Report.az-ın Gürcüstan bürosunun rəhbəri Cəmilə Babayeva paytaxt Tbilisidə vaxtilə Şuşanın adını daşımış küçə ilə bağlı araşdırma aparıb.
Əsası 18-ci əsrdə qoyulan Şuşa 1750-ci ildən Qarabağ xanlığının paytaxtı, 1822-ci ildən Qarabağ əyalətinin (daha sonra Şuşa qəzasının) baş şəhəri, 1923-cü ildən isə Azərbaycanın Dağlıq Qarabağ vilayətində rayon mərkəzi olub. 1992-ci il mayın 8-nə keçən gecə Şuşaya hücum edən erməni birləşmələri mayın 9-da şəhəri ələ keçirib.
Report.az-da “Tbilisidəki “Şuşa”nı da itirmişik – erməni hiyləsinin gizli izləri” adlı araşdırmada Cəmilə Babayeva yazır ki, Azərbaycanla bağlı küçə adlarının Tbilisinin toponimikasını zənginləşdirdiyi məlumdur: “Gürcüstan paytaxtının etnik müxtəlifliyini əks etdirən həmin adların bir neçəsi Tbilisinin özünəməxsus tarixi abidələri kimi bu gün də yaşayır, bəziləri isə müxtəlif dövrlərdə dəyişdirilib.
Şəhərdə tarixə qovuşan Azərbaycan mənşəli bir toponim də “Şuşa”dır. Tarixi və qədim şəhərimiz, 28 ildir erməni işğalı altında olan Şuşanın adını vaxtilə daşıyan Tbilisi küçəsinin maraqlı və eyni zamanda müəmmalı tarixçəsi var.
Tbilisinin Krtsanisi rayonunda yerləşən keçmiş Şuşa küçəsi 1995-ci ildən yəhudi əsilli gürcüstanlı şair, nasir və dramaturq Qertsel Baazovun adını daşıyır. Küçənin yerləşdiyi ərazi vaxtilə Xarpux məhəlləsi adlanıb.
2008-ci ildə nəşr edilən “Tbilisi – Küçələr, prospektlər və meydanlar” adlı kitabda qeyd olunur ki, Qertsel Baazov küçəsi Tbilisinin köhnə rayonunda (Xarpux), İoseb Qrişaşvili küçəsindən dağın yamacınadək uzanır. Küçə XIX əsrdə salınıb. 1903-cü ildə Tbilisi Şurasının qərarı ilə küçələrin siyahısına Şuşi küçəsi kimi daxil edilib, bu adla küçələrin 1922 və 1934-cü illərdəki planlarında da qeyd olunub. 1960-cı ilin küçələrin soraq kitabçasında Şuşina küçəsi kimi göstərilib. 1995-ci ildə Baazov küçəsi adlandırılıb”.
Küçənin adı tərcüməçi-jurnalist, tədqiqatçı Mirzə Məmmədoğlunun 2009-cu ildə işıq üzü görən “Qədim Tiflis” kitabında da keçir: “Xıdır Nəbi məbədi Xarpux məhəlləsinə yaxın, Sup Sarkis küçəsində, indiki Qrişaşvili küçəsinin başlanğıcında, Şuşa küçəsinin kəsişdiyi yerdə yerləşirdi”.
Cəmilə Babayeva Mirzə Məmmədoğluya istinadla yazır ki, küçəyə Şuşa adının verilməsi təsadüfi olmayıb, orada vaxtilə Qarabağdan, o cümlədən Şuşadan köçənlər yaşayıb: “Xarpux məhəlləsində Qarabağdan olan azərbaycanlıların yaşadığını Tbilisidə doğulan müğənni Rəşid Behbudovun 1988-ci ildə “Veçerni Tbilisi” qəzetinə müsahibəsi də sübut edir: “Tbilisidə böyümüşəm. Vaxtilə iki faytonun qarşılaşa bilmədiyi Xarpuxun kiçik küçələri mənə dünyanın ən geniş prospektlərindən daha əzizdir…
Əslən Qarabağdan olan atam Məcid Behbudov muğamların tanınan ifaçısı – xanəndə olub. Yaxşı yadımdadır, o zaman Peskidə yaşadığımız evə böyük insan kütləsi toplaşardı. İfa saatlarla davam edirdi, atamı qonşularımız saatlarla dinləyərdi”.
Şuşa küçəsinin adına tarix üzrə elmlər doktoru Fəxri Valehoğlunun 2013-cü ildə nəşr olunan “Tiflis quberniyasinda azərbaycanlılara qarşı 1905-ci il kütləvi qırğınları” adlı monoqrafik tədqiqatında da bir neçə dəfə toxunulub”.
Cəmilə Babayeva yazır ki, küçədə yaşayan sakinlərlə söhbət zamanı şübhəli məqamlar ortaya çıxıb: “Sakinlər arasında azərbaycanlılar da var. Onlar üçün küçənin adı Şuşa deyil, Şuşinskidir. Toponimi muğam ifaçısı Xan Şuşinskinin adı ilə əlaqələndirirlər.
Küçə elə indi də Şuşinski adı ilə daha çox tanınır. Taksi sürücüləri Qertsel Baazov küçəsini tanımırlar, Şuşinski deyən kimi hansı küçədən söhbət getdiyini dərhal bilirlər.
Sakinlər bildirir ki, küçənin adının dəyişdirilməsi Tbilisidə yaşayan yəhudilərin təşəbbüsü ilə həyata keçirilib. Şuşa küçəsinin adı yerli sakinlərin xəbəri olmadan, səssiz-səmirsiz, böyük ehtimalla müvafiq prosedurlara əməl olunmadan dəyişdirilib. Bu prosesin Şuşanın işğalından 3 il sonra baş verməsi də ciddi şübhə doğurur. Küçə və digər məkanlara şəxslərin adlarının verilməsi adətən onların ya doğum, ya da vəfatı ilə bağlı tarixə həsr olunur. Lakin 1995-ci il Qertsel Baazovla (1904-1938) bağlı bu cür tarixlə yadda qalmayıb. Görünür, “Şuşa” adının dəyişdirilməsinin arxasında tarixi keçmişin unutdurulması və Azərbaycan həqiqətlərinin qəsdən saxtalaşdırılması kimi məkrli niyyətin başqasının əli ilə həyata keçirilməsi dayanır.
Tbilisidəki “Şuşa”dan bir nişanə bu gün də qalıb. Küçə ilə addımlayarkən ağac gövdəsində üzərində “Şuşinis k. 9” yazılan köhnə lövhəciyə rast gəlmək mümkündür. Klassik numerologiyada 9 rəqəminin ifadə etdiyi mənalardan biri ölüm və yenidən doğuluşdur. Gürcüstan paytaxtındakı “Şuşa” “ölsə” də, “yenidən doğulmaq” şansı var. 9 nömrəli köhnə lövhəcik də sanki məhz buna işarə etmək üçün asılı qalıb.
25 ildir Qertsel Baazov adlanan küçəyə bundan sonra “Şuşa” adını geri qaytarmaq qeyri-mümkün kimi görünür. Lakin küçədə tarixi toponimi bildirən və Şuşa haqqında məlumatlandırıcı lövhə quraşdırmaq olar. Bu məsələdə Şuşa şəhərinin sahibi kimi Azərbaycan tərəfi vaxt itirmədən təşəbbüs göstərərək tarixi yaddaşına ehtiram nümayiş etdirməlidir. Əzəli torpağımız olan Şuşaya mütləq qayıdacağımız kimi Tbilisidəki “Şuşa”nın adını da yaşatmalıyıq”.