Tofiq Yaqublu
Qarabağdan əsl müharibə xəbərləri gəlirdi. Bütün proseslər də onu göstərirdi ki, qarşıda Qarabağ uğrunda ciddi və amansız müharibə olacaq. Təəssüf ki, AXC-nin israrlı tələb və təkliflərinə baxmayaraq Ayaz Mütəllibov milli ordu yaratmaq istəmirdi, ya da buna tələsmirdi. İş yerində dörd-beş nəfərlə razılaşmışdıq ki, əgər ordunun yaradılması yubadılacaqsa, özümüz Qarabağın rayonlarından birinə gedib yerli özünümüdafiə batalyonuna yazılacağıq.
1992-ci il yanvarın əvvəlində dostlarımla bir də danışdım, məni əmin etdilər ki, bu günlərdə tamamlanması vacib işləri var, onu görsünlər, sonra rahatca, evdən heç bir qayğı olmadan döyüşə getmək olardı. Özlərinə deməsəm də, hiss edirdim ki, döyüşə getməyim də partbileti atmağıma dönəcək.
***
“İttifaqtelefontikinti” Trestinin Bakı Tikinti Quraşdırma İdarəsində baş əmtəəşünas vəzifəsində işləyirdim. Qorbaçovun yenidənqurması öz bəhrəsini verirdi. Tarixi həqiqətlər yavaş-yavaş üzə çıxmağa başlamışdı. Cəmiyyət başa düşürdü ki, SSRİ adlanan imperiyanın əsl mahiyyəti nəymiş, o, digər xalqlarla birlikdə xalqımızın başına nə müsibətlər gətiribmiş. SSRİ-nin və Sov.İKP-nin ifşası, əsl sifətinin açılması yönündə cəmiyyətə getdikcə daha çox material ötürülürdü. Cibimdə partiya bileti ola-ola Sov.İKP əleyhinə təbliğata başlamışdım. İnsanları inandırmağa çalışırdım ki, bu partiyanın faşizmdən heç bir fərqi yoxdur. İdarəmizin partiya təşkilatında Krıjanovski familiyalı yaşlı polyak var idi. Mənim söhbətlərimi eşidib özümə bir söz deyə bilməsə də, idarənin direktoru Vaqif müəllimə şikayətlənirdi. Vaqif müəllim də sağ olsun, Krıjanovskinin ağzını boza verib mənə heç nə demirdi. İdarədəki kommunistlərin bir çoxunu inandırmışdım ki, nə qədər gec deyil, nümayişkaranə şəkildə Sov.İKP sıralarından çıxmaq lazımdır. Moskvanın, Sov.İKP MK-nın Qarabağ məsələsində ədalətsiz mövqe tutması, ermənilərə qahmar çıxması bu işdə mənə yardımçı olurdu. Onlar mənimlə razılaşmışdılar, ancaq günü-günə satırdılar, risk etmirdilər. Bu proseslərin dönməz olduğuna tam inana bilmirdilər, qorxurdular ki, birdən Moskva əvvəlki nüfuzunu və gücünü bərpa edər, sonra bunlardan haqq-hesab soruşular.
Beləcə xeyli vaxt keçdi. Səbrim tükənirdi. Nəhayət, 1989-cu ilin aprel ayının 12-də, kosmonavtika günündə Lenin Rayon (indiki Sabunçu rayonu) Partiya Komitəsinin birinci katibinin adına bir “şanlı” ərizə yazdım. Ərizədə bolşeviklərin xalqımızın başına gətirdiyi müsibətlər, XI Qızıl Ordunun Azərbaycan Xalq Cümhuriyyətini işğal etməsi haqqında xatırlatmalara yer ayırmışdım və sonda da bildirmişdim ki, mən belə partiyanın sıralarında qala bilmərəm. Partiya biletindəki Leninin şəklinin üstünə də bir faşist xaçı çəkərək onu da sancaqla ərizəmə qoşmuşdum.
İlk partiya təşkilatının sədri İbrahim Nağıyev (o da partiyadan çıxmağa hazırlaşırdı) ərizəmi aparıb raykoma verdi. Üstündən bir saat keçməmişdi ki, məni raykoma çağırdılar. Əvvəlcə uçot sektorunun müdiri mənimlə danışdı, böyük səhvə yol verdiyimi izah etməyə çalışdı. Qərarımın qəti olduğunu görüb, ərizəmi də götürüb məni birinci katibin otağına apardı. Hiss etdim ki, birinci katib məsələdən xəbərdardır. Sektorun müdiri partbiletimi sancaqla bərkitdiyim ərizəmi onun stolunun üstünə qoydu və izahat verməyə başladı. Elə danışırdı ki, guya birinci katib məsələdən indi xəbər tutur. O, sektor müdirinə qulaq asa-asa partbiletimi o üz-bu üzə çevirirdi. Nəhayət, başını qaldırıb üzümə baxdı və “Cavan oğlansan, sənin gələcəyin var, çox böyük səhv edirsən” deyib məndən ərizəmi geri götürməyi xahiş etdi. Mən də o vaxtın patriotizminə uyğun olaraq qətiyyətlə “kişi tüpürdüyünü yalamaz” tipli yox cavabını verdim və otaqdan çıxdım…
***
Artıq qərar vermişdim ki, bir az da gözləyəcəyəm, əgər dostlarım tərpənməsələr, özüm təkcə gedəcəyəm Qarabağa. Düzü, özüm də döyüşə bəzi şeyləri rahatlayandan sonra getməyi planlaşdırırdım. Onda evimiz uçuq bir daxma idi. Atamın mənə normal ev almaq imkanı yox idi. Ancaq kişi gənc ailənin kirayədə qalmasındansa özünə məxsus daldalanacaq bir komasının olmasını doğru saymışdı və bu komanı almışdı. Əsas qayğım evin dammasından sarı idi. Üç iliydi ki, heç cür onun qarşısını ala bilmirdim, guya indi nə edəsiydim ki? Digər tərəfdən fikirləşirdim ki, Mayanı iki körpə uşaqla belə vəziyyətdə qoymaq olmaz. Orasını da deyim ki, mənim səhər tezdən “qeyrətlənib” dama çıxmağım onu xeyli təəccübləndirmişdi. Çünki Qarabağa gedəcəyim haqda heç nə deməmişdim. Nə ona, nə də ata-anama, bacılarıma. Fikirləşirdim ki, getməyimə razı olmayacaqlar, fikrimdən daşındırmağa çalışacaqlar. Mayaya bir məktub yazıb hazırlamışdım. Evdən çıxıb Qarabağa yola düşəndə də heç kəsə heç nə deməyəcəkdim. Sonradan xəbər göndərib məktubun yerini bildirəcəkdim.
Damdan düşüb otağa girdim. Nigarla Nərgiz atalarının damdakı “qəhrəmanlığından” bixəbər şəkildə mışıl-mışıl yatırdılar. Birdən-birə qəribə hisslər məni çulğadı. Bərk kövrəldim. Nərgiz balaca çarpayıda, Nigar isə böyük çarpayıda yatırdı. Nigarın yanına uzanıb üzümü üzünün üstünə qoydum, xeyli beləcə uzandım. Mən uşaqsevən adamam və uşaqlarla oynamağı çox sevirdim. Bu dəfə isə susqun, donuq şəkildə Nigarın yanında uzanıb qalmışdım.
Maya da şübhələnmişdi. Səhər tezdən dam əhvalatı, indi isə kövrəlmiş halda Nigarın yanında susqun uzanmağım onun diqqətindən qaçmamışdı. Məndən nə baş verdiyini soruşdu. Mən də yalandan dedim ki, heç nə olmayıb. Məncə, məhz o vaxt, Nigarın yanında uzananda ilk dəfə idi ki, müharibədən qayıtmayacağım halda daxmada qoyub getdiyim bu üç nəfərin axırının necə olacağı haqda ciddi-ciddi düşünməyə başladım. Suallar çox idi, amma heç birinə cavab tapa bilmirdim. Heç olmasa ailənin normal mənzil şəraiti və dolanışığı da yox idi ki, özümə azca təsəlli verəydim.
Üzüm Nigarın üzündə qalmışdı, onun nəfəsinin qoxusu bihuş etsə də, beynimdən keçən suallar məni cəllad kimi doğrayırdı. Müharibəyə getmək qərarımda heç bir tərəddüdüm yox idi, gedəcəkdim, vəssalam, qoyub getdiyim adamların aqibətini düşündükcə sarsılırdım. Ailə başçısı, onun işləyən tək üzvü kimi evdən çıxanda evdə qalanlara bir həftəlik çörək pulunu qoya bilməyəcəkdim.
(Ardı var)
1961-ci il təvəllüdlü Tofiq Yaqublu Moskva Kooperasiya Universitetini bitirib. Milli azadlıq hərəkatının (1988-1991) fəalı, Qarabağ müharibəsi veteranıdır. Əbülfəz Elçibəyin prezidentliyi dövründə (1992-1993) Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb.
Müsavat Partiyasının və Demokratik Qüvvələrin Milli Şurasının üzvüdür.
1998-ci ildə 2 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzası alıb.
2013-cü il fevralın 4-dən 2016-cı il martın 17-dək həbsdə yatıb.
2020-ci il martın 22-də yenidən tutulan Tofiq Yaqublu 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.