Bakının Nizami Rayon Məhkəməsində məhbus siyasətçi Tofiq Yaqublunun cinayət işi üzrə proses finiş xəttinə çıxıb. Novator.az-ın məlumatına görə, sentyabrın 1-də keçirilən iclasda danışan dövlət ittihamçısı Tofiq Yaqubluya 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilməsini təklif edib.
Bu il martın 22-də tutulan Tofiq Yaqublu silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıqda təqsirli bilinir. Bu ittiham 2 ildən 6 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.
Rəsmi versiyaya əsasən, Tofiq Yaqublu martın 22-də idarə etdiyi avtomobillə Bakının Nizami rayonunda qaydaları pozub, Elxan Cəbrayılovun idarə etdiyi avtomobillə toqquşub.
Tofiq Yaqublunun mübahisə zəminində Elxan Cəbrayılovu yumruqla və vintaçan alətlə zərbələr vurub xəsarətlər yetirdiyi, onun avtomobildə olan yoldaşı Cəvahir Cəbrayılovanı əli ilə itələyib xəsarət yetirdiyi bəyan olunub.
Məhbus siyasətçi ittihamı qəbul etmir, bildirir ki, Elxan Cəbrayılovun maşını əvvəldən həmin ərazidə dayanıb gözləyib, işarədən sonra qəfildən onun dayanmış avtomobilinə tərəf hərəkət edərək qəza törədib.
İbtidai istintaqı Nizami Rayon Polis İdarəsi aparıb.
1961-ci il təvəllüdlü Tofiq Yaqublu Moskva Kooperasiya Universitetini bitirib. Milli azadlıq hərəkatının fəalı, Qarabağ müharibəsi veteranıdır. Əbülfəz Elçibəyin prezidentliyi dövründə (1992-1993) Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb. 1992-ci ildən Müsavat Partiyasının üzvüdür. 2010-2018-ci illərdə partiya başqanının müavini postunu tutub.
Demokratik Qüvvələrin Milli Şurasının rəhbərliyində təmsil olunur.
Tofiq Yaqublu 2013-cü il fevralın 4-də, İsmayıllıda hökumət əleyhinə iğtişaşlar (23-24 yanvar 2013-cü il) təşkil etmək ittihamı ilə tutularaq 5 il azadlıqdan məhrumetmə cəzası alıb, 2016-cı il martın 17-də əfv sərəncamı əsasında azadlığa çıxıb.
Tofiq Yaqublu yenə həbsə gedir
Tofiq Yaqublunun məhkəməsi qapalı keçiriləcək
Ev dustaqlığına da yox deyildi
Tofiq Yaqublu nədən narazıdır?
Məhkəmənin Tofiq qərarı dəyişməz qaldı
Həbsin uzadılması: şikayət təmin olunmadı
Tofiq Yaqublu məhkəməni səbirsizliklə gözləyir
Tofiqin mühakiməsi “yox”larla başladı
Tofiq Yaqublu: “Mən əsir götürülmüş şəxsəm”
“Yalan danışıb qapını bağlayırsan, sonra da deyirsən…”