Aclıq davam edir, yeni müayinə və müraciət var
- 18 Sentyabr 2020
- comments
- Səidə Hüseynova
- Posted in ManşetXəbər
Bakı Apellyasiya Məhkəməsi məhbus siyasətçi Tofiq Yaqublunun şikayəti üzrə ilkin prosesi – hazırlıq iclasını sentyabrın 28-nə təyin edib.
1961-ci il təvəllüdlü Tofiq Yaqublu Moskva Kooperasiya Universitetini bitirib. Milli azadlıq hərəkatının (1988-1991) fəalı, Qarabağ müharibəsi veteranıdır. Əbülfəz Elçibəyin prezidentliyi dövründə (1992-1993) Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb. Müsavat Partiyasının və Demokratik Qüvvələrin Milli Şurasının üzvüdür.
1998-ci ildə 2 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
2013-cü il fevralın 4-dən 2016-cı il martın 17-dək həbsdə olub.
2020-ci il martın 22-də yenidən tutulan Tofiq Yaqublu silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıqda günahlandırılır. İttihama əsasən, o, həmin gün öz avtomobili ilə Bakının Nizami rayonunda qaydaları pozub, Elxan Cəbrayılovun idarə etdiyi avtomobillə toqquşmadan sonra mübahisə zəminində ona və yoldaşı Cəvahir Cəbrayılovaya xəsarət yetirib.
Siyasətçi ittihamı qəbul etmir, bildirir ki, Elxan Cəbrayılov qəsdən qəza törədib, sonra dava salıb. Onun sözlərinə görə, hadisənin təxribat olduğunu anladığı üçün maşınının qapısını kilidləyib, şüşəni qaldırıb və polis gəlməyənə kimi yerə düşməyib, heç kimi vurmayıb.
İbtidai istintaqı Nizami Rayon Polis İdarəsi aparıb.
Sentyabrın 3-də Nizami Rayon Məhkəməsində Tofiq Yaqubluya 4 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası kəsilib. Hökmdən Bakı Apellyasiya Məhkəməsinə ünvanlanan şikayətdə Tofiq Yaqubluya bəraət və onun azadlığa buraxılması istənir.
Tofiq Yaqublu sentyabrın 2-də Bakının Şüvəlan qəsəbəsindəki 3 saylı İstintaq Təcridxanasında bəraət və azadlıq tələbi ilə aclıq aksiyasına başlayıb, vəziyyəti ağırlaşdığı üçün sentyabrın 12-də “City Hospital”a köçürülüb. Onun müalicəsini tibb elmləri doktoru Adil Qeybulla aparır.
Novator.az-ın məlumatına görə, siyasətçinin qızı Nigar Həzi sentyabrın 18-də özünün “Facebook” səhifəsində yazır ki, ötən gün axşam Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin xüsusi komissiyası atasını müayinə edərək onun vəziyyətini kafi-ağır kimi qiymətləndirib.
Sentyabrın 17-də müğənni, xalq artisti, “İstiqlal” və “Heydər Əliyev” ordenləri laureatı Zeynəb Xanlarova prezident İlham Əliyevə müraciət yayaraq Tofiq Yaqubluya azadlıq istəyib: “Sizə Qarabağ qazisi, şəxsən tanıdığım, hörmətlə yanaşdığım və mənim yaradıcılığımın vurğunu olan Tofiq Yaqublu ilə bağlı müraciət edirəm. Əminəm ki, Tofiq dövlətimiz, millətimiz üçün ziyanlı addım atmaz. Bu gün onun uzun müddət həbsdə olmasını haqsızlıq kimi dəyərləndirib Sizdən şəxsən xahiş edirəm ki, azadlığa buraxılmasına köməklik edəsiniz. Tofiqi mərd Azərbaycan kişisi kimi tanıyıram, bala acısı görmüş adamdır. Bu gün onun həbsdə olmasına görə aclıq etməsi faciə ilə sonuclana bilər. İnanıram ki, belə mövzularda ilk dəfə olaraq Sizə müraciət etməyimi nəzərə alacaqsınız”.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvü Əli Kərimli özünün “Facebook” səhifəsində yazır ki, bütün Azərbaycan, beynəlxalq aləm Tofiq Yaqubluya azadlıq istəyərkən apellyasiya məhkəməsini 28 sentyabra təyin etmək məhbusun həyatına qəsd anlamına gəlir: “Bu qərarın Tofiq Yaqublunu aclığın əli ilə öldürmək istəyindən başqa hansı izahı ola bilər? Əvvəlcə apellyasiya şikayətini Nizami Rayon Məhkəməsində gecikdirdilər, indi də apellyasiya məhkəməsini 11 gün sonraya təyin ediblər. Beləliklə, Tofiq Yaqublunun apellyasiya şikayətinə yalnız aclığın 27-ci günündə baxılacaq”.
Tofiq Yaqubluya səslənən Əli Kərimli yazır: “Əziz Tofiq bəy, sənin necə iradəli bir qəhrəman olduğun da, aclığı ölümə qədər belə davam etdirə biləcəyin də bəllidir. Ancaq indi çox aydın görünür ki, səni də, bizim hamımızı da düşmən bilənlər sənin ya həyatını, ya sağlamlığını itirməyini arzulayır. Etmə bunu, Tofiq bəy! Dayandır aclığı, sən xalqımıza sağ və salamat lazımsan. Səni sevənlər üçün, mübarizə üçün, qələbə üçün, Azərbaycan üçün yaşamalısan!”
Tofiq Yaqublunun qızı, Müsavat Partiyası Məclisinin üzvü Nigar Həzi 2012-2013-cü illərdə həbsdə olub. Nigar jurnalist, AXCP sədrinin müavini Seymur Həzinin həyat yoldaşıdır. Onlar 2016-cı ilin avqustunda, Seymur həbsdə olarkən ailə qurublar. Seymur Həzi 2014-cü il avqustun 29-da tutulub, 5 il müddətinə azadlıqdan məhrum edilib, 2019-cu il avqustun 29-da həbs cəzasını başa vuraraq azadlığa buraxılıb.
Tofiq Yaqublunun digər qızı Nərgiz Yaqublu da Müsavat fəalı olub. O, 2015-ci ilin aprel ayında, atası həbsdə olan vaxt vəfat edib.
Məhbus siyasətçinin oğlu Rəhim Yaqublu hərbi xidmətdədir.
Tofiq Yaqublu yenə həbsə gedir
Tofiq Yaqublunun məhkəməsi qapalı keçiriləcək
Ev dustaqlığına da yox deyildi
Tofiq Yaqublu nədən narazıdır?
Məhkəmənin Tofiq qərarı dəyişməz qaldı
Həbsin uzadılması: şikayət təmin olunmadı
Tofiq Yaqublu məhkəməni səbirsizliklə gözləyir
Tofiqin mühakiməsi “yox”larla başladı
Tofiq Yaqublu: “Mən əsir götürülmüş şəxsəm”
“Yalan danışıb qapını bağlayırsan, sonra da deyirsən…”
Tofiqin əsgər oğlunun problemi var
Üç vəsatətdən biri təmin olundu
Hökm ərəfəsində: Tofiq aclığa başladı
Tofiq Yaqublu: “Sona qədər gedəcəm”
Professor Tofiqin təhlükədə olduğunu yazır
Tofiq Yaqublunun halı pisləşib, ancaq aksiyanı dayandırmır
Sabir Rüstəmxanlı Tofiq Yaqublu ilə bağlı açıqlama yayıb
Adil Qeybulla Tofiq Yaqubluya baş çəkməsindən danışdı
Tofiq Yaqublu xəstəxanaya köçürülüb
“Azad olmaq Tofiq bəyin haqqıdır”
Tofiq Yaqublu palataya köçürülüb
Aclığın 14-cü günü: vəziyyət gərgindir
Tofiq Yaqublu sudan da imtina edə bilər
Yoldaşı Tofiq Yaqubluya baş çəkib