Avqustun 31-də Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronavirus xəstələrinin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışına video formatında qatılan prezident İlham Əliyev tibb müəssisəsinin kollektivi qarşısında çıxış edib. AZƏRTAC-ın məlumatına görə, prezident deyib ki, xəstəxanada 820-dən çox çarpayı mövcuddur: “Ancaq qısa müddət ərzində biz bu çarpayıların sayını 1500-ə qədər artıra bilərik. Bu xəstəxanada 130 intensiv terapiya-reanimasiya yeri var. Əminəm ki, bu gün açılan xəstəxananın fəaliyyəti koronavirusla mübarizədə çox önəmli rol oynayacaq.
Pandemiya dövründə ölkəmizdə yeni xəstəxanaların tikintisi geniş vüsət alıb. Bu məqsədlər üçün böyük vəsait ayrılıb, bütün imkanlar səfərbər edilib. Cəmi altı ay ərzində ölkəmizin çarpayı fondu böyük dərəcədə artırılıb. Ölkəmizin ən gözəl və ən müasir xəstəxanası olan “Yeni klinika”da çarpayıların sayı 600-ə yaxındır. Təqribən 400-ə yaxın çarpayı hazır vəziyyətdədir. Modul tipli 11 xəstəxana inşa edilib. Bu xəstəxanalarda çarpayıların sayı 4100 səviyyəsindədir.
Modul tipli 7 xəstəxananın tikintisi nəzərdə tutulub. Amma hazırda buna ehtiyac yoxdur. Çünki ölkəmizdə xəstələrin sayı azalır və əgər ehtiyac yaranarsa, qısa müddət ərzində əlavə 1400 çarpayılıq xəstəxanalar inşa oluna bilər. Ehtiyat variantı kimi biz ölkəmizin iki olimpiya kompleksini də xəstəxanalara çevirdik və orada da 300-dən 500-ə qədər xəstə müalicə ala bilər”.
Dövlət başçısı koronavirus infeksiyasını cilovlamaq üçün tətbiq olunan karantin rejiminin səmərə verdiyini vurğulayıb: “Bunun nəticəsində artıq bir çox şəhərlərdə bütün karantin məhdudiyyətləri aradan qaldırılıb. Ancaq böyük şəhərlərdə qalıb və bizim hamımızdan asılıdır ki, daha da inamla və daha da qısa müddət ərzində əlavə yumşalma addımları ataq.
Əfsuslar olsun ki, hələ də bu vəziyyəti dərk etməyənlər, məsuliyyətini itirmiş insanlar da mövcuddur və qaydaların kobudcasına pozulması halları da var. Belə hallar aşkarlananda, təbii ki, cəza tədbirləri də mütləq olmalıdır və tətbiq edilir. Cəza tədbirləri bütün kateqoriyalardan olan insanlara tətbiq edilir. Heç bir ayrı-seçkiliyə yol verilməməlidir və verilmir. İctimai vəziyyətinə, ictimai statusuna baxmayaraq qanun qarşısında hamı bərabərdir. Azərbaycanda bərabərlik, ədalət və qanunun aliliyi əsas prinsiplərdən biridir və mən bütün vətəndaşları məsuliyyətə çağırıram. Birincisi, özlərini, öz yaxınlarını qorumaq üçün daha məsuliyyətli olmalıdırlar, digər tərəfdən qaydaları pozanlar, böyük kütləvi tədbirlər təşkil edənlər və beləliklə, ölkə qanunları ilə və mövcud olan qaydalarla nümayişkaranə hesablaşmayanlar mütləq öz cəzasını alacaq və alır. İctimaiyyət də bu məsələ ilə bağlı məlumatlandırılır. Azərbaycan vətəndaşları yaxşı görürlər ki, qanun hər kəs üçün qanundur. Heç kim qanundan üstün ola bilməz, heç kimdə heç bir imtiyaz ola bilməz və heç kimə heç bir güzəşt edilmir və edilməyəcək.
Görülmüş bütün işlər bir məqsədi güdür ki, biz bu vəziyyətdən az itkilərlə çıxaq. Hesab edirəm ki, biz buna nail oluruq. Dünya statistikasına baxdıqda görürük ki, ölkəmizdə əldə edilmiş nəticələr doğrudan da çox təsirlidir, çox dəyərlidir. Mən hesab edirəm ki, biz məhz bu tədbirlər nəticəsində minlərlə insanın həyatını qoruduq. Qoymadıq ki, xəstəlik geniş vüsət alsın, qoymadıq ki, bu nəzarətdən çıxsın və bundan sonra da bunu edəcəyik. Nə qədər lazımdırsa, o qədər də edəcəyik. Əminəm ki, birgə səylər nəticəsində, həm də bundan sonra dövlətin qətiyyətli və düşünülmüş ədalətli addımları, vətəndaşların məsuliyyəti imkan verəcək ki, biz bu ağır vəziyyətdən az itkilərlə çıxaq və daha tez bir zamanda normal, adi həyata qayıdaq”.