Məhbus siyasətçi Tofiq Yaqublu sentyabrın 12-si axşam Bakıdakı “City Hospital”a köçürülüb, reanimasiyadadır.
Tofiq Yaqublu sentyabrın 2-də Bakının Şüvəlan qəsəbəsindəki 3 saylı İstintaq Təcridxanasında bəraət və azadlıq tələbi ilə aclıq aksiyasına başlayıb.
Bu il martın 22-də tutulan siyasətçi silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıqda günahlandırılır. İttihama əsasən, o, həmin gün öz avtomobili ilə Bakının Nizami rayonunda qaydaları pozub, Elxan Cəbrayılovun idarə etdiyi avtomobillə toqquşmadan sonra mübahisə zəminində ona və yoldaşı Cəvahir Cəbrayılovaya xəsarət yetirib.
Siyasətçi ittihamı qəbul etmir, bildirir ki, Elxan Cəbrayılovun maşını əvvəldən həmin ərazidə dayanıb gözləyib, işarədən sonra qəfildən onun dayanmış avtomobilinə tərəf hərəkət edərək qəza törədib, sonra dava salıb. Onun sözlərinə görə, hadisənin təxribat olduğunu anladığı üçün maşınının qapısını kilidləyib, şüşəni qaldırıb və polis gəlməyənə kimi yerə düşməyib, heç kimi vurmayıb.
İbtidai istintaqı Nizami Rayon Polis İdarəsi aparıb.
Sentyabrın 3-də Nizami Rayon Məhkəməsində Tofiq Yaqubluya 4 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası kəsilib. Hökmdən apellyasiya şikayəti verilib. Bakı Apellyasiya Məhkəməsinə ünvanlanan şikayətdə Tofiq Yaqubluya bəraət istənir, azadlığa buraxılması tələb edilir.
Bakıdakı “City Hospital”da çalışan məşhur həkim, tibb elmləri doktoru Adil Qeybulla sentyabrın 11-də Tofiq Yaqubluya baş çəkəndən sonra jurnalistlərə demişdi ki, sanitar hissədə məhbusu müayinə edib, ona venadaxili bir litr maye, vitaminlər köçürülüb.
Tofiq Yaqublu sentyabrın 12-də qızı Nigar Həzi ilə telefonla danışaraq deyib ki, sistem köçürəndən sonra da səhhəti yaxşılaşmayıb: “Yenə gecə səhərə kimi yatmamışam. Çox halsızam. Dəhşətli baş ağrılarım və başgicəllənmələrim var. Təcridxanadakı həkimlər həyəcan içindədirlər, mənim hər an komaya düşəcəyimdən qorxurlar”.
“Turan”ın məlumatına görə, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti Tofiq Yaqublunun sentyabrın 12-si axşam “City Hospital”a köçürülməsinə Adil Qeybullanın xahişi əsasında razılıq verib.
Həmçinin Tofiq Yaqublunun vəkillərinin Avropa İnsan Hüquqları Məhkəməsinə müraciətinin nəzərə alındığı vurğulanır. Həmin müraciətdə aclıq aksiyasında səhhəti ağırlaşan, koma vəziyyətinə düşməsi ehtimalı böyük olan Tofiq Yaqublunun mülki xəstəxanaya köçürülməsi barədə məsələ qaldırılıb.
1961-ci il təvəllüdlü Tofiq Yaqublu milli azadlıq hərəkatının (1988-1991) fəalı, Qarabağ müharibəsi veteranıdır. Əbülfəz Elçibəyin prezidentliyi dövründə (1992-1993) Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb. 1992-ci ildən Müsavat Partiyasının üzvüdür. 2010-2018-ci illərdə partiya başqanının müavini postunu tutub.
Demokratik Qüvvələrin Milli Şurasının rəhbərliyində təmsil olunur.
2013-cü il fevralın 4-dən 2016-cı il martın 17-dək həbsdə yatıb.
Tofiq Yaqublunun səhhətində problemlər var. 2019-cu il dekabrın 17-də Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında əməliyyat olunub, onun öd kisəsi çıxarılıb.
Tofiq Yaqublu yenə həbsə gedir
Tofiq Yaqublunun məhkəməsi qapalı keçiriləcək
Ev dustaqlığına da yox deyildi
Tofiq Yaqublu nədən narazıdır?
Məhkəmənin Tofiq qərarı dəyişməz qaldı
Həbsin uzadılması: şikayət təmin olunmadı
Tofiq Yaqublu məhkəməni səbirsizliklə gözləyir
Tofiqin mühakiməsi “yox”larla başladı
Tofiq Yaqublu: “Mən əsir götürülmüş şəxsəm”
“Yalan danışıb qapını bağlayırsan, sonra da deyirsən…”
Tofiqin əsgər oğlunun problemi var
Üç vəsatətdən biri təmin olundu
Hökm ərəfəsində: Tofiq aclığa başladı
Tofiq Yaqublu: “Sona qədər gedəcəm”
Professor Tofiqin təhlükədə olduğunu yazır
Tofiq Yaqublunun halı pisləşib, ancaq aksiyanı dayandırmır