Nigar Həzi
Bir ATA düşünün!
1988-ci ildən bu yana hərəkatda olsun.
Bir ATA düşünün! Qarabağa döyüşməyə könüllü getsin.
Bir ATA düşünün! Qəhrəmanlıqlarına görə iki dəfə Milli Qəhrəman adına təqdim olunsun.
Bir ATA düşünün! Həyatını bu ölkənin azadlığı, demokratikləşməsi uğrunda mübarizəyə həsr etsin.
Bir ATA düşünün! Rejim 3 dəfə şərləyərək həbs etsin.
Bir ATA düşünün! Bir qızının sağ qalmasına sevinsin.
Bir ATA düşünün! Ailəsi qondarma cinayət işi üzrə açılmış məhkəməsindən qayıdarkən avtomobil qəzası keçirsin.
Bir ATA düşünün! Bu mübarizədə bir qızının ölüm xəbərini həbsxanada eşitsin.
Bir ATA düşünün! Bu VƏTƏN, bu XALQ üçün canını fəda etsin.
Bir ATA düşünün! Əqidəsi uğrunda işgəncələrə məruz qalsın.
Bir ATA düşünün! Oğlu ilə həbs edilərək eyni polis idarəsinə gətirilsin və döyülən oğlunun səsini eşitsin.
Bir ATA düşünün! Həbsdə olduğu bütün illəri, ayları, günləri böyük öndər MƏMMƏD ƏMİN RƏSULZADƏYƏ ithaf etsin.
Bir ATA düşünün! Xalq sevsin, xalqın qəhrəmanı olsun.
Öz qəhrəmanını bu rejimin girovluğundan xilas edəcək, ona azadlığını qaytaracaq bir XALQ düşünün indi.
Tofiq Yaqublunun xilası sizlərin əlindədir. Bu haqsızlığa biganə qalmayın!
Tofiq Yaqublu milli azadlıq hərəkatının (1988-1991) fəalı, Qarabağ müharibəsi veteranıdır. Əbülfəz Elçibəyin prezidentliyi dövründə (1992-1993) Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb. 1992-ci ildən Müsavat Partiyasının üzvüdür. 2010-2018-ci illərdə partiya başqanının müavini postunu tutub.
Demokratik Qüvvələrin Milli Şurasının rəhbərliyində təmsil olunur.
1998-ci ildə 2 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
2013-cü il fevralın 4-dən 2016-cı il martın 17-dək həbsdə olub.
2020-ci il martın 22-də Tofiq Yaqublu yenidən tutulub, sentyabrın 3-də Bakının Nizami Rayon Məhkəməsində ona 4 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası kəsilib.
Tofiq Yaqublunun qızı, müsavatçı Nigar Həzi 2012-2013-cü illərdə, onun həyat yoldaşı, AXCP sədrinin müavini Seymur Həzi 2014-2019-cu illərdə həbsdə olub.
Tofiq Yaqublunun digər qızı, müsavatçı Nərgiz Yaqublu 2015-ci ilin aprel ayında, atası həbsdə olan vaxt vəfat edib.
Məhbus siyasətçinin oğlu Rəhim Yaqublu hərbi xidmətdədir.
Siyasətçinin xanımı Maya Yaqublu 2014-cü il yanvarın 21-də qızı Nərgiz və daha iki nəfərlə birgə Şəkidən – Tofiq Yaqublunun məhkəməsindən Bakıya qayıdanda İsmayıllı rayonu ərazisində avtomobil qəzasına uğrayıb, ağır xəsarətlər alaraq çox mürəkkəb tibbi əməliyyatdan keçib.