İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi paytaxtda və bölgələrdə fəaliyyət göstərən vətəndaş cəmiyyəti təmsilçiləri arasında geniş müsahibələr təşkil edib.
Regional Əməkdaşlıq üçün Qara Dəniz Təşkilatının dəstəyi ilə reallaşan layihənin məqsədi yerli idarəetmə orqanlarının və ictimai xidmət təşkilatlarının fəaliyyətini şəffaflıq, hesabatlılıq və informasiya açıqlığı baxımından qiymətləndirmək, problemlərin həlli yollarını axtarmaq olub.
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin rəhbəri Azər Mehtiyevin Novator.az-a bildirdiyinə görə, müsahibələrdə bu ekspertlər iştirak ediblər: Ələsgər Məmmədli (ictimai informasiya və media hüququ sahəsində ekspert, hüquqşünas), Əliməmməd Nuriyev (Açıq Hökumətin Təşviqi Koalisiyasının əlaqələndiricisi, “Şəffaflıq-Azərbaycan”ın İdarə Heyətinin sədri, hüquqşünas), Xalid Ağalı (Media Hüququ Qrupu, hüquqşünas), Mirəli Hüseynov (Demokratiyanı Öyrənmə İctimai Birliyinin rəhbəri, hüquqşünas), Hafiz Həsənov (Hüquq və İnkişaf İctimai Birliyinin rəhbəri, hüquqşünas), Fərman Nəbiyev (“Mingəçevir işıqları” qəzetinin baş redaktoru, “Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyinin rəhbəri), Vəli Turan (Quba, vətəndaş cəmiyyəti təmsilçisi), Rasim Zeynalov (Yevlax, vətəndaş cəmiyyəti təmsilçisi, jurnalist, yerli özünüidarəetmə üzrə ekspert), Ülviyyə Babasoy (Bərdə, vətəndaş cəmiyyəti təmsilçisi), Emil Məmmədov (Salyan, vətəndaş cəmiyyəti təmsilçisi).
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin təmsilçiləri Azər Mehtiyev, Rövşən Ağayev və Samir Əliyev müsahibələrin yekununda əldə olunan nəticələrə dair hesabat hazırlayıblar.
Hesabatda bildirilir ki, müsahibələr zamanı ekspertlərə bu suallar verilib:
– Bölgələrdə vətəndaşların ictimai informasiyalara əlçatanlığı sahəsinin mühüm problemləri və tipik maneələri hansılardır?
– Bir qayda olaraq yerlərdə hansı ictimai informasiyaların daha əlçatan olduğunu söyləmək olar?
– Regionlarda ictimai informasiyaya əlçatanlığı təmin edən yaxşı təşəbbüslərə və mexanizmlərə rast gəlmisinizmi?
– Fəaliyyətinizlə bağlı araşdırmaların gedişində yerli səviyyədə axtardığınız, lakin əldə edə bilmədiyiniz ictimai əhəmiyyətli informasiya olubmu?
– Regionlarda vətəndaşların ictimai informasiyanı əldə edə biləcəkləri mənbələr və rəsmi kanallar hansılardır, belə mənbələrin fəaliyyəti nə dərəcədə səmərəli təşkil olunub?
– Vətəndaşların ictimai məlumatlara əlçatanlığının təmin edilməsi sahəsində xarici təcrübədə özünü doğrultmuş hansı informasiya kanallarının bizim təcrübəmizdə də fəallaşdırılmasını zəruri hesab edirsiniz?
– Mərkəzi icra hakimiyyəti qurumlarının regional və yerli strukturları informasiya sahibi hesab olunmalıdırmı?
– Konkret bölgədə ictimai əhəmiyyətli bütün informasiyaya əlçatanlığın təmin edilməsi öhdəliyi yerli icra hakimiyyəti başçısının üzərindədir, yoxsa sahə təşkilatları da buna məsuliyyətlidir?
– Mərkəzi icra qurumlarının saytlarında onların regional və ya yerli strukturları ilə bağlı alt səhifələrin yaradılmasını, yoxsa bu strukturların özlərinin ayrıca saytlarının olmasını daha məqsədəuyğun hesab edirsiniz?
– Hansısa qurumda bu məsələləri tənzimləyən strategiya və başqa tənzimləyici bir sənədin olduğu haqda məlumatınız varmı?
– Yerlərdə ictimai informasiya sahibi olan qurumlarda bu sahəyə məsul şəxslərin təyin edilməsi ilə bağlı hər hansı məlumatınız varmı? Əgər belə təcrübələr mövcuddursa, onlarla hər hansı formada kontaktınız olubmu? Sizcə, onlar nə dərəcədə səmərəli işləyirlər?
– Sizcə, hər bir qurumun spesifik funksiyalarına uyğun açıqlamalı olduğu ictimai əhəmiyyətli informasiyanın dəqiq siyahısının hazırlanmasına ehtiyac varmı?
– Hansısa rayon icra hakimiyyətinin saytını izləmək imkanınız olubmu? İzlədiyiniz saytların məzmununu və keyfiyyətini ictimai informasiyaya əlçatanlığın təmin edilməsi baxımından necə qiymətləndirirsiniz?
– Elə informasiya olubmu ki, siz həmin saytlarda axtarmısınız, informasiya orada olmalıdır, amma tapmamısınız?
– Rayon icra hakimiyyətlərinin və mərkəzi hakimiyyət orqanlarının saytlarında sizə lazım olan məlumatlar olmadıqda həmin məlumatları əldə etmək üçün adıçəkilən qurumlara müraciət etmisinizmi? Etmisinizsə, nəticəsi necə olub?
– Peşəkar yanaşma baxımından həmin saytlarda hansı dəyişikliklərin olmasını vacib və məqsədəuyğun hesab edirsiniz? İctimai informasiya mənbəyi kimi bu saytların rolunu necə artırmaq olar?
– Hökumət qurumlarının, bütün mərkəzi dövlət orqanlarının, habelə kommunal xidmət qurumlarının dövri hesabatlarında bölgələr və rayonlar üzrə konkret məlumatlar olmalıdırmı?
– Yerlərdə açıq informasiyanın emal edilib vətəndaşlara (maraq qruplarına) çatdırılması sahəsində vətəndaş cəmiyyətinin işini necə qiymətləndirirsiniz? Bu sahədə hansı problemləri görürsünüz və problemlərin həlli üçün nə təklif edərdiniz?
Suallara verilən cavablarda bir sıra ciddi problemə toxunulub. Ekspertlər bildiriblər ki, yerli idarəetmə orqanları icra hakimiyyətindən asılı vəziyyətdədir, şəffaflıq, hesabatlılıq və informasiya açıqlığı çox aşağı səviyyədədir, bölgələrdə vətəndaş cəmiyyəti qurumlarının təsir imkanları olduqca zəifdir, ya heç yoxdur, ya da formal xarakter daşıyır.
Müsahibələrdə ekspertlər qeyd etdikləri problemlərin həlli yolları barədə də fikirlərini bölüşüblər.