngərdə əyilmirdilər. Ayaq üstə gəzişirdilər. Ancaq yəqin ki, körpə uşağa da aydın olardı ki, bu dikbaşlıqdır, başqa bir şey deyil. Axı erməni snayperinin gülləsi fərqinə varmazdı ki, kim təzə, kim köhnə döyüşçüdür.
İkincisi, həmin uşaqlar bir-bir ilə avtomatla şit-şit zarafat edirdilər. Gizlincə gəlib bir-birinin qulağının dibindən göyə güllə atırdılar ki, qulağı batsın. Sonra qəhqəhə çəkirdilər.
Artıq gecə idi, ermənilər atmağa başlamışdı. Güllələrin başımızın üstündən necə vıyıldayıb keçdiyi aydınca hiss olunurdu. Bir ehtiyatsız hərəkət çox ağır nəticə verə bilərdi. Bizimkilər xorla cavab verirdilər. Hiss olunurdu ki, bizimkilər postdakı nəzarətsizlikdən gülləni hara gəldi atırdılar. Orta hesabla ermənin bir gülləsinə bizimkilər 100 gülə ilə cavab verirdilər. Gecədən xeyli keçmiş ermənilər kəndin o başına tərəf güclü atəşə başladılar. Xoşbəxtlikdən onlar işıqsaçan güllələr atdıqlarından yerləri bilinirdi. Bizim postun uşaqları da onlara cavab atəşi açdılar.
Bizim postda zirehli transportyordan (BTR) çıxardılmış iriçaplı pulemyot varıydı. Avtomatlar onun yanında oyuncağa bənzəyirdi. Pulemyotçu ermənilərə tərəf atəş açdı.
Gecə çox soyuq oldu. Üşüyürdük. Uşaqları yuxu basmışdı. Yatan adamın yanında avtomatdan bir daraq dalbadal atırdın, heç eyninə də almırdı. Güllə səsləri tamamilə adiləşmişdi. Səhərə yaxın bir zirehli transportyorumuz gəldi. Əlverişli mövqe seçib o da iriçaplı pulemyotdan Marquşevanı atəşə tutdu.
Səhər açıldı. Artıq hava istilənirdi. Bizdə heç kimə dəbilqə (kaska) verməmişdilər. III vzvoddan olan Ağamehdinin özünün kaskası varıydı. Qərara aldıq ki, yoxlayaq görək güllə onu deşirmi? Kaskanı aparıb 100 metrdən çox məsafəyə qoyduq. 1-2 güllə atdıqdan sonra gedib yoxladıq. Adamı ani olaraq qorxu hissi bürüyürdü. Güllə dəbilqəni nəinki deşmişdi, hətta o biri tərəfini darmadağın edib çıxmışdı. Bizdəki güllələr 5,45 çaplı idilər. Bunlar ağırlıq mərkəzini dəyişən qadağan olunmuş güllələriydi. Uşaqlardan birinin zirehli gödəkcəsi var idi. Onu da yoxladılar. Gödəkcəni də dəlmə-deşik etdi. Bundan sonra doğrudan da fikirləşdim ki, heç nəyin mənası yoxdur.
Sonra gəlib tapşırdılar ki, saat 9-dan sonra güllə atmayın. Biz tərəfdən əsirləri verib ermənilərdən dörd əsgərin meyitini alacaqlardı. Lakin uşaqlar özbaşınalıq edib aramsız olaraq hara gəldi atırdılar. Postlarda belə özbaşınalıq, nəzarətsizlik fikirləşməyə əsas verirdi ki, bizimkilərin uduzmalarının səbəblərindən biri də budur.
Saat 18-də növbəni dəyişdilər və biz Bərdəyə öz düşərgəmizə qayıtdıq. Gəlib gördük ki, güclü yağış və küləkdən sonra yenə də çadır uçub tökülüb. Yenidən özümüzə yer axtarmağa başladıq. Birinci vzvodun uşaqları posta getdiklərindən yerləri boş idi. Çox yorulduğumdan fövqəladə sessiyaya televizorda baxmağa gücüm çatmırdı. Mustafanın çarpayısında yatdım.
(Ardı var)