İyulun 29-dan Azərbaycanla Türkiyənin Quru Qoşunları və Hərbi Hava Qüvvələrinin iştirakı ilə təlimlər keçirilib. Orduların şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, həmçinin hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb olunan təlimlərə Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax ev sahibliyi edib.
Prezident İlham Əliyev avqustun 13-də Türkiyənin milli müdafiə naziri Hulusi Akar, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, Quru Qoşunları komandanı, Hərbi Hava Qüvvələri komandanı, Hərbi Dəniz Qüvvələri komandanı və hərbi nümayəndə heyətinin digər üzvləri ilə görüşüb. AZƏRTAC xəbər verir ki, görüşə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral da qatılıb.
İlham Əliyev görüşdə bunları deyib: “Türkiyə-Azərbaycan birgə hərbi təlimlərinin birinci mərhələsi başa çatır. Bu, çox əlamətdar hadisədir, bizim birliyimizi, qardaşlığımızı bir daha göstərir. Təlimlərin həm hərbi əməkdaşlıq baxımından çox böyük önəmi var, həm insanlar arasındakı əlaqələrin, xalqlar arasındakı qardaşlığın gücləndirilməsi üçün çox böyük əhəmiyyəti və faydası. Bu, bir ənənədir. Hər il həm Azərbaycanda, həm də Türkiyədə 10-dan çox birgə təlimlər keçirilir. Ona görə bu təlimlərin keçirilməsi adi haldır. Burada hansısa bir fövqəladə hal axtarmaq lüzumsuzdur. Biz də müşahidə edirik ki, bu təlimlər bəzi ölkələrdə narahatlıq doğurur. Ancaq buna heç bir əsas yoxdur. Bu, Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təzahürüdür.
Bütün sahələrdə olduğu kimi hərbi və hərbi-texniki sahədə də işbirliyimiz, əməkdaşlığımız sürətlə inkişaf edir. Sirr deyil ki, Türkiyənin hazırda çox güclü hərbi sənaye potensialı var və biz də bu potensialdan faydalanırıq. Biz çox sevinirik ki, Türkiyə bu gün ən müasir silahlar, hərbi texnika istehsal edir. Biz bundan sonra da bu imkanlardan faydalanmaq istəyirik. Əminəm ki, yaxın zamanlarda Türkiyə bütün başqa sahələrdə olduğu kimi hərbi-texniki əməkdaşlıq sahəsində də bizim üçün bir nömrəli tərəfdaş olacaq. Həm siyasi, həm iqtisadi, həm də başqa sahələrdə bizim əlaqələrimiz bütün ölkələr üçün örnəkdir. Dəfələrlə demişəm ki, bu gün dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın və bağlı olan ölkələr yoxdur.
Bir ay bundan öncə Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı növbəti hərbi hücumu nəticəsində hərbçilərin və mülki şəxsin həlak olması bir daha göstərir ki, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti davam edir. Bizi ilk və birmənalı şəkildə dəstəkləyən ölkə Türkiyə oldu. Bu, bizi daha da ruhlandırır və yenə də bizim bir-birimizə nə qədər yaxın olduğumuzu göstərir.
Bu təlimlərin uğurla keçməsi çox önəmli hadisədir. Təlimlər gələcəkdə də davam edəcək. Hesab edirəm ki, bu təlimlərin intensivliyi bundan sonra daha da artacaq, buna ehtiyac var”.
Hulusi Akar deyib ki, Azərbaycanla Türkiyənin hərbi çərçivə müqavilələri, hərbi təhsil sahəsində əməkdaşlığa dair razılaşmaları, müdafiə sənayesi sahəsində əməkdaşlığı var: “Bütövlükdə bunların məntiqi nəticəsi olaraq 2010-cu ildə imzalanan strateji əməkdaşlıq sazişimiz var. Beləliklə, bu müqavilələr çərçivəsində bizim təlimlərdə bərabər olmağımız son dərəcə təbii bir fəaliyyətdir. Biz ölkələrimizin suverenliyi, müstəqilliyi və təhlükəsizliyi üçün lazım olan nə varsa bu günə qədər etdik və bundan sonra da etməyə davam edəcəyik.
Təbii ki, bu təlimlər çox önəmlidir. Təlimlər nəzəriyyənin əmələ çevrildiyi laboratoriya kimidir. Bu gün də bunun nümunəsini gördük. Böyük bir sevgi, böyük bir şövq, yüksək əhval-ruhiyyə gördük. Hamının gözləri yanırdı, birliklə yanaşı bir işi bacarmağın sevincini yaşayırdılar.
Biz əməkdaşlığımızın davamını, bu təlimlərin bu gün başa çatmasını deyil, sadəcə bir mərhələsini gördük. Hərbi təlimlər, hərbi təhsil davamlı prosesdir. Buna görə də bu istiqamətdə fəaliyyətlər davam edir.
Azərbaycan tək deyil. Bunu hər kəs bilsin. Biz bərabərik, birik, bir millətik. Biz sülhün, sabitliyin tərəfdarıyıq. Təkcə ölkələrimizin təhlükəsizliyi, əmin-amanlığı mənasında deyil, bütün Qafqazın, bütün bölgənin sülh və əmin-amanlıq içərisində olmasının tərəfdarıyıq. Digər tərəfdən haqqımızın, hüququmuzun, mənafelərimizin də tapdalanmasına imkan verməyəcəyimizi, bunların qorunması üçün lazım olan nə varsa edəcəyimizi hamının bilməsini istəyirik”.