Bakıdakı “City Hospital” xəstəxanasında aclıq aksiyasını davam etdirən məhbus siyasətçi Tofiq Yaqublunun vəziyyəti ağırdır. Siyasətçinin qızı Nigar Həzi sentyabrın 15-də Novator.az-a deyib ki, atası ötən gün axşamdan sistem qəbulundan imtina edib: “Aclığın 14-cü günüdür. Atam həyatının ən ağır dönəmindədir. Biz hər an onu itirə bilərik. Hakimiyyət bunun məsuliyyətini dərk etməli və dərhal Tofiq Yaqublunu azadlığa buraxmalıdır!”
“City Hospital”ın həkimi, tibb elmləri doktoru Adil Qeybulla sentyabrın 14-ü axşam özünün “Facebook” səhifəsində Tofiq Yaqublunun vəziyyətinin yaxşı olmadığını yazıb: “Biz hər an ürək dayanmasını görə bilərik”.
2020-ci il martın 22-də tutulan Tofiq Yaqublu silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıqda günahlandırılır. İttihama əsasən, o, həmin gün öz avtomobili ilə Bakının Nizami rayonunda qaydaları pozub, Elxan Cəbrayılovun idarə etdiyi avtomobillə toqquşmadan sonra mübahisə zəminində ona və yoldaşı Cəvahir Cəbrayılovaya xəsarət yetirib.
Siyasətçi ittihamı qəbul etmir, bildirir ki, Elxan Cəbrayılov qəsdən qəza törədib, sonra dava salıb. Onun sözlərinə görə, hadisənin təxribat olduğunu anladığı üçün maşınının qapısını kilidləyib, şüşəni qaldırıb və polis gəlməyənə kimi yerə düşməyib, heç kimi vurmayıb.
İbtidai istintaqı Nizami Rayon Polis İdarəsi aparıb.
Sentyabrın 3-də Nizami Rayon Məhkəməsində Tofiq Yaqubluya 4 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası kəsilib. Hökmdən apellyasiya şikayəti verilib. Bakı Apellyasiya Məhkəməsinə ünvanlanan şikayətdə Tofiq Yaqubluya bəraət istənir, azadlığa buraxılması tələb edilir.
Tofiq Yaqublu sentyabrın 2-də Bakının Şüvəlan qəsəbəsindəki 3 saylı İstintaq Təcridxanasında bəraət və azadlıq tələbi ilə aclıq aksiyasına başlayıb. Vəziyyəti ağırlaşdığı üçün Tofiq Yaqublu sentyabrın 12-də “City Hospital”a köçürülüb.
1961-ci ildə Gürcüstanda anadan olan Tofiq Yaqublu Moskva Kooperasiya Universitetini bitirib. Milli azadlıq hərəkatının (1988-1991) fəalı, Qarabağ müharibəsi veteranıdır. Əbülfəz Elçibəyin prezidentliyi dövründə (1992-1993) Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb. 1992-ci ildən Müsavat Partiyasının üzvüdür. 2010-2018-ci illərdə partiya başqanının müavini postunu tutub.
Demokratik Qüvvələrin Milli Şurasının rəhbərliyində təmsil olunur.
2013-cü il fevralın 4-dən 2016-cı il martın 17-dək həbsdə yatıb.
Tofiq Yaqublunun qızı, müsavatçı Nigar Həzi 2012-2013-cü illərdə, onun həyat yoldaşı, AXCP sədrinin müavini Seymur Həzi 2014-2019-cu illərdə həbsdə olub.
Tofiq Yaqublunun digər qızı, müsavatçı Nərgiz Yaqublu 2015-ci ilin aprel ayında, atası həbsdə olan vaxt vəfat edib.
Məhbus siyasətçinin oğlu Rəhim Yaqublu hərbi xidmətdədir.
Tofiq Yaqublu yenə həbsə gedir
Tofiq Yaqublunun məhkəməsi qapalı keçiriləcək
Ev dustaqlığına da yox deyildi
Tofiq Yaqublu nədən narazıdır?
Məhkəmənin Tofiq qərarı dəyişməz qaldı
Həbsin uzadılması: şikayət təmin olunmadı
Tofiq Yaqublu məhkəməni səbirsizliklə gözləyir
Tofiqin mühakiməsi “yox”larla başladı
Tofiq Yaqublu: “Mən əsir götürülmüş şəxsəm”
“Yalan danışıb qapını bağlayırsan, sonra da deyirsən…”
Tofiqin əsgər oğlunun problemi var
Üç vəsatətdən biri təmin olundu
Hökm ərəfəsində: Tofiq aclığa başladı
Tofiq Yaqublu: “Sona qədər gedəcəm”
Professor Tofiqin təhlükədə olduğunu yazır
Tofiq Yaqublunun halı pisləşib, ancaq aksiyanı dayandırmır
Sabir Rüstəmxanlı Tofiq Yaqublu ilə bağlı açıqlama yayıb
Adil Qeybulla Tofiq Yaqubluya baş çəkməsindən danışdı
Tofiq Yaqublu xəstəxanaya köçürülüb