Generalın ölümü öldürən şəhidliyi
- 24 Avqust 2020
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
Rüfət Rüstəmov
BDU-nun Şərqşünaslıq fakültəsinin
Türk filologiyası kafedrasının müdiri, professor
Öz tarixi keçmişi ilə həmişə əzəmətli görünən Azərbaycanım, sənin müqəddəs torpağında igid oğullarının cəngavərlik salnaməsi, saysız-hesabsız dahilərin adları tarixin müqəddəs səhifələrinə qızıl hərflərlə yazılmışdır. Bu dediklərim kimlərinsə qursağında düyünlənsə də, əsl həqiqətdir. Həqiqətin qapısına toxunmaq olmaz. O müqəddəs qapıdan içəri girənlər və çıxanlar xalqımın nurlu simasını görür.
Hər birimiz vətən, torpaq uğrunda ölə bilərik, lakin şəhidlik zirvəsi hər oğula qismət olmur. Bu bir həqiqətdir ki, bu gün döyüş qabiliyyətli cəngavər, polad biləkli övladlarımız müqəddəs torpaqlarımız, vətən uğrunda döyüşə hazır vəziyyətdədir. Onlar bizim ümüd çırağımızdır. Arzu edirik ki, bu çırağın ziyası əbədi olsun. Ustad jurnalist Namiq Əhmədov demişkən: “Vətənpərvərlik vətənin naminə çalışmaq, vətəni qorumağa hər an hazır olmaqdır”. Biz bunu nurlu ağsaqqalarımızdan öyrənmişik ki, torpaq məsələsində son dərəcə həssas olmalıyıq. Əgər vətən darda olarsa, hər bir Azərbaycan oğlu bir yumruq kimi birləşməlidir. Milli birlik olmasa dilə güc verməyin mənası yoxdur.
Böyüməkdə olan gənc nəsil bilməlidir ki, bu gün erməni daşnakları həmişə olduğu kimi torpaq iddiası ilə dinc əhalini yurdundan-yuvasından qovmaq üçün bütün çirkinliklərə əl atırlar.
Qüdrətli Azərbaycan Ordusu məkrli düşmənin arzularını gözündə qoymağa davam etməkdədir. Vətənimizin vətənpərvər, cəsur oğulları bu gün həmin missiyanı yerinə yetirir. Dahi Nəriman Nərimanov vətənə belə qiymət vermişdi: “Vətənin qüdrətini o şəxs bilir ki, vətən ilə onun ruhən rabitəsi olsun. Vətən ilə bir yerdə olsun, bir yerdə gülsün”.
Bu müqəddəs kəlamları Tovuz ətrafında gedən şiddətli döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş oğullarımıza şamil etmək olar.
Bu gün vətənimiz imtahan qarşısındadır. Təbii ki, bu imtahandan da üzüağ çıxacağıq. Birliyə, həmrəyliyə, qardaşlığa, dostluğa rəvac verməliyik. Yoxsa igid şəhidlərimizin müqəddəs ruhları bizi bağışlamaz. Bunu bizdən türklüyümüz tələb edir. Biz dildə yox, əməldə vətəni, onun müqəddəs torpağını sevməliyik.
İnsan oğlu sevməyi bacardığı andan özünü, vətənin qiymətini dərk edir, gələcək mənalı həyatın təməlini qoyur. Müdriklərimiz çox gözəl deyib ki, vətən həsrətini ancaq onu yaşayanlar bilər. Vətən darda olanda onun harayına cəsur oğulları hay verir. Azərbaycan oğulları dünyanın harasında olmalarına baxmayaraq, ürəkləri vətən eşqiylə döyünür. Xalqımın vətənpərvərlik ruhu çox yüksəkdir.
Bu gün Azərbaycan yeni tarix yazır. İyulun 14-də Azərbaycan-Ermənistan sərhəddində, Tovuz istiqamətində gedən şiddətli döyüşlər zamanı qəhrəmancasına şəhid olmuş general-mayor Polad Həşimovun və yüksək rütbəli zabitlərimizin adları Azərbaycan tarixinə qızıl həflərlə yazılacaqdır. Mənim bu yazım da qəhrəman qardaşımız general Polad Həşimovun müqəddəs ruhuna hörmət və ehtiramdan irəli gəlir!
Polad adı mənim üçün son dərəcə doğma bir addır. Mənim böyük qardaşlarımdan birinin adı Polad idi. Qardaşım Polad da zabit idi, polis mayoru vəzifəsində çalışırdı. Mən indi Poladların keçmişini vərəqləyərkən, elə bil ki, xəyallar dünyasındayam. Bəzən mənə elə gəlir ki, yuxu görürəm. İlahi, insan oğlunun keçirdiyi həyat yolu necə də bir-birinə oxşayır. Mən hər an şəhid qardaşımız, general Polad Həşimovun ünvanına deyilən xoş xatirələri dinlədikcə, qardaşım polis mayoru Polad Rüstəmovun keçmişi gözümün qabağına gəlir. Allahım, insan taleyi nə qədər də bir-birinə oxşayır. Allah hər ikisinə rəhmət eləsin! Mən qarşıma məqsəd qoydum ki, əgər bu işi bacarıramsa, az da olsa, general qardaşımızın müqəddəs adını obrazlı şəkildə canlandırmalıyam! Qoy hər kəs vətənin qeyrətli, vətənpərvər, cəsur övladlarını yaxşı tanısın! Bunlar barədə düşünərkən, yaxın dosdum, qardaşım Firuz müəllimə telefon açdım, şəhid general-mayor Polad Həşimov barədə məlumat almaq istədim. Çünki Firuz müəllim də qəbələlidir. Firuz müəllim kövrək səslə vətən oğluna Allahdan rəhmət dilədi və çox böyük təəssüf hissilə onun haqqında ətraflı məlumatı olmadığını dedi.
Oxucularım üçün xatırladıram ki, Azərbaycan yer üzünün ən qədim mədəniyyət mərkəzlərindən biridir. Eramızın I əsrindən etibarən Qəbələ qədim Azərbaycan dövləti olan Albanyanın ilk paytaxt şəhəri olub. Bu qədim şəhərin füsünkar gözəlliyə malik Vəndam kəndi indi hamının diqqət mərkəzindədir. Artıq adı dillər əzbəri olan, hər bir azərbaycanlının qəlbində özünə yer tapan, bütün varlığını vətən, torpaq uğrunda qurban verən general-mayor Polad Həşimov dağlar qoynunda, Vəndam kəndində dünyaya göz açmışdı. Şəhidlik zirvəsinə ucalan bu şəxs doğma ocağı ilə vidalaşmağı belə unutmadı. General bunu etməsə, onun müqəddəs ruhu inciyərdi!
General-mayor Polad Həşimov 1975-ci ildə qədim Qəbələnin Vəndam kəndində anadan olmuşdu. Bir müddət sonra ailəsi Sumqayıta köçmüş, Polad orta məktəbi Sumqayıt şəhərində bitirmişdi. Orta məktəbi əla qiymətlərlə başa vuran Polad əvəllər hüquqşünas olmaq istəmiş, lakin tarix müəlliminin dediyi bir ifadə onu bu fikirdən uzaqlaşdırmışdı. Habil müəllim öz fikrini belə ifadə etmişdi: “Əsl kişi hərbi məktəbdə oxumalıdır!”
Bu, belə də oldu. General-mayor Həşimov Azərbaycanda Ali Hərbi Məktəbi bitirmiş və təhsilini Türkiyədə Hərbi Akademiyada davam etdirmişdi. Orada da doğma Azərbaycanımızı şərəflə təmsil etmiş, hərbi sirlərə yiyələnmişdir. Vətənə döndükdən sonra müdafiə naziri onu peşəkar, savadlı bir kadr kimi ən məsuliyyətli hərbi hissələrə göndərirdi. Bu təyinatların heç biri onu narahat etməzdi, əksinə, bütün əmrləri hörmətlə qarşılayardı.
O, peşəkar hərbçi kimi özünü sübut etmişdi. Vətənpərvər zabitlərimizdən biri kimi bütün bilik və bacarığını əsgərlərinə öyrətməkdən zövq alarmış. Bu vətən fədaisinin zəngin həyat yolu yavaş-yavaş öz bəhrəsini verməyə başlamış, 2003-cü ildə mayor kimi “Hərbi xidmətə görə” medalı ilə, 2009-cu ildə polkovnik-leytenant rütbəsində “Vətən uğrunda medalı” ilə, 2014-cü ildə isə III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdi. Nəhayət, 2016-cı ildə aprel döyüşləri zaman göstərdiyi qəhrəmanlığa görə II-ci dərəcəli “Vətənə xidmətə görə” ordeninə layiq görülən Polad Həşimova 2019-cu ildə general-mayor rütbəsi verilmişdir. Bu ali rütbədən sonra bəziləri onu zəngin adam kimi qələmə verməyə səy göstərmişdi. Lakin bu zənginlik bəzi boynuyoğun ağzıgöyçəklərin fikirləşdiyi kimi deyilmiş!
Onun varı, mülkü soyuq səngər, Azərbaycanın müqəddəs torpaqları, bir də tabeliyində olan Azərbaycan əsgərləri idi! Vaxtilə generalın rəhbərlik etdiyi hərbi hissədə qulluq edən jurnalist Seymur Kazımov öz xatirələrində qeyd edir ki, hörmətli komandirimiz əsgərləri tənbeh edərdi, cəzalandırardı da, amma onları təhqir edəcək, alçaldacaq ifadə işlətməzdi. Hərbi nizamnaməyə uyğun hərəkət edirdi. Jurnalist daha sonra qarşısına məqsəd qoyur ki, sevimli komandirinin vaxtilə döyüşdüyü təpəyə baş çəksin. Nəhayət, 2018-ci ilin mart ayında imkan düşür, o, komandirin adına olan “Polad təpəsi” nə baş çəkir. Jurnalist bu məsələ barədə geniş məlumat verərək qeyd edir ki, “Talış yüksəkliyi”ndə 7 döyüş postu var. Bunlardan biri “Polad postu” adlanır. Həmin postu 2016-cı ilin aprel döyüşlərində polkovnik Polad Həşimov azad etmişdir!
İnsan oğlu belə məlumatları eşidəndəndə qürur hissi keçirir. Xəyala dalırsan, sevinirsən ki, çox şükür, xalqımın belə cəngavər oğulları var!
Yadıma “Yeddi oğul istərəm” filmi düşdü. 7 rəqəmi, qələbəyə inanan yeddi oğul. Yeddi oğul, yeddi təpə! Bu bir təsadüfmü, yoxsa həqiqətmi?
Fikirləşdim ki, tərəzinin bir gözünə “yeddi oğulu”, bir gözünə “yeddi təpəni” qoysaq səhv etmərik!
İndi ulu xalqımın dilində və hafizəsində “yeddi təpə” əhvalatı böyüməkdə olan gənc nəsl üçün bir həyat məktəbi olcaqdır. General Polad Həşimov elə özü bir məktəb olub. O, harada olmağından asılı olmayaraq, elə bir insanlıq toxumu səpib ki, bəhrəsini görənlərin yaddaşına əbədi olaraq həkk olsun.
İndi hər kəs yaxşı bilir ki, baş vermiş hərbi təxribat nəticəsində ordumuzun yüksək rütbəli zabitləri şəhid olublar. Nə qədər ki, gec deyil, nəticə çıxarmaq lazımdır. Düşmən günü-gündən azğınlaşır. Atalar demişkən, arxalı köpək qurd basar! Biz özümüz başımızın çarəsini qılmalıyıq. Bu kəlamların sahibi xalqdır. Atalar demişkən, aşıq gördüyünü çağırar. Xalq gördüyü, şahidi olduğu hadisələrdən narahatdır. Baş vermiş hadisələrlə bağlı çox narahat idim, yanımızdakı parka getdim, bir tərəfdə oturub dincəlirdim, xəbərim olmadan dərin xəyala dalmışdım, hadisələrdən tam xəbərdar deyildim. Mənim kimi dincəlmək üçün parka gələn bir nurani ağsaqqal yüksək səslə ah-uf edirdi. Onun səsindən diksinib, yuxudan oyanmış kimi oldum:
– Ay qardaş, nə baş verib?
– Sizin, deyəsən, dünyadan xəbəriniz yoxdur?
– Ağsaqqal, etiraf edim ki, iki gündür xəstə idim. Dünyadan belə xəbərim yoxdur.
Ağsaqqalın kövrək səsi məni çaşbaş salmışdı. Sanki yuxuda idim. Anidən ayağa qalıxdım, ətrafa göz gəzdirdim, qulağıma əcaib səslər gəlirdi. Maşınların sürətlə şütümələri, çox sayda insanların yüksək səslə “Şəhidlərimizin qanı yerdə qalmayacaqdır!” şüarları get-gedə artırdı. Bir sözlə, insanlar təlatüm içində qaynaşırdılar. Vaxt itirmədən evə qayıtdım. Bilgisayarı işə saldım. İlk işim xəbərləri dinləmək oldu. Tovuz ətrafında gedən şiddətli döyüş zamanı Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov, polkovnik İlqar Mirzəyev, bir neçə zabit və əsgərimiz qəhrəmancasına şəhidlik zirvəsinə yüksəliblər! Allah onlara rəhmət eləsin! Belə hadisələr zamanı müxtəlif çağırışların şahidi oluruq. Azərbaycanda vətənpərvərlik hissi çox güclüdür. Hadisələrin bəziləri göstərir ki, yeganə çıxış yolu bir nəfər kimi vətənin azadlığı uğrunda vaxt itirmədən ayağa qalxmaqdır. Tarixi təcürbə göstərir ki, yüksək rütbəli zabitlər hər zaman döyüş əməliyyatlarına rəhbərlik ediblər. Lakin bizim yüksək rütbəli zabitlərimiz əcdadlarımızın yolunu seçərək, ön xəttə üstünlük vermişlər. Gələcək nəsil bu igid oğulların getdiyi yolu gedəcəkdir. Mən heç vaxt istəməzdim ki, xalqım belə hadisələrlə qarşılaşsın. Mənim əsas məqsədim qəhrəman şəhid qardaşlarımın şərəfli həyat yolunu işıqlandırmaqdır. Mən bu yolun yolçusuyam!
Hər bir azərbaycanlı vətən üçün göstərdiyi xidmətlərini sübut etməlidir. Müraciət etdiyim mövzunun ucu-bucağı görünmür. Məlumdur ki, insan taleyi çox sayda hadisələrin birbaşa iştirakçısıdır. Elə insanlar var ki, onlar çalışırlar ki, xalqının nurlu gələcəyi barədə düşünsünlər, xalqı ilə nəfəs alsınlar. Belə vətənpərvər insanlardan biri 45 illik həyat yolunu vətən, torpaq uğrunda fəda etmiş nurlu ziyalı, general-mayor Polad Həşimovun son borcu. Qısa bir zamanda xalqının nurlu gələcəyi üçün bütün çətinliklərə yorulmadan sinə gərən əziz generalımız Polad Həşimovun nurlu tarixi. Bu şərəfli tarix çox oxunacaq və gələcək nəsillərə örnək olacaqdır. Hər zaman xalqıma başucalığı gətirən general-mayor Polad Həşimovun keçdiyi şərəfli həyat yolu, hər bir ziyalı kimi məni də düşünməyə vadər etdi. Onun portretinə baxanda yanaqlarında olan təbəssüm insana toxtaqlıq verir. O, gülümsəməyi ilə heç kəsi intizarda qoymur. Şəhid qardaşımız əbədi olaraq yaddaşlarda yaşayacaqdır. Döyüş zamanı o, bir daha sübut etdi ki, əsgərlərlə çiyin-çiyin döyüşmək generala yalnız şərəf gətirir. O, bunu əməli ilə sübut etdi. Generala vətən, torpaq haqqında sual verəndə, həmişə yanaqlarında təbəssüm belə cavab verərmiş: “Azərbaycanımın hər tərəfi mənim üçün müqəddəsdir, doğmadır!..”
Rəhmətlik Polad Həşimov aprel döyüşlərindən sonra qəlbi qədər sevdiyi əsgərləri ilə söhbət edərkən fəxrlə deyərmiş: “Mən bir Azəbaycan oğlu kimi vətənimi sevirəm, bu sevgini heç kim məndən ala bilməz. Mənim əzizlərim, siz bizim gələcəyimiz, bu günümüzsünüz. Əgər biz hər zaman birlik olsaq, kimsə bizə qalib gələ bilməz”.
O, əsgərlərini vətənpərvərlik ruhunda cəsur olmağa çağırırdı. Deyilən xatirələrdə bunları eşidərkən, doğma Azərbaycanımızın sağlam əllərdə olduğunun şahidi olursan. General-mayor Polad Həşimov əsgərləri ilə nəfəs alırmış. “Kasıb atası” sayılan bu şərəfli zabit ömrü boyu həqiqəti axtaran bir insan kimi həmişə çalışıb ki, haqqın qapısını açsın. Həmişə olmasa da, bəzən istəklərinə nail olub. O, həmişə çalışıb ki, onun əsgərləri heç nədən korluq çəkməsinlər. Bunu ondan aldığı tərbiyə tələb edirdi. Əsgərləri maarifləndirməkdən zövq alarmış. Deyərmiş ki, söz ki, ağızdan çıxdı, mütləq ona sahib çıxmalısan. Sözün nə qədər qiymətli olmasından bəhs edərmiş, yerində deyilmiş sözün qiymətini, söz sahibinə nüfuz gətirməsini əsaslandırılmış şəkildə izah edərmiş.
Şəxsi heyətlə söhbət edərkən həmişə Vətən sözünü işlədirmiş. O, deyərmiş: “Əzizlərim, biz halal süd əmmiş insanlarıq, vətənpərvərliyi analarımızın laylalarından eşitmişik. Siz bu dediklərimi əbədi olaraq yaddaşlarınıza həkk etməlisiniz. Mən sizin hər birinizi doğma övladlarım kimi sevirəm. Sizdən ən böyük istəyim və tələbim qanunlarımızın aliliyini uca tutmaq, hərbi sirlərimizi qəlbinizin bir küncündə gizlətməkdir”. General əsgərləri ilə söhbət edərkən, qeyri-iradi olaraq xəyallara dalır, övladlarını bir anlığa gözünün qabağına gətirirdi. Həmişə olduğu kimi, yanaqlarında təbəssüm başını qaldırar və deyərmiş: “Sizi yormadım ki?!”
Əsgərlər özlərini valideyinlərinin əhatəsində hiss edərcəsinə, çox böyük ruh yüksəkliyi ilə deyərmişlər: “Cənab komandir, biz sizin yanınızda olarkən özümüzü ata ocağında kimi hiss edirik. Siz böyük bir məktəbsiniz!”
Komandir tərifi sevməsə də, gülümsünərmiş: “Vətənə xidmət edirəm!”
Fəxrlə dediyi bu cümləni həmişə hörmətlə səsləndirərmiş. Daha sonra, deyərmiş: “Mənim məqsədim və ən böyük arzum siz gəncləri vətənpərvərlik ruhunda tərbiyə etmək, cəsur və qorxmaz olmağın yollarını öyrətməkdir. Siz mənim doğma Azərbaycanımın yenilməz övladlarısınız. Xidməti borcumuzu yerinə yetirərkən mən şahidi oldum ki, sizdə dərin zəka, dözümlülük, cəngavərlik çox güclüdür. Əgər lazım gələrsə siz azğın düşməni vaxtında susdurmağı bacaran mərd oğullarsınız. Sizinlə fəxr edirəm! Bu vətəndə hürr yaşamağın açarı sizin əlinizdədir. Sahib olduğunuz gücə, qüdrətə hörmətlə yanaşın! Bunu sizdən xalqımız, vətən tələb edir”.
Korpus komandirləri həmişə Polad Həşimovun dözümlülüyünə, bilik və bacarığına, əsgərlərlə olan atalıq münasibətlərinə heyran qalırdılar. O, bir növ əsgərlərlə nəfəs alırdı. Əsgərlərə həmişə xatırladarmış: “Mən də atayam, üç övladım var. Övlad atanın, ananın dini, imanı, həyatının ruhu, bəzəyi, nəfəsi, bu günü və gələcəyidir. Övladlarımı heç kəsin övladından üstün tutmamışam. Mənim görən gözüm, aldığım nəfəsim övladlarım – Davud, Teymur, qız övladım, həm də anam Aybənizimdir! Mən bir ata kimi həmişə övladlarıma olan məhəbbətimi əsgərlərimə də göstərmişəm. Bu, mənim həyatımın ən şərəfli tarixidir. Bizdən bunu xalqımızın adət-ənənəsi tələb edir. Biz müstəqil bir dövlət kimi, əməllərimizin incisi olan tarixi yazmağa başlamışıq. Xalqımızın bu gününü və gələcəyini göz bəbəyi kimi qoruyacaq, şanlı-şərəfli ordumuz, Ali Baş Komandanımız var! Sizin çoxunuz ali savadlısınız, aranızda dəqiq elmlər sahəsində, tarix, ədəbiyyat və s. ixtisaslar üzrə mütəxəssislər var. Hər birimiz yaxşı bilməliyik ki, mənfur qonşumuz, tarixən türklərin pinəçiliyini etmiş tarixi düşmənimiz, “ASALA” tör-töküntüləri tarix boyu azərbaycanlılara qarşı törətdikləri soyqırımları indi də davam etdirməkdədir. Bu məsələnin həlli sizdən, bizdən aslıdır”.
Bu sözlərin müəllifi Azərbaycan xalqının qəhrəman oğlu general-mayor Polad Həşimovdur. Generalın sinəsi dolu idi. Deyəcəklərini dedi, demədiklərini canı qədər çox sevdiyi əsgərlərinə əmanət etdi. O, əsgərlərindən bir gün də olsa ayrılarkən belə deyərmiş: “Özünüzə yaxşı baxın, sizi Allaha əmanət edirəm!”
Komandirin bu sözləri əsgərlərinə mənəvi ruh verirdi.
Bu gün şanlı ordumuzun cəsur, mərd əsgərləri mərhum general-mayor Polad Həşimovun yolunu getmək üçün Tanrı qarşısında and içirlər.Vaxtilə generalın əsgəri olmuş, ehtiyatda olan bir nəfər komandirlə olan xatirələrini belə danışır: “Komandirimiz ədəbiyyatı çox sevirdi. O,Türkiyədə təhsil alarkən çox sayda dostları varmış. Onlardan biri rəhmətlik generala Yunus Emrenin (Dərviş Yunus) bir şeirini bağışlayıbmış. Dostu Yunus Emre ilə əlaqədar məlumat verərkən demiş ki, o, bütün türk dünyasının övladıdır. Onun məzarlarının sayı çoxdur”.
Azərbaycanda Qax rayonunun Öncallı kəndində ziyarətgaha çevrilmiş, “Hacı Tapdıq və Şeyx Yunus” adı ilə tanınan bir məzarın da Yunus Emreye aid olduğu iddia edilir. Mən ixtisasca türkoloq olduğuma görə Yunus Emrenin Anadoluda türkcə şeirin banilərindən biri, sufi islam filosofu olduğunu oxucuların nəzərinə çatdırmaq istərdim. Verilmiş xatirədən də belə başa düşdüm ki, rəhmətlik general Həşimovun keçdiyi həyat yolu böyüməkdə olan gənclərimizə yeni-yeni uğurlu qapılar açacaqdır.
Unudulmaz şəhidimiz Polad Həşimovun ruhu qarşısında baş əyir, onun müqəddəs ruhunu sevindirmək üçün Yunus Emrenin “Salam olsun” şerini buraya daxil etməyi özümə borc bilirəm:
Biz dünyadan gedər olduq,
Qalanlara salam olsun!
Bizim üçün xeyir-dua
Qılanlara salam olsun!
Əcəl bükə belimizi,
Söylətməyə dilimizi,
Xəstə ikən halımızı
Soranlara salam olsun!..
Tənim ortaya açıla,
Yaxasız köynək biçilə…
Bizi asan bir vəch ilə
Yuyanlara salam olsun!
Kimsə durmaz qəsdimizə,
Gedər olduq dostumuza,
Namaz üçün üstümüzə
Duranlara salam olsun!
Bir qaydadır, gələn gedər,
Əcəl ki var, bizi güdər.
Bizim halımızdan xəbər
Soranlara salam olsun!
Dərviş Yunus, söylə sözü,
Yaş doludur iki gözü!
Bilməyən nə bilsin bizi?!
Bilənlərə salam olsun!
İnsan oğlu “Salam olsun” şeirini diqqətlə oxuyanda elə bil ki, bir anlığa tilsimlənir, nə edəcəyini unudur, fikirləşir: Görəsən mən yuxumu görürəm, İlahi?
Generalımızın bu şeiri özü ilə gəzdirməsi nədən xəbər verir?!.
Biz düşünürük ki, general- mayor Polad Həşimovun müqəddəs bir insan olduğunu bu şeir parçası artıq sübut etdi. Bəlkə də şəhid olacağını əvvəlcədən hiss edən general vətəni və onun övladları ilə vidalaşmaq üçün bu şeiri əmanət qoyuyb!. Allah ona rəhmət eləsin!
Qədirlə məni uzaqdan-uzağa tanış etmişdilər. Onun çox məlumatlı olduğunu demişdilər. Belə qərara gəldim ki, onunla oturub rahat söhbət edim. Ona yaxınlaşıb salam verdim, məni nəzakətlə qarşıladı:
– Buyur, müəllim, sizi eşidirəm, – dedi.
Təşəkürümü bildirdim. Özümü təqdim etdim, məmnunluq hissini bildirdi:
– Allah sizdən razı olsun, müəllim! Belə bir mövzuya müraciət etdiyiniz üçün mən sizə çox-çox təşəkkür edirəm. General-mayor Polad Həşimov bu dünyada bizi yetim qoyub getdi. Biz gənclər yaşamağın, insanlığın, əsl vətəndaş olmağn sirlərini ondan öyrəndik. Soruşa bilərsiniz ki, Azərbaycanımızda Polad kimi oğullar çoxdurmu? Bəli, həqiqətən də çoxdur. Lakin Polad nadir insanlardan biri idi. Onun müqəddəs adı tarix boyu yaşayacaqdır. Xalqımın qeyrətli oğullarının qadasını alım. Onlardan biri qısa bir zamanda generalın büstünü yaratdı. Bu gün xalqım hörmətli generalın həyat hekayəsini öyrənməklə məşğuldur.
Qədirin duyğulandığını hiss etdim…
Qədirlə general barədə söhbət edərkən bir də baxdım ki, başını yan tərəfə çevirib: “Müəllim, mənə fikir vermə!” deyərək, hönkür-hönkür ağlayır!..
Bu səhnəyə dözə bilmədiyim üçün su bəhanəsi ilə bir müddət ondan ayrılmalı oldum. Sözün doğrusu, məni də ağlamaq tutmuşdu. Mən su alıb qayıtdım. Qədir məndən üzr istəyirmiş kimi nəsə deməyə cəhd etdi, ona mane oldum. Qədir üzünü mən tərəfə çevirərək: “Müəllim, deyəsən sizi də kövrəltdim” dedi. Əziz dost, biz belə mövzulara müraciət edərkən kövrəlməmək mümkün deyil. Əgər bizim yazdığımız sətirlərə diqqətlə baxsanız, hər bir sətrin üstündə göz yaşlarına rast gələrsiniz. Qardaşım Qədir dedi:
– Allah şəhid qardaşlarımıza rəhmət eləsin, sən yaxşı bilirsən ki, bu müharibədə bizim nəslimiz də çox şəhid verib. Başkəndin alınmasında və dığaların qovulmasında tarix yazan briqada komandiri Cahangir Rüstəmov Azərbaycan bayrağına layiq görülmüşdü, Azərbaycanın Milli Qəhrəmanı Məzahir Rüstəmov, kapitan Sahib Rüstəmov və s. igid qardaşlarımız, vətən, torpaq uğrunda şəhid oldular.
Qədir bir qədər sakitləşərək dedi:
– Müəllim, biz general-mayor Polad Həşimovu atamız qədər sevirdik. Çox gözəl türkcəsi vardı. O, bu şeiri mənə verməzdən əvvəl bir dəfə oxudu. Sanki biz bir türklə üzbəüz oturmuşuq. “Qardaşın dilini bilmək böyük fəxrdir” dedi. Onun daxili aləmi digər insanlardan fərqli idi. Onun anası, o gözəl anamız, onu Azərbaycan və milləti üçün doğmuşdu.
Qədirin sinəsi dolu idi, saatlarca danışmağa hazır idi. Biz sağollaşıb ayrıldıq. Şəhid qardaşımız general Polad Həşimovun yaşadığı binanın qarşısına toplaşmış insanlar arasında mərhum generalın qohum-əqrəbaları da vardı və onlar hamısı ürək sözlərini demək istəyirdi. Çox təəssüf ki, yaranmış şərait buna yol vermirdi. Bu elə bir məclis idi ki, hamı bir nəfər kimi göz yaşı axıdır, özlərinə yer tapmırdılar. Polad özü də bilmədən hamını ağlatmışdı! Heç kəs onun yoxluğuna inanmırdı. Bu insana olan məhəbbətə bax, İlahi!
Bu, Polada olan məhəbbətdən irəli gəlirdi. İzdihamdan gələn səs diqqətimi çəkmişdi, bu, bacının səsi idi. Generalın bacısının dediyi söz hələ də mənim qulağımda səslənir: “Başını uca tut ana!..”
Bizim əziz generalımız bütöv Azərbaycanı, eyni zamanda Qəbələnin dilbər güşələrindən biri, doğma ocağı Vəndamı da heç vaxt unutmurdu.
Qəribə dünyadı, indi hara baxırsan insanların çoxu general-mayor Polad Həşimovla əlaqədar xatirələrini paylaşır. Generalın iki əsgəri ilə rastlaşdım. Onlar da bu vida məclisində iştirak edirdilər. Onlara yaxınlaşdım və xahiş etdim ki, general barədə olan xatirələrini mənimlə bölüşsünlər. Onlardan biri sözünə belə başladı:
– Bəri başdan deyim ki, komandirimiz hamını çox yaxşı tanıyırdı. Biz həmişə çalışmışıq ki, ona yalan danışmayaq, ondan heç bir şey gizlətməyək. Əsgərliyimin ilk günləri Ramazan ayına təsadüf etmişdi. İki gün idi ki, gizlincə oruc tuturdum. Amma namaz qılmağıma icazə vardı. Oruc tutmağım üçün icazə almağa çəkinirdim, fikirləşdim ki, icazə verməzlər. Orucun ikinci günü təcili olaraq şəxsi heyəti düzdülər. Bölük komandirimiz içəri girdi və üzünü əsgərlərə tutaraq soruşdu: “Neçə nəfər oruc tutur?” Heç kim dillənmədi. Əslində məndən başqa oruc tutan yox idi. Yanımdakı əsgər yoldaşım dedi ki, niyə səsini çıxarmırsan? Bu zaman komandir tək bir söz dedi: “Oruc tutan xidmətdən ayrılsın!” Təsəvvür edin, Ramazan ayı boyunca rahat oruc tutub, namazımı qıldım.
Biz əsgər olaraq həmişə komandirimizin atalıq qayğısını görüb ondan istifadə etməyə səy göstərmirdik. O, bir müqəddəs şəxsiyyət idi. Təsəvvür edin, xidmət etdiyim müddət əksər namaz vaxtlarım şəxsi heyətin düzülüş vaxtilə üst-üstə düşürdü. Atamız qədər sevdiyimiz komandirimizin rəhbərlik etdiyi hərbi hissədə mənəvi ruh hökm sürdüyü üçün mənə irad tutan olmadı. Allah ona rəhmət eləsin! Komandirimizdə vətən, torpaq sevgisi o qədər güclü idi ki, öz evini bir şəhid ailəsinə bağışlamışdı. Öz cibindən hərbi hissəni təmir etdirirdi. Bir əsgər dostumuz təzəcə məzuniyyətdən qayıtmışdı, xəbər gəldi ki, övladı dünyaya gəlib. Bu məsələ komandirin qulağına çatdı. Onu yanına çağırtdırdı: “Hazırlaş, gedib övladını gör gəl”. Əsgərə elə bil ki, dünyanı verdilər. Əsgər hərbi hissədən çıxarkən komandir onu yanına çağırdı: “Pulun varmı?” “Var, komandir!” “Neçə manatdır?” “Səksən manatdır, komandirim!” “Oğlum, o pulu kimdən almısansa, apar qaytar, səni aşağıda taksi gözləyir”.
Əsgər taksiyə oturandan sonra taksi şoferi ona bir zərf uzadaraq: “Bunu komanadir verdi” deyir. Əsgər zərfi açanda bir məktub və 150 manat pul görür, kövrəlir: “O ki əsl atadır! O, burada atamızı əvəz edir!” Əsgər məktubu oxuyur: “Oğlum, səni ata olmağın münasibətilə təbrik edirəm!”
Müəllim, sözün əsl mənasında biz şərəflə yaşamağı, vətənpərvərliyi ondan öyrəndik. Allah ona rəhmət eləsin!
Mən izdihamı seyr edərkən mərhum generalın bacısının qışqıra-qışqıra camaata yalvarması hamını ağladırdı. O, deyirdi: “Mənim əzizlərim, sizə yalvarıram, qardaşımın ruhi xatirinə, şərait yaradın, şəhid anası balasının tabutu ilə vidalaşsın!”
Məni qəhər boğmuşdu, öz-özümə deyirdim, İlahi, bu necə xahişdir?!
Nə etmək olar, insan oğlu, bu, həyatın yazılmamış qanunlarından biridir!
Ətrafa göz gəzdirdim, hamı göz yaşı axıdır, bir-birinin üzünə günahkar kimi baxışır…
Evə gəldim, özümə yer tapmırdım, yenə də yazı masamın arxasına oturub baş vermiş hadisələri xəyalımdan keçirərək ordumuzun yenilməz sütunlarından birini itirdiyimizi ürək yanğısı ilə düşündüm. Bilgisayarın arxasında oturub xəbərlərə qulaq asırdım, bir ana fəryadından hiss etdim ki, çıxış edən general Polad Həşimovun anasıdır. Düşünürdüm ki, anaların hamısı bir-birinə oxşayır. Lakin mən diqqətlə baxanda gördüm ki, bu ana indi başqasından çox fərqlidir. O, canlı bir heykəli andırırdı. Danışdıqca dili topuq çalırdı. Bu zavallı ana bilmirdi nədən başlasın, nədə qurtarsın. Anamız suallara belə cavab verirdi:
– Qoy hamı bilsin ki, Poladın ailəsi Polad məhəbbəti ilə formalaşıb. O, Tanrının verdiyi ömrü faydalı və mənalı yaşamağı qarşısına məqsəd qoymuşdu. Həmişə deyərdi: “Ay ana, unutma, nə vətənsiz bir millət, nə də millətsiz bir vətən yoxdur! Ana, sən məni vətənim üçün doğmusan! Mən vətənim üçün yaşayıram!” Polad hara getsə, məni tez-tez axtarırdı. Son dərəcə diqqətli oğul idi, bilirdi ki, şəkərim var. Məni bir an darıxmağa qoymazdı. Həmişə şəkərimlə maraqlanırdı. Evə gələndə əliboş gəlməzdi. Bir gün gördüm ki, çoxlu diş pastası, diş fırçası, köynək yaxası üçün ağ parça, nə bilim daha nələr alıb. Soruşanda ki, ay oğul, bu nə bazarlıqdır? Gülümsəyərək dedi: “Bunlar mənim əsgər balalarım üçündür, ay mənim gözəl anam!” Onu bağrıma basardım, o gözəl təbəssümlü yanağıdan doyunca öpərdim! O, daima əsgərlərinin nəyə ehtiyacı var, nəyə yoxdur məsələsi ilə maraqlanardı. Evə gəldiyi andan telefon əlindən düşməzdi. Hərbi hissə ilə, əsgərləri ilə maraqlanırdı. Onun dini-imanı əsgərləri idi. Polad general olandan sonra çoxları onunla maraqlanırdı. Bəziləri onun yaşadığı şərati soruşurdular. Evi göstərəndə heç kəs inanmırdı ki, general Polad Həşimov bu mənzildə yaşayıb. O, dünya malında gözü olmayan övlad idi.
Atalarımız yaxşı deyib ki, ot kökü üstə bitər. Bu müdrik kəlamlara diqqət edəndə görürük ki, ata-babalarımızın miras qoyduğu inci gələcək nəsillərə ötürülmək üçün imiş.
General qardaşımız həmişə valideyn öyüd-nəsihətinə, tərbiyəsinə dəyər verərmiş.
Müsahibə götürənin dilindən:
– Bu şərəfli, məsum, qəhrəman ananı dinləmək çox çətin idi. O danışdıqca insanın ürəyi parçalanırdı. Biz Poladın anasına baxanda: “Yalnız belə analar Polad kimi oğullar doğar!” qənaətinə gəldik.
Bu anda anamı xatırladım, şəhid qardaşımız general Polad Həşimovun anasının çıxışına göz yaşları ilə baxmamaq mümkün deyildi. Bu fani dünyada insan oğlunun sabah nə ilə qarşlaşacağını düşünmək çox cətindir. Bu gün bizim ən böyük təskinliyimiz xalqımızın qəlbində yaşayan vətən eşqidir. Şəhid qardaşımızın anasının çıxışını düşündükcə qəlbimdən belə bir hiss keçdi: əgər hər hansı bir əşyanı parçalamaq üçün iti xəncər gərəkdirsə, ürəkləri parçalamaq üçün bir ananın axıtdığı göz yaşı kifayət edər!
Anaya baxanda şəhid övladı üçün gözlərindən tükənmiş, qurumuş yaşın bir damcısı alov saçan günəş şuasını andırırdı.
Ana təkrar sözə başladı: “Mənim Poladım pulunun çoxunu əsgərlərinə xərcləyirdi və bundan da zövq alırdı. Mən vaxtilə yoldaşımla bərabər alüminium zavodunda fəhlə işləmişik. Səkkiz saat qucağımda, tonlarla alüminium daşımışam. Sumqayıtın 50 illiyində bizim ailədən də yazıblar. Övladlarımı gördüyünüz bu mənzildə böyütmüşəm. Poladımın bu acı xəbərindən sonra, o gün-bu gün, yata bilmirəm. Yeganə təsəllim gördüyünüz o şəkillər, bir də soyuq və səssiz divarlardır!
Mən həmişə övladlarımdan valideyinlrinə, ağsaqqalarına, ağbirçəklərinə hörmət edən insan olduqlarını görmüşəm. Mənim Poladım, İlhamım və bacıları böyük-kiçik yeri bilən övladlardır. Biz valideynlər gecə-gündüz bilmədən işləyərək, gözümüzlə od üfürərək balalarımızı belə böyütmüşük. Onlar həmişə halal tikə yeyiblər. Görürsən, oğlum, o halallıq öz bəhrəsini verdi. Mənim ürəyimin bir parçası Polad oğlumla vidalaşmağa nə qədər insan gəlib?!.
Ana bunları deyərək başını iki əlləri arasına alıb hönkü-hönkür ağlamağa başladı və bizi də ağlatdı!
General-mayor Polad Həşimovun ömür-gün yoldaşı Ofelya xanımdan bir-iki kəlimə deməsini xahiş etdim. Ofelya xanım sözə belə başladı:
– İndi danışmaq mənim üçün çox çətindir. Bu bir həqiqətdir ki, o, bütün həyatını əsgərlərinə həsr etmişdi. Oğulları ilə idman edərdi, onları vətənpərvərlik ruhunda böyütməyi qarşısına məqsəd qoymuşdu. O, çox vətənpərvər bir insan idi. Ondan çox çəkinirdilər, amma bu çəkinmə hörmət əlaməti idi. Polad kimi oğullar bu dünyaya çox az-az gəlir. Oddan-alovdan çıxsa da, haradan gəlməsindən asılı olmayaraq, içəri girəndə gülər üzlə gəlirdi. Qardaş, onun nurlu tarixi barədə nə qədər danışsaq da o şərəfli tarix hələ çox yazılacaqdır.
Nə demək olar, Tanrı işinə qarışmaq bizim haqqımız deyil.
Vətən sağ olsun!
Bu hadisələrlə əlaqədar çox yazılarla tanış oldum. Qələm əhlinə hörmət bəsləyən bir insan kimi bu gün bizim diqqətli və ehtiyatlı olmağımızı Tanrı bizdən tələb edir.
Şəhid qardaşımız general-mayor Polad Həşimova həsr etdiyim bu yazının müəllifi kimi Azərbaycanımda gecə-gündüz yorulmadan, lazım gəldiyi anda düşmənlə üz-üzə gəlməkdən çəkinməyən, çalışıb hər şeyə düzgün qiymət verməyi özünə borc bilən jurnalist qardaşlarımıza bəri başdan təşəkür edirəm. Və bir qələm əhli kimi dostlarıma şəhidlərdən və onların ailələrindən yazanda son dərəcə qərəzsiz cümlələrə üstünlük vermələrini tövsiyə və xahiş edirəm. Yoxsa şəhidlərin ruhu bizi bağışlamaz. Bu bir həqiqətdir ki, kütləvi informasiya vasitələri nümayəndələrinin xidmətləri əvəzolunmazdır!
Fəxrlə demək istəyirəm ki, bu gün Azərbayca Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığı ilə Tovuz istiqamətində gedən ağır döyüşlərdə şəhid olan hərbi qulluqçuların ailələrinə qayğı göstərilməsi tövsiyə olunmuşdur. Şəhid ailələrinə yeni mənzillər verilmişdir. Qədirbilən xalqımız bunu şəhidlərimizin ruhuna hörmət əlaməti olaraq qiymətləndirir.
Bu yazının müəllifi kimi, Azərbaycanımızın qəhrəman oğlu general-mayor Polad Həşimova həsr etdiyim qısa hekayəmdə çalışdım ki, onun müqəddəs ruhunu və xalqımın mənəviyyatını, vüqarını, qəhrəmanlıq salnaməsini uca tutmaq üçün şəhidlik zirvəsinə yüksəldiyini Poladsevər xalqıma ərmağan edim!..
Mən bu yazımda generalla birgə çiyin-çiyinə vuruşaraq qəhrəmancasına şəhidlik zirvəsinə ucalan vətən oğullarının müqəddəs ruhlarını da unuda bilmərəm. Bu gün hər bir Azərbaycan oğlu yaxşı bilir ki, vətən bizim varlığımız, fəxrimiz, qürurumuzdur. Xalqım vətənin bu günü, dünəni və sabahı uğrunda lazım gələrsə canlarından belə keçməyə hazır olmalıdır. Bunu bizdən Oğuz elinin qəhrəmanlıq salnaməsini yazan general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev və başqa qəhrəman oğulların ruhu tələb edir.
Tovuz istiqamətində gedən şiddətli döyüşlərdə düşmənə sarsıdıcı zərbələr endirən və döyüş zamanı şəhid olmuş qardaşlarımızın əziz xatirələri xalqımın yaddaşına əbədi olaraq həkk olunacaqdır.
Düşünürəm ki, şəhid qardaşlarımızın vətən, torpaq uğrunda apardıqları mübarizə böyüməkdə olan gənc nəsil üçün bir məktəb olacaqdır.
Tam əminləklə deməyi özümə borc bilirəm ki, adları çəkilən və çəkilməyən qəhrəman şəhidlərimizin müqəddəs işləri hələ neçə-neçə əsərin ən gözəl səhifələrində özünə yer tapacaqdır. General-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov və başqa şəhid qardaşlarımız xalqımın qəlbində əbədi yaşayacaqdır.
Hörmətli oxucum, məqsədim şəhid qardaşımız general Polad Həşimovun nurlu simasının portretini yaratmaq idi. Bilmirəm buna nail oldum, ya olmadım?! Cəmi şəhidlərimizin müqəddəs ruhları qarşısında baş əyir, Ulu Tanrıdan onlara rəhmət diləyirəm!
Müəllifin başqa yazıları:
Ziyanın yarısından qayıtmaq qəniməti
Qəbiristanlıq yolunda qaz əhvalatı