Tofiq Yaqublu
Artıq bizi könüllü əsgər kimi qeydə alıb hərbi forma vermişdilər. Bizi Müşfiqabad qəsəbəsindən Sumqayıta gedən yolun üstə yerləşən “Zelyonaya çast”da (Yaşıl hissə), SSRİ-dən qalmış hərbi hissədə yerləşdirdilər.
Düşünürdük ki, bizi dərhal döyüşə aparacaqlar. Bir-iki gün buradan heç yana tərpənmədik. Sonra hiss etdik ki, bizim döyüş bölgəsinə göndərilməyimiz yubanır. Bundan sonra uşaqlar axşamlar evə gedib, səhər yenidən hissəyə gəlməyə başladılar. Bir neçə gündən sonra mən də evə getdim. Babamla cijim də kənddən gəlmişdilər. Evdəkilər məni hərbi formada görüb təəccübləndilər. Onları inandırdım ki, AXC xətti ilə döyüş bölgələrinə silah və ərzaq aparırıq. Ona görə bu formanı geyinmişəm, ora ancaq hərbi formada getmək olar.
Tərəddüd etsələr də, inandılar. Fürsətdən istifadə edib könüllü orduya yazıldığım gün Mayaya yazdığım məktubu əvvəlki yerdə gizlətdim.
Məndə belə bir kompleks var ki, babamın yanında nəinki uşaqlarımı qucağıma almırdım, heç onlarla danışa da bilmirdim. Xəlvətə salıb Nigarla Nərgizi doyunca öpürdüm.
Gecəni evdə qalıb səhər yenidən hərbi hissəyə yollandım və özümə söz verdim ki, mümkün qədər daha evə gəlməyim, hissədə qalıb döyüşə göndərilməyimizi gözləyim.
Hərbi hissədə isə günlərimiz üzücü keçirdi. Hamı tez bir zamanda döyüşə getməyə can atırdı. Günlər keçirdi, söz versələr də, bizi döyüşə aparmırdılar ki, aparmırdılar.
Belə bir vaxtda birdən ağlıma gəldi ki, gündəlik tutum. Dəftər və qələm tapıb gündəlik qeydlər aparmağa başladım. Dəftərin üstünə ev ünvanımızı, bacım Rimanın ev və əmim oğlu Etibarın iş telefon nömrələrini yazdım ki, əgər bir şey olsa, onu çatdırsınlar, məndən sonra oxuyan doğmalarım döyüş yolumun qırılma nöqtəsinə qədər hər günündən xəbərdar olsunlar.
Əvvəlcə qeydlərimi iki-üç gündən bir edirdim. Sonralar bunu vərdiş halına saldım və hər gün üçün qeydlər aparmağa başladım. Gündəliyin birinci qeydində həmin günədək olanlar haqqında qısaca yazdım. Beləliklə,
Əsgər gündəliyi
21.04.1992-ci il
Könüllü yazılmaq üçün ərizəni martın 16-da verdim. Həmin gündən Milli Müdafiə Şurasının binasına get-gəl başladı. AXC-nin rayon şöbəsində bu xəbəri çox pis qarşıladılar. Çünki Binəqədi RŞ-dən xeyli cəbhəçi döyüşlərdə idi. Nə isə, qərarım qətidir. Uzun get-gəldən sonra, nəhayət, bizə əsgər forması verdilər. Evdə isə hər şeyi gizlədirdim. Əynimdəki əsgər libasını isə AXC-də verdiklərini söyləyib hamını aldadırdım. Cidanı çuvalda gizlətmək olmazdı. Axır ki, açıb hər şeyi evdə dedim. Maya çox ağladı. Onu sakitləşdirməklə yanaşı həm də başa salırdım ki, mənim getməyim lazımdır. Xocalıya istinadən bir-iki arqument gətirdikdən sonra, mənimlə razılaşmasa da, etiraz etməyə söz tapa bilmirdi.
Nəhayət, bizi Müşfiqabad qəsəbəsindən bir az aralı köhnə kazarmalarda yerləşdirdilər. Qaldığımız gün xoşagəlməz hadisə baş verdi. MDB əsgərləri iki əsgərimizi öldürdü, ikisini isə yaraladı. Bu haqda televiziya ilə məlumat verildi. Həmin gecə Rəhim Qazıyevlə Etibar Məmmədov kazarmaya gəlmişdilər.
Biz beləcə kazarmalarda boş-bekar yaşayırdıq. İşimiz ondan ibarət olurdu ki, əsgər yeməkxanasında naryada gedirdik. Bir-iki dəfə yarım saatlıq sürünməyə çıxsaq da, demək olar ki, bizə heç nə öyrətmirdilər.
Nəhayət, aprelin 20-də bizi Qaraheybət deyilən yerdəki hərbi atıcılıq poliqonuna avtomat atmağa apardılar. Adama üç patron verirdilər. Təşkilatçılıq aşağı səviyyədə idi. Məzhəkəyə oxşayırdı. Oradakıların xeyli hissəsi ömründə avtomat atmamışdı. Lap ağ eləmişdilər. Heç öyrətmirdilər ki, nə təhər nişan almaq lazımdır. Axı bu, heç də sadə iş deyil.
Geri gəlməyə maşın yox idi. Yolla bir az piyada gəldikdən sonra bir avtobus gəldi. Bizim dəstə həmin avtobusa minib düz Bakı-Şamaxı magistralına gəldi. Körpünün üstünə çıxıb kazarmaya getmək üçün maşın gözləyirdik. Bir QAZ-53 markalı yük maşını gəlirdi. Fikirləşdik ki, maşın Milli Ordunun əsgərlərini görüb mütləq saxlayacaq. Bizə çatanda sürəti bir az da artırdı və yanımızdan ötüb keçdi. Bayaqdan bizdən bir az aralıda “Jiquli”də gözləyən DAM (yol polisi – red.) əməkdaşı bunu gördü. Birdən-birə maşını işə salıb həmin yük maşınının dalınca sürdü. O biri maşın gözdən itmək üzrə idi. Ancaq o, bir azdan yük maşınını tutub gətirdi. Sürücü məcbur olub bizi onsuz da yolunun üstündə olan kazarmamıza gətirdi. Sonra da özü geriyə, sürücülük vəsiqəsini almaq üçün DAM əməkdaşı duran yerə qayıtmalı oldu. Bu, bizə xüsusi ləzzət verdi.
Ertəsi gün kazarmada oturmuşduq. Nərd, şahmat, domino və kart oynamaqla hərə öz vaxtını birtəhər keçirirdi. Elə bu zaman kimsə qışqırdı: “İlan!” Doğrudan da ilan yavaş-yavaş başı oyuna qarışmış Əlikramın düz yanında sürünürmüş. Gürcüstanın Aşağı Göyarxlı kəndindən olan Mustafa ilanı tutdu və aparıb çöldə buraxdı.
22.04.1992-ci il.
Günlər beləcə keçir. Bizi döyüşə aparmadıqları üçün əsəbiləşirdik. Elə bil hər şeyi qəsdən edirdilər ki, hamı dağılışsın. Onsuz da günbəgün sıralarımız seyrəlirdi. Onların əksəriyyəti döyüş zonalarına getmək üçün başqa yollardan istifadə etməli olurdular. Bəzisi evə getməyi üstün tuturdu. Onları qınamaq olmazdı. Bir yandan gündə əsgər forması geyinmiş qızları ekrana çıxardıb qeyrəti olanları orduya çağırırdılar, bir yandan da artıq orduya üzv olmuşlara cinayətkarcasına laqeyd münasibət göstərirdilər. Baş açmaq olmurdu. Bununla yanaşı giley-güzarın qarşısını almaq üçün bir-iki günə gedəcəyimizi söyləyirdilər.
23.04.1992-ci il
Arada vaxt tapan kimi futbol oynayırdıq. Qabağında taleyin hansı yazısı durduğunu bilməyən (ancaq hamı yəqin edirdi ki, hər halda ölüm ehtimalı var) uşaqlar özlərində mənəvi qüvvə tapırdılar. Bir dəfə futbol oynayırdıq. Yüngül idman ayaqqabım olmadığından ayaqyalın oynayırdım. Əynimdə 12 nömrə yazılmış futbol maykası var idi. Bu, Adilin “Almaz” komandasından qalmışdı. Hiss edirdim ki, oynayanların çoxu zəifdir. Lakin ayaqqabılarım olmadığından var qüvvə ilə oynaya bilmirdim. Bir də gördüm tanımadığım bir əsgər “ay 12 nömrə” deyib məni çağırır. Dedi görürəm oynayansan, ancaq ayaqqabın yoxdur. Və çıxarıb ayaqqabısını mənə verdi. Hələ dünənki futboldan axsamağıma baxmayaraq 4 qol vurdum.
Vaxt beləcə ötürdü. Getdikcə narazılıq artırdı. Əsgərlər bir rütbəli zabit görən kimi yapışırdılar yaxasından ki, niyə bizi döyüşə aparmırsınız. Artıq xeyli adam hissədən getmişdi. Demək olar ki, hər gün Müdafiə Nazirliyinə nümayəndə heyəti göndərirdik. Onlar da bir-iki günə bizi döyüşə göndərəcəklərini söyləyirdilər.
24.04.1992-ci il
Şəhərdən gələn uşaqlar “Azadlıq” qəzeti gətirmişdilər. Qəzetdən öyrəndik ki, Heydər Əliyev Əbülfəz Elçibəyin namizədliyini müdafiə edir. Bu, bizə xüsusi ləzzət verdi. Həm də bildik ki, aprelin 27-də Azadlıq meydanında AXC mitinq keçirir. Və həmin mitinqdə Alparslan Türkeşlə Süleyman Dəmirəlin çıxışı gözlənir. Kefimiz lap kök idi. İndi də oturub fikirləşirdik ki, kaş 27-nə kimi bizi aparmasınlar və biz də həmin mitinqdə iştirak edək. Ayın 25-də və 26-da evə gedə bildim. Babam xəstəxanada idi, onun yanına getdim. Rafiq və İlqar da onun yanında idilər. Məni görən kimi ağladı. Guya ki, 27-si, ya da 28-i getməliydik. Lakin bu barədə heç nə demədim.
27.04.1992-ci il
Azadlıq meydanında AXC-nin keçirdiyi mitinqdə iştirak etmək istəyirdim. Tərslikdən həmin gün naryadda oldum. Getməyisə çox istəyirdim. Çünki bu ərəfədə respublikanın həyatında ciddi siyasi gərginlik yaranmışdı. Bir-iki gün əvvəl AzTV-də “Retro” proqramının ortasında Tahir Əliyevin (daxili işlər naziri – red.) istefası haqqında məlumat verilmişdi. Sonrakı gün isə Ali Sovetin fövqəladə sessiyasının çağırılması haqqında qərar oxundu. Sonra bu qərar da ləğv edildi.
Axşam uşaqlar mitinqdən gəldilər. Xeyli məmnun oldum. Əbülfəz bəyin seçki kampaniyası qaydasında gedirdi. Axşamüstü kombat da gəldi. Onun dediyinə görə, 29-da çıxmalıyıq. Uşaqlar isə bərk narazılıq etdilər. Hamı dedi ki, bu, növbəti yalanlardan biridir. Qərara aldıq ki, bu iki günü də gözləyək.
–.–.1992-ci il
Mayın 1-dən 3-dək evdə oldum. Oqtay gəlmişdi. Ayın 30-da isə batalyona Etibar Məmmədov gəlmişdi. Çünki əsgərlər narazılıq edirdilər ki, axı bizi niyə aparmırlar. Ayın 28-də (aprel) mitinq keçirərkən bir dəstə gedib ona şikayət etmişdi. O da ona görə gəlmişdi. Onun dediyinə görə, biz bir həftə ərzində silahlandırılıb yola düşməliyik. Mən onun sözlərinə inanmırdım. Əslinə qalsa, əsgərlərin gedib ona şikayətlənməsinin əleyhinəydim. Axı ordu üçün o kimdir? Artıq mən bu qeydləri yazan gün hamı hiss edirdi ki, Etibarın dedikləri düz çıxmır.
Bu gün bizim rota poliqona getmişdi. Yenə bizə sürünmək öyrədirdilər. Daha doğrusu, heç nə öyrətmirdi (yəni zabit) öz-özümüzə məşq edirdik. Ancaq biz silahsız məşq edirdik. Geri qayıdanda gördük ki, o biri rotanın uşaqları bir xəstə qartal tutublar. O, uça bilmirdi. Bir həkim oğlan götürdü, onu müalicə etməyə başladı. Görək axırı necə olacaq.
Dünən isə dedilər ki, sürücülər lazımdır. Sabunçuda zavodda hazır, təzə QAZ-66 maşınları var. Onları sürüb gətirmək lazımdır. Mən də getdim. Maşının yağını və suyunu yoxladıqdan sonra akkumlyatoru işə saldım. Doqquz maşın idi. Dəstə ilə gəlirdik. Moskva prospektində maşınlardan biri bir “Jiquli”nin güzgüsünü qırdı. Mən lap yaxşıca gətirib çıxartdım.
Əvvəlki qeydləri yazdığım gündən bu yana əsgərlər daha da narazıdırlar. Hamı yenə tələb edirdi ki, bizi tezliklə döyüşə aparsınlar. Sıralarımız isə yavaş-yavaş seyrəlir. Bu biganəliyə dözməyən əsgərlər ya paltarlarını təhvil verib evə qayıdırdılar, ya da hərə bir yol tapıb döyüş bölgələrinə gedir. Mən də lap bezmişəm. Amma axıra qədər dözəcəm. İnanırdım ki, bizi, nəhayət, aparacaqlar.
08.05.1992-ci il
Bu gün həftənin beşinci günüdür. Çünki həmişə biz beşinci gün evə gedəndə kazarmada 9-10 nəfər qalırdı. Bu dəfə biz qalmalı olduq. Bazar günü axşam gedəcəyəm. Yəqin ki, babam artıq xəstəxanadan çıxıb nənəmin ilinə gedib. Bu gün axşam “Neftçi” ilə Sumqayıtın futbol komandalarının arasında oyun göstərirdilər. Bu, Azərbaycanda futbol üzrə milli çempionatın ilk oyunu idi. “Neftçi” axırıncı dəqiqədə on bir metrlik çərimə zərbəsi hesabına oyunu uddu. Futbola baxanlar iki yerə bölünmüşdülər. Çox maraqlı və güclü “qarşıdurma” yaranmışdı. Tərəflərin öz komandasına pərəstiş etməsi adama ləzzət edirdi. Sumqayıtlı uşaqların canfəşanlığı bizi xeyli güldürdü. Nə isə, çox maraqlı idi.
Axşamüstü “Gün” proqramında Şuşaya güclü hücum olması barədə verilən məlumat bizi demək olar ki, şok vəziyyətə saldı. Şəxsən mən çox bədbinləşdim. Ürəyimə damdı ki, deyəsən, bundan sonra da bizi döyüşə aparmayacaqlar. Tərslikdən televiziya ətraflı məlumat vermədi. Səbirsizliklə sabahı gözləyirik. Gecə isə “A, nerede” adlı türk musiqili komediyasına baxdıq. Bu, bir müddət bizi Şuşa qayğısından azad etdi.
11.05.1992-ci il
Şuşanın alınması xəbəri bütün əsgərləri özündən çıxarmışdı. Mayın 10-da (bazar günü) kazarmalarda əsgərlər az idi. Hamı evə getmişdi. Axşamüstü hamı Şuşada vəziyyətlə əlaqədar axışıb gəlməyə başladılar. Hamı elə bilirdi ki, nəhayət, indiki vəziyyətdə yəqin ki, mütləq bizi silahlandırıb aparacaqlar. Lakin yenə də əvvəlkitək bizi itirib-axtaran yox idi. Bu hamını lap hiddətləndirirdi. Gələnlər təzədən geri qayıtmağa başladılar.
Mən evə yalnız ayın 10-da axşamüstü getməliydim. Şuşadakı vəziyyətlə əlaqədar fikirləşdim ki, yəqin bizi aparacaqlar. Ona görə də cümə günü axşam evə getdim. Yuyundum, paltarlarımı dəyişdim. Uşaqlarla görüşdüm. Nərgiz bərk xəstələnmişdi.
Ertəsi gün yenidən qayıtdım. Televiziya yenə də heç bir məlumat vermirdi. Axşamüstü işıqlar yanmırdı. Qaranlıqda oturub döyüşlərin gedişi haqqında hərə bir mülahizə yürüdürdü. Birdən qonşu rotadan bir oğlan sevincək içəri keçib dedi ki, indicə əl radiosu ilə eşidib ki, bizimkilər uğurlu əməliyyat keçiriblər. 116 nəfər əsir tutublar, 6 kənd alıblar. Xeyli sevindik. Mayın 11-də səhər “Vesti” proqramının dediyinə görə, Şuşa ermənilərin əlindəydi. Yenidən hamımız ruhdan düşdük və yenə də yuxarıları söyməyə başladıq ki, niyə bizi aparmırlar.
Bu gün səhərdən əsgərlər arasında çaxnaşma düşdü. Müxtəlif söhbətlər getməyə başladı. Döyüşə getmək üçün hərə bir variant deməyə başladı. Hamı hiddətlənmişdi. Söhbətlər eşidilirdi ki, Müdafiə Nazirliyində qara qüvvələr var. Onlar bu işə mane olurlar. Rəhim bəyi işdən çıxarmaq üçün onu pis vəziyyətdə qoymaq istəyirlər. Bu zaman şəhərdən Əlövsətgil gəldilər. Özü Drabazdandır. O dedi ki, AXC-də olub. Şuşa haqqında bəzi həqiqətləri öyrənib. Aydın oldu ki, Şuşa da Xocalı kimi qurban gedib. Könüllü yaradılmış batalyonları qəsdən qırğına vermişdilər. Məlum olurdu ki, bizim könüllü batalyonun başına da belə iş gətirilə bilərlər. Arada kimsə dedi ki, guya batalyon bu gün döyüşə gedir. Biz tələsik 5 nəfərdən ibarət nümayəndə heyəti seçdik ki, həmin nümayəndələr Müdafiə Nazirliyinə gedib Sadıqovla danışaq, bu dəfə də bir şey çıxmasa, mütləq özümüz bir variant tapıb gedək.
Deyilənə görə, könüllü batalyonlarda əsasən demokratik fikirli adamların toplaşdığına görə qəsdən onları tələyə salıb qırdırırlar. Bunu bilə-bilə yenə də qərara aldıq ki, mütləq döyüşə getməliyik. Batalyon komandiri Yaşar bəy də bizə qoşuldu. Həmin nümayəndələrlə batalyona gəldik. Sadıqovun orada olması yalan imiş. Amma doğrudan da onlar yola düşürdülər.
(Ardı var)