“Mənim düşmənim yoxdur, ermənidən başqa”
- 10 Sentyabr 2020
- comments
- Novator.az
- Posted in AktualManşetTribuna
Azərbaycanın bir neçə saytı diplomat Eldar Həsənovun 19 noyabr 2016-cı ildə dərc olunmuş müsahibəsini onun xahişi ilə yenidən yayıb. Novator.az jurnalist Aida Eyvazlının götürdüyü müsahibəni kiçik ixtisarla təqdim edir.
– Peşəkar bir hüquqşünas idiniz, ömrün çoxunun yaşanmış bir dövründə diplomatik fəaliyyətə başlamaq Sizin üçün nə qədər asan və ya çətin oldu?
– Bəxtim elə gətirdi ki, institutu bitirən kimi təyinatla dövlət işində çalışmağa başladım. Ötən il dövlət qulluğunda çalışmağımın 40 ilini tamamladım. Dövlət işində çalışmaq şərəf məsələsi olmaqla yanaşı həm də məsuliyyət tələb edir. Məmur ömrümün bir payı sovet dövrünə düşüb, daha böyük hissəsi isə xoşbəxtlikdən müstəqillik dövrümüzə təsadüf edir və doğma vətənə qulluq edirəm. Azərbaycanın müstəqillik tarixinin səhifələri çoxaldıqca biz də o tarixin içərisində iftixar hissi yaşadıq.
– Həm də müstəqillik tariximizin ilk səhifələrini yazanlardan oldunuz, əlbəttə, bir hüquqşünas kimi…
– Həyatım elə gətirib ki, qismətim hər zaman başlanğıclar dövrünə yazılıb. Biz institutda oxuyanda Bəxtiyar Vahabzadənin yaratdığı “Gülüstan” poeması ilə milli şüurumuzda oyanış oldu. Sonra isə millətimizin milli oyanış dövrü başlandı. Əməli hərəkətə keçdik və o xoşbəxtlik bizim yaş dövrümüzə nəsib oldu.
– Dövlətimizin ciddi sınaqlarla qarşı-qarşıya durduğu bir vaxtda, 1990-1992-ci illərdə Siz də hüquq mühafizə orqanlarında çalışırdınız. Gəncə Şəhər Daxili İşlər İdarəsinin rəisi idiniz. Sonra isə İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosunun ilk rəisi oldunuz. Bu idarəni sözün əsl mənasında əlifbasından yaratdınız. Daxili işlər nazirinin birinci müavini, daha sonra baş prokuror oldunuz. Bildiyim qədər elə həmin vaxtlarda mərhum Heydər Əliyevlə söhbətlərinizin biri zamanı ondan səfir göndərilməyinizi rica etmişdiniz…
– Rəhmətlik Heydər Əliyevin idarəçiliyində qeyri-adilik, bənzərsizlik çox idi. Hər hansı bir ağır məsələ müzakirə olunanda imkan yaradırdı ki, insanlar özlərini rahat hiss etsinlər, fikirlərini açıq-aydın ortaya qoya bilsinlər.
Bir dəfə də Təhlükəsizlik Şurasının gərgin iclası gedirdi və mən məqamdan istifadə edib gülə-gülə dedim ki, cənab prezident, Qarabağ məsələsi həll olunsaydı, Avropa ölkələrindən birinə səfir getmək istəyərdim.
Cavabı belə oldu: “Qarabağ məsələsinin həlli üçün əlimizdən gələni edirik və qaytaracağıq. Sənin səfir getməyin isə hələ tezdir. Görəcəyimiz işlər çoxdur”.
Zaman, tarix elə gətirdi ki, Baş Prokurorluqda vəzifəmi icra etməyimin müddəti bitdi və qanuna uyğun şəkildə prokurorluqdan ayrılıb elmi-pedaqoji fəaliyyətimi davam etdirdim. Universitetdə dərs deməklə yanaşı narkotiklərə və cinayətkarlığa qarşı mübarizə ilə bağlı doktorluq işimi müdafiə etdim.
Elə bu ərəfədə BMT-dən təklif aldım. Ulu öndər Heydər Əliyevin də xeyir-duasını və məsləhətlərini alıb təşkilatın Cenevrə ofisində – Narkotiklər, Alkoqolizm və Digər Asılılıqlar üzrə Beynəlxalq Təşkilatın və BMT proqramlarının Türkiyə və MDB ölkələri üzrə əlaqələndirmə ofisinin rəhbəri kimi çalışmağa başladım.
7 ay sonra mənə zəng edib dedilər ki, prezidentlə danışacaqsan. Xəttin o biri başında ulu öndər Heydər Əliyev qətiyyətli bir səslə dedi ki, sabah saat 1-də səni gözləyirəm. Cavabında ona sual etdim ki, olarmı bir gün sonra gəlim?!. Soruşdu niyə? Dedim icazə alacağam. Təəccüblə yenə sual etdi: “Kimdən icazə alacaqsan?”, cavab verdim ki, çalışdığım təşkilatın rəhbərliyindən. Bu sözümün qarşılığında “Sənin çalışdığın təşkilatın rəhbəri mənəm” kəlməsini eşitdim. “Doğrudur” – deyə cavab verdim və əlavə etdim ki, bu vaxta qədər hər bir məsələni Sizinlə məsləhətləşmişəm, formal baxımdan icazə alıb gəlirəm.
Bir gündən sonra Heydər Əliyevlə oturub söhbət edirdik. O mənə dedi: “Eldar, bu ağzıgöyçəklər boş-boş cəfəngiyatlar yazırlar ki, guya sən inciyib narazı getmisən. Sən özün də “Azadlıq” qəzetinə müsahibə verib dürüst fikrini söyləmisən. Əslində hakimiyyət üçün də, işdən çıxan üçün də, tənbeh olunan üçün də dərs verdin ki, əqidə satılmır, alınmır, kürsüylə ölçülmür”.
Söhbətindən bildim ki, müsahibəni tam oxuyub. Dedim ki, cənab prezident, mən həmişə olduğu kimi reallığı, həqiqəti söyləmişəm.
Sonra o, üzünü mənə tutdu: “Yadındadırmı, 1996-cı il iyun ayının 19-da Təhlükəsizlik Şurasının iclasında sən dedin ki, Qarabağ qayıtsaydı, Avropa ölkələrindən birinə səfir gedərdin. İndi mən səni səfir təyin etmək istəyirəm”.
İsrarla xahiş etdim ki, öz işimdə qalım. Onu qəti mövqeyindən, qərarından döndərmək çox çətin idi. Gərək elə bir əsaslandırılmış arqument, amil gətirəydin ki, onun fikrinə təsir etsin. Və təbii ki, Heydər Əliyevin dediyi oldu.
Onun təklif etdiyi bir neçə ölkə arasından Rumıniyanı seçdim. Bunun səbəbini soruşanda isə dedim ki, Türkiyədən sonra Azərbaycanın müstəqilliyini tanıyan ölkə Rumıniya olub. Son sözü bu oldu ki, axşam televiziyada eşidərsən. Və ulu öndər Varşava müqaviləsi, həmin ölkədə cərəyan edən siyasi hadisələr, Çauşesku barədə özünün fikirlərini söylədi, təlimatlarını və tövsiyələrini verdi.
– Beləcə peşəkar hüquqşünas Eldar Həsənov hüquq mühafizə sistemindən diplomatiyaya gəlməli oldu. Bu məqamda peşəniz köməyinizə gəldimi?
– Əlbəttə, birmənalı şəkildə. Diplomatiyanın özü hüquqi sənədlərlə tənzimlənir. İstər dövlət idarəsində, istər diplomatik sahədə çalışanda gərək insan ilk növbədə dövlətçiliyə bağlı olsun. Ən vacibi isə odur ki, qanınla, canınla, varlığınla torpağını, Vətənini sevəsən. Vətənin daşı olmağı bacarasan. Vətəninin tarixini, ədəbiyyatını, musiqisini, incəsənətini bilməyincə, ən incə bir xalçasının əriş-arxac naxışından xəbərin olmayınca xarici dövlətlərdə həmsöhbətinlə ünsiyyət yarada bilməzsən.
Öyrənmək heç zaman gec deyil. İki ay ərzində Rumıniyanı kitablardan, rəsmi sənədlərdən, əlimin altında olan bütün mənbələrdən daha dərindən öyrənib üçüncü ayın birinci ongünlüyündə Azərbaycanın Rumıniyada fövqəladə və səlahiyyətli səfiri kimi o ölkəyə yola düşdüm. Uzun müddət bu ölkədə Azərbaycanımızı təmsil etdim. 2013-cü ildən isə iqamətgahı Belqrad şəhərində olmaqla Serbiya, Monteneqro və Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfirəm.
…Dövlətimizin xarici siyasət kursu mövcuddur. O kursu həyata keçirmək üçün ətrafımda olan peşəkar diplomatların köməyi ilə dövlətimiz, millətimiz adına nəyəsə nail ola bilmişik. Azərbaycan dövləti indi xarici siyasətini özü müəyyən edir. O siyasəti korrektə etmək, istiqamətləndirmək ölkəmizin prezidentinin səlahiyyətindədir. Biz sadəcə icraçıyıq. Qalan hissəsi vicdana yönəlir. Vicdanlı icra isə məsuliyyətli və yaradıcı icradır. Bu işdə prioritet olan üstün tərəflərin həyata keçirilməsi isə xüsusi diplomatik peşəkarlıq tələb edir. Mən də bunu bu ötən illərdə oxuduğum kitablardan, tanış olduğum ölkələrin diplomatik təcrübələrindən yararlanmaqla həyata keçirməyə çalışıram.
– Balkan ölkələrindəki fəaliyyətiniz nəticəsində bu ölkədə Azərbaycanı artıq hər addımda tanıyırlar. Bosniyada keçirilən rəsmi görüşlərdə də bunun şahidi olduq. Həm mədəniyyətimiz, həm də acı tariximizi ölkənin adlı-sanlı ictimai xadimləri hətta müzakirə müstəvisinə çıxarırlar…
– Bu işdə də payıma icraçılıq düşüb. Bu məsələdə də siyasi qərar dövlətimizə məxsusdur. Bosniyalıların dərdi bizim dərdimizə uyğundur. Dunay çayı sahillərində Üzeyir Hacıbəyovun adına böyük bir abidə kompleksi ucaltdıq ki, mədəniyyətimizdən xəbərləri olsun. Türk kökənliyik.
Bunun ardınca Musiqi Akademiyasında Üzeyir bəyin adına təqaüd təsis etdik. Monteneqronun Kral Parkında isə Hüseyn Cavidin heykəlini ucaltdıq… Sarayevonın Dobrını çayı sahilində yerləşən Dostluq parkında hər iki millətin soyqırımını, Srebrenitsa və Xocalı soyqırımlarını əks etdirən, baş-başa vermiş qoşa ana heykəllərinin ucaldılması… bunların hamısı bizim kimliyimizi, tariximizi, mədəniyyətimizi, müasirliyimizi, ən yaxın tariximizdə baş verən faciələrimizi və həqiqətlərimizi ortaya qoymağa imkan verir.
– Barənizdə söhbət düşəndə sizi böyük vətənpərvər, ədalətli və təvazökar insan kimi səciyyələndirir, həm də liderlik xüsusiyyətlərinizdən danışırlar…
– Liderlik məfhumu adətən müasir təhsil ocaqlarında işlədilir. Özümü ondan çox uzaq görürəm, hətta heç görmürəm də. Əslində daha çox məsuliyyətli icraçılıqdan söhbət getməlidir. Üzərinə düşən vəzifəni vicdanla yerinə yetirməyi özünə borc bilmək prizmasından yanaşmaq lazımdır. Və bu məsuliyyət məfhumunun içərisində Heydər Əliyevlə çalışdığım illərin təcrübəsi çox böyük rol oynayıb. Hüquq mühafizə sistemindəki o burulğanlı, tufanlı və gərgin vaxtlarda, müstəqillik tariximizin yeni səhifələrinin yazıldığı illərdə ən təhlükəli dövrləri yaşadıq. Görünən və görünməyən çox hadisələrin şahidi oldum. İstintaq və təhqiqat materiallarından bir çox insana və hadisəyə bələd olduğumdan çox şey öyrəndim.
– Liderlik haqqında düstur yazası olsaydım, onu belə açıqlayardım: liderlik, amiranəlik, ötkəmlik, mülayimlik. Bir də belə düşünürəm ki, bu düsturun kök altısı manevr bacarığıdır. Siz necə düşünürsünüz? Manevr etməyi hər zaman bacarmısınız?
– Dövlətdə çalışan insan manevr etməyi bacarmalıdır. Bu manevr isə yalnız məsələnin mahiyyətinə söykənməlidir. Bu manevr dövlət maraqlarına xidmət edirsə, milli maraqlarımızla üst-üstə düşürsə, ümumi işimizə xələl gətirmirsə, bunu bacaran fərd, məmur, diplomat xoşbəxtdir. Unutmaq olmaz ki, uğursuz manevr dövlətə xələl gətirə bilər, ziyan verə bilir. Az-çox bu sahədə təcrübəm var.
– Rumıniyada işləyərkən Macarıstanda bir manevr etdiniz… Siz hazırda səfir işlədiyiniz ölkələrə təyin ediləndən az sonra, 2013-cü il fevralın 26-da isə Bosniya və Herseqovina parlamenti Xocalı soyqırımını rəsmən tanıdı. Bunlar da, məncə, dövlət maraqlarına xidmət edən diplomatik manevrləriniz idi.
– Üzərinə məsuliyyət qoyulan məmur öz dövlətinin siyasətini düzgün bilməlidir. Bu siyasəti isə dövlət və onun prezidenti müəyyən edir. Biz məmurlar isə düzgün bir şəkildə həmin tapşırıqları mənimsəyib, həyata keçirməliyik. Əlbəttə ki, Xocalı soyqırımı kimi müsibəti olan bir məmləkətin tanınması, tanıdılması ciddi bir tələb kimi qarşımıza qoyulmuşdu. Bunun dünyaya daha çox çatdırılmasının meydanı hara idi? Balkan ölkələri. Çünki bu ölkədə, Srebrenitsada bir gecənin içərisində 838 nəfər qətlə yetirildi, sonra üç il uzanan müharibə ərzində bu qətliamda həyatını itirənlərin sayı 10 minə çatdı. Ermənilərin törətdiyi soyqırımına məruz qalanlar azərbaycanlı olduqlarına görə öldürülmüşdülər, Srebrenitsada da eyni mahiyyətə görə qətllər olmuşdu. Böyük fərq ondadır ki, BMT Təhlükəsizlik Şurası, Haaqa Məhkəməsi, dünya ictimaiyyəti, beynəlxalq qurumlar Srebrenitsa soyqırımını tanıdılar. Bizdə isə belə deyil. Məlum səbəblər üzündən bu faciəni bəzi ölkələrə tanıtdıra bilmirik. Baxmayaraq ki, bu işğal planının tərtibindən həyata keçirilməsinə qədər rus hərbi birləşmələrinin iştirakı dəlillərlə, istintaq materialları ilə, məhkəmə qərarları ilə sübuta yetirilib. Həmin istintaq materiallarının hər birini səhifə-səhifə oxumuşam. Rusiya bizim tarixi qonşumuzdur, strateji tərəfdaşlıq münasibətlərimiz hər zaman qorunub saxlanmalıdır. Ancaq tərəfdaşımız da bunu bilməlidir ki, biz də unutmuruq: Azərbaycanın müstəqilliyinin əlindən alınması üçün süni bir problemin hazırlanması, sonradan bunun reallaşdırılması, tarixi torpaqlarımızın işğalı və Xocalı soyqırımının həyata keçirilməsi, bu işğalda rus silahlı qüvvələrinin iştirakı faktdır, sübutdur, dəlildir. Bunlardan nəticə çıxarmaq, keçmişdə baş verən yanlışlıqları aradan qaldırmaq, belə düşünürəm ki, Rusiyanın Minsk qrupunda həmsədr kimi imicinə çox mühüm təsir edərdi. Bu gün heç kimə sirr deyil ki, istər Ukrayna, istər Gürcüstan, istər Moldova və ya Qarabağdakı separatçılıqda Rusiyanın rolu var. BMT Təhlükəsizlik Şurasının məlum qətnamə və qərarları əsasında işğalçı qoşunların təcili surətdə ərazilərimizdən çıxarılmasını təmin etmək Rusiyanın da imicinə xidmət etmiş olar. Həm də dövlətlərarası münasibətlərdə, qonşuluq və qarşılıqlı etimad siyasətində, millətlərarası münasibətlərin möhkəmlənməsində çox böyük rol oynamış olar.
– Sizcə, Rusiya bu addımı atacaqmı?
– Bilirsiniz, ümid sonda ölür. Mənim fikrim belədir ki, Rusiya bu addımı atmalıdır. Çünki hadisələri araşdıran beynəlxalq və yerli ekspertlər də, alimlər də keçmiş sovet ölkələrində yaranan problemlərin hamısında birmənalı şəkildə Moskvanın əli olduğunu təsdiqləyirlər. Rusiyanın bir də belə bir tarixi şansı olacaqmı? O öz maraqları baxımından, öz ölkəsinin siyasəti baxımından, düşünürəm ki, bunu etməlidir. Bununla sülhməramlı bir dövlət imici qazanıb regionda da sülhə nail ola bilər. Azərbaycan xalqı tarixdən, başına gələn hadisələrdən, Zəngəzurdan, Gülüstan müqaviləsindən, Türkmənçay müqaviləsindən, Azərbaycanın 200 min kvadrat kilometrlik ərazisinin bölünüb 86 min kvadrat kilometrə gətirilib çıxarılmasından artıq nəticə çıxarıb… Azərbaycan xalqı onu dərk edib ki, zaman-zaman tarixi ərazilərimiz Ermənistana pay verilib. Bunu prezidentimiz İlham Əliyev də dəfələrlə vurğulayıb. Azərbaycan xalqı artıq o xalq deyil, ictimai şüuru o şüur deyil, iqtisadi potensialı o zamankı deyil. Milli ruhu, mütəşəkkil intizamlı ordusu, dövlətin siyasi iradəsi var. Bizim və bütün dünyanın etibarlı münasibətlərə ehtiyacı var.
– Milli ruhumuzdan danışarkən, Aprel döyüşlərimizi yada salaq…
– Aprel döyüşləri istər müstəqil Azərbaycanımızın dövlətçilik tarixində, istərsə də ordu quruculuğunda ən şərəfli, rəşadətli, nəyə qadir olduğumuzu ortaya qoyduğumuz bir tarixdir. İradəmizi, haqq səsimizi dünyaya nümayiş etdirdiyimiz bir hadisədir. Bizə qarşı ədalətsiz bir şəkildə hər cür vasitələrdən və üsullardan istifadə edib bizə diktə etməyi qarşısına hədəf qoyanların real təhdidləri ilə qarşılaşmışıq. Diqqət yetirsək görərik ki, həmin günlərdə xalq da bir imtahan verdi, şəhidlərimizi ucalara qaldırıb elliklə məzarlara axışdı, kiçiyindən böyüyünə kimi cəbhə bölgəsinə getmək üçün ayağa durdu, qadın və ya kişi olmasından asılı olmayaraq millətin ruhunda bir oyanış oldu. O günlər bizim qürur tariximiz, qürur səhifəmizdir. Biz həmin Azərbaycanıq, həmin komandan, həmin əsgər, həmin dövlətik. İstənilən an yenə gücümüzü ortaya qoyub sözümüzü deyə biləcəyik.
– Belə bir məşhur kəlam var: dövlət iki şeydən sarsıla bilər, cinayətkar cəzasız qalanda və günahsız cəzalandırılanda. Siz nə deyə bilərsiniz?
– Hüquq mühafizə orqanlarında çalışdığım illərdən bu günə qədər həqiqətin yanındayam. Ədalətli qərarı tanıyaram, ona hörmətlə yanaşaram, onu müdafiə edərəm. Ümummilli liderimiz Heydər Əliyevin zamanında Azərbaycan xalqı üçün dediyi o sözlər ümumiyyətlə hüquq mühafizə orqanlarında işləyən hər bir kəs üçün proqram və gündəlik fəaliyyət prinsipi olmalıdır. Doğrudan da hər iki halda dövlət böyük təhlükələrlə qarşılaşar: bir cəzasızlıqda, bir də günahsız insanlar cəzalandırıldıqda. Bunu unutmaq olmaz.
– Vətəndən uzaqda hər zaman elinə-obasına bağlı olan bir el oğlu Vətəndəki doğmaların qınağına gəldimi? Çünki hər zaman elinizə-obanıza yardım edən bir şəxs kimi dəyərləndirilmisiniz. İndi isə bəlkə də istədiyiniz an əliniz doğmalarınıza çatmır…
– Şübhə etmirəm ki, el-oba bir çox məqamda məndən umub-küsür. Haqlıdırlar. Lakin məsafə baxımından uzaqdayam. Dövlət məmuru peşəsini seçən hər adam dövlətin hər bir qərarına hörmətlə yanaşmalıdır, tabe olmağı bacarmalıdır. Bu gün Şərqi Avropanın qərbində, Balkanlarda çalışmağım o demək deyil ki, doğulduğum, boya-başa çatdığım Qarabağımdan, dövlətimdən, onun mənafeyindən uzağam. Günahsız insanların ağrı-acısı və torpaqlarımızın işğalı hər zaman qəlbimdədir. Uzaqda olsam da, zərərçəkmiş insanların, dövlətimizin və dövlətçiliyimizin yanındayam. Sadəcə zaman və məkan məsələsi var ki, bəzən el-obanın adət-ənənəsindən irəli gələn hüzr yerlərinə çatmıram. Sağ olsun camaatımız da, qohum-əqrəba da, anlaşıqlı yanaşdıqları üçün minnətdaram.
– Vətəndən uzaqdasınız. Vətən içəridən və xaricdən yəqin ki, fərqli görünür…
– Bir həqiqəti dərk etməliyik ki, Azərbaycan bizim əzəli və əbədi yurdumuzdur, torpağımızdır, qanımız və canımızdır. Hamımız bir adla, Azərbaycan adı ilə o torpaqlara bağlıyıq. Əlbəttə, insan xoş xəbərlər alanda sevinir. Gündəlik mətbuatı izləyirik. Xarici siyasət də dövlət siyasətinin tərkib hissəsidir. Görün bir haradan hara gəlmişik. Müstəqilliyin ilk illərində, 1994-cü ilin ortalarına qədər övladlarımızı dərsə göndərməyə belə qorxurduq. O dövrü yaşayanlar bilir ki, müstəqil dövlətçiliyin əldən getmə təhlükəsi, qardaş qanının tökülməsi ortada idi. Əgər o zaman Heydər Əliyev hakimiyyətə gəlməsəydi, bütün bunların qarşısını almaq cəsarətini üzərinə götürməsəydi… nələr olacaqdı? Heydər Əliyev o yaşda gedib oturub rahat qalan ömrünü yaşayıb istirahət edə bilərdi. Milləti və dövləti qarşısında artıq öz borcunu yerinə yetirmiş bir insan idi. Bunlara baxmayaraq o, ağır bir yükün altına girdi. Onun dövlətçilik təcrübəsi və zəki bir ağlı ilə bu günləri qazandıq.
Görmə məqamında iki amil diqqətdən qaçmamalıdır. Xaricdən görünmədə də iki reallıq mövcuddur. Azərbaycan bütün sahələri əhatə edən inkişaf və islahatlar dövrünü yaşayır. Bunu görənlər, görmək istəyənlər, olduğu kimi anladanlar, hətta bizim millətdən, dindən olmayanlar da yetərincə var. Azərbaycan artıq bizim millətdən olmayanların da sevdiyi bir məkana, sabitlik adasına çevrilib. Azərbaycan bütün dinlərin multikultural şəraitdə tolerant bir mühitdə mövcud olduğu sərbəst bir məmləkətdir. Bunu çoxları etiraf edir. Bir də var Azərbaycanı sevməyənlər, burada da əsas rolu erməni diasporunun xüsusi fəaliyyəti oynayır.
İkinci bir tərəfdən də öz millətimizdən olan insanlarımız, bəzən bilmədən, bəzən də bilərəkdən onların dəyirmana su tökmüş kimi olurlar. Sözsüz ki, idarəçiliyin müxtəlif səviyyələrində müəyyən qəbahətlərin olması qaçılmazdır. Hansısa bir məmurun səhvləri heç də bütövlükdə aparılan siyasətin səhv olması demək deyil, bunu götürüb dövlətin adına yazmaq ədalətsizlikdir.
Əlbəttə, prezident də səbirlə yanaşır. Öz xəbərdarlığını edir, öz möhlətini verir, öz işini aparır, anlayan adam məsuliyyətini anlayır, bilir və nəticə çıxarır. Və çıxarmalıdır. Çox yaxşı olar ki, bu nəticə çıxarmaq daha geniş miqyas alsın. Bu baxımdan arzu edərəm ki, milli birliyimiz daha mötəbər və etibarlı olsun.
Coğrafi baxımdan nəzər yetirsək görərik ki, ətrafımızda hər yerdə qan, müharibə alovu var. Bu gün üçün də, sabah da ölkəmiz üçün təhdidlər var. Bu təhlükələrin önünü almaq üçün çox çevik siyasətlə yanaşı, prezidentin çox düşünülmüş bir fəaliyyəti ilə yanaşı ölkənin daxilində milli birliyə də hər zaman ehtiyac var. Biz umu-küsünü kənara qoymalıyıq. Hansısa bir qəbahətimiz varsa, bunu biri-birimizə izah edib ortadan qaldırmaqda biri-birimizə yardım etməliyik. Milli mənafe baxımından kürsü heç vaxt önəmli olmamalıdır. Azərbaycanın taleyi baxımından, dövlət müstəqilliyinin möhkəmlənməsi, Qarabağın taleyinin həll olunması baxımından, Azərbaycanın çevrəsində baş verən atəşlərin, alovların önünü almaq baxımından bizim milli birliyə böyük ehtiyacımız var. Əlbəttə ki, ölkə prezidenti bütün bu amilləri nəzərə alıb öz siyasətinə sadiq bir şəkildə sistemli iş aparır. Amma etiraf edək ki, bu siyasətin də həyata keçirilməsi sizdən, bizdən, fərdlərdən asılıdır. Doğma-ögeyliyə gedilərsə, müxalifət və hakim partiya arasında hələ də “bu bizdən deyil, düşməndir” düşüncəsi ortada qalarsa, milli birliyin əldən getməsi təhlükəsi yarana bilər. 1988-1994-cü illərdəki qarışıq zamanları və bu gün Azərbaycanın yaşadığı yaxın tarixi heç kim unutmamalıdır. Biz o sabitlik və təhlükəsizliyi göz bəbəyi kimi qorumağı özümüzə vətəndaş borcu bilməliyik. Bu bizim özümüzün taleyidir. Özümüzün bu günü və sabahıdır. Həmrəylik və sabitlik çox vacibdir.
– Balkanlarda Azərbaycan böyük elçiliyinin fəaliyyətinin səmərəli olmasında Heydər Əliyev Fondunun da rolu danılmazdır.
– “Kor və məhdud görmə qabiliyyətli uşaq və gənclər üçün mərkəz”in direktoru Dəmir Ovçina çıxış edəndə özünüz şahidi oldunuz. O söylədi ki, bu gün Azərbaycan deyiləndə Şərqi Avropada yeganə olan bu təhsil mərkəzi yada düşür. O mərkəzdə təhsil alan hər kəs Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanı səsindən tanıyır. Çünki görmə qabiliyyəti zəif olanlar əsasən eşitmə hissiyyatı ilə anlayırlar. Bu bina inşa olunub qurtarandan sonra Leyla xanım o uşaqların hər biri ilə fərdi qaydada görüşüb, hansı şirniyyatı sevdiklərini belə öyrənirdi. Əlbəttə, çoxları düzgün başa düşməz ki, məmur prezidentin övladından danışır. Ancaq hər şeyi öz adı ilə çağırmaq lazımdır. Deməsək olmaz. Çünki tarix həqiqətlər üzərində formalaşır.
– Eldar müəllim, dostunuz çoxdurmu?
– Dostluq məsuliyyətli bir məfhumdur. Dostluq üçün zəruri olan bir sıra amillər var ki, kişi və ya qadın olmağından asılı olmayaraq hər bir kəs üçün çox önəmlidir. Məsələn, mərdlik, etibarlılıq, sədaqət, güzəştlilik… Mən deməzdim ki, dostlarım çoxdur, iki əldə olan barmaqları keçməz. Saydığım səbəblər ucbatından dediyim qədərdir. Bu da bizim keçmişimizdən, tərbiyəmizdən gəlir.
– Keçmişim dediniz, dəniz kimi göy gözlü Məleykə nənənizi xatırladım, boy-buğunda, üz cizgilərinizdə bənzədiyiniz Koroğlu dayınızı xatırladım.
– Biz böyük bir ailə olmuşuq, tətilə çıxanda, bazar günləri, biz mütləq əməklə, təsərrüfatla məşğul olardıq. Bizi rahat buraxmırdılar, davamlı olaraq bizi fiziki əməyə cəlb edirdilər. 5 qardaşıq, hamımızın həyatı Laçın kəndindəki evimizin, təsərrüfatımızın qayğılarından keçirdi. Balta, bel, dəryaz götürüb valideynlərmizin, kənd camaatının köməyində, qulluğunda durardıq.
– Hansı kənddə daha çox olmusunuz: Bağlıpəyədə, yoxsa Laçın kəndində?
– Laçın kəndində yaşadığımızdan orada daha çox olmuşam. Dayım Koroğlu ədəbiyyat müəllimi idi. Bağlıpəyədə yaşayırdı. Vay o günə ki, düşəydim dayımın əlinə. Məni o qədər işlədirdi ki… Son anda ancaq yolpulunu da verərdi. O yaşda uşaqlar əmidən-dayıdan hədiyyə aldığına sevinər adətən. Onun yanaşması başqa idi. Dayım bizi əməyə alışdırmaq istəyirdi. Mən də həvəslə işləyirdim. Onun da ruhu şad olsun, məni əməyə cəlb elədi. Xasiyyətimiz fərqli idi, onun sərt qələmi vardı, poeziyada, şeiriyyətdə çox uğurlu adam idi. Mənim qələmim yumşaq oldu ona baxanda.
– Kəlbəcəri yuxularınızda çoxmu görürsünüz?
– Mənim üçün ən ağır anlardır. Bu haqda bu yaxınlarda ilk dəfə oğluma danışdım. Hər dəfə Laçını, Şuşanı, Kəlbəcəri, Ağdamı yuxuda görəndə dünyamdan oluram. Həmin gün əhvalım dəyişir, özümə gələ bilmirəm. Həyatımın uşaqlığı oralarda keçib. Mən aranlı-dağlı qarabağlıyam. Anam aran qarabağlı, atam dağ qarabağlısıdır. Atamın babası ikiqat qaçqınlığa məruz qalıb. O zaman Göyçə mahalından Kəlbəcərin Laçın kəndinə gəliblər. Babamın tale payına düşən bu köçkünlüyün dərd-bəlası, daha sonra atam Hümbət kişinin də taleyinə düşüb. Bir tərəfdən arzu edirəm ki, tez-tez o yuxuları görüm, Kəlbəcərdə arzu etdiyim yerlərə gedim. İllərlə o yerlərdə qalan xatirələrimə qayıdım… Vətən yurddan başlayır. Yaşa dolduqca da insanı daha çox çəkir yurd. Son illərdə yuxuma dağıdılmış, viran qalmış Kəlbəcər girir. Tarixi torpağımızda yad dildə səslər eşidirəm, o yuxulardan bəzən dik atılıram, özümə gələ bilmirəm. Qarabağla bağlı mən heç nədən çəkinmədən öz mövqeyimi açıq şəkildə ortaya qoyuram. Görüşlərimdə, universitetlərdə ödənişli olmayan mühazirələr deyirəm. O auditoriyalardan da istifadə edib, gənc nəslə Qarabağ həqiqətlərini anladıram. Başımıza gələn müsibətləri, onun köklərini, bugünkü ağır nəticələrini, bizə qarşı ikili yanaşmaları ortaya qoymağa, anlatmağa çalışıram.
– Mən bildiyim qədər həm də yurdunuzun axırıncı nişanəsi idi atanız. Atasızlıq çox ağırdır. Eldar müəllim yaşında bir kişi atasız özünü necə hiss edir?
– İnsanın yaşından asılı olmayaraq ata-ana itkisi çox ağırdır. Valideynlərimizə ömür boyu borcluyuq, övladlarımıza da bunu aşılamalıyıq. Atamın çox haqqı var mənim üstümdə. Çox da səmimiyyətimiz var idi aramızda. Yayda elə bil ki, bilirdi. Bir gün namaz üstə əllərini göyə açıb uca Tanrıdan dilək edəndə eşitdim. Arzu edirdi ki, Kəlbəcərdə torpağa qovuşsun, bir də rahat ölüm arzulayırdı. Mənim ata babam da, ana babam da – Məşədi Həsən, Məşədi Salah – dinə inanclı insanlar olublar. Hər ikisi Həccə getmişdi. Uca Tanrı atama bu dünyadan rahat ayrılmağı qismət elədi, o biri arzusunu isə atam özü ilə torpağa apardı. “Atamı-anamı əlimdən alıb məni tək qoydun dünya”. Ata-ana gedəndən sonra özümü yetim hiss edirəm. Atam rəhmətə gedəndən sonra kimsəsiz kimiyəm. Dəmir iradəli, lazım olduğundan da iki dəfə artıq səbirli insan olsam da, atasızlığa dözə bilmirəm. Həmişə başladığım bütün işlərdə, uzaq səfərə çıxanda atam da, anam da xeyir-dua verərdilər. Onların xeyir-duaları ilə böyümüşəm. İndi bir iş görəndə telefondakı şəkillərinə baxıram.
– Tanrıyla görüşsəydiniz, ondan nə soruşardınız? Bir sözünüz vardımı deməyə, istəməyə? (Bu məqamda Eldar müəllim xeyli susdu… fikrə getdi, dayandı…)
– Əlbəttə, Uca Tanrıyla elə görüşmək fürsəti qismət olsa, nə böyük xoşbəxtlik olardı. Birincisi, ondan rica edərdim ki, atamı-anamı öz doğma torpaqlarında dəfn etməyi qismət etsin mənə. Qarşısında diz çöküb xahiş edərdim Tanrımdan… O torpaqlara getməyi mənə qismət etsə, diz çöküb o torpağın yandırılmış külünü, daşını qucaqlayıb üzr istəyərdim ki, ey TORPAQ, qədrini bilməmişik. Səni itirəndən sonra anladıq… anladıq ki, Vətənsizlik ağır dərddir.
– Baxıram ki, Balkanlarda çox yer Kəlbəcəri xatırladır… Budamı ovutmur Sizi?
– Eyniliklər, bənzərliklər çoxdur. Görüşlərim zamanı çox insana demişəm ki, bunlar məni bir az sakitləşdirir. Hərdən çıxıb o yerlərə bənzəyən küçələri, cığırları, meşələri gəzirəm… Bir də bayaq Uca Tanrıyla ünsiyyətdən dediniz, ona üz tutub deyərdim ki, bu ədalətsizliyə nə zaman son qoyacaqsan? Bu sualı verərdim. Biz ədalətsizliyin qurbanıyıq, Qarabağ müsibətləri, başımıza gələnlər hamısı ədalətsizlikdir. Fərdi qaydada da, milli mənafe baxımından da, tale baxımından da ədalətsizlik çox ağır bir şeydir. Ayrı bir istəyim yoxdur.
– Bayaq “dəmir kimi adamam” dediniz. Gücü nədən alırsınız?
– Bizim nəsil uzunömürlü olub. Heç kim köçməkdən xali deyil, hər kəsin vaxtı, saatı, dəqiqəsi var. Babam 119, atam 95 il yaşayıb. Dağda təmiz su, təmiz havada böyüyüblər. Sərt, dəmir intizamla bizi əməyə öyrədiblər, öz zəhmətimizlə qazanmışıq hər şeyi. Həyat özü də məni çox burulğanlara salıb. Yaşadığım taleyi, dövrü təhlil edəndə görürəm ki, tale qarşısında mən də az imtahan verməmişəm…
– “Sənə bir daş atar yerindən duran, səni sevdiklərin daş qalaq eylər?!”
– Hə, elədir… Ədalətsiz yanaşmaların şahidi olmuşam… Amma bütün bunlarda mən səbrə söykənmişəm. Hər mənə daş atanın üzərinə getməmişəm. O daş mənə dəyibsə də, onun ağrısına, zərbəsinə tab gətirməyi bacarmışam. Bəlkə də xoşbəxtliyim onda olub. Təmkində, səbirdə… İnsanın həyatı üçün səbir və təmkin çox vacibdir, səbir Allahdan gəlir. Təmkinli olmasaydım, ya mən daşqalaq olardım, ya da daş atan… Zaman öz saatını sayır, hesabda mən heç bir şey itirmədim, Qarabağ torpağından başqa.
– İnsanlarda hansı keyfiyyəti xoşlamırsınız?
– Yaltaqlıq, ikiüzlülük, sürüşkənlik, məddahlıq… Bunlara nifrət edirəm.
– Sizin üçün stəkan yarıya qədər doludur, yoxsa yarıya qədər boşdur?
– Bir bədxahların yanaşması var, bir də xoş niyyətlilərin yanaşması var… Mən hər şeyi olduğu kimi görməyə çalışmışam. Sadəcə niyyət saf olmalıdır, o baxış, o görmə qəsd-qərəzli olmamalıdır. Allahdan razıyam ki, mənim düşmənim yoxdur, ermənidən başqa. Olarsa belə, Tanrıya yalvarasıyam ki, düşmənin də mərdini göndərsin. Mərd adamdan qorxmaq lazım deyil, namərddən qorxmaq lazımdır.
– Bağışlamağı bacarırsınız?
– Pisliyi yaxınıma, çevrəmə, qohum-əqrəbama yaxın götürüm, bu pislikləri ürəyimdə illərlə saxlayım… Yox! Bunu mən bacarmadım! Heç yaxınıma da buraxmadım. “Keçənə güzəşt deyərlər” məntiqi ilə yanaşdım. Yaxşı halları daha çox dəyərləndirib yadda saxlayıram. Unutmaram yaxşılıqları. Tələbəlik illərimdə kimsə mənə dayaq olubsa, kimsə bir kitabımı alıb gətiribsə, kimsə mənim burnumdan axan qanı öz dəsmalı ilə silibsə, onları heç vaxt unutmaram. Amma pislikləri heç şüuruma yaxın buraxmıram. Taleyim elə gətirib ki, mənə ən çox pislik edən insanın ailə üzvü mənim tabeçiliyimdə çalışıb. 7 il mənimlə işləyib. Mən o uşağı oğlum Anar qədər istəyirəm. Bunu sözlərimdə də, əməlimdə də sübut etmişəm. Onun inkişafında da, yüksəlişində də rolum olub. Gedəndə göz yaşlarını saxlaya bilmədi. Mən də onu yüksək qiymətləndirirəm.
– Üzrlü sayın bu suala görə: səhv etdiyiniz oldumu?
– Səhvsiz işləmək olmur, elə bir ideallıq mümkün deyil. Səhvlər də olub, səhvlərimdən nəticə çıxarmağa çalışmışam, səhvlərimdən utanmışam da. Hətta kimsə görməsə belə, hiss etməsə belə… Ən önəmlisi odur ki, özün o səhvini görüb nəticə çıxarmağı və ya iradı doğru qəbul etməyi bacarasan.
Əgər idarəçilikdən söhbət gedirsə, strateji dövlət qurumlarındakı fəaliyyətdən söhbət gedirsə, orada zamanın, dövrün, tarixin mövcud reallıqları əsasında baş verən proseslər üzrə yanaşmalarda bəzən fərqli və ya təzadlı bir vəziyyətlə qarşılaşırsan. Sən öz iradənlə öz üzərinə düşən vəzifəni qarşı-qarşıya qoyduğun hallarda qanunun tələb etdiyi qərarı çıxarırsan. Sən o niyyətdə deyilsən, ancaq qanun deyir ki, bunu etməlisən… Bu məqamda artıq şəxsi düşüncələrin – təbiətin, xasiyyətin, şəxsi görüşün, yanaşma tərzin arxa planda – qanundan aşağı olmalıdır. Yalnız bir həqiqət olmalıdır – QANUN ŞAHDIR.
– Yaşıdlarınız da belə düşünürlər, kənardan da hər zaman xarizmalı bir insan təsiri bağışlamısınız. Ən bahalı kostyumunuz neçəyə olub?
– Səliqəli olmaq daha vacibdir. Uşaqlıqdan ta bu günə qədər əsasən səliqəyə fikir vermişəm. Köhnə paltarın təmiz olsun, düzgün ütülənsin, bəs edər. Hansısa məşhur markadan olsun və ya bahalı olsun, belə yanaşma düşük insanların, görməmişlərin üslubudur. Bircə soyuq olmasın, bircə geyindiyin paltara görə sənə gülməsinlər. Qara kostyumunun cırılmış yeri ağ sapla tikilməsin. Vacib olanı budur. Mən hansı halla dəbdəbədən danışım? Buna mənim mənəvi haqqım yoxdur. Mənim torpağım işğal altındadır. Mən 11 şəhid vermişəm. Mənim nəsil-nəcabətim yerlə yeksan olub… Ata Vətənim, Ana Vətənim işğal olunub, məndən soruşun ki, mən son illərdə dərindən gülmüşəmmi? Deyərdim ki, xeyr. Çünki haqqım yoxdur. O ki qaldı mən dəbdəbə ilə geyinmək haqqında düşünüm.
Yeri gəlmişkən, iki il bundan əvvəl Avropada böhran yeni başlayanda Belqradda səfirlik üçün kirayə olunmuş ilk rezidensiyanı təhvil verib onun dəyərinin tam yarısına ucuz ev tapdırdım. Dünənə qədər yaşadığım dəbdəbəli rezidensiyadan könüllü surətdə köçüb üçotaqlı sadə bir evdə rahat yaşayıram. Və çox xoşbəxtəm ki, kitablarım da yanımdadır.
– Üç övladınız var, heç biri vəzifədə deyil.
– Oğlum Anar doktoranturada oxuyur. Çox razıyam. Neyləyir ki, vəzifəni?! Qoy zəkaları, qeyrətləri ilə Vətənin daşından seçilməsinlər. Vəzifədə olmağını da istəmirəm, insanın Vətənə xidməti kürsü ilə ölçülmür. Gənc yaşlarımdan rəhbər vəzifədə işləmişəm, ən gənc general, ən gənc rəhbər, milis rəisi, baş prokuror… bunların hamısı olub. Bunlar önəmli deyil. Əsas məsələ odur ki, Vətənin azad, dövlətin müstəqil, xalqın xoşbəxt olsun, qalanları təfərrüatdır…
Eldar Həsənov 2020-ci il avqustun 13-dən həbsdədir, vəzifə səlahiyyətlərindən sui-istifadə, dövlət büdcəsinin vəsaitindən təyinatı üzrə istifadə etməmədə ittiham olunur. O, ittihamları qəbul etmir.
1955-ci il oktyabrın 10-da Kəlbəcərin Laçın kəndində doğulan Eldar Həsənov Bakıda indiki Azərbaycan Texniki Universitetini elektronika mühəndisi ixtisası, Moskvada SSRİ Daxili İşlər Nazirliyinin Akademiyasını hüquqşünas ixtisası ilə bitirib. 1977-ci ildən Azərbaycanın Daxili İşlər Nazirliyi sistemində çalışıb, müfəttiş, baş müfəttiş, cinayət-axtarış şöbəsinin rəis müavini, rəisi postlarını tutub, Bakının Nizami rayonunun, Gəncə şəhərinin milis rəisi, İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, daxili işlər nazirinin birinci müavini olub. 1993-1995-ci illərdə baş prokurorun birinci müavini, 1995-2000-ci illərdə baş prokuror vəzifəsində xidmət edib. Ədliyyə general-leytenantı, hüquq elmləri doktoru, professordur.
2001-ci il martın 28-dən Eldar Həsənov Azərbaycanın Rumıniyada fövqəladə və səlahiyyətli səfiri olub, 2009-cu il sentyabrın 14-dən ölkəni həmçinin Serbiyada, 2010-cu il iyulun 28-dən eyni zamanda Monteneqroda, həmin il avqustun 31-dən həmçinin Bosniya və Herseqovinada təmsil edib. 2013-cü il martın 28-də onun Rumıniyadakı təmsilçiliyinə xitam verilib. 2020-ci il avqustun 17-də prezident İlham Əliyev Eldar Həsənovu Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı səfiri vəzifəsindən azad edib.
Eldar Həsənov həbsi barədə nə deyir?
Eldar Həsənovun bir istəyi təmin olundu
Eldar Həsənov xəbəri rəsmən təsdiqləndi