Professor Tofiqin təhlükədə olduğunu yazır
- 10 Sentyabr 2020
- comments
- Səidə Hüseynova
- Posted in ManşetXəbər
Tibb elmləri doktoru, professor Adil Qeybulla sentyabrın 9-u özünün “Facebook” səhifəsində məhbus siyasətçi Tofiq Yaqublunun keçirdiyi aclıq aksiyasından yazıb. O qeyd edir ki, Tofiq Yaqublu etiraz aclığının ikinci həftəsinə qədəm qoyub: “Vəziyyət xeyli təhlükəli və ciddidir! Britaniyada 2007-ci ildə çap olunmuş metodik tövsiyələrə görə, tam sağlam, cavan insanın altı-səkkiz həftə aclıq etmək imkanı var. Ancaq 50 yaşdan yuxarı və xəstəliyi olan adam etiraz aclığı etsə, üç həftə müddətində həyatla vidalaşa bilər. Bu kateqoriya insanlarda aclığın ilk həftəsində orqanizmin resursları tam səfərbər olur, sinir-əzələ sistemində oyanma baş verir, ikinci həftədə isə halsızlıq yaranır, oriyentasiya itir, beyində analitik reaksiyalar kəskin süstləşir, əzələlərin qüvvədən düşməsi nəticəsində hərəkət məhdudluğu yaranır.
İkinci həftədə koma təhlükəsi də var. Komaya düşən insanın komadan çıxmaq imkanları, necə çıxması, hansı itkilərlə çıxması sual altına düşür.
Etiraz aclığı edənlər adətən qida maddələrindən tam imtina edirlər. Bu isə ikinci həftədə və üçüncü həftənin ortasında orqanizmdə qarşısıalınmaz proseslərin baş verməsinə və qəfil ölümə gətirib çıxara bilər.
Tofiq Yaqublu hazırda aclıq aksiyasının ikinci həftəsindədir! Bu baxımdan Qarabağ uğrunda savaşda travmalar almış, bir neçə ay öncə ağırlaşmış kəskin xolesistitə görə əməliyyat keçirmiş, yaşı 60-a çatmış bir insanı hansı təhlükələr gözlədiyini təsəvvür etmək çətin deyil!
Tofiq bəyin səhhəti təhlükədədir və lazımı qurumlar buna laqeyd qalmamalıdırlar!”
Tofiq Yaqublu Bakının Şüvəlan qəsəbəsindəki 3 saylı İstintaq Təcridxanasında saxlanır. O, sentyabrın 2-dən aclıq aksiyası keçirir.
Novator.az bildirir ki, Tofiq Yaqublu bu il martın 22-də tutulub. İttihama əsasən, o, həmin gün idarə etdiyi avtomobillə Bakının Nizami rayonunda qaydaları pozub, Elxan Cəbrayılovun idarə etdiyi avtomobillə toqquşub, mübahisə zəminində ona və yoldaşı Cəvahir Cəbrayılovaya xəsarət yetirib.
Məhbus siyasətçi ittihamı qəbul etmir, bildirir ki, Elxan Cəbrayılovun maşını əvvəldən həmin ərazidə dayanıb gözləyib, işarədən sonra qəfildən onun dayanmış avtomobilinə tərəf hərəkət edərək qəza törədib, sonra dava salıb. Onun sözlərinə görə, hadisənin təxribat olduğunu anladığı üçün maşınının qapısını kilidləyib, şüşəni qaldırıb və polis gəlməyənə kimi yerə düşməyib, heç kimi vurmayıb.
İbtidai istintaqı Nizami Rayon Polis İdarəsi aparıb.
Sentyabrın 3-də Nizami Rayon Məhkəməsində Tofiq Yaqubluya 4 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası kəsilib. O, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıqda təqsirli bilinib.
Tofiq Yaqubluya çıxarılmış hökmdən apellyasiya şikayəti verilib. Bakı Apellyasiya Məhkəməsinə ünvanlanan şikayətdə Tofiq Yaqubluya bəraət istənir, azadlığa buraxılması tələb edilir.
1961-ci il təvəllüdlü Tofiq Yaqublu milli azadlıq hərəkatının (1988-1991) fəalı, Qarabağ müharibəsi veteranıdır. Əbülfəz Elçibəyin prezidentliyi dövründə (1992-1993) Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb. 1992-ci ildən Müsavat Partiyasının üzvüdür. 2010-2018-ci illərdə partiya başqanının müavini postunu tutub.
Demokratik Qüvvələrin Milli Şurasının rəhbərliyində təmsil olunur.
2013-cü il fevralın 4-dən 2016-cı il martın 17-dək həbsdə yatıb.
2019-cu il dekabrın 17-də Tofiq Yaqublu Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında əməliyyat olunub, onun öd kisəsi çıxarılıb.
Tofiq Yaqublu yenə həbsə gedir
Tofiq Yaqublunun məhkəməsi qapalı keçiriləcək
Ev dustaqlığına da yox deyildi
Tofiq Yaqublu nədən narazıdır?
Məhkəmənin Tofiq qərarı dəyişməz qaldı
Həbsin uzadılması: şikayət təmin olunmadı
Tofiq Yaqublu məhkəməni səbirsizliklə gözləyir
Tofiqin mühakiməsi “yox”larla başladı
Tofiq Yaqublu: “Mən əsir götürülmüş şəxsəm”
“Yalan danışıb qapını bağlayırsan, sonra da deyirsən…”
Tofiqin əsgər oğlunun problemi var
Üç vəsatətdən biri təmin olundu
Hökm ərəfəsində: Tofiq aclığa başladı
Tofiq Yaqublu: “Sona qədər gedəcəm”