Döyüş gündəliyi (4)
- 18 Sentyabr 2020
- comments
- Səidə Hüseynova
- Posted in ManşetTribunaYazarlar
12.05.1992-ci il
Günortadan sonra AXC-yə gəldik. Qərara aldıq ki, Sabit Bağırovun köməkliyi ilə vəziyyəti İsgəndər Həmidova çatdıraq. Həmidov bizi əmin etdi ki, ən uzağı ikicə günə sizi cəbhəyə göndərəcəyik. Möhkəm sevindik. Onun dediyinə görə, Müdafiə Nazirliyinə zəng edib lazımi adamlarla danışıb. Elə həmin vaxt bizim batalyon komandiri oradaymış və ona deyiblər ki, bu gecə çıxırsınız.
Biz şəhərə gəldiyimiz maşını tapıb geriyə – hissəyə dönənə kimi kombat gəlib bu gecə çıxacağımızı uşaqlara söyləmişdi. Hissədən maşına minib evə görüşməyə gedən uşaqlarla “20 Yanvar” metrosunun yanında qarşılaşdıq. Onlar bizi muştuluqladılar ki, bu gecə çıxırıq. Hamı bir-biri ilə qucaqlaşmağa başladı. Yanımızdan keçənlər üstümüzə yüyürdülər ki, nə şad xəbər var? Şuşa gerimi alınıb? Biz də cavabında döyüşə getdiyimizi bildirdik. Hamı bizə xeyir-dua verdi.
Hissəyə döndük. Biz ikiqat qaliblər kimiydik. İndiyədək Etibar bəyə, Müdafiə Nazirliyində nə qədər adama müraciət etmişdiksə, onlar bizə ancaq boş vədlər verirdilər. AXC işə qarışandan sonra məsələ həll olunmuşdu. Demək olar ki, hamı AXC-yə dərin ehtiram hissi ifadə edirdi.
Saat 13-də kombat gəlib dedi ki, 1-ci və 2-ci rotalar təcili hazırlaşsınlar. 1 saatdan sonra vertolyotla Gəncəyə gedirlər. Onlar sevincək halda bizə yanıq verə-verə maşına doluşdular. Biz pərt olmuşduq, ancaq kombat dedi ki, siz də bu gün gedəcəksiniz. Bu, bizə bir az təsəlli verdi.
Adam fikirləşdikcə heyrət onu bürüyürdü. Vətən üçün ölümə göndərilənlərin sevincinin həddi-hüdudu yoxuydu. Bu halda istəyirdim metroda alver edənləri nəzərdə tutaraq “qırılmalı millətik” deyənlər gəlib bizi görsünlər.
1-ci və 2-ci rotaları yola saldığımız ərəfədə Təbriz, Elşən və İlqar düzənlikdən, toyuq ferması yaxınlığındakı peyinlikdən xeyli göbələk yığmış, Pənahgil isə yaxınlıqdakı göldən balıq tutub gətirmişdilər. Uşaqlar nahara hazırlaşmaqla məşğul oldular. Heç iki saat keçmədi ki, vertolyotlardan biri də gəldi. O biri rotadan olanları götürüb getdilər.
Artıq axşam olurdu. Heç inanmırdım ki, bizim dalımızca da gələcəklər. Hamının gözü üfüqə dikilmişdi. Vertolyot gözləyirdik. Mən burada institut müəllimlərindən birini gördüm. Düzü, adı yadımdan çıxmışdı. Qardaşını yola salırdı. Özü də maşının içində ağlayırdı. Özümü təqdim etdim. Məni tanıdı. Bir az institutdan söhbət etdik. Sonra mən telefon nömrəsi verdim və dedim ki, zəng et və de biz Gəncəyə gedirik. Bir azdan vertolyotlardan biri də gəldi. Bu dəfə biz doluşduq.
Saat 9-da Yevlaxa gəldik. Oradan bizi avtobusa mindirib Goranboyun Goran stansiyası tərəfə, Bakı-Qazax magistralından xeyli şimala gətirdilər. Ora çatmağa lap az qalmışdı ki, qabaqdan gələn əsgər dolu avtobuslar bizə dedilər ki, qayıdın Yevlaxa. Bir də bu qədər yolu qayıtdıq Yevlaxa. Ora yenicə çatmışdıq ki, dedilər Rəhim Qazıyev elə indicə bayaqkı yerə gedib, hamı ora getməlidir. Biz bir də təzədən həmin yolu geri qayıtdıq.
Buranın adı Goran poliqonu idi. Hava-desant qüvvələrinə mənsub böyük bir hissə idi. Ən azı 3-5 min adam yerləşərdi. Biz gördük ki, Gəncə adı ilə gələn bizim o biri rotalar, elə Gəncənin öz batalyonları da oradadır. Çox rahat kazarmalar varıydı. Gecə yaxşı yatdıq.
13.05.1992-ci il
Səhər qalxıb ətrafı seyr etməyə başladıq. Burada desantların böyük məşq meydanları var idi. “Sentrofuqa” deyilən təmrində fırlanarkən yıxıldım. Burnumun üstü dəmirə dəydi və sıyrıldı. Dilxor oldum, bu, pis əlamət idi. Hələ dünən gecə Yevlaxdan gələndə görmüşdük ki, yolda maşınlar toplaşıb. Yaxınlaşanda yolda çoxlu qan gördük. Sən demə, maşın adam vurubmuş. Yıxılmağıma bizim rotanın sanitarı Oruc bais oldu. Mən ona “fırlatma” desəm də, o, həmin “sentrofuqa”nı fırlatdı. Sonra da özü burnumun sıyrılmış yerinə yod vurdu.
Mən burada bizimlə bir batalyondan olan Sülhəddinin yeznəsi Salehin qardaşını gördüm. Adı yadımdan çıxmışdı. Ad unutmaq mənim köhnə xəstəliyimdir. Xeyli söhbət etdik.
Biz yerləşdiyimiz yerə bir ucdan yeni-yeni əsgərlər gətirirdilər. Günortadan sonra silah paylamağa başladılar. Salehin qardaşıgil silahı lap tez aldılar. Deyilənə görə, onlar axşamüstü maşınlarla Laçına yola düşməliydilər. Hamıya təzə “Kalaşnikov” avtomatı verirdilər. Axşam düşəndən sonra silah paylanmasını dayandırdılar. Deyilənə görə, biz Ağdərəyə (Mardakert) gedəcəyik. Hava qaralanda bizim Bakıda qalmış batalyonumuzun digər əsgərləri də gəlib çıxdılar.
14.05.1992-ci il
Bu gün səhər yemək zamanı həyəcan siqnalı verdilər. Dedilər ki, indi silah almayanlar da silah alıb Ağdama göndəriləcək. Lakin bir az gözlətdikdən sonra bizi məşq etmək üçün çöllüyə apardılar. Bu, zəhlətökən bir məşq idi. Yəni silahsız-zadsız, boş-boşuna tikanlı çöllərdə qaçır, sürünürdük. Bütün polku çöllüyə çıxartmışdılar. Məşqlərin ortasında yenidən həyəcan siqnalı verildi. Hamı yenidən hissəyə qayıtdı. Burada yüksək rütbəli xeyli rus zabiti var idi. Məlum olduğuna görə, onlar bizim orduda müqavilə ilə xidmət edirdilər. hamını meydana düzmüşdülər. Toplanışda dedilər ki, hələ məşqlər çox davam etməlidir. Danışanın dediyindən belə çıxırdı ki, biz hələ burada çox olmalıyıq. Nə isə, bunlar gündə bir söz danışırdılar.
Biz burada Şuşadan gəlmiş əsgərlərlə görüşdük. Ehtiram da burada idi. O, AXC-nin Binəqədi rayon şöbəsinin idarə heyətinin üzvüdür. Onlar Şuşanın necə xəyanətlə verilməsindən danışırdılar. Adam dəhşətə gəlirdi.
Günortadan sonra xəbər eşitdik ki, Ali Sovetin sessiyası istefa vermiş prezident Ayaz Mütəllibovu vəzifəsinə bərpa edib. Bütün polk şok vəziyyətində idi. Bizə indi məlum oldu ki, niyə silah vermirlər. Artıq silah almış bir batalyondan silahları geri aldılar. Bərdə batalyonunu döyüş xəttindən gətirib tökmüşdülər bura. Deyiblər ki, guya onları hansısa batalyona qoşub Laçına göndərəcəklər. Toplanışda bizə tapşırdılar ki, heç kəs buradan çıxa bilməz. Yerləşdiyimiz hissəni 4 tərəfdən könüllü əsgərlərdən olmayan silahlı qüvvələr mühafizə edirdi. İndi bizə məlum oldu ki, bizi vertolyotla (maşınlarımız kifayət qədər ola-ola) şəhərdən çıxarırmışlar.
15.05.1992-ci il
Səhər hamımız dünən olmuş əhvalatların təsiri ilə oyandıq. Bütün polk barıt çəlləyinə bənzəyirdi. Bakı ilə heç bir əlaqəmiz olmadığından orada nə baş verdiyini bilmirdik. Cəbhəçi uşaqlar tez-tez qruplaşıb xısın-xısın danışırdılar. Müxtəlif ideyalar irəli sürülürdü. Çaş-baş qalmışdıq. Biz bilirdik ki, hamımızı, xüsusən də bizim batalyonu cəbhəçilər kimi tanıyırdılar. Hələ axşamdan çoxlu dedi-qodu gəzirdi. Şuşada kazarmada yatmış əsgərlərimizin güllələnməsi əhvalatı yada düşdü. Deyirdilər ki, bizim də başımıza belə oyun gətirə bilərlər. Düzü, mən bizə qarşı silah işlədilməsinə heç cür inanmırdım. Ancaq elə gərginlik vardı ki, uşaqlar nəyə desən inanırdılar. Mən də bizə qarşı hər hansı təxribatın olacağına inanırdım. Hətta Əlövsət dünən gecə demişdi ki, kazarmadakı ikiyaruslu çarpayıları pəncərələrin qabağından sürüşdürüb divarın arxasında qoymaq lazımdır – bayırdan güllə atsalar, qorunmaq mümkün olsun.
Hissəni mühasirəyə aldıqlarından çıxmaq mümkün deyildi. Hələ axşam təklif etmişdim ki, bir nəfər hissəyə su gətirən maşın geri qayıdanda, onun sisterninin içində gizlənsin, çölə çıxandan sonra özünü Bakıya – AXC-yə çatdırsın. Bizim nə etməli olduğumuz haqda konkret göstərişlə qayıtsın. Elə mənim özümə təklif etdilər ki, gedim. Mən razılaşmadım, ürəyimə dammışdı ki, Bakıda hər nə olursa-olsun Şuşa getdiyi üçün qəfil əks-hücum planı ola bilər və hər an bizi döyüşə göndərə bilərlər. Şuşanın geri alınmasında iştirak, lazım gəlsə, həlak olmaq istəyirdim.
Bu arada komanda verdilər ki, bütün batalyonlar hissənin ortasındakı meydançaya toplaşsınlar. Hiss etdik ki, bu ya Bakıda baş verənlərlə bağlıdır, ya da bizi döyüşə aparırlar. Batalyonlar öz rotaları ilə sıraya düzülmüşdülər. Bir neçə zabit və bizim batalyon komandirləri meydançanın ortasında durmuşdular. Əsgərlər sırada dursalar da, danışırdılar, səsləri aləmi başına götürmüşdü. Məlum oldu ki, zabitlərdən ən yüksək rütbəlisi briqada komandiri Nəcməddin Sadıqovdur. Sifətindən elə də sərt adama oxşamırdı.
Birdən rus zabitlərinə xas amiranə bir səslə hamının sakit olmasını və sırada düz dayanmasını əmr etdi. Məəttəl qalmışdım, onun səsi o qədər zəhmli idi ki, bir anda hamı səsini kəsib özünü yığışdırdı. Hələ indiyədək heç bir zabit bunu bacarmamışdı.
Sadıqov Bakıdakı gərginlik haqqında bir-iki kəlmə danışdı və dedi ki, onun üçün Mütəllibovun, ya da Elçibəyin prezident olmasının o qədər əhəmiyyəti yoxdur, biz əsgərlərik, Vətəni qorumalıyıq. O, nizam-intizam haqqında, komandirlərin əmrlərinə tabe olmağın vacibliyi haqda xeyli danışdı. Bildirdi ki, kim qaydaları pozsa, cəzalanacaq, döyüş vaxtı isə komandiri tərəfindən güllələnə bilər. O bunları danışan vaxtı hissənin ştabının yanındakı kazarmadan bir neçə avtomat atəşi açıldı.
Sadıqov çevrilib arxaya baxdı və heç nə olmamış kimi söhbətini davam etdirdi. Hamı yerində durub ona qulaq asırdı.
Birdən güllə atılan kazarmadan bir əsgər çıxıb “AXC Ali Soveti tutdu, Mütəllibov devrildi” qışqıraraq bizə sarı qaçmağa başladı. Mən cərgədən çıxıb ona tərəf qaçdım. Sadıqov “stoy soldat, komu qovoryat, stoy” deyə dalımca qışqırsa da həmin əsgərə tərəf qaçdım. Biz qarşılaşıb qucaqlaşanda geri baxdım ki, bütün hissə sevinc içində, qışqıra-qışqıra bizə tərəf qaçır. Sonra zabitlər güc-bəlayla hamını yenidən sıraya düzdülər.
Sadıqov dedi ki, indicə maşınlar gələcək, hər rota ona məxsus ləvazimatları öz maşınına yığmalıdır. Sonra isə Bərdəyə yola düşəcəyik. “Dağılışın” komandasından sonra əsgərlər yenidən bir-biri ilə qucaqlaşaraq Bakıdakı qələbəni alqışlayırdılar.
Günortadan sonra maşınlar gəldi. Biz rotaya aid şeyləri maşına yüklədik, özümüz də mindik. Uzun bir avtomobil karvanı alındı. Hissədən gecə vaxtı çıxdıq. Gədəbəyli Ənvər “Ay duman, gəl get bu dağlardan….” deyə aşıq mahnısını oxumağa başladı. Hamımız mütəəssir olmuşduq. O, çox yanıqlı oxuyurdu. Aylı bir gecə idi. Erməni kəşfiyyatı duyuq düşməsin deyə maşınlar faralarını söndürmüşdülər. Çox sevinirdik, axı bilavasitə döyüş zonasına gedirdik. Gecə yarısı Bərdəyə çatdıq. Bizi keçmiş pioner düşərgəsində yerləşdirdilər.
(Ardı var)