2020-ci ilin əvvəlindən Azərbaycan əhalisinin sayı 0,3 faiz artaraq iyulun 1-nə 10 milyon 95 min 894 nəfərə çatıb.
Novator.az-ın məlumatına görə, hesabatı yayan Dövlət Statistika Komitəsi bildirir ki, yanvar-iyun ayları ərzində 59356 doğulan körpə qeydə alınıb. Yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 46,7 faiz göstərilir. Hər 100 doğulan qıza 114 oğlanın doğulduğu, hazırda hər 1000 kişiyə 1002 qadının düşdüyü vurğulanır.
Hesabata əsasən, ilin birinci yarısında ölkədə 31016 ölüm halı, 17841 nikah, 7107 boşanma, daimi yaşamaq üçün Azərbaycana 820 nəfər gələn, Azərbaycandan 374 nəfər gedən rəsmiləşib.
2019-cu ilin ilk altı ayı ilə müqayisədə doğum 11,8 faiz, nikahlar 40 faiz, boşanma 17,6 faiz azalıb, ölüm halları 6,8 faiz artıb.
Əhalinin təbii artımı (doğulanlar və ölənlərin nisbəti) üzrə 36 faiz geriləmə var.