Avqustun 20-də Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının müraciəti yayılıb. Qeyd olunur ki, hicri-qəməri təqvimi ilə 1442-ci ilin başlanğıcı – Məhərrəm ayının 1-i 2020-cü il avqust ayının 21-nə, Aşura günü həmin ayın 30-na düşür.
Hicri-qəməri təqvimi ilə 61-ci ilin onuncu günündə Kərbəla çölündə Məhəmməd peyğəmbərin nəvəsi İmam Hüseyn və məsləkdaşları qətlə yetirilib. O vaxtdan Məhərrəm ayının 10-u Qətl günü – Aşura günü yad olunur.
Müraciətdə xatırladılır ki, bu il Aşura koronavirus pandemiyası dövrünə təsadüf edir: “Qafqaz Müsəlmanları İdarəsi ölkədə karantin gündəmə gələn ilk günlərdən yoluxma hallarının qarşısının alınması məqsədilə bütün məscid və ziyarətgahlarda ibadətləri müvəqqəti dayandırıb. Pandemiya dövrünün məcburi təcrid virus təhlükəsinin insanların sıx toplaşdığı şəraitdə artması ilə əlaqədardır. Dünyanın bütün nöqtələrində bu və ya digər şəkildə təcridolunma həyata keçirildiyi, müqəddəs Həcc ziyarətinin, habelə digər dinlərin müqəddəs ayinlərinin müvəqqəti dayandırılması dövrümüzün gerçəkliyidir.
Aşura kimi böyük kütləviliyi ilə seçilən, sosial məsafəyə əməl olunmasının təmini qeyri-mümkün olan mərasim insanların virusa yoluxma sayının artma ehtimalı baxımından böyük təhlükə yarada bilər. Bu gerçəkliyi nəzərə alaraq Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və səlahiyyətli nümayəndələri bəyan edir ki, Məhərrəmlik dönəmində məscid və ziyarətgahlarda təziyə mərasimləri keçirilməyəcək.
İnsan sağlamlığının qorunması Uca Allahın istəyidir və hər birimizin üzərinə həm özümüz, həm də yaxınlarımızın sağlamlığı ilə bağlı böyük məsuliyyət düşür.
Məhərrəmlik dövründə təziyə ehsanı olaraq imkansız ailələrə, maddi sıxıntı çəkən insanlara ərzaq və ya hər hansı sovqatın çatdırılması Allaha xoş gedən əməldir. Həmçinin son illər Məhərrəmlik dönəmində Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə gerçəkləşən qan verilməsi ən münasib əzadarlıq nümunəsidir. Ümidvarıq ki, dindarlarımız bu il də humanist ənənəni davam etdirərək Mərkəzi Qan Bankının paytaxtdakı və bölgələrdəki filiallarında ehsan niyyəti ilə qan verəcəklər”.