Döyüş gündəliyi (5)
- 21 Sentyabr 2020
- comments
- Səidə Hüseynova
- Posted in ManşetTribunaYazarlar
Tofiq Yaqublu
16.05.1992-ci il
Səhər yeməyindən sonra qərara aldım: nə qədər ki, əl-üz dəsmalım və maykam çirklənməyib, soyuq su ilə də olsa yuyum. Maya dəsmalımı qaytarıb yumuşdu və ağappaq qar kimiydi. Bütün dəsmallardan seçilirdi.
Yerləşdiyimiz düşərgədən bir az kənara çıxıb hərləndim. Burada böyük bir süni göl var idi. Camaat balıq tuturdu. Oradan azca aralı isə iri suvarma borularından dupduru su axırdı. Mustafanı da götürüb getdim. Düşündüyümüz kimi, həm özümüz yuyunduq, həm də yuyulmalı şeyləri yuduq.
Sonra bizim rota özü üçün çadır qurmağa başladı. Çünki bu düşərgədə bizim üçün ayrıca yer yox idi. Uzun bir çadır qurduq. Bütün rota yerləşirdi. Çarpayılar olmadığından hər iki dib uzunu çadır və döşək sərdik. Çadırı təzəcə qurmuşduq ki, yağış yağdı. Bir neçə yerdən damdı.
Axşamüstü bir bəd xəbər aldıq. Davudun anası rəhmətə getmişdi. Davud özü isə bir tərəfdən buna inanmırdı. Deyirdi ki, bəlkə onu geri aparmaq üçün belə xəbər veriblər. Axı onun digər iki qardaşı da orduda döyüşürdü. Komandirlərlə danışıb bir maşın aldıq. Ancaq onunla yalnız vzvodun komandiri Əlövsətə getməyə icazə verdilər. Xeyli adam getmək istəyirdi. İmkan olsaydı, mən gedərdim. Birincisi, Davudla çox yaxınıydıq, həm də onların kəndi Oğuza çox yaxın idi. Davud Rəhim əmimi də tanıyırdı. Fikirləşdim ki, fürsət olsaydı, onlara gedərdim.
Biz axşamüstü televiziya vasitəsilə Yaqub Məmmədovun indi də əks tərəfə yönəlmiş fərmanlarını eşitdik. Hamı sevindi, hər fərmandan sonra qıy vururduq. İsgəndər Həmidovun daxili işlər naziri təyin edilməsi mənə xüsusi ləzzət verdi.
Axşamüstü yenə Nigarla Nərgiz yadıma düşdü. Cib kitabçamda Alyanın sənəd üçün çəkilmiş balaca bir şəkli var. Üstündə yaş yazılmasa da, bilirəm, 1982-ci ildə çəkilib. Mən əsgərlikdən gələndə vermişdi. Deyəsən, kitabxanaya oxucu bileti almaq üçün çəkdirmişdi. Onda onlar Smbat həkimin tapdığı evdə qalırdılar. Mən onlara gəlmişdim. O da dərsdən təzəcə gəlmişdi və yolüstü bu şəkilləri fotoatelyedən alıb gətirmişdi. Həmin gündən bu şəkil mənim döş cibimdəki kitabçamın içindədir, hər dəfə kitabçanı açdıqda (bu isə məndə lap tez-tez olur) Alya ilə bağlı nə qədər xatirəm təzədən yadıma düşür. Mənə elə gəlir, o özü də bilirdi ki, əmim qızlarından ən çox ona rəğbətim varıydı. Allah sənə rəhmət eləsin, bacım!
Yazının bu yerində ağlıma gəldi ki, etibarlı adam düşsə, hələ dünən dolmuş dəftəri göndərim Bakıya, qoy evdə qalsın. Bilmək olmaz qarşımda taleyin hansı yazısı var.
Bu yerdə birdən-birə məşhur yazıçı Ernest Heminqueyin “Əlvida, silah” əsəri yadıma düşdü. Düzü, mənim elə bir iddiam olmasa da, fikrimə gəldi ki, o əsər də məhz İkinci Dünya müharibəsinin dəhşətlərini yaşamış gələcək dünya şöhrətli yazıçının gündəlikləri əsasında yazılıb. Yatmağa hazırlaşanda yenə rotada söhbət qızışdı ki, bəs bizə bu gün silah verməliydilər, axırı nə oldu? Elə bu söhbətlərin içində yerdən salınmış döşəklərin üstündə əsgərləri bir-bir yuxu apardı.
Haşiyə
Bəli, mənim Ernest Heminquey kimi müharibə haqqında roman yazmaq fikrim yox idi. Sadəcə olaraq mənə elə gəlirdi ki, döyüşdən geri dönməyəcəm. İstəyirdim ki, mənim müharibə həyatımla maraqlanan yaxınlarım oralarda nələr baş verdiyindən məlumatlı olsunlar.
Anamın əmisi Muxtar babam yüksək rütbəli zabit kimi Leninqrad uğrunda gedən döyüşlərdə həlak olmuşdu. Babam ta ömrünün sonunadək qardaşını fikirləşdi. Elə ki, işdən-gücdən macal tapıb dincəlmək üçün bir hovur oturardı, baxardın başını iki əlinin arasına alıb alçaqdan öz-özünə “Bəlkə qan apardı qardaşımı”, “Bəlkə donub öldü qardaşım”, “Görəsən, güllə harasına dəymişdi biçarənin” deyə-deyə sakit-sakit ağlayardı. O yaşda kişinin gözündən muncuqlanıb tökülən yaşları görəndə mən də qeyri-ixtiyari olaraq kövrəlirdim, baxmayaraq ki, məsələnin mahiyyətini dərk etmirdim.
Babam axır ki, qardaşını tapdı. O, illər boyu ora-bura çoxlu məktublar yazdı və günlərin birində bir məktub gəldi. Rusca yazılmış həmin məktubda deyilirdi ki, polkovnik Muxtar Səməd oğlu Yolçuyevin qəbri Leninqradın Piskaryov memorial qəbiristanlığındadır. Babam heç gözləmədi, ertəsi günü səhər tezdən kitelini, qalife şalvarını və xrom çəkməsini geyindi, furajkasını başına qoyub evdən çıxdı. Tiflisə, oradan da təyyarə ilə Leninqrada getdi. O, evdən çıxanda nənəmin dediyi sözlər indi də qulağımdan getmir: “Ədə, uşağı tapmamış gəlmə ha!” Nənəm üçün kiçik qayını ölümündən təxminən otuz il keçsə də, hələ uşaq olaraq qalırdı.
Babam qardaşının qəbrini tapmışdı. Məzarın üstünə sərilib doyunca ağlamışdı. Sonra da qəbrin yanında şəkil çəkdirmişdi. Babam Leninqraddan gələndə kəndin bütün yaşlı əhalisi bizim qapıya axışmışdı. Sanki Muxtar babam sağ-salamat müharibədən qayıtmışdı. Babam qəbri necə tapdığını və hansı hissləri keçirdiyini və qəbirə necə sarıldığını danışmağa başladı. Bayaqkı şən məclis bir anda vay məclisinə çevrildi. Arvadlar ağlaşma qurdular.
Mən elə bilirdim ki, babam daha rahatlayacaq. Daha başını əlləri arasına alıb ağlamayacaq, öz-özünə cavabını heç vaxt tapa bilməyəcəyi sualları verməyəcək. Ancaq belə olmadı, babam qardaşının qəbrini tapsa da, onun döyüş yolunu, ömrünün son günlərinin necə keçdiyini öyrənə bilmədi. Ömrünün son günlərinədək o sualları özünə verə-verə durdu.
Bax ona görə istəyirdim ki, mümkün olduqca son anlarıma qədər özümlə, olduğum şəraitlə və döyüşçü dostlarımla bağlı şəraiti gündəliyimə köçürüm. Maraqlananlar heç olmazsa bir qisim suallara cavab tapa bilsinlər.
Müharibədə yazdığım güdəlik dəftərlərinin sayı altıya çatdı. Onlardan birincisini Müşfiqabad yaxınlığındakı “Yaşıl hissə”də əldə etdiyim dəftərə yazmışdım. Qalan beşini isə Goran poliqonunda sovet qoşunlarının əsgər kazarmalarından götürdüyüm hərbi təyinatlı jurnallarda yazdım.
Baxmayaraq ki, müharibədən sağ-salamat qayıtmışdım və orada baş verənləri təfsilatı ilə xatırlayırdım, amma gündəlik dəftərləri mənim üçün təsəvvür edə bilmədiyim qədər qiymətli və əziz idilər. Onları göz bəbəyi kimi qoruyurdum.
1990-cı illərin əvvəllərində “525-ci qəzet” məndə əsgər gündəliyi olduğunu öyrənib onları çap etmək istədiyini bildirdi. Razılıq verdim. Dəftərləri redaksiyaya verəndə dönə-dönə tapşırdım ki, itirməsinlər. Bir şərtim də belə oldu ki, olduğu kimi verilsin, redaktə edilməsin. Əlbəttə ki, imkan tapdıqca, tələsik, gah dizimin üstündə, gah maşında gedəndə, gah gizləndiyim mövqedə uzanaraq yazdığım qeydlərdə xeyli üslub və cümlə quruluşu səhvləri varıydı. Bəlkə də bu səhvlər həmin gündəliyin gözəlliyi idi, onun dəyərini və əhəmiyyətini artırırdı. Redaktor da mənimlə eyni fikirdə idi. Qəzet bir müddət əsgər gündəliyimdən hissə-hissə çap etməyə başladı. Sonra nə baş verdisə, dayandırdı. Səhv etmirəmsə, qəzetin özünün nəşrində problem yaranmışdı. Odur ki, gündəlikləri redaksiyadan götürdüm.
Üstündən bir az keçmiş “Yeni Müsavat”dan təklif gəldi. “Yeni Müsavat”ın redaksiyası Müsavat Partiyasının şəhərin mərkəzində, keçmiş Azərbaycan prospektindəki qərargahında yerləşirdi. Onda Müsavatın Binəqədi rayon təşkilatının sədriydim və demək olar ki, hər gün qərargaha gəlib-gedirdim. Rauf bəy məni dəhlizdə görüb redaksiyaya dəvət etdi. Əsgər gündəliklərimi çap etmək istədiyini bildirdi. Razılıq verəndən sonra bir neçə dəfə gündəlikləri evdən götürmək yadımdan çıxdı. Hər dəfə deyirdim ki, sabah mütləq gətirəcəm və yenə də yadımdan çıxırdı. Axırda baş redaktor Rauf Arifoğlu qəzetin siyasi şərhçisi Alyaya (həm də əmim qızı, rəhmətlik bacısı Alyanın adını təxəllüs kimi götürən Nailə) həvalə elədi ki, axşam evimizə zəng edib gündəlikləri götürməyi mənə xatırlatsın. Nəhayət, gündəlikləri gətirib qəzetə təhvil verdim.
Birinci dəftərdən bir az çap edilmişdi ki, gündəliyin nəşri yenə dayandı. Bu dəfə sırf siyasi səbəbdən. Belə ki, polislər Müsavat Partiyasının qərargahına soxuldular və oranı zəbt etdilər. Partiyanın və qəzetin əməkdaşlarını bayıra atdılar. Qərargah bir müddət polisin nəzarətində qaldı. Qaytarılanda məlum oldu ki, polislər buranı atım-atım ediblər. Sənədləri, kağız-kuğuzu tapmaq olmurdu. Alya dedi ki, gündəlikləri tapa bilmir. Çox narahat oldum, ancaq düşündüm ki, haradasa yeşiklərin birində kağızların arasında ola bilər. Axı gündəliklərim polislərin nəyinə lazım idi. Əmin idim ki, onlar tapılacaq.
Gündəliyin çapı dayanmışdı. Alya və digər əməkdaşlarla birlikdə həm partiyanın otaqlarında, həm də redaksiyanın özündə ağla gələn bütün yerlərə baxdıq, gündəliklər tapılmırdı ki, tapılmırdı. Redaksiyanın və qərargahın işçiləri də bizə kömək edirdilər, lakin gündəliklər yoxa çıxmışdı. Onların itməsi mənə çox təsir etmişdi və getdikcə daha çox üzülürdüm. Sanki ən əziz adamımı itirmişdim. Düşünürdüm ki, polislər hansısa qovluqları götürəndə yəqin bilmədən gündəliklərimi də onlarla birlikdə götürüblər, sonra da lazımsız köhnə dəftərlər kimi zibil yeşiyinə atıblar.
Gündəliklərimə yas saxlayırdım. Aylar keçirdi, yenə də onları unuda bilmirdim. Xəyala dalıb onun sətirlərini və hansı şəraitdə yazdığımı xatırlayırdım ki, heç olmazsa baş verənləri unutmayım.
Üstündən bir ildən də çox keçmişdi. Bir dəfə qərargahda otaqların birində oturmuşdum. İnformasiya şöbəsinin əməkdaşı İsmayıl bəy mənə yaxınlaşdı. Sözlü adama oxşayırdı. Dedi ki, sənə bir sürprizim var. Mən gündəliklərimin birdəfəlik itdiyini qəbul etmişdim deyə onlar ağlıma gəlmədi. Sağ olsun, məni çox intizarda qoymadı, arxasında tutduğu gündəlikləri mənə uzadanda sevincimdən İsmayılı qucaqladım. Onun yanındaca dəftərləri öpüb bağrıma basdım. İsmayıl yarızarafat, yarıciddi, əvəzində bir qonaqlıq istədi. Mən ona “baş üstə”dən başqa nə deyə bilərdim ki? Qərargaha nə iş üçün gəldiyimi də unutdum, dəftərləri İsmayıldan alıb evə qaçdım.
Evə uça-uça girdim. Nigarla Nərgizi sanki illərdir ki, görmürəmmiş kimi bağrıma basdım. Onlar hələ uşaq olsalar da, atalarının həyati vacib bir şeyi tapdığını başa düşürdülər və mənə qoşulub sevinirdilər. Uşaqlar yatandan sonra müharibəyə getmək ərəfəsində üzümü Nigarın üzünə qoyub yanında uzandığım kimi indi də üzümü gündəliklərimin üstünə qoyub xeyli uzandım. Onlar Nigar və Nərgiz kimi mənə əzizdirlər.
(Ardı var)
1961-ci il təvəllüdlü Tofiq Yaqublu milli azadlıq hərəkatının (1988-1991) fəalı, Qarabağ müharibəsi veteranıdır. Əbülfəz Elçibəyin prezidentliyi dövründə (1992-1993) Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb. Müsavat Partiyasının və Demokratik Qüvvələrin Milli Şurasının üzvüdür.
1998-ci ildə 2 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
2013-cü il fevralın 4-dən 2016-cı il martın 17-dək həbsdə olub.
2020-ci il martın 22-də Tofiq Yaqublu yenidən tutulub. Sentyabrın 3-də Bakının Nizami Rayon Məhkəməsi ona silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıq ittihamı ilə 4 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası kəsib. Hökmdən Bakı Apellyasiya Məhkəməsinə verilən şikayətdə Tofiq Yaqubluya bəraət istənir.
Tofiq Yaqublu sentyabrın 2-də Bakının Şüvəlan qəsəbəsindəki 3 saylı İstintaq Təcridxanasında bəraət və azadlıq tələbi ilə aclıq aksiyasına başlayıb, vəziyyəti ağırlaşdığı üçün sentyabrın 12-də paytaxtdakı “City Hospital” xəstəxanasına köçürülüb. Sentyabrın 18-də Bakı Apellyasiya Məhkəməsi Tofiq Yaqublu haqqında həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəzləyib, siyasətçi həmin gün aclıq aksiyasını dayandırıb və evə buraxılıb.
Tofiq Yaqublunun qızı, Müsavat Partiyası Məclisinin üzvü Nigar Həzi 2012-2013-cü illərdə, kürəkəni, AXCP sədrinin müavini Seymur Həzi 2014-2019-cu illərdə həbsdə olub.
Tofiq Yaqublunun digər qızı, Müsavat fəalı Nərgiz Yaqublu 2015-ci ilin aprel ayında, atası həbsdə olan vaxt vəfat edib.
Məhbus siyasətçinin oğlu Rəhim Yaqublu hərbi xidmətdədir.