Qarabağ müharibəsi veteranları, Şuşa döyüşçüləri olmuş Yavər Hüseyn, Fəxrəddin Səfərov, Ələmşah Rəhimov Azərbaycan Fədailər Ordusu (AFO) adlı ictimai birlik təsis ediblər.
AFO hərbi xidmət keçmiş və müharibə veteranı olan, ehtiyatda olmanın son yaş həddinə çatmış hərbi vəzifəlilərin yaratdığı qeyri-hökumət təşkilatıdır. Nizamnamədə qurumun məqsədi belə göstərilir: insanlara hərbi-vətənpərvərlik ruhunun aşılanması, hərbi xidmət və döyüş yolu keçmiş şəxslərin hərbi təcrübəsindən istifadə olunması və onların vətənin müdafiəsi işinə cəlb edilməsi.
AFO-nun təsisçilərindən olan hüquqşünas Yavər Hüseyn Novator.az saytının suallarını cavablandırıb.
– Azərbaycan Fədailər Ordusunun təşkilatlanma işləri nə yerdədir? Qurumun neçə üzvü var? Rəhbərlik necə formalaşıb?
– Təsisçilər – Fəxrəddin Səfərov, Ələmşah Rəhimov və mən yığıncaq keçirib AFO-nun nizamnaməsini qəbul etmişik. Ümumi yığıncaqda ali idarəetmə orqanı seçilənədək üç təsisçidən ibarət mərkəzi icra orqanı – Baş Qərargah yaradılıb.
Qurumun üzvlərinin sayına gəldikdə, Baş Qərargahda belə qərara gəlmişik ki, bunu açıqlamayaq. Ümumiyyətlə, fəaliyyətimizin özəlliyini nəzərə alaraq müəyyən məsələləri açıqlamağı məqsədəmüvafiq saymırıq. Həm də biz üzvlərimizin sayını artırmaqdan daha çox bu yola könüllü qoşulan və yürüyə biləcək insanların səfərbər olmasına önəm veririk. Baş Qərargahımıza müraciətlər daxil olmaqdadır.
– Nizamnamənizdə göstərilir ki, AFO hərbi-vətənpərvərlik mövzusunda təbliğat-təşviqat aparacaq, görüşlər, tədbirlər təşkil edəcək. Yəqin pandemiya ilə bağlı məhdudiyyətlər hələ buna imkan vermir, başqa hansı işlər görmək nəzərdə tutulur?
– Pandemiya məhdudiyyətlərini nəzərə alaraq hələ ki, geniş tərkibli görüşlər keçirmirik, lakin tanıdığımız keçmiş döyüşçü yoldaşlarımızla, o cümlədən bizə müraciət edənlərlə əlaqələr qurur, qurumumuzun məqsədi və iş prinsipləri barədə bilgilər verir, həmçinin üzv olmaq istəyənləri qeydə alırıq. Yeri gəlmişkən, hərbi xidmət keçmiş və müharibə veteranı olan və ehtiyatda olmanın üçüncü dərəcə, yəni son yaş həddinə çatmış hər bir hərbi vəzifəli AFO-ya qoşulmaq üçün müraciət edə bilər. Hərbi vəzifəlilər heyətindən üçüncü dərəcə yaş həddi əsgərlər, matroslar, çavuşlar, gizirlər və miçmanlar üçün 50 yaş, kiçik zabitlər, baş zabitlər, mayor və polkovnik-leytenantlar üçün 55 yaş, polkovniklər üçün 60 yaş, ali zabitlər üçün 65 yaş və hərbi vəzifəli qadınlar üçün yaşlarından və hərbi rütbələrindən asılı olmayaraq 50 yaşdır.
AFO-ya üzvlərin qəbulunu Baş Qərargah aparır. Baş Qərargaha ərizə ilə müraciət etmək gərəkdir. Ərizəyə şəxsiyyət vəsiqəsi, hərbi bilet və müharibə veteranı vəsiqələrinin surətləri əlavə olunur, əlaqə telefonu və yaxud “Vatsap” nömrəsi qeyd edilir. Müvafiq sənədlər [email protected] elektron poçtuna və yaxud birbaşa AFO-nun Baş Qərargahına göndərilə bilər.
Ərizəyə ən geci bir ay müddətində baxılır. Səsvermə nəticəsində Baş Qərargah üzvlərinin yarıdan çoxu bu məsələyə müsbət münasibətlərini bildirdikdə ərizəçi AFO-nun üzvü olur, ona üzvlük vəsiqəsi verilir.
Əlavə məlumat almaq üçün +99450-334-92-49 və +99455-324-65-72 mobil telefon nömrələrinə zəng etmək olar.
– İşğal olunmuş ərazilərin azad olunması uğrunda aparılan döyüş əməliyyatlarına könüllülərin səfərbər olunması işində dövlət orqanlarına köməklik göstərmək niyyətiniz var. Sizcə, dövlət orqanları belə bir təşəbbüsü necə qarşılayar, ilkin təmaslarınız varmı?
– Hər halda dövlət və hökumət orqanlarının bizim təşəbbüsü anlayışla qarşılayacağına ümid bəsləyirik. Əvvəla, bizlər ehtiyatda olmanın son yaş həddinə çatmış hərbi vəzifəlilər olsaq da, nizamnaməmizdə qeyd olunduğu kimi, vətəni müdafiə etmək konstitusion hüququmuz və borcumuzdur. Ana qanuna görə, vətəni müdafiə hər bir vətəndaş üçün mütləqdir.
Bizim vətənimiz üçün görə biləcəyimiz iş çox faydalı ola bilər. Əgər döyüşçü bütün qabiliyyəti və bacarığı ilə yanaşı canını da fəda etməyə qadirdirsə, onun qazandıra biləcəyi uğurun ölçüsü, təbii ki, daha çox ola bilər – bu, müharibənin yazılmamış qanunudur. Bizim devizimiz belədir: “Qalan ömrümüz vətənə fəda olsun”.
Dövlət və hökumət orqanları ilə təmaslarımızın olub-olmaması məsələsinə gəldikdə, yəqin ki, bu təmasların qurulması mexanizmi qeydiyyat məsələmizin həllindən asılı olacaq. Təmaslarımızın zəruriliyi həm nizamnaməmizin tələblərindən, həm də dövlət və hökumət maraqlarından, milli mənafeyimizdən irəli gəlir.
– Qeydiyyat üçün Ədliyyə Nazirliyinə nə vaxt müraciət etməyi düşünürsünüz?
– İctimai birliyin qeydiyyatı üçün qanunvericilikdə nəzərdə tutulan bütün tədbirlərimizi keçirib sənədlərimizi hazırlamışıq, inşallah, yaxın günlərdə həmin sənədləri qeydiyyat üçün Ədliyyə Nazirliyinin müvafiq qurumuna təqdim edəcəyik.
İlkin Nizami