Prezident İlham Əliyev televiziyadan müraciət yayaraq yeni dərs ilinin başlanması münasibətilə təbriklərini çatdırıb. O qeyd edib ki, yeni dərs ili pandemiya dövründə başlayır: “Bunu nəzərə alaraq yeni dərs ili yeni formatda təşkil ediləcək. Bizim əsas məqsədimiz ondan ibarətdir ki, Azərbaycan xalqını bu bəladan qoruyaq, qəbul edilmiş bütün qərarlar bu məqsədi güdür.
Azərbaycan pandemiyanın ilk günlərindən çox operativ, çevik addımlar ataraq xalqımızı böyük bəladan qurtara bilib. Mart ayının əvvəlindən məktəblər, ali məktəblər, bütün təhsil müəssisələri bağlandı və bunun əsas məqsədi uşaqları, yeniyetmələri xəstəlikdən qorumaq idi. Təbii ki, bu, təhsil sahəsinə mənfi təsir göstərib. Ancaq biz görülmüş tədbirlər nəticəsində pandemiyanın təhsilə olan mənfi fəsadlarının böyük hissəsini aradan qaldıra bildik. Əminəm ki, yeni şəraitdə başlanan dərs ili uğurlu olacaq, bizim şagirdlərimiz, tələbələrimiz yaxşı biliklər alacaqlar, müəllimlər də öz vəzifə borcunu şərəflə yerinə yetirəcəklər.
Biz postpandemiya dövrünə hazırlaşırıq. Peyvənd icad olunandan sonra deyə bilərik ki, bu dövr arxada qalıb. Azərbaycan peyvəndin ölkəmizə gətirilməsi ilə əlaqədar bir neçə şirkətlə danışıqlar aparır. Əldə ediləcək peyvənd bütün sınaq mərhələlərindən keçməlidir və eyni zamanda beynəlxalq sertifikatlar almalıdır. Daha sonra peyvənd Azərbaycana gətiriləcək və əminəm ki, ondan sonra biz normal, adi həyata qayıda bilərik, o cümlədən təhsil sahəsində ənənəvi tədris prosesi bərpa olunacaq.
Pandemiyanın fəsadlarına, iqtisadi tənəzzülə, neft gəlirlərimizin azalmasına baxmayaraq məktəb tikintisini, ali məktəblərin tikintisini davam etdirdik, eyni zamanda bir dənə də sosial layihə ixtisar edilməyib. Keçən il və bu il vətəndaşlara böyük sosial paket təqdim etdik. Bu il 5 milyona yaxın Azərbaycan vətəndaşı dəstəkləndi və dəstək bu gün də davam etdirilir.
Bu il 147 məktəbin tikintisi nəzərdə tutulur. Onların böyük hissəsi artıq hazırdır və Bilik Gününə hazır vəziyyətə gətirilib. Bir neçə məktəbin açılışı bu ilin sonuna qədər nəzərdə tutulur.
Son 2-3 il ərzində biz kiçik kəndlərdə modul tipli məktəblər inşa edirik. Bu il modul tipli 60 məktəbin tikintisi təmin edilir və ediləcək. Beləliklə, cəmi bir il ərzində 150-yə yaxın məktəb tikilir və əsaslı təmir edilir. Son 17 il ərzində Azərbaycanda 3700-ə qədər məktəb tikilib və əsaslı təmir edilib. Bu, məktəb fondumuzun böyük əksəriyyətini təşkil edir. Çünki Azərbaycanda hazırda 4500-ə qədər məktəb var, onların 3700-ü tam yeni görkəm alıb və yenidən inşa edilib.
Bu il ali məktəblərin korpuslarının tikintisi də təmin edilib. İyun ayında Gəncədə Dövlət Aqrar Universitetinin yeni tədris korpusu mənim iştirakımla istifadəyə verilib. Bu korpusun sahəsi 22 min kvadratmetrdir. Sentyabr ayında isə Azərbaycan Dövlət İqtisad Universitetinin yeni korpusu. Bu korpusun sahəsi 13 min kvadratmetrdir. ADA-nın yeni iki korpusu istifadəyə verilib və bu korpusların sahəsi 35 min kvadratmetrdir. Beləliklə, cəmi bir il ərzində üç ali məktəbin 70 min kvadratmetr sahəsi olan yeni korpusları tikilib. Təbii ki, bu, böyük vəsait tələb edir və biz bu vəsaiti ayırırıq. Çünki təhsilə ayrılan vəsait gələcəyə ayrılan vəsaitdir. Mən hələ 2004-cü ildə demişdim ki, biz “qara qızıl”ı insan kapitalına çevirməliyik və bunu əldə etmişik. Son illərdə Azərbaycanda nəinki təhsilin maddi-texniki bazası möhkəmlənib və bu gün bizim bütün ali məktəblərimiz təmirli binalarda yerləşir, eyni zamanda təhsilin keyfiyyəti artır. Bu, çox vacib məsələdir və biz bunu müxtəlif sahələrdə görürük. Bizim məktəblilərimiz beynəlxalq olimpiadalarda yüksək yerlər qazanırlar, olimpiadaların qalibləri olurlar. Müəllim peşəsinə maraq bərpa olunub və bu da özünü rəqəmlərdə göstərir. Müəllim peşəsini seçən gənclərimizin sayı hər il artmaqdadır. Qəbul imtahanlarında yüksək bal toplamış bir çox gəncimiz müəllim olmaq istəyir. Çünki müəllimlərin iş şəraiti yaxşılaşıb, müəllimlər gözəl məktəblərdə, ali məktəblərdə dərs deyirlər, müəllimlərin əmək haqları artırılıb və diaqnostik qiymətləndirmədən keçən müəllimlərimiz yüksək maaş alırlar.
Bu gün dünya üçün yeni texnologiyaları təqdim edən, icad edən ölkələr inkişaf etmiş ölkələrdir və bu ölkələrin bir çoxunda təbii resurslar yoxdur. Ona görə hər bir ölkənin inkişafı onun təbii resursları ilə ölçülmür və gələcəkdə bu özünü daha da qabarıq şəkildə büruzə verəcək. Odur ki, təhsilə qoyulan vəsait hər bir ölkənin gələcəyinə, müstəqilliyinə, təhlükəsizliyinə qoyulan vəsaitdir. Təsadüfi deyil ki, Azərbaycanda büdcə xərcləri arasında təhsil sahəsinə ayrılan xərclər ikinci yerdədir. Müharibə şəraitində olmasaydıq, birinci yerdə olardı. Çünki hazırda ən böyük xərclərimiz müdafiə sahəsi ilə bağlıdır. Bu da təbiidir. Yəni bu özlüyündə bir göstəricidir, bizim siyasətimizin təzahürüdür, bizim niyyətimizi əks etdirir”.
Novator.az bildirir ki, Nazirlər Kabineti təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin əyani formada təşkili tarixini belə müəyyən edib:
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində – oktyabrın 1-dən;
ölkənin digər şəhər və rayonlarında fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində – sentyabrın 15-dən;
ümumi təhsilin ibtidai təhsil səviyyəsi (I-IV siniflər) üzrə – sentyabrın 15-dən;
xüsusi məktəblərdə, xüsusi internat məktəblərində, ümumtəhsil internat məktəblərində, inteqrasiya təlimli internat tipli təhsil müəssisələrində, inteqrasiya təlimli internat tipli gimnaziyalarda, valideyn himayəsindən məhrum uşaqlar üçün ümumtəhsil internat məktəblərində – sentyabrın 15-dən;
ümumi təhsilin məktəbəhazırlıq mərhələsi (5 yaş) üzrə – oktyabrın 1-dən;
ümumi təhsilin ümumi orta təhsil səviyyəsi (V-IX siniflər) üzrə – oktyabrın 1-dən;
ümumi təhsilin tam orta təhsili səviyyəsi (X-XI siniflər) üzrə – oktyabrın 15-dən;
peşə təhsili müəssisələrində qısamüddətli kurslar üzrə – oktyabrın 1-dən;
peşə təhsilinin bütün səviyyələri üzrə – oktyabrın 15-dən;
ali və orta ixtisas təhsili müəssisələrində I kurs tələbələri üçün – oktyabrın 1-dən;
II və yuxarı kurs tələbələri üçün siyahısı Təhsil Nazirliyi ilə razılaşdırılmaqla və hər bir ixtisasın xüsusiyyəti nəzərə alınmaqla təhsil müəssisələrinin müəyyən etdiyi ixtisaslar üzrə – oktyabrın 15-dən;
uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində yaş qruplarından və siniflərindən asılı olaraq – sentyabrın 15-dən, oktyabrın 1-dən və ya 15-dən.
Təhsil nazirinin əmrinə əsasən, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrinin fəaliyyəti həftədə 2 dəfə, digər şəhər və rayonlarda həftədə 3 dəfə isə əyani təşkil olunacaq. Dərs məşğələləri I-IV siniflərdə sentyabrın 15-dən əyani və distant; V-IX siniflərdə sentyabrın 15-dən distant, oktyabrın 1-dən əyani və distant; X-XI siniflərdə sentyabrın 15-dən distant, oktyabrın 15-dən əyani və distant formalarda başlayır. Valideynlərə övladlarının hansı formada təhsilə cəlb olunması ilə bağlı seçim imkanı verilib.