Tofiq Yaqublu
Beləcə, günlər davam edirdi. Hər gün Qarabağda baş verən silahlı toqquşmalardan, ölənlərdən, girov götürülənlərdən xəbərlər gəlirdi. Artıq özünümüdafiə batalyonları və onların komandirləri məşhurlaşmışdılar. Getdikcə səbrim daralırdı. Hansı rayonda özünümüdafiə batalyonuna kimin komandirlik etməsi bəlli idi. Aldığım məlumatları saf-çürük edərək hansı rayona getməyi müəyyənləşdirmək istəyirdim. Belə düşünürdüm ki, hansı rayonda AXC-nin güclü təşkilatı varsa, ora gedəsiyəm. Əslən Qarabağdan olan xeyli cəbhəçi artıq döyüşə yollanmışdı. Onlar öz kəndlərinə gedib özünümüdafiə batalyonlarına qoşulurdular. Daha səbrim çatmırdı, özüm-özümü danlamağa başladım ki, sanki döyüşə getməmək üçün iş yoldaşlarımı bəhanə edirəm.
…Xocalı faciəsi haqqında AzTV, demək olar ki, heç nə vermədi. Yalnız ertəsi AXC-nin mərkəzi qərargahında olanda bu dəhşətli milli faciə haqqında əsl həqiqəti öyrəndim. Sarsılmışdım. Özümü, iş yoldaşlarımı qınayırdım. Mənə elə gəlirdi ki, bu faciədə ermənilərdən daha çox biz günahkarıq, indiyədək döyüşə getmiş olsaydıq, bu faciənin qabağını alardıq.
Ertəsi gün axşam televiziyada (səhv etmirəmsə, “215-KL” studiyası idi) Xocalı faciəsindən dəhşətli kadrlar göstərdilər. Maya ilə bərabər baxırdıq. Nigarla Nərgiz döşəmənin üstündə oynayırdılar. Çöllərə səpələnmiş meyitləri görəndə Maya bərkdən çığırdı və hönkür-hönkür ağlamağa başladı. Özümü saxlaya bilmədim, mən də ona qoşuldum. Nə baş verdiyini anlamayan uşaqlar mat-mat üzümüzə baxırdılar. Bizim ağlamağımıza televizorda göstərilənlərin səbəb olduğunu başa düşən uşaqlar da gah bizə, gah da televizora baxaraq ağlamağa başladılar.
Mən erməni qaniçənlərinin öldürdükləri Xocalı uşaqlarının çöllərə səpələnmiş meyitlərinə baxa-baxa Nərgizi qucağıma götürdüm və bağrıma basdım. Həmin uşaqların yerinə onu təsəvvür edirdim. Başımı qaldırdım ki, Maya da Nigarı bağrına basıb ağlamaqda davam edir.
Nəhayət, hamımız sakitləşdik.
Əsl fürsət idi. Döyüşə getmək üçün indi Mayanın özündən icazə almaq olardı, əvvəlcə yazdığım məktuba ehtiyac da yox idi. Çünki Mayanın özü qisas deyib bağırırdı, hətta düşündüm ki, indi könüllü döyüşə getmək istədiyimi deməsəm, özü mənə bozaracaq, “nə var evdə oturubsan, nəyi gözləyirsən, sən niyə döyüşə getmirsən?” deyəcək.
Bu anda qonşularımız bizə gəldilər. Onlar da gördüklərindən sarsılmışdılar, bir cəbhəçi ailəsi kimi dərdlərini bizimlə bölüşmək qərarına gəlmişdilər. Baş verənlərdə ölkə prezidenti Ayaz Mütəllibovun günahkar olduğunu dedim. Artıq neçə ay idi ki, Xocalı mühasirədə idi, ora ancaq vertolyotla gedib-gəlmək mümkün olurdu. Aylardır çalınan həyəcan təbilinə rəğmən hakimiyyət Xocalı faciəsinin qarşısını almaq üçün praktik olaraq heç nə etmədi. Ordunun yaradılması xaincəsinə yubadılırdı. Hələ bu azmış kimi faciə haqda rəsmi məlumatda ölənlərin sayını qat-qat az göstərmişdilər, üstəlik də baş verənləri AXC-nin üstünə yıxmışdılar. Bu məni daha da hiddətləndirmişdi.
Qonşular dağılışıb getdi. Birdən ağlıma nə gəldisə, Mayadan icazə almağı sabaha saxladım. Dedim gedib cəbhəçilərlə görüşüm, vəziyyəti bir daha dəqiqləşdirim. Səhər evdən çıxmaq istəyəndə birdən sanki belimə ox sancıldı. Radikulitim tutmuşdu. Qonşuların məsləhəti ilə aptekdən iynə alıb vurdular. Axşam oldu, vəziyyətim düzəlmirdi. Ertəsi günü birtəhər dikəldim, yana əyilmiş vəziyyətdə Cəbhəyə getdim.
Döyüşə getmək istəyənlərin sayı-hesabı yox idi. Dedilər ki, AXC özünün ayrıca batalyonlarını yaradacaq. AXC-nin Lenin (Sabunçu) rayon şöbəsindən tanıdığım Talıba dedim ki, mən evdə bir-iki gün ciddi müalicə olunmalıyam, belə vəziyyətdə döyüşə gedə bilmərəm. Əgər batalyon söhbəti gerçəkləşsə, mütləq mənim adımı da yazdır və xəbər elə.
Evə qayıtdım. 5-6 gündən sonra özümə gələ bildim. Bu zaman eşitdim ki, Etibar Məmmədovun çağırışı ilə Milli Müdafiə Şurası könüllüləri silahlandırıb döyüşə yola salır.
Sağalıb özümə gələndən sonra ayaqüstü işə dəydim və birbaşa bir vaxtlar Kirov (Binəqədi) Rayon Partiya Komitəsi yerləşən binanın qabağına gəldim. Milli Müdafiə Şurası könüllüləri burada qeydə alırdı.
Yazılmaq üçün böyük növbə var idi. Tələb edirdilər ki, hər bir könüllü müəyyən edilmiş formada ərizə yazmalıdır və hərbi biletini təqdim etməlidir. Toplaşanların əksəriyyəti cəbhəçilər idilər. Xeylisini tanıyırdım. Deyirdilər ki, ən çox piyada qoşunlarında xidmət etmişlərə üstünlük verilir, çünki məhz bu qoşun növündə xidmət etmiş əsgərləri heç bir hazırlıq keçmədən birbaşa döyüşə yollamaq olardı. Mən Strateji Əhəmiyyətli Raket Qoşunlarında xidmət etmişdim. Bunun isə Qarabağ döyüşlərinə aidiyyəti yox idi. SSRİ-nin qorxunc CC-20 raketləri hara, Qarabağdakı döyüşlər hara?
Bu arada uşaqlardan kimsə ərizə formasını tapıb gətirdi. Bir tərəfə çəkilib ərizə yazmağa başlayanda yadıma Mayaya yazdığım məktub və bir də onu xəbərdar eləmək problemi düşdü. Həmin axşam məqsədimi ona demədiyim üçün özümü qınadım.
Sonrakı günlər hiss etdim ki, bu xəbərə hazır deyil və özünə desəm, ciddi etiraz edəcək. Əlimi pencəyimin cibinə atıb yazdığım məktuba bir də göz gəzdirmək istədim. Məktub pencəyimin cibində yox idi. Fikirləşdim ki, yəqin cibimdən başqa şey çıxardanda salmışam.
Artıq üçüncü dəfə Mayaya gizli məktub yazmağa başladım. Həmin məktub və könüllü orduya yazılmaq haqqında ərizəm (onu müharibədən qayıtdıqdan sonra sənədlərimin içində qaytarmışdılar) mənim müharibədə yazdığım gündəliklər kimi şəxsi arxivimdə qorunub saxlanır.
Haşiyə
Maya!
Məktubunu diqqətlə oxu. Mən bu məktubu yazanda, doğrusu, heç bilmirəm Qarabağın harasına gedəcəyəm. Ancaq orası bəllidir ki, gedəcəyəm! Səndən xahişim budur ki, təmkinli və səbirli olasan. Əgər hər şeyin yaxşı qurtarmasını istəyirsənsə, mənim heç olmasa evdən narahatlığımın olmamasını istəyirsənsə, səndən xahiş edirəm özünü dəyanətli apar.
Yəqin izah etməyə ehtiyac yoxdur ki, niyə mən bu addımı atmışam. Axı Xocalı faciəsinə televizorda baxanda ikimiz də hönkür-hönkür ağlayırdıq. Mən qıraqdakıları demirəm, başda cinayətkar Mütəllibov olmaqla xəyanətkar kommunistlərin əməlləridir bizi belə vəziyyətə salan. Başa düş ki, mənim ora getməyimə bais məhz onlardır. Məni heç kəs, nə AXC, nə dostlarım Qarabağa getməyə məcbur və ya təhrik etməyib. Öz ürəyimin səsinə qulaq asıb bu addımı atmışam.
Çalış uşaqlarla mehriban rəftar et. Nə qədər yorğun, nə qədər hirsli olsan da, onların qəlbinə dəymə. Əgər mən sənə dediyim şərtlərdən əminlik duysam, cəbhədə mənə bir o qədər asan olar. Bu məktubu heç əvvəlcədən düşünmədən, elə birbaşa yazıram. Ona görə də fikirlərimin hamısını kağıza köçürmək olmur.
İnan ki, hər şey yaxşı qurtaracaq. İşdir, bir şey baş versə, dediyim kimi, dəyanətli ol! Öpürəm hamınızı.
Hörmətlə: Sizin Tofiq. 16 mart 1992-ci il.
Azərbaycan Milli Müdafiə Batalyonun rəisi Rəhim bəy Qazıyevə Qaraçuxur qəsəbəsi, Trubnaya baza küçəsi, 1511 nömrəli evdə yaşayan (pasport qeydiyyatı: Saray qəsəbəsi, Aslanov küç. Ev 39)Tofiq Yaqublu tərəfindən
ƏRİZƏ:
Xahiş edirəm məni könüllü olaraq Milli Ordunun sıralarına qəbul edəsiniz. Raket qoşunlarında xidmət etmişəm.
Ölçülər:
ayaqqabı 42
baş 56
geyim 180 sm
İmza: T.YAQUBLU
16 mart 1992-ci il.
(Ardı var)
Gündəliyin əvvəli: 1