İsveçdə yaşayan güneyli ozan Araz Elsəs Novator.az saytının suallarını cavablandırıb.
Araz Elsəs 1971-ci ildə Güney Azərbaycanın Sulduz şəhərində doğulub. Uşaqlıqdan musiqiyə böyük maraq göstərib, gənc yaşlarından milli ruhlu ozan kimi tanınıb.
Siyasi sıxıntılar üzündən 1991-ci ildə Quzey Azərbaycanın paytaxtı Bakıya köçən ozan 1997-ci ildən Norveçdə yaşayıb, 2000-ci ildən isə İsveçdə məskunlaşıb. Paytaxt Stokholmda yaşayan ozan Avropanın müxtəlif ölkələrində azərbaycanlılar üçün konsertlər verir.
Araz Elsəs 2011-ci ildə İsveçdə yaşayan güneyli Xədicə xanımla ailə qurub.
– Araz bəy, İsveçdə tibb sahəsində çalışırdınız…
– Stomatoloji sahədə. Bir neçə il belə fəaliyyətim olub. İndi həmin işdən ayrılmışam. Özəl işlərim var, onunla məşğulam.
– Ailənizdə nə var, nə yox? Xanımınız çalışırmı?
– Xanımım diş həkimidir. Bir qızımız, bir oğlumuz var: Alma və Altay.
– Yaradıcı fəaliyyətiniz…
– Keçən il “Dəyirman” adlı bir mahnıya klip çəkdik. Çoxdan oxuduğum bir mahnı idi. Onu yenidən aranjeman edib klipini çəkdik. Hazırda bir neçə yeni mahnı üzərində işləyirəm. Ümid edirəm ki, yaxın gələcəkdə həmin mahnılar işıq üzü görəcək. Bütün sənətçilərin, müğənnilərin yaşadığı problemi mən də yaşayıram. Bu il bir neçə konsertimiz olacaqdı, pandemiya üzündən ləğv edildi. Koronavirus nə vaxt bitərsə, konsertlərimiz də olar. Hazırda virusa görə durğun vəziyyətdir.
– Siz milli mahnılar ozanı kimi ad çıxarmışınız. Dünya son illər çox dəyişib, bu, mahnılarınızın ruhunu dəyişibmi? İçinizdən daha çox nə oxumaq gəlir?
– Dünya dəyişir. Yer, göy, daş, torpaq dəyişdiyi kimi insan da dəyişir. Amma mən insanlarda müsbət dəyişiklik görmək istərdim, əsasən düşüncələrin yaxşıya doğru dəyişməsini. Uşaqlar üçün daha aydın gələcəyin olmasını arzu edirəm.
Dəyişsin, yurdumuzda dəyişməli çox şey var, onlar dəyişsin. Vətənimizdə sosial problemlər çoxdur. Yüz il qabaq Cəlil Məmmədquluzadənin danışdığı problemlər hələ də var. Qalstuk, gözəl kostyum, bahalı maşın hər şey demək deyil, problemlər, sosial çətinliklər çoxdur. Cözüləsi mətləblər var.
Mahnılarımda bu problemlərdən danışmağa çalışıram. Qadınların problemləri də yer alır mahnılarımda. Amma mahnılarımın əsas mövzusu yenə yurd həsrəti, vətən birliyi, el dərdidir. Nə qədər mən varam, belə olacaq. Amma bu məsələlər həll olunacaq. Vaxt gələr, millətimizin üzü gülər. Bu yurd, bu millət daha yaxşı yaşamağa layiqdir. Gün gələcək millət bütövləşəcək və daha aydın gələcəyə sahib olacaq. Buna heç şübhəm yoxdur. Mən də mahnılarımla, sazımla, sözümlə bu düyünləri açmağa çalışıram.
– Koronavirusun yaratdığı çətinliklərdən danışdınız…
– Koronavirus İsveçdə də çox problem yaradıb. Nə vaxt konsert verəcəyimiz bəlli deyil. Çəkilər bu bəla, inşallah, biz də yavaş-yavaş konsertlərimizə başlayarıq.
– Sonuncu dəfə Azərbaycana nə vaxt gəlmisiniz?
– 2019-cu ilin noyabr ayında. Üç günlük, atüstü bir səfər oldu. Amma qısa ziyarət olsa da, böyük enerji aldım. Köhnə dostlarla görüşdüm. Yaxşı ki, dostlar var, yurdumuz var, nəfəs yolumuzdur. Nə qədər dünyanı gəzib dolaşsan da, yurdun yerini vermir. Azərbaycana iki-üç günlük gəlişimdən sonra yeni bir enerji ilə dönmüşdüm İsveçə. Yurd bambaşqadır, qadasını alım yurdun.
– Güney Azərbaycana getmək yasağınız qalırmı?
– Yasaq hələ aradan qalxmayıb. Ancaq bunlar bitəcək, İranda bu hakimiyyət, bu rejim bitəcək. Buna kimsənin şübhəsi olmasın. Bu hakimiyyət, bu rejim bataqlığa düşmüş adam kimi çapaladıqca daha dərinliyə batır. Bütün etdikləri ilə, əməlləri ilə özünü bitirəcək bu hakimiyyət.
Millət bitməz, millət yaşayacaq. Yaxın gələcəkdə millətimiz öz sözünü deyəcək, öz haqqına qovuşacaq. Biz də köçəri quşlar kimi o yurda dönəcəyik.
Çox darıxıram. Burnumun ucu göynəyir yurdum üçün. Arabir mahnılarda at olub çapıram, quş olub qanad çalıram. Mahnılarda uçuram, daşını, torpağını öpürəm yurdumun. Bir gün gələcək, torpağıma, daşıma sarılacam.
– İsveçdəki azərbaycanlılarla münasibətləriniz varmı? Azərbaycan diasporunun apardığı işlərdə, keçirdiyi tədbirlərdə iştirak edirsinizmi?
– Ara-sıra konsertlərdə, tədbirlərdə görüşürük. Türkiyədən gələn qardaşlarımızın tədbirləri olur, orada görüşürük. Ancaq Azərbaycan diasporu deyəcəyim hər hansı təşkilatla tanışlığım yoxdur, olmayıb. Mənim qapımı diaspor adında bir təşkilat heç zaman çalmayıb.
– 2021-ci ilin sonlarında 50 yaşınız olacaq. 49 yaşın 20 ilini Güney Azərbaycanda, 6 ilini Quzey Azərbaycanda yaşamısınız və 23 ilə yaxıdır Avropada məskunlaşmısımız. 49 yaşlı Araz Elsəsə ölkələr, mühitlər dəyişmək nəsib olub. İndiki yurdunuz – İsveç də doğmadır? Harada yaşamaq istərdiniz?
– Zaman ötür, yaman ötür, atını çapa-çapa gedir, dəyişdirir hər şeyi, bizi də dəyişdirir. 49 yaş, bir il sonra 50 olacaq…
Doğrusu, fiziki baxımdan özümü çox yaxşı hiss edirəm, elə 30 yaşındakı kimi. Amma bu qürbət nə qədər yaşayırsan yaşa, doğma olmur, ola da bilməz…
İnanıram bu həsrət elə yurda dönüncə bitər. O yurda dönərik köçəri quşlar kimi. Harada olsam, harada yaşasam, nəfəsim yurd üçündür. Gecə-gündüz ən çox düşündüyüm yurddur, yurdun bütövlüyü, Azərbaycanın bütövlüyüdür. Bu bütövlüyə inanıram. Bir olaq və Azərbaycanın diriliyi, birliyi və bütövlüyü üçün çalışaq. O zaman Azərbaycanın üzü həqiqətən güləcək. Qarabağ problemi də o zaman bitmiş olacaq…
Səidə Hüseynova