Məhbus siyasətçi Tofiq Yaqublu sentyabrın 9-da kürəkəni, AXCP sədrinin müavini Seymur Həzi ilə telefonla danışıb.
Tofiq Yaqublu Bakının Şüvəlan qəsəbəsindəki 3 saylı İstintaq Təcridxanasında saxlanır. O, sentyabrın 2-dən aclıq aksiyası keçirir.
Novator.az-ın məlumatına görə, Seymur Həzi “Facebook” şəbəkəsində yazır ki, Tofiq Yaqublu onu müdafiə edən, xüsusilə onun aksiyasına dəstək olaraq aclıq aksiyası keçirən şəxslərə təşəkkürünü çatdırıb.
Məhbus siyasətçi daha sonra bunları deyib: “Sona qədər gedəcəm. Bu, söz davası deyil. Fikrim son dərəcə qətidir, iradəm tam yetkindir. Özümü bu mübarizəyə kifayət qədər hazır hiss edirəm. Ya azadlıq, ya da dönüşsüz yol! Heç bir məcburi qidalanma da mümkün deyil”.
Vəkil Elçin Sadıqov sentyabrın 9-da Tofiq Yaqubluya baş çəkib. Onun yaydığı məlumata görə, Tofiq Yaqublu çox zəifləyib, halsızdır, güclə yeriyir, baş ağrıları və baş gicəllənməsindən əziyyət çəkir, ancaq aclığı dayandırmaq barədə düşünmür.
Tofiq Yaqublu bu il martın 22-də tutulub. İttihama əsasən, o, həmin gün idarə etdiyi avtomobillə Bakının Nizami rayonunda qaydaları pozub, Elxan Cəbrayılovun idarə etdiyi avtomobillə toqquşub.
Tofiq Yaqublunun mübahisə zəminində Elxan Cəbrayılovu yumruqla və vintaçan alətlə zərbələr vurub xəsarətlər yetirdiyi, onun avtomobildə olan yoldaşı Cəvahir Cəbrayılovanı əli ilə itələyib xəsarət yetirdiyi bəyan olunub.
Məhbus siyasətçi ittihamı qəbul etmir, bildirir ki, Elxan Cəbrayılovun maşını əvvəldən həmin ərazidə dayanıb gözləyib, işarədən sonra qəfildən onun dayanmış avtomobilinə tərəf hərəkət edərək qəza törədib, sonra dava salıb. Onun sözlərinə görə, hadisənin təxribat olduğunu anladığı üçün maşınının qapısını kilidləyib, şüşəni qaldırıb və polis gəlməyənə kimi yerə düşməyib, heç kimi vurmayıb.
İbtidai istintaqı Nizami Rayon Polis İdarəsi aparıb.
Sentyabrın 3-də Nizami Rayon Məhkəməsində Tofiq Yaqubluya 4 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası kəsilib. O, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıqda təqsirli bilinib.
Tofiq Yaqubluya çıxarılmış hökmdən apellyasiya şikayəti verilib. Bakı Apellyasiya Məhkəməsinə ünvanlanan şikayətdə Tofiq Yaqubluya bəraət istənir, azadlığa buraxılması tələb edilir.
Sentyabrın 7-də Müsavat Partiyasının Bakıdakı mərkəzi qərargahında Tofiq Yaqubluya dəstək aksiyası başlayıb. Müsavatçı Elman Quliyev, AXCP üzvləri Tofiq Məmmədov, Ayət İsmayıl və Elnur Həsənov aclıq edirlər.
Almaniyada yaşayan jurnalist, keçmiş siyasi məhbus Əfqan Muxtarlı və daha bir neçə fəal isə sentyabrın 7-dən Berlində, parlament binası yaxınlığında çadır quraraq Tofiq Yaqubluya dəstək aksiyası keçirirlər.
1961-ci il təvəllüdlü Tofiq Yaqublu milli azadlıq hərəkatının (1988-1991) fəalı, Qarabağ müharibəsi veteranıdır. Əbülfəz Elçibəyin prezidentliyi dövründə (1992-1993) Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb. 1992-ci ildən Müsavat Partiyasının üzvüdür. 2010-2018-ci illərdə partiya başqanının müavini postunu tutub.
Demokratik Qüvvələrin Milli Şurasının rəhbərliyində təmsil olunur.
2013-cü il fevralın 4-dən 2016-cı il martın 17-dək həbsdə yatıb.
Tofiq Yaqublunun qızı, müsavatçı Nigar Həzi 2012-2013-cü illərdə, onun həyat yoldaşı, AXCP sədrinin müavini Seymur Həzi 2014-2019-cu illərdə həbsdə olub.
Tofiq Yaqublunun digər qızı, müsavatçı Nərgiz Yaqublu 2015-ci ilin aprel ayında, atası həbsdə olan vaxt vəfat edib.
Məhbus siyasətçinin oğlu Rəhim Yaqublu hərbi xidmətdədir.
Tofiq Yaqublu yenə həbsə gedir
Tofiq Yaqublunun məhkəməsi qapalı keçiriləcək
Ev dustaqlığına da yox deyildi
Tofiq Yaqublu nədən narazıdır?
Məhkəmənin Tofiq qərarı dəyişməz qaldı
Həbsin uzadılması: şikayət təmin olunmadı
Tofiq Yaqublu məhkəməni səbirsizliklə gözləyir
Tofiqin mühakiməsi “yox”larla başladı
Tofiq Yaqublu: “Mən əsir götürülmüş şəxsəm”
“Yalan danışıb qapını bağlayırsan, sonra da deyirsən…”
Tofiqin əsgər oğlunun problemi var
Üç vəsatətdən biri təmin olundu