Hüquq müdafiəçisi Oqtay Gülalıyevin ailəsinin qanuni nümayəndələri olan vəkil Fuad Ağayev və “Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev sentyabrın 19-da Nəsimi rayon prokuroru Həsən Hənifəyevlə görüşüblər. “Turan”ın məlumatına görə, görüşdə Oqtay Gülalıyevin avtomobillə vurulması üzrə istintaqın gedişi, cinayət işinin məhkəməyə göndərilməsi barədə fikir mübadiləsi aparılıb. Prokuror yaxın günlərdə bu istiqamətdə müsbət qərarların olacağını vəd edib.
Oqtay Gülalıyevin nümayəndələri qeyd ediblər ki, müraciətlərini rəsmi, yazılı formada ediblər, lakin indiyədək yalnız şifahi cavablar alıblar. Onlar cavabların qanunvericiliklə müəyyən edilmiş formada təmin edilməsinə çağırıblar.
Mehman Əliyev sentyabrın 18-də baş prokuror Kamran Əliyevə müraciətində qeyd etmişdi ki, Oqtay Gülalıyev 2019-cu il oktyabrın 29-da Bakının mərkəzində avtomobillə vurulub, başından aldığı zədə nəticəsində hələ də komadadır: “Oqtay Gülalıyevi vuran sürücü Kənan Abdullayevə yol hərəkəti və qaydalarının pozulması – ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda ittihamı ilə cinayət işi qaldırılıb. Hadisədən təxminən 11 ay keçsə də, Oqtay Gülalıyevin ailəsinin və müdafiə tərəfinin çağırış və tələblərinə baxmayaraq, iş indiyədək məhkəməyə verilməyib.
2020-ci il iyulun 4-də Nəsimi rayon prokuroru Həsən Hənifəyev Oqtay Gülalıyevin vəkili Fuad Ağayevi və məni qəbul etdi. Görüş zamanı bizə istintaqın gedişi və prokurorluğun son hərəkətləri barədə məlumat verildi. Oqtay Gülalıyevin nümayəndəsinin istintaq orqanına – Nəsimi Rayon Polis İdarəsinin istintaq şöbəsinə vəsatətində əksini tapan tələblərin çoxunun təmin edilməsi barədə göstəriş oldu.
Məsələ bundadır ki, 2019-cu ilin sonundan başlayaraq Fuad Ağayev istintaq və prokurorluq orqanlarına müraciətlərinə heç bir cavab almayıb, halbuki həmin orqanlar vəsatət və şikayətlərə baxılmasının nəticələri ilə bağlı qısa müddətdə məlumat verməli idi.
İyulun 4-də keçirilən görüşdə prokuror Həsən Hənifəyev bildirdi ki, istintaq baş verənlərin mənzərəsinin tam bərpasında və işin ədalətli araşdırılmasında maraqlıdır. Prokuror Oqtay Gülalıyevin işini aparan əməkdaşlara tapşırdı ki, zərərçəkənin nümayəndələri ilə bundan sonra sıx ünsiyyət təmin edilsin. İki aydan çox keçib, vəkil hələ də vəsatətə rəsmi cavab ala bilməyib.
Sizdən xahiş edirəm ki, vəkil Fuad Ağayevin bütün vəsatətlərinin təmin edilməsi üçün dərhal tədbirlər görəsiniz, habelə istintaq materiallarının baxılması üçün məhkəməyə verilməsini sürətləndirəsiniz”.
Oqtay Gülalıyev 2019-cu il oktyabrın 29-u Bakıda minik avtomobili vurulandan sonra Kliniki Tibbi Mərkəzdə ilkin yardım alıb, koma vəziyyətində, ağır kəllə-beyin travması diaqnozu ilə “City Hospital”a köçürülüb. Oktyabrın 30-u orada əməliyyat olunan hüquq müdafiəçisi noyabrın 1-də Respublika Neyrocərrahiyyə Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Hüquq müdafiəçisi noyabrın 6-da Heydər Əliyev Fondunun dəstəyi ilə Türkiyəyə aparılaraq İstanbulun Avrasiya Hospitalına yerləşdirilib, noyabrın 19-u həmin şəhərdəki Amerika Xəstəxanasına köçürülüb, noyabrın 20-də, 2020-ci il yanvarın 10-da və iyunun 24-də başından əməliyyat olunub.
Oqtay Gülalıyevin avtomobillə vurulması üzrə cinayət işi Nəsimi Rayon Polis İdarəsində istintaq olunur. Rəsmi məlumata görə, hüquq müdafiəçisi 28 May və Puşkin küçələrinin kəsişməsində piyada keçidi ilə yolu keçərkən taksi sürücüsü Kənan Abdullayevin idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə vurulub. Kənan Abdullayev barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
Müxalif mövqeyi ilə tanınan Oqtay Gülalıyev 2012-ci ilin aprel-iyun aylarında hakimiyyət nümayəndəsinin tələblərinə fəal şəkildə müqavimət göstərmə və kütləvi iğtişaşlara, vətəndaşlara qarşı zorakılığa çağırış ittihamı ilə həbsdə yatıb. Bu cinayət işi 2016-cı ilin oktyabrında xətm olunub.
Son illər Oqtay Gülalıyev dəfələrlə bəyan edib ki, hüquq müdafiəsi sahəsində fəaliyyətinə görə hədələnir, təqibə məruz qalır.
Oqtay Gülalıyevin vəziyyəti necədir?
Oqtay Gülalıyevin işi: maddədə nə deyilir?
Oqtay Gülalıyev reanimasiya şöbəsindədir
Oqtay Gülalıyevin vəziyyəti ilə bağlı açıqlamalar
Oqtay Gülalıyevin vəziyyəti: professor açıqlama verib
Heydər Əliyev Fondu Oqtayın müalicəsini öz üzərinə götürdü
Oqtay Gülalıyev İstanbula aparıldı
Oqtay süni nəfəs aparatından çıxarılıb
Oqtay Gülalıyevin ağciyərində infeksiya aşkarlanıb
Oqtay Gülalıyevlə bağlı bəyanat qəbul olunub
Oqtay Gülalıyev başqa xəstəxanaya köçürüldü
Oqtay Gülalıyev palataya köçürülüb
Heydər Əliyev Fondundan Oqtay Gülalıyev açıqlaması
Komada olan hüquq müdafiəçisi gözünü açıb
Oqtayın vurulması: yeni rəsmi açıqlama yayılıb
“Nərgiz” mükafatına Oqtay Gülalıyev layiq görüldü
Mehman Əliyev Oqtay Gülalıyevə baş çəkib