Prezident İlham Əliyev “ASAN müraciət” informasiya sisteminin yaradılmasına sərəncam verib. Sistem ictimai xarakter daşıyan kommunal, yol və nəqliyyat problemləri, infrastrukturun cari təmiri, abadlaşdırılması və təmizliyi ilə bağlı şikayətlərin elektron xəritə üzərində qeyd edilməklə operativ surətdə aidiyyəti dövlət qurumlarına göndərilməsini və həmin şikayətlərə baxılmanın nəticələrinin izlənməsini təmin edəcək. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sistemin operatoru seçilib. Bu quruma “ASAN müraciət” informasiya sistemini və onun mobil tətbiqini formalaşdırmaq; “ASAN müraciət” informasiya sisteminin digər dövlət informasiya ehtiyatları və sistemləri ilə Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əlaqələndirilməsini, habelə yerli icra hakimiyyəti orqanlarının “ASAN müraciət” informasiya sisteminə çıxışını təmin etmək tapşırılıb.
Novator.az bildirir ki, avqustun 21-də imzalanan sərəncam Nazirlər Kabinetinin sistemin əsasnaməsinin layihəsini üç ay müddətində təsdiqləməsini nəzərdə tutur.
İlham Əliyev Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin səlahiyyətlərini artıran fərmanı da rəsmiləşdirib. Agentlik vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və onlarda dəyişiklik edilməsi, vətəndaşlıq vəziyyəti aktları qeydlərinin ləğvi, vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydlərinin bərpası; xarici ticarətin gömrük statistikası barədə məlumatların verilməsi; gömrük qanunvericiliyi ilə bağlı məsləhət və məlumatların verilməsi; əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazələrin, habelə haqqı ödənilən əmək fəaliyyətini həyata keçirmələri üçün iş icazələrinin verilməsi; şəxsin Azərbaycan vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı sorğuların qəbulu və cavablandırılması; əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda olduğu yer üzrə qeydiyyata alınması; əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda müvəqqəti olma müddətinin uzadılması; Azərbaycanda yaşayan şəxslərdən Azərbaycan vətəndaşlığına qəbul, bərpa və Azərbaycan vətəndaşlığından çıxma məsələlərinə dair vəsatətlərin qəbul edilməsi; Dövlət Miqrasiya Xidmətinin Vahid Miqrasiya Məlumat Sistemindən həmin xidmətin fəaliyyət istiqamətləri üzrə arayışların verilməsi xidmətlərinin göstərilməsi səlahiyyətləri alıb.