Prezident İlham Əliyev sentyabrın 14-ü Bakının Suraxanı rayonunun Əmircan qəsəbəsindəki 154 nömrəli məktəbin yeni binasının açılışında iştirak edib. Məktəb Milli Qəhrəman Albert Aqarunovun adını daşıyır.
Yəhudi Albert Aqarunov 1969-cu il aprelin 25-də Əmircan qəsəbəsində doğulub.
Qarabağ müharibəsi başlayanda könüllü olaraq cəbhəyə yollanıb. Tank komandiri olan Albert Aqarunov 1992-ci il mayın 8-də Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub.
Bakının Şəhidlər xiyabanında dəfn edilən döyüşçü Azərbaycan prezidentinin 7 iyun 1992-ci il fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
AZƏRTAC-ın 14 sentyabr məlumatına görə, dövlət başçısı Əmircan qəsəbəsində Murtuza Muxtarov adına parkın istifadəyə verilməsi mərasiminə də qatılıb.
Həmin gün prezidentin iştirakı ilə “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində Peşə Təhsil Mərkəzinin açılışı da olub.
İlham Əliyev iqtisadiyyat naziri Mikayıl Cabbarov və “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin direktoru Nazim Talıbovun iştirak etdiyi mərasimdə deyib ki, Sumqayıt Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzidir: “Sumqayıtın potensialı daha da güclənir. Bu il burada şüşə istehsalı zavodu da fəaliyyətə başlayacaq. Oraya da böyük investisiyalar qoyulub və bizi şüşə ilə təmin edəcək. Baxmayaraq ki, indi tikinti sektoru pandemiyaya görə bir qədər tənəzzülə uğrayıb, amma bərpa edilir və ediləcək. Biz özümüzü yerli şüşələrlə təmin edəcəyik. Bu da böyük nailiyyətdir.
Biz daxili tələbatı nə qədər mümkünsə, yerli məhsullar hesabına təmin etməliyik. Burada Sumqayıt şəhərinin və xüsusilə Kimya Sənaye Parkının mühüm rolu var. Çünki biz son illərdə bu işləri görməklə buna böyük dərəcədə müvəffəq olmuşuq. İndi əsas işimiz ondan ibarətdir ki, baxmalıyıq, harada bizdə idxaldan asılılıq daha böyükdür və bunu əvəzləmək mümkündürsə, bunun üçün xammal varsa, yaxud da texniki-iqtisadi əsaslandırma buna imkan verirsə, mütləq həmin sahələrə böyük diqqət göstərilməlidir. Belə təşəbbüs göstərən şirkətlərə həm rezident statusu verilməlidir, eyni zamanda dövlət onlara kömək göstərməlidir, güzəştli kreditlər ayırmalıdır ki, biz idxaldan asılılığımızı maksimum dərəcədə azaldaq. Çünki hər bir ölkə buna çalışır və xüsusilə əhalisi artan ölkə – Azərbaycan buna mütləq çalışmalıdır.
Təbii ki, bizim neft yataqlarımız nə vaxtsa tükənəcək. Düzdür, biz yaxın müddətdə həm yeni neft, həm də qaz yataqlarının istismarına başlayacağıq, çalışacağıq ki, hasilat səviyyəsi sabit olaraq qalsın. Ancaq bizim əsas gəlir mənbəyimiz olan “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarında təbii tənəzzül də qaçılmazdır. Biz bu boşluğu məhz qeyri-neft sektoru hesabına təmin etməliyik. Tədiyyə balansını müsbət səviyyədə saxlamaq üçün bizə çox keyfiyyətli ixrac yönümlü məhsul istehsal edən, valyuta gətirən müəssisələr lazımdır. Çünki bu gün tədiyyə balansımızın müsbət səviyyədə saxlanmasının əsas səbəbi neft-qaz amilidir. Amma biz çalışmalıyıq ki, bu amili kənara qoymaqla ixrac-idxal əməliyyatlarında həmişə müsbət saldoya malik olaq. Ona görə ixrac yönümlü və idxalı əvəzləyə biləcək istehsalat sahələri mütləq yaradılmalıdır”.